Məhkəmə qərarları › İş №2(107)-1085/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1085/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1085/2024 17.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, tapşırıq müqaviləsi, maddi zərər) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2(075)-395/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan və baxması üçün Cavabdeh təhvil verdiyi 1 baş camış heyvanın dəyəri olan 1300 manatın, həmin heyvana baxmaq üçün əvvəlcədən Cavabdeh ödədiyi 150 manatın və iddia tələbi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 35 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Şəki rayonu Daşüz kəndində yaşayır. Ailəsini dolandırmaq məqsədi ilə iri buynuzlu heyvan saxlayır. Yaz gəldikdə heyvanları baxmaq üçün sığırçı kimi fəaliyyət göstərən iş üzrə Cavabdeh etibar etmişdir. Belə ki, Cavabdeh Şəki rayonu, Cumakənd kəndinin kənarında yerləşən dağda mal otarmaqla məşğuldur. O da təxminən, 7 ay bundan əvvəl özünə məxsus olan 1 baş iri buynuzlu camışı və 1 baş balasını birlikdə baxmaq məqsədi ilə Cavabdeh təhvil vermişdir. Aralarında razılığa əsasən o, heyvanlarına baxılması qarşılığında hər ay hər bir heyvan üçün Cavabdeh 30 manat pul verməyi razılaşmışlar və o, 5 ayın ödənişini əvvəlcədən etmişdir. Lakin, sentyabr ayında Cavabdeh ona baxması üçün təhvil verdiyi heyvanlardan birinin itdiyini bildirmişdir. O, itmiş heyvanının özünün və ya pulunun ona qaytarılmasını Cavabdeh tələb etsə də, Cavabdeh onun heyvanını qaytarmamış, pulunu isə verməmişdir. Cavabdeh səhlənkar hərəkəti nəticəsində ona maddi ziyan dəymişdir. Hansı ki, Cavabdeh ona təhvil verdiyi heyvanları 5 ayın tamamında ona sağsalamat təhvil verməli idi. Göstərilənlərlə əlaqədar hüququ pozulduğundan hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, itmiş heyvan cavabdehə veriləndə 1 yaş 1 aylıq idi. Ümumilikdə heyvanlara baxması üçün 300 manat pul vermişdir. 1 heyvan üçün 1 aylıq ödəniş 30 manat olmuşdur.

4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ona iki dəfə 50 manat və 100 manat pul vermişdir. Heyvan itəndə də 150 manat vermişdir. O, dəfələrlə iddiaçının oğlu Qaçaya demişdir ki, mala cavabdeh deyil. Çünki həmin heyvana baxmaq mümkün deyildi. Çünki bir neçə dəfə də həmin heyvan itmişdi. Avqust ayında heyvan itəndə Qaçay özü gətirib heyvanı qoymuşdu. Heyvanları ona may ayında vermişdir.

5. Şəki Rayon Məhkəməsinin (hakim K.Musayev) 16 aprel 2024-cü il tarixli, e- 2(075)-395/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 1 baş heyvanın dəyəri olan 1300 (bir min üç yüz) manat, həmin heyvana baxmaq üçün ödənilmiş 150 (bir yüz əlli) manat və 35 (otuz beş) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı verilməsi qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı bir baş camış və bir baş camış balasını otarmaq üçün 2023-cü ilin may ayında Cavabdeh vermişdir. Tərəflər arasında olan razılığa əsasən bir heyvan üçün bir aylıq ödəniş 30 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə heyvanların otarılması üçün ümumilikdə 300 manat ödəniş edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən itirilmiş heyvanın dəyərini və heyvanların otarılması üçün ödədiyi məbləğin yarısını tələb edir.

7. Cavabdeh isə iddia tələbini qəbul etmir və bildirir ki, dəfələrlə iddiaçıya camış balasına baxmağın mümkün olmadığını bildirməsinə baxmayaraq iddiaçı heyvanı gəlib götürmədiyindən onun hər hansı məsuliyyəti yoxdur. Cavabdeh həmçinin itmiş heyvanın yaşını və dəyərini də mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Tərəflər arasında bağlanmış şifahi müqavilə mahiyyət etibarı ilə xidmət müqaviləsidir. Çünki cavabdeh iddiaçıya heyvanların otarılması xidmətini göstərməyi, sonuncu isə həmin xidmətin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.

9. Məhkəmə hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

10. Məhkəmə qeyd etmişdir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.

11. İddiaçı tərəflər arasında əldə edilmiş razılığa əsasən öz öhdəliyini yerinə yetirsə də cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya maddi ziyan dəymişdir.

12. Tutulmalı məbləğə münaisbətdə isə məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının Cumakənd kəndindəki nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda xx.xx.2023-cü il tarixə iddiaçının adına bir ədəd bir yaşa qədər (səkkiz aylıq) camış balasının qeydə alındığını bildirilir. Həmin tarixdən hesabladıqda isə may ayında camış balası cavabdehə otarmağa verildikdə 1 yaş 1 aylıq olur ki, bu da iddiaçının izahatı və şahid ifadəsi ilə üst-üstə düşür.

13. Qeyd edilənlər nəzərə alınmaqla "xxxx" ASC tərəfindən verilmiş arayışa əsasən camış düyəsinin orta bazar qiyməti 1300 manat müəyyən edilmişdir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, heyvanların otarılması üçün ödənilmiş məbləğ isə işin mübahisəsiz halıdır. Heyvanın itirilməsi səbəbindən həmin heyvanın otarılması üçün ödənilmiş məbləğ də iddiaçıya geri qaytarılmalıdır.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci, 329.3-cü, 385.1-ci, 405.1-ci, 405.2-ci, 425.1-ci, 442-ci, 448.1-ci, 752.1-cimaddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü, 14.2-ci, 77.1-ci, 107-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a)Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, məhkəmə iş üzrə sübutları hər tərəfli araşdırmadan qərar vermişdir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının təqdim etdiyi sübutlar yalnız şahid ifadəsi olmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdehin naxırına 1 baş iri buynuzlu camış və 1 baş balasını otarmaq üçün qatmışdır. Daha sonralar heyvanlardan biri, yəni camış balası itmişdir. Buna görə də sözü gedən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşdə şahid kimi dindirilən şəxs isə onun oğlu olmuşdur. Onun oğlu X5 isə ifadəsində bildirmişdir ki, atası naxıra camış və xötək qatmışdır. Xötəyin ipə-sapa yatmadığını, yəni onu naxırda saxlamaq olmadığını, sonuncu dəfə sürüdən yenə ana camışla birlikdə qaçdığını və evə gəldiyini bildirmişdir. Səhəri gün o, hər iki malı yenidən naxıra qatdığını, lakin sürüyə qatarkən çobanı görmədiyini, telefonla məlumat verdiyini qeyd etmişdir. Göründüyü kimi iddiaçı tərəfin sübutu yalnız öz oğlunun ifadəsi olmuşdur.İş üzrə cavabdeh tərəf oaraq tərəfindən bidirilmişdir ki, həqiqətən iddiaçı tərəf camış və xötəyi naxıra otarmaq üçün qatmışdır. Lakin onun mallarının naxırda durmaığını, tez-tez qaçdığını dəfələrlə iddiaçı tərəfə bildirmişdir. Sonuncu dəfə yenə qaçmış, gecə tapılmış və onların öz tövləsində olmuşdur. Ona bildirdikdə demişdir ki, baxmıram, gətirmə. Lakin onun sözünə baxmadan özlərinin dediyə görə naxıra qatdığını bildirmişdir. Ona zəng edib demişdir ki, malları naxıra qatmışam. Lakin onun naxıra qatmasını nə çobanı, nə də başqası görməmişdir. O naxırına baxdıqda onun yalnız camışını görmüş, xötəyi isə naxırda olmamışdır. Məhkəmə iclasında şahid kimi naxıra nəzarət edən coban X2 da dəvət etmişdirlər. O da ifadəsində bildirmişdir ki, iddiaçının xötəyi ipə-sapa yatan mal deyildir. Tez-tez qaçıdır. Sonuncu dəfə iddiaçının malları qaçmışdır. Həmin gecə mallar tapılmış və iddiaçının öz tövləsində qalmışdır. Səhər iddiaçı və ya onun oğlu tərəfindən maların naxıra qatılıb-qatılmamasından xəbərsizdir. Çünki iddiaçılar özləri qeyd etmişdirlər ki, malları qatarkən naxırçı görməmişdir. Elə həmin gecə xötəyin itdiyini bildirmişdirlər. Məhkəmə hesab etmişdir ki, iddiaçı iki baş camış və xötək naxıra qatmış və bir baş xötək itmişdir. Buna görədə Şəki Bazar ASC-nin verdiyi qiymət arayışı ilə iddia tələbini təmin etmişdir. Lakin iş üzrə sübutlarla iddiaçının həqiqətən neçə baş mal naxıra qatması öz təsdiqini tapmır. Onun sonuncu dəfə səhər naxıra neçə baş malın qatılmasını hek kim görməmişdir. Yalnız iddiaçı tərəfin oğlunun ifadəsi var. Bu ifadə mötəbər sübut sayılmır. Buna görə də hesab edir ki, iddiaçı tərəf həqiqətən iki baş malın naxıra qatılmasını sübut etməlidir.

18. Bundan başqa iş üzrə itmiş xötəyin qiyməti şübhə doğurur. Belə ki, iddiaçı xötəyin qiyməti üzrə Şəki Bazar ASC-dən arayış almışdır. Arayışda bir baş diri çəkisi 250-260 kq olan camış düyəsinin satış qiymətinin 1300 manat olması göstərilmişdir. İş materialarında idiaçının naxıra qatdığı bir baş xötəyin təxminən neçə kiloqram olması barədə sübut yoxdur. İddiaçı hardan bilir ki, onun bir baş xötəyinin çəkisi 250-260 kq idi. O, neçə ildir bu işlə məşğuldur. Bilir ki, iddiaçının onun naxırına qoyduğu xötəyin yaşı 1 ildən az olardı. Bu yaşda bir xötək çəkisi təxminən 70-80 kq olur. Bazar qiyməti ilə maksimum 700-800 manat dəyərində. Lakin heç bir sübut olmadan iddiaçı malın diri çəkisinin 250-260 kq (ət çəkisi 120-140 kq) olduğunu deyir. Xahiş edir ki, bu istiqamətdə araşdırma aparılsın. 1 illik xötəyin çəkisi o qədər ola bilərmi. İddiaçının dediyi çəkidə yalnız 2-3 yaşlı camışın çəkisi ola bilər. Buna görədə göstərilən qiymətlə qətiyyən razı deyil. Bu istiqamətdə peşəkar mütəxəssislərdən rəy alınmasını xahiş edir.

19. Qeyd edilənləri nəzərə alaraq, Şəki Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2(075)-395/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2(075)-395/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh məhkəmə kollegiyasına göndərdiyi teleqramında məhkəmə iclasında iştirak edə bilməyəcəyindən məhkəmənin başqa vaxta keçirilməsini xahiş etsə də gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyator Şəki Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2(075)-395/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, qəbul edilən qətnamə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

30. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı bir baş camış və bir baş camış balasını otarmaq üçün 2023-cü ilin may ayında Cavabdeh vermişdir. Tərəflər arasında olan razılığa əsasən bir heyvan üçün bir aylıq ödəniş 30 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə heyvanlara 5 ay müddətində baxılması üçün əvvəlcədən hər heyvan üçün aylıq 30 manat, ümumilikdə 300 manat olmaqla ödəniş edilmişdir. İddiaçının cavabdehə baxılıb otarılmasını tapşırdığı heyvanlardan bir baş camış balası . 2023-cü ilin sentyabr ayında itmiş və iddiaçıya maddi ziyan dəymişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı mübahisə tapşırıq müqavilə münasibətlərindən irəli gələn mübahisə olduğu halda birinci instansiya məhkəməsi mübahisəyə yanlış olaraq podrat müqavilə münasibətlərindən irəli gələn normaları tətbiq etməklə maddi hüquq hüquq normalarının, həmçinin prosessual hüquq normalarının tələblərini pozmuşdur.

32. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.

33. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.

34. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.

35. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

36. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

37. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

38. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

39. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyəti olan işin faktiki halları tam aydınlaşdırılmadığından Şəki Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2(075)- 395/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə itmiş xötəyin qiymətinin şübhə doğurması, bu yaşda bir xötəyin bazar qiyməti ilə maksimum 700-800 manat dəyərində olmasına dair dəlili ilə qismən razılaşraq qeyd edir ki, işdə olan Şəki şəhər-rayon X7 Bölməsinin təhqiqatçısı tərəfindən 18 oktyabr 2023-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərardan görünür ki, İddiaçı oğlu X5 09 oktyabr 2023-cü il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinə yazdığı şikayət ərizəsində göstərmişdir ki, kənddə çobanlıq edən Cavabdeh ona məxsus olan 1 baş camış balasını 20 sentyabr 2023-cü il tarixdə Şəki rayonu Cumakənd kəndinin örüş yerində naməlum şəraitdə itirmişdir. Ondan 1 aya yaxındır ki, ya malını, ya da onun dəyəri olan 800 manat pulunu istəyir.

42. İşdə olan birinci instansiya məhkəməsinin 16 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə iclası üzrə məhkəmə iclas protokolundan görünür ki, həmin iclasda şahid qismində dindirilmiş X4 ifadəsində həmin çəkidə xotəyin dəyərinin təxminən 800 manat olduğunu göstərmişdir.

43. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin bu istiqamətdə peşəkar mütəxəssislərdən rəy alınmalı olmasına dair dəlili və birinci instansiya məhkəməsinin itmiş camış balasının dəyərinin 1300 manat müəyyən edilməsinə dair mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, həmin heyvanın dəyərinin müəyyən edilməsində heyvana dair iddiaçının deməsi əsasında Şəki-Bazar ASC tərəfindən verilən rəyə deyil, heyvana dair daha dolğun məlumatların olduğu, onu vizual olaraq görmüş şahidin ifadəsinə, həmçinin heyvan sahibinin oğlunun Şəki şəhər-rayon Polis Şöbəsinə verdiyi izahatına istinad edilməsi daha qanuni, əsaslı və ədalətlidir.

44. Kollegiya hesab edir ki, heyvanın dəyərinə dair onu vizual olaraq görmüş şahiddə, həmçinin heyvan sahibinin ailə üzvündə məlumatlar olduğu halda, hazırda mövcud olmayan bir heyvana dair mütəxəssis rəyinin alınması zərurəti müəyyən edilmir və kollegiya həmin heyvanın dəyərinin 800 manat təşkil etməsini qəbul edir.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə sübutlarla iddiaçının həqiqətən neçə baş malın naxıra qatılmasının öz təsdiqini tapmaması, iddiaçı tərəfin həqiqətən iki baş malın naxıra qatılmasını sübut etməli olması, məhkəmənin iş üzrə sübutları hər tərəfli araşdırmadan qərar verməsi, iddiaçı tərəfin sübutunun yalnız öz oğlunun ifadəsi olması, onun naxıra qatmasını nə çobanı, nə də başqasının görməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçıya məxsus iki baş malın 2023-cü ilin may ayında iddiaçı tərəfindən baxılması, otarılması üçün cavabdehə verilməsi, bunun üçün 5 aylıq, yəni 2023-cü ilin iyun-sentyabr aylarına görə hər heyvan üçün hər ay 30 manat olmaqla, hər heyvan üçün 5 aylıq cəmi 150 manat pul vəsaitinin ödənilməsi işin mübahisəsiz halıdır. Yəni həmin hal birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin özünün izahatı ilə təsdiq edilmişdir. Hansı ki, cavabdeh həmin pul vəsaitini iddiaçıya məxsus heyvanları otarmaq, onlara baxmaq üçün iddiaçıdan qəbul etmişdir.

46. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, 2023-cü ilin may-sentyabr ayları üçün ona tapşırılmış heyvanlar üçün baxım pulunu qəbul etmiş cavabdehin ona tapşırılmış heyvanın 2023-cü ilin sentyabr ayında itməsinə görə cavabdehlik daşımaması barədə göstərdikləri əsaslı hesab edilə bilməz.

47. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, heyvanın itirilməsi ilə cavabdeh tərəfindən iddiaçıya maddi ziyanın vurulması sübuta yetirilmişdir.

48. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

50. Məhkəmə kollegiyası iddia tələbinin heyvana baxmaq üçün ödədiyi 150 manata dair hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarından, tərəflərin izahatlarından da müəyyən edildiyi kimi həmin məbləğ iddiaçı tərəfindən cavabdehə verilən hər ay üçün 30 manat olmaqla cəmi 5 aylıq baxım pulunun cəmidir. 2023-cü ilin may-avqust aylarında cavabdehin iddiaçıya məxsus heyvana baxması, həmin dövr ərzində cavabdehin iddiaçıya məxsus heyvana baxması ilə əlaqədar iddiaçıya heç bir maddi ziyanın dəyməməsi işin mübahisəsiz halıdır. Belə ki, iddiaçıya məxsus heyvanın itməsi ona baxılmasının cavabdehə tapşırıldığı 5-ci ay ərzində baş vermiş, beləliklə cavabdeh tərəfindən iddiaçı ilə aralarında olan müqavilə öhdəliklərinin pozulması, iddiaçıya ziyan vurulması 2023-cü ilin sentyabr ayına təsadüf etmişdir.

51. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhz 2023-cü ilin sentyabr ayı üçün heyvana baxmaqla bağlı ödədiyi 30 manatı cavabdehdən tələb etməkdə haqlıdır.

52. Məhkəmə kollegiyası iddia tələbini qismən əsaslı hesab etdiyindən cavabdehdən iddiaçının xeyrinə məhz iddia tələbinin əsaslı hesab edildiyi həddə uyğun dövlət rüsumu tutulmalıdır.

53. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2(075)-395/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilməli, 1 baş camış heyvanın dəyəri olan 800 manat, həmin heyvana baxmaq üçün əvvəlcədən ödənilmiş 30 manat və iddia tələbi ilə bağlı dövlət rüsumu olaraq ödənilmiş 30 manat Cavabdeh alınaraq İddiaçı verilməli, əsaslı olmadığından iddia tələbinin qalan hissəsi təmin edilməməlidir.

54. İddianın qismən təmin edilməsi nəzərə alınaraq ödənilmiş 35 manat dövlət rüsumunun 5 manatı iddiaçının özünə aid edilməlidir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2(075)-395/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. 1 baş camış heyvanın dəyəri olan 800 manat, həmin heyvana baxmaq üçün əvvəlcədən ödənilmiş 30 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilmiş 35 manat dövlət rüsumunun 5 manatı iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar