Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1085/2020 09.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X11 iclas katibliyi və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Qəbələ Rayon Məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq, Qəbələ şəhərində iddiaçılara məxsus torpaq sahəsində yerləşən və xüsusi mülkiyyətlərində olan fərdi yaşayış evindən cavabdehə məxsus əmlakların çıxarılması və mənzilin məcburi qaydada boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) xx xxxxxxx 2019-cu il tarixli 2(025)- 1279/2019 nömrəli qərаrdаdı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evindən cavabdehə məxsus əmlakların məcburi qaydada çıxarılmaqla mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçılar şikayət verərək həmin qərardadın ləğv edilməsini Şəki Apelyasiya Məhkəməsindən xahiş etmişlər. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(025)-1279/2019 nömrəli qərardadı ləğv edilmiş, mülki iş üzrə icraatın davam etdirilməsi üçün mülki iş Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra işə baxılmış və Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. X14 Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, onların Qəbələ qəhərində aldıqları torpaq sahəsində ailənin büdcəsi əsasında tikilmiş fərdi yaşayış evi mövcuddur. X10 Cavabdeh ilə xx xxxx 2011-ci ildə ailə qurmuşdur. Lakin cavabdehin günahı ucbatından aralarında yaranmış narazılıqlara görə, Cəlil nikahlarının pozulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə X6 ilə Cavabdeh arasında xx xxxx 2011-ci il tarixdə Qəbələ rayon Əmirvan kənd inzibati ərazi nümayəndəliyində bağlanaraq, 07 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Onlar birgə nikahları dövründə tikilmiş, Qəbələ şəhərində yerləşən, onlara məxsus fərdi yaşayış evində yaşamışlar. Nikahları pozulduqdan sonra dəfələrlə cavabdehə ona məxsus əmlakların evdən çıxarılaraq aparılması təklif olunsa da o, hər dəfə müxtəlif bəhanələrlə həmin əmlakları aparmamışdır. Bu da onlara məxsus mülkiyyətdən istifadə olunmasında maneələr yaradır. Odur ki, Qəbələ şəhərində onlara məxsus torpaq sahəsində yerləşən və xüsusi mülkiyyətlərində olan fərdi yaşayış evindən Cavabdeh məxsus əmlakların çıxarılması və mənzilin məcburi qaydada boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, qətnamədə həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsinə istinad edilmiş və əsaslanılmışdır. Halbuki, həmin qətnamə ilə (hansı ki, bu gün də icrasız qalmışdır) Cavabdeh və onun anasının torpaqdan və evdən çıxarılması tələbimiz təmin edilmişdir. Bu işdə isə yalnız Cavabdeh məxsus cehiz əmlakların evdən çıxarılmasını istəmişik. Məhkəmə gedişində əvvəlki qətnaməyə istinad edilməklə işə xitam verildiyi üçün şikayət etmişdik və apelyasiya instansiyası düzgün olaraq qərarı ləğv etmişdir. Çünki, hazırki iddia əvvəlki iddiamızdan mahiyyət üzrə tamamilə fərqlənir. Lakin buna baxmayaraq, məhkəmə yenidən mövqeyində qalmaqla tam olaraq cavabdehin maraqlarını təmin edən qanunsuz qətnamə qəbul etmişdir. Əslində isə məhkəmə iddiamızı təmin etməli idi. Həmin evə baxış keçirilmişdi. Fikirləşmişdik ki, hakim ədalətli qərar qəbul edəcək. Lakin bunun əksi oldu. Ona görə də Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Rəna Hacıyeva bildirmişdir ki, iddiaçılar yalan danışır. Qızımla Cəlil ailə həyatı qurduqdan sonra kirayədə qalmışlar. Bir müddət sonra evi birlikdə tikmişlər, biz də həmin evin tikintisində köməklik göstərmişik. Belə ki, bunun üçün 2 dəfə kredit almışam. Kreditlər maaşımdan tutulub. 1-ci krediti Acces Bankdan, 2-ci krediti Kapital Bankdan almışam. Ev tikilən zaman Aytəkin atası və qardaşı evdə usta kimi işləyiblər. İddiaçılar isə qızımı gəlin kimi görmək istəmirdilər, ona görə də qızımın ailə münasibətləri alınmadı. Hal-hazırda Aytəki həmin evdə yaşamağa qoymurlar. Mən və Ayşən həmin evdə yaşamırıq. Bizi həmin evdən məhkəmə qətnaməsi ilə çıxardıblar. Həmin qətnamədə Aytəkin bəhs olunan evdən çıxarılmaması qərara alınmışdır. Hazırda mübahisə ilə bağlı iddiaçılarla heç bir razılaşmamız yoxdur. İddiaçı tərəfin Aytəkin Bakıda yaşaması barədə dedikləri yalandır. Razılaşma o halda ola bilər ki, iddiaçılar bu evdə olan haqqımızı versinlər. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının əvvəlki iclasında izahat verən X14 bildirmişdir ki,Qəbələ şəhərində aldığımız torpaq sahəsində ailəmizin büdcəsi əsasında tikilmiş fərdi yaşayış evimiz mövcuddur. X13 Cavabdeh ilə xx xxxx 2011-ci ildə ailə qurmuşdu. Lakin cavabdehin günahı ucbatından aralarında yaranmış narazılıqlara görə Cəlil nikahlarının pozulması tələbi ilə məhkəmədə iddia qaldırdı və Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə Cəlillə Aytək arasında xx xxxx 2011-ci ildə Qəbələ rayon Əmirvan kənd inzibati ərazi nümayəndəliyində bağlanmış nikah pozulmuşdur. Onların birgə nikahları dövründə Qəbələ şəhərində yerləşən torpaq sahəsində tərəfimizdən tikilmiş və bizə məxsus olan fərdi yaşayış evində yaşamışlar. Lakin nikahları pozulduqdan sonra dəfələrlə cavabdehə özünə məxsus əmlakları evdən çıxarması təklif olunsa da o, hər dəfə müxtəlif bəhanələrlə həmin əmlakları aparmamışdır. Bu da bizə məxsus mülkiyyətdən istifadə olunmasında maneələr yaradır. Belə ki, oğlum evlənmiş və onu həmin evdə yerləşdirmək istəyirik. Cavabdeh da evlənmiş, uşaqları da olmuşdur. Cavabdeh 5 il gəlinimiz olub. O 2016-cı ildə oğlumla boşanıb. Bu vaxta qədər, yəni oğlum evlənənə qədər onun evdən istifadə etməsinə etiraz etməmişik. 2016-cı ildən Aytək anasının evinə qayıtdı və mübahisəli evdə yaşamayıb. Hal-hazırda isə evlənib Bakıda yaşayır, uşağı da var. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasınа baxmayaraq, iddiаçı İddiaçı1 və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər və məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilmədən iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlardan, yəni: Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Əmirvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 143 və 144 nömrəli arayışlarından görünür ki, İddiaçı2 və İddiaçı1 Qəbələ rayon Əmirvan kənd sakinləridir. Nikahın pozulması haqqında şəhadətnamədn görünür ki, X6 ilə X2 arasında bağlanmış nikah xx xxxxx 2016-cı ildə pozulmuşdur. Qəbələ bələdiyyəsinin xx xxxxxxxx 2007-ci il tarixli 09 nömrəli qərarı ilə Bahar Abdurrahmanovaya fərdi ayaşyış evi tikmək məqsədi ilə bələdiyyə ərazisindən 0,06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin qərara əsasən, onunla Qəbələ bələdiyyəsi arasında bağlanmış torpaqların alqısatqısına dair xx xxxxxxx 2007-ci il tarixli aktla ona “İ.B.Qutqaşınlı” adına təsərrüfatın baş sxeminin 311 nömrəli kontorunda yerləşən və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlardan 0,06 ha torpaq sahəsi satılmış və o, satın aldığı sahənin dəyərini tam olaraq ödəmişdir. Satılmış torpaq sahəsinin eni 20 m, uzunluğu 30 m-dir. Həmin torpaq sahəsinə Bahar Abdurrahmanovanın adına xx xxxxxxx 2007-ci ildə Dövlət Torpaq Kadastrı kitabında 173 nömrə ilə uçota alınmış A seriyalı 013212 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi işlənib hazırlamışdır. Qəbələ İHB-nın Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2014-cü il tarixli 135 nömrəli arayışından görünür ki, Qəbələ bələdiyyəsinin xx xxxxxxxx 2007-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı1 verilmiş 0,06 ha torpaq sahəsinin 110 m2 hissəsində o, fərdi yaşayış evi tikmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(025)-1372/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh, X8 və X7 qarşı “fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılma, tikilinin və torpaq sahəsinin tamamilə boşaldılması və iddiaçının sahibliyinə və istifadəsinə verilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər X8 və X12 İddiaçı1 məxsus olan və Qəbələ şəhəri, M.Paşayev küçəsində yerləşən, ümumi sahəsi 121 m kv, yaşayış sahəsi 110,0 m kv olan üç otaqdan ibarət yaşayış evindən və həmin evin 0,06 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, bundan əvvəl tərəflər arasında eyni predment üzrə mülki işə baxılaraq Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-cı iltarixli 2(025)-1372/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X8 və X12 İddiaçı1 məxsus olan və Qəbələ şəhəri, M.Paşayev küçəsində yerləşən, ümumi sahəsi 121 m kv, yaşayış sahəsi 110,0 m kv olan üç otaqdan ibarət yaşayış evindən və həmin evin 0,06 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamə ilə iddia tələbi Cavabdeh qarşı hissədə cavabdehin mübahisəsi gedən yaşayış sahəsindən istifadə hüququ olduğundan təmin edilməmişdir. Birinci instansiya məhkəməsi də yuxarıda göstərilən halları müəyyən edərək gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflərin əvvəllər Qəbələ şəhəri, M.Paşayev küçəsində yerləşən, ümumi sahəsi 121 m kv yaşayış sahəsi və 110,0 m kv olan üç otaqdan ibarət yaşayış evindən və həmin evin 0,06 ha torpaq sahəsi ilə bağlı mübahisələrinin olması və yuxarıda qeyd olunduğu kimi məhkəmə aktına əsasən öz həllinin tapılmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Apelyasiya şikayətinin isə əsas dəlili ondan ibarətdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh və onun anasının torpaqdan və evdən çıxarılması tələbimiz təmin edilmişdir. Bu işdə isə yalnız Cavabdeh məxsus cehiz əmlakların evdən çıxarılmasını istəmişik. Apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti və işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş, iddia tələbini təmin etməyərkən səhvə yol verməmişdir. Belə ki, MPM-in 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bunlardan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. İşdən görünür ki, Qəbələ Rayon Məhkəməsi xx xxxx 2016-cı ildə İddiaçı1 cavabdehlər Cavabdeh, X8 və X7 qarşı “fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılma, tikilinin və torpaq sahəsinin tamamilə boşaldılması və iddiaçının sahibliyinə və istifadəsinə verilməsi” tələbinə dair mübahisə üzrə iddia tələbini qismən təmin etmiş, cavabdehlər X8 və X3 İddiaçı1 məxsus olan və Qəbələ şəhəri, M.Paşayev küçəsində yerləşən, ümumi sahəsi 121 m kv, yaşayış sahəsi 110,0 m kv olan üç otaqdan ibarət yaşayış evindən və həmin evin 0,06 ha torpaq sahəsindən çıxarılmasını qət etmiş, qalan hissədə isə iddia tələbini təmin eməmişdir. Məhkəmə həmin qətnamənin əsaslandırıcı hissəsində göstərmişdir ki, “cavabdeh Aytək Abdurahmanovanın mübahisəsi gedən yaşayış sahəsindən istifadə hüququ olduğundan, hər hansı formada bu hüquqa xitam verilmədən onun həmin sahədən çıxarılması barədə iddia təmin oluna bilməz. Nə qədər ki, torpaq və yaşayış sahələrindən çıxarılma hissəsində tələb əsassızdır, həmin sahələrin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində də iddia əsassız sayılmalıdır.” Qəbələ Rayon Məhkəməsi xx xxxx 2016-cı il tarixli qətnaməsi hazırda qanuni qüvədədir və preyudisial əhəmiyyət daşıyır. Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı1 bundan əvvəlki iddiada 2013-2015-ci illərdə inşa edilməklə sahibliyində olan Qəbələ şəhəri, M.Paşayev küçəsində yerləşən, ümumi sahəsi 121 kv m və yaşayış sahəsi 11,0 kv m olan 3 otaqdan ibarət yaşayış evindən və sahibliyində olan 0,06 ha torpaq sahəsindən, həmin evi və torpaq sahəsini qanunsuz tutan cavabdehlər X4, X9 və X3 çıxarılması, həmin tikilinin və torpaq səhəsinin tamamilə boşaldılması, binanın və torpaq sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. Hazırki iddiada da Cavabdeh məxsus cehiz əşyalarının çıxarılması tələbi qoyulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, MPM-in 82.3-cü maddəsinin mənası baxımından Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsində əks olunmuş, araşdırılmış və qiymətləndirilmiş tələbin predmetinə aid olan faktlar həmin işdə iştirak edən İddiaçı1 və Cavabdeh tərəfindən hazırki mübahisə üzrə məhkəmə prosesində də mübahisələndirilir və yenidən sübut edilir ki, bu da yolverilməzdir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli ev Qəbələ şəhəri, M.Paşayev küçəsində yerləşir. Eni 4 metr olan dəmir darvaza qapıdan həyətə girərkən bir mərtəbəli 3 otaqdan (qonaq və iki yataq otağı), mətbəx otağından və hamam tualetdən ibarət fərdi yaşayış evi mövcuddur. Həmin evdə cavabdeh yaşamasa da, cavabdehə məxsus qonaq, yataq və mətbəx mebelləri, həmçinin digər ev əşyaları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) tələblərinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər (mad. 228.3). Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir (mad. 228.4). Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, apelyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir və hesab edir ki, birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Bu səbəbdən də apelyasiya şikayətinin dəlilləri əsaslı deyil və formal mülahizələrə əsaslanır. MPM-in tələblərinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (mad. 385.2). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad. 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (mad. 77.1). Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (mad.88). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır (mad. 217). «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə xx xxxx 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinciinstansiyaməhkəməsi iddia tələbinin təmin edilməsini qət etməklə düzgünnəticəyəgəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1085/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1085/2020
09.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver