Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1082/2020 12.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (sədrlik edən) - Məlikov Vəzirxan İsgəndər oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı törənən maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-95/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-95/2020 saylı qətnаməsi ilə (hakim Tahir Qubadov) iddia təmin edilmiş, İddiaçı məxsus Zərdab rayonu Əlvənd kəndində yerləşən həyətyanı torpaq sahəsinin suvarılmasına görə nəzərdə tutulmuş su kanalından suvarma suyunun aparılmasına Cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumunu iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus Zərdab rayon Əlvənd kəndində yerləşən həyətyanı torpaq sahəsinin suvarılmasına görə nəzərdə tutulmuş su kanalından suvarma suyunun aparılmasına cavabdeh tərəfindən törənən maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Zərdab rayonunun Əlvənd kəndində özünə məxsus 0.07 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində bir otaqlı fərdi yaşayış evi vardır. Ona məxsus həyətyanı torpaq sahəsi cavabdehin həyətyanı sahəsi ilə qonşuluqda yerləşir. Həm valideyinlərin, həm də özünün həyətyanı torpaq shəsinə gedən su kanalı cavabdehin həyətyanı sahəsinin yaxınlığından keçməklə, ən azından 40-50 ildir ki, mövcuddur. Həmişə həmin su kanalı vasitəsi ilə həyətlərinə suvarma suyu gətirmişlər. Cavabdeh sonradan qanunsuz olaraq həyətyanı sahəsini genişləndirərək, onlara gedən su kanalının keçdiyi yeri zəbt edərək mənimsəmişdir. Cavabdeh əvvəllər uzun müddət Bakı şəhərində yaşadığından suyun aparılmasında hər hansı bir çətinlikləri olmamışdır. Lakin, son birneçə ildir ki, cavabdeh kəndə qayıdaraq ona sözügedən su kanalından sərbəst istifadə etməsinə maneçilik törətməyə başlamışdır. Belə ki, cavabdeh əvvəllər suyu özü açıbbağlamaqla ona su aparmağa imkan versə də, sonradan, daha doğrusu 2019-cu ilin sentyabr ayından ona həmin su kanalından su aparmağa imkan vermir. Cavabdehin qanunsuz olaraq yaratmış olduğu maneələrə görə hazırda həyətyanı torpaq sahəsini suvara bilmir. Dəfələrlə cavabdehdən su kanalından sərbəst istifadəsinə maneçilik törətməməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdab rayonunun Əlvənd kəndində özünə məxsus 0.13 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində üç otaqlı fərdi yaşayış evi vardır. Ona məxsus həyətyanı torpaq sahəsi İddiaçı və Seymurun valideyinlərinin həyətyanı sahəsi ilə qonşuluqda yerləşir. İddiaçının həyətyanı torpaq sahəsinə gedən su kanalı onun torpaq sahəsindən keçir. Doğrudur hələ iddiaçıdan əvvəl sözügedən su kanalından iddiaçının valideyinləri istifadə etmişlər. İndi isə həm iddiaçı, həm də iddiaçının anası həmin su kanalından istifadə edir. Əvəllər həmin su kanalından iddiaçıya istifadə etməyə icazə versə də, indi qoymur. Ona görə ki, iddiaçının oradan su aparması ona ziyan verir. Bundan sonra da iddiaçının sözügedən su arxından istifadəsinə imkan verməyəcəkdir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İşdə olan Zərdab Rayon İHB-nin Əlvənd kənd Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 227 saylı, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı Zərdab rayonunun Əlvənd kəndi ərazisində 0.07 ha həyətyanı torpaq sahəsi və həmin sahədə ümumi sahəsi 49 kv.m, yaşayış sahəsi 35 kv.m olan bir otaqlı fərdi yaşayış evi vardır. İşdə olan Zərdab Rayon İHB-nin Əlvənd kənd Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X1 və İddiaçı həyətyanı sahələrini suvarmaq üçün indiyə qədər yaşadıqları müddət ərzində Cavabdeh həyətindən keçən su kanalından istifadə etmişlər. Hal-hazırda Cavabdeh həyətindən keçən su kanalından X1 və İddiaçı həyətyanı sahələrini suvarılmasına icazə vermir. İşdə olan Zərdab Rayon İHB-nin Əlvənd kənd Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Zərdab rayonunun Əlvənd kəndi ərazisində 0.13 ha həyətyanı torpaq sahəsi və həmin sahədə ümumi sahəsi 100 kv.m, yaşayış sahəsi 80 kv.m olan üç otaqlı fərdi yaşayış evi vardır. İşdə olan Zərdab Rayon İHB-nin Əlvənd kənd Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh həyət sahəsi ölçülərək müəyyən edilmişdir ki, istifadəsində 0.40 ha həyətyanı torpaq sahəsi vardır. Həmin 0.40 ha həyətyanı torpaq sahəsindən 0.13 ha-nın təsərrüfatbaşına kitaba əsasən sənədi var, qalan 0.27 ha torpaq sahəsinin sənədi yoxdur. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cаvаbdeh Cavabdeh apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Cаvаbdeh Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Zərdab Rayon Məhkəməsi 2(035)-95/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının digər Qanununvericilik aktlarından irəli gələn maddi və prosessual hüquqlarımı pozmuşdur. Aşağıda qeyd olunanlarla Zərdab Rayon Məhkəməsinin 2(035)- 95/2020 saylı, ci il tarixli qətnaməsinin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta'yetirilir və bu səbəbdən qərar ləğv edilməlidir və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. İddiaçı “törənən maneənin aradan qaldırılması tələbinə dair” iddia tələbi ilə Zərdab Rayon Məhkəməsini müraciət etmiş və tələbinin təmin olunmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, həyətyanı sahəsini suvarmaq üçün mənim həyətimdən keçən su kanalının 40-50 ildir ki, istifadə etdiklərini bildirir. Bəli həmin su arxı köhnə arxdır. Təbii aşınmalara məruz qaldığında istifadə edildikdə mənim həyətyanı sahəmə zərər yetirir. İddiaçının həyətyanı sahəsinin suvarılmasını (heç kimin həyətyanı sahəsindən keçməməklə) təmin etmək imkanı olduğu halda qərəzli şəkildə məhkəməyə çəkməzdi. Hazırkı iş üzrə 1-ci instansiya məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfdən irəli sürülən dəlillərə istinad etməklə cavabdehin irəli sürdüyü dəlilləri nəzərə almadan iddia tələbini təmin etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. İşdə şahid qismində isə heç kəs dindirilməmiş və məhkəmə birbaşa marağı olan həmin şəxsin izahatını almamaqla səhv etmişdir. Lakin məhkəmə orqanı bu barədə verilən izahatımıza münasibət belə bildirmədi. Məhkəmə qətnaməsi hüquq düşüncəsindən kənardır. Qanunun tətbiqində səhv edilmişdir.Qətnamədə sadalanan maddi hüquq normaları həmin hüquq normalarına aid deyildir. Bununla da Zərdab Rayon Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının miiikiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx xxxx 2019- cu il tarixli Qərarının tələblərini kobud şəkildə pozmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(035)-95/2020 saylı qətnaməsini xx.xx.2020-ci il tarixində məhkəmədən qəbzə imza etməklə götürmüşəm. Belə ki, sözügedən mülki iş üzrə qəbul edilmiş məhkəmə qərarı ci il tarixdə məhkəmədən qəbzə imza etməklə götürdüyümə görə hələ qanuni qüvvəyə minməmişdir. Qanunvericiliyin tələbinə əsasən, qərar hüquqi qüvvəsini almadığından müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Hazırki iş üzrə qəbul edilmiş qərar mənim pozulmuş hüquqlarımın bərpa olunmasına münasibətdə ədalətli məhkəmə araşdırılmasına və mahiyyəti üzrə yekun məhkəmə qərarının qəbul edilməsinə mənfi təsir göstərir. Göründüyü kimi hakim qərar çıxaran zaman maddi və prosessual hüquq normalarını pozmuş, iş üçün əhəmiyyətli olan faktiki halları araşdırmamış və nəticədə ədalətsiz qərar çıxarmışdır ki, bunula da mənim hüquqlarım pozulmuşdur. Belə olan halda, Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(035)-95/2020 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni Qərar qəbul edilməsi artıq tam zəruridir. Ona görə də, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-95/2020 saylı qətnаməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında bildirdi ki, onun ümumilkdə 0,40 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi 0,13 ha hissəsi onun mülkiyyətindədir. Qalan 0,27 ha hissəsi isə onun atasına məxsus olmuş, hal-hazırda onun istifadəsindədir. İddiaçının atası ilə onun atası hələ 20-30 il bundan əvvəl razılığa gəldikləri üçün 0,27 ha torpaq sahəsindən suyun arx vasitəsi ilə aparılması mövcud olmuşdur, hal-hazıra kimidə su həmin arxla aparılmışdır. Son dövürlərdə suyun həmin hissədə aparılması onun istifadəsində olan torpaq sahəsinə zərər vurmuşdur. Odur ki, apelyasiya şikayətin təmin edilməsini Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-95/2020 saylı qətnаməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)- 95/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi tərəflərin verdiyi izahatlardan və tədqiq edilən Zərdab Rayon İHB-nin Əlvənd kənd Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan müəyyən etmişdir ki, tərəflər Zərdab rayonunun Əlvənd kəndində yaşamaqla qonşudurlar. Tərəflərin hər ikisinin həmin kənddə özlərinə məxsus həyətyanı torpaq sahəsi və fərdi yaşayış evləri vardır. Onun mülkiyyətində 0,13 ha torpaq sahəsi vardır. Atasından qalmış 0,27 ha torpaq sahəsi də onun istifadəsindədir. İddiaçıya məxsus həyətyanı sahəyə gedən haqqında mübahisə qaldırılan su kanalı cavabdehə məxsus həyətyanı torpaq sahəsindən keçir. Həmin su kanalı 20-30 ildir ki, mövcuddur. İddiaçıdan əvvəl həmin su kanalından onun valideyinləri razılığı əsasında istifadə etmişdir. İddiaçı həmin su kanalından əvəllər sərbəst istifadə etmişdir. Lakin, cavabdeh sonradan (iddiaçının bildirməsinə görə 2019-cu ilin sentyabr ayından) iddiaçının həmin su kanalından sərbəst istifadə etməsinə maneə törətmiş və onun həmin kanalla suvarma suyu aparmasına imkan verməmiş və hazırda da imkan vermir. Cavabdeh özü də məhkəmə iclasında iddiaçının sözügedən kanaldan əvvəllər istifadə etdiyini və hazırda iddiaçının həmin kanaldan istifadəsinə imkan vermədiyini təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə araşdırması zamanı həmçinin iddiaçının izahatından və Zərdab Rayon İHB-nin Əlvənd kənd Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 saylı, xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olundu ki, cavabdehin istifadə etdiyi 0.40 ha həyətyanı torpaq sahəsinin 0.27 ha hissəsi qanunsuz istifadə edilir və heç bir sənədi yoxdur. Cavabdeh sonradan özbaşına olaraq həyətyanı sahəsini genişləndirərk, 0.27 ha sahəni qanunsuz ələ keçirərək iddiaçıya məxsus həyətyanı torpaq sahəsinə gedən, əvvəldən mövcud olan su kanalının keçdiyi yeri zəbt edərək mənimsəmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1-ci maddəsində ücüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını təmin etmək Mülki Məcəllənin məqsədi kimi, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək isə Mülki Məcəllənin əsas vəzifələrindən biri kimi müəyənləşdirilmişdir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Birinci instansiya məhkəmə düzgün nəticəyə gəlmişdir ki, tərəflərin hər ikisi sözügedən su kanalından bərabər şəkildə istifadə etmək hüququna malikdir. Cavabdeh sözügedən su kanalından iddiaçının istifadə etməsinə maneə olmaqda haqlı deyildir. Nəticədə iddiaçının həmin su kanalından istifadə hüququ cavabdeh tərəfindən pozulur. Ona görə də iddiaçının sözügedən su kanalından istifadə hüququna təminat verilməli və bu məqsədlə iddia təmin edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apelyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-95/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cаvаbdeh Cavabdehtərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-95/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1082/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1082/2020
12.06.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver