Məhkəmə qərarları › İş №2(107)-1081/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1081/2021

14.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1081/2021 14.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimləri Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, cavabdeh Şəki Rayon Baş Göynük kənd 1 saylı tam orta məktəbin nümayəndəsi X1 və cavabdeh Şəki Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(075)-531/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla direktor və Təhsil Şöbəsi tərəfindən bağlanan müddətsiz müqavilənin şərtləri kobud surətdə pozulduğundan, diaqnostik qiymətləndirməyə buraxılmadığına görə ona dəyən 2000 manat maddi ziyanın cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(075)-531/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iş üzrə İddiaçı tərəfindən apelyasiya şikayətləri verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o, 1984-cü ildə V.İ.Lenin adına APİ-ni bitirmişdir. Həmin ildə Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbdə əmək fəaliyyətinə başlamışdır. 2003-cü ildən həmin məktəbdə məktəb praktik psixoloqu və müəllim kimi fəaliyyətini davam etdirmişdir. Bir sözlə, 1984-cü ildən bu ilə qədər Baş Göynük kənd 1 saylı tam orta məktəbdə fasiləsiz olaraq əmək fəaliyyətini davam etdirmişdir. 2017-ci ilin may ayında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07 oktyabr 2015-ci il tarixli, 994 nömrəli əmrinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində əsas iş yeri olaraq müddətsiz əmək müqaviləsi əsasında işləyən müəllimlər diaqnostik qiymətləndirməyə cəlb olunmuşlar. Müəllimlərin sənədləri diaqnostik qiymətləndirməyə hazırlanarkən elektron sənədə diqqət yetirilməmiş, bu səbəbdən diaqnostik qiymətləndirməyə buraxılmamışdır. Halbuki 37 ildir ki, Baş Göynük kənd 1 saylı kənd tam orta məktəbdə müddətsiz müqavilə əsasında müəllim və 2003-cü ildən müddətsiz müqavilə əsasında müəllim-psixoloq kimi əmək fəaliyyətini davam etdirir. Təhsil Nazirliyinin 04 avqust 2017-ci il tarixli, 236/1 saylı əmri ilə təsdiq edilmiş “Ümumtəhsil müəssisələrində müəllimlərin və ümumtəhsil fənlərini tədris edən digər pedaqoji heyətinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları” nəzərdə tutulmuşdur. O, yenidən 2018-ci ilin may ayında keçirilən növbəti müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etmək üçün Şəki şəhər Təhsil Şöbəsinə müraciət etmişdir. Yenə də bu diaqnostik qiymətləndirməyə buraxılmamaq cavabını almışdır. Bu müraciətdən sonra o, 04 may 2018-ci ildə sabiq Təhsil Naziri cənab Ceyhun Bayramova elektron ərizə ilə müraciət etmişdir. Elektron müraciətin cavabını Təhsil Şöbəsinə və məktəb direktoruna vermişdir. Yenə də onun sənədlərini hazırlayıb bu diaqnostik qiymətləndirməyə göndərməmişlər. Təhsil Nazirliyinin cavabında göstərilmişdir ki, əsas iş yeri olaraq müddətsiz müqavilə əsasında işləyən müəllimlər diaqnostik qiymətləndirməyə cəlb olunurlar. Elekton müraciətdən alınan cavabı yenidən Şəki Şəhər Təhsil Şöbəsinə vermiş və nəticəsi olmadığına görə Təhsil Nazirinə yenidən teleqram vurmuşdur. Bu teleqrama görə Şəki Şəhər Təhsil Şöbəsinə cavab vermək üçün sorğu göndərmişlər. Şəki Şəhər Təhsil Şöbəsi və məktəb direktoru Təhsil Nazirliyinə sorğuya cavab olaraq bildirmişlər ki, guya onun əsas iş yeri olaraq müəllim vəzifəsində çalışmadığı üçün diaqnostik qiymətləndirməyə buraxılmamışdır. Təhsil Nazirliyinin 09 oktyabr 2019-cu ildə ona ünvanladığı məktubun cavabı ünvan 1 tərəfindən verilən cavab əsasında hazırlanmışdır. 2019-cu ilin dekabr ayında keçirilmiş psixoloqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş və diaqnostik qiymətləndirmədən keçmişdir. Təhsil Şöbəsi və məktəb direktoru ona bildirmişlər ki, müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak etsə, diaqnostik qiymətləndirmə ilə eyni səviyyədə olacaq. O müəllimlərin işə qəbulu imtahanına sənəd vermək istəsə də sənədləri qəbul edilməmiş, X4 MİQ imtahanının iş yeri olan, işləyən müəllimlərə aid olmadığı bildirilmişdir. Tədris etdiyi dərs üzrə diaqnostik qiymətləndirmədən keçmədiyi üçün aşağı dərəcə ilə maaş alır. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqqı 2018-ci ilin yanvar ayından 18 saat dərs yükünə görə 595 manat hesablanır. O, 6 saat dərs tədris edir və həmin dərs yükünə görə 115 manat əmək haqqı alır. 2018-ci ilin yanvar ayından bu vaxta qədər diaqnostik qiymətləndirməyə buraxılmadığına görə 6 saat dərs yükü üçün ona 2000 manat maddi ziyan dəymişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Şəki Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(075)-531/2021 nömrəli qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Şəki Rayon Baş Göynük kənd 1 saylı tam orta məktəbin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Şəki Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(075)-531/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 09 oktyabr 2019-cu il tarixli, Ə-10495/1024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olmuş ərizəsinə (31.07.2019- cu il tarixli, Ə-10495 nömrəli) baxılmışdır. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və xüsusi tipli ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, ixtisas üzrə tədris apardığı təqdirdə direktor, direktor müavinləri, yerli təhsili idarəetmə orqanlarında dövlət qulluqçusu və metodist vəzifələrində çalışanlar diaqnostik qiymətləndirmədə iştirak edə bilər. İddiaçı əsas iş yeri üzrə müəllim vəzifəsində çalışmadığı üçün onun müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakını təmin olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 4.6-cı bəndinə əsasən müəssisələrdə digər kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, praktik psiхоlоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, laborantlar, kitabxana müdiri və kitabхanaçılar) işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Qeyd olunan kateqoriyadan olan işçilərin çalışdıqları və yaxud digər ümumi təhsil müəssisəsinə müəllim vəzifəsinə işə qəbul edilməsi yalnız Müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir. Konstitusiyanın 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində o şəxslər iştirak edə bilər ki, onlar müddətsiz müqavilə əsasında ümumi təhsil müəssisələrində və ilk peşə-ixtisas təhsili müəssisələrində müəllim vəzifəsində işləyirlər. Bundan əlavə, ümumi təhsil müəssisələrinin direktor, direktor müavini və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri də qiymətləndirilmədə iştirak edirlər. Təhsili yerliidarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifələrində işləyənlərin də qiymətləndirilmədə iştirakına icazə verilib. Lakin İddiaçı Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbində psixoloq vəzifəsində çalışır. Ona əlavə olaraq dərs saatının verilməsi onun müəllim vəzifəsində çalışmasına və diaqnostik qiymətləndirilməyə buraxılmasına dəlalət etmir. Odur ki, İddiaçı haqlı olaraq bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmək üçün buraxılmamış, ştat üzrə psixoloq kimi fəaliyyət göstərdiyindən onun diaqnostik qiymətləndirmədə iştirakı təmin edilməmişdir. İddiaçı onunla direktor və Təhsil Şöbəsi tərəfindən bağlanan müddətsiz müqavilənin şərtləri kobud surətdə pozulduğundan, diaqnostik qiymətləndirməyə buraxılmadığına görə ona dəyən 2000 manat maddi ziyanın cavabdehlərdən alınaraq ona ödənilməsini xahiş etməsinə baxmayaraq, cavabdehlərin qanunsuz hərəkətlərinin nədən ibarət olması, diaqnostik qiymətləndirməyə buraxılmalı olduğu halda cavabdehlər tərəfindən qəsdən iştirakının təmin edilməməsi ilə bağlı hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Həmçinin, iddiaçı 2019-cu ildə yenidən Təhsil Nazirliyinə şəxsən sənədlərini təqdim edərək diaqnostik qiymətləndirməyə buraxılmasını xahiş etsə də, rədd cavabı almışdır. Beləliklə, iddiaçının tələbinin heç bir qanuni və hüquqi əsası yoxdur. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də tərəflərin apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(075)-531/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(075)-531/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar