Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-109/2023 02.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 Törəmə ASC-nə qarşı “işə bərpa və məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa, məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi, iddia müddəti) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 Törəmə ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 Törəmə ASC-nə qarşı “işə bərpa və məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 2(075)- 1518/2022 saylı, 21 sentyabr 2022-ci il tаrixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, X9 Açıq Səhmdar Cəmiyyətinin direktoru Vüqar Musayevin 6 aprel 2022-ci il tarixi, 09 K nömrəli əmrini ləğv edib, onun X9 ASC-nin Abonentlərlə iş şöbəsinin fakturalama qrupu üzrə Mühəndis qrup rəhbəri vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X9 Açıq Səhmdar Cəmiyyətinin direktoru Vüqar Musayevin 6 aprel 2022-ci il tarixi, 09 K nömrəli əmri ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ƏMnin 72-ci maddəsinin “ə” bəndinə müvafiq olaraq xitam verilmiş, bununla da o X9 ASC-də tutduğu “Abonentlərlə iş şöbəsinin fakturalama qrupu üzrə mühəndis qrup rəhbəri” vəzifəsindən azad edilmişdir. Göstərmişdir ki, o, ilkin olaraq 8 aprel 2022-ci il tarixində X4 Xidmətinə işə bərpa olunmağı ilə bağlı mürəciət etmişdir. Müraciəti ilə bağlı 5 may 2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, onun əmək müqaviləsinə xitam verilməsi zamanı X9 ASC-nin direktoru X12 Məcəlləsinin 165-ci maddəsinin tələblərini pozaraq 2022-ci il yanvar ayında aylıq iş vaxtı normasından artıq işə cəlb edildiyi 9 saata, mart ayında isə 2 saata görə əlavə əmək haqqının son haqq hesabı düzgün hesablanıb ödənilməsini təmin etməmişdir. Buna görə də ona əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bildirmişdir ki, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya Şurasına müraciət etmişdir. Lakin mediasiya prosesində cavabdehin nümayəndəsi onun işə bərpa olunması ilə əlaqədar razılığa gəlmədiyi üçün ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək mümkün olmamış və ona ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Göstərmişdir ki, işdən azad edilməyinə dair əmr qanunsuz və əsassızdır. Belə ki, o, 8 oktyabr 2019-cu il tarixi, 76 K nömrəli əmrlə X9 ASC-nin Abonentlərlə iş şöbəsinin fakturalama qrupu üzrə mühəndis qrup rəhbəri vəzifəsinə təyin olunmuş və onunla əmək müqaviləsi bağlanmışdır. X10 Cəmiyyətinin müvafiq əmrinə əsasən struktur dəyişikliyi səbəbindən həmin müqaviləyə 1 aprel 2021-ci il tarixində X9 ASC-nin direktoru Vüqar Musayevin 24 K nömrəli əmri ilə 69-cu maddənin 3-cü bəndinə əsasən xitam verilmişdir. X10 Cəmiyyətinin X7 İdarəsinin direktoru Eyvaz Hüseyinovun 2 aprel 2021-ci il tarixli, 206 K nömrəli əmri ilə Fakturalamanın İcra Şöbəsinə Şəki Sukanal sahəsi üzrə Mühəndis Qrup rəhbəri vəzifəsinə təyin olunmuş və onunla əmək müqaviləsi bağlanmışdır. X10 Cəmiyyətinin müvafiq əmrinə əsasən yenidən struktur dəyişikliyi səbəbindən həmin müqaviləyə 18 noyabr 2021-ci il tarixində X7 İdarəsinin direktoru Eyvaz Hüseyinovun 1124 K nömrəli əmri ilə 69-cu maddənin 3-cü bəndinə əsasən xitam verilmiş və 19 noyabr 2021-ci il tarixində 76 K nömrəli əmrlə X9 ASC-nin Abonentlərlə iş şöbəsinin fakturalama qrupu üzrə Mühəndis qrup rəhbəri vəzifəsinə təyin olunmuş və onunla əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilədə bir ay sınaq müddəti şərti qeyd edilmişdir. Sınaq müddəti ərzində ona 186-cı maddənin 3-cü hissəsinə əsasən X9 ASC-nin direktoru Vüqar Musayev tərəfindən Fakturalama əməliyyatlarının hər ayın 20 tarixində tamamlanmasına dair 30 noyabr 2021-ci il tarixli, 88 saylı “intizam məsuliyyəti haqqında” xəbərdarlıq əmri verilmişdir. Lakin “intizam məsuliyyəti haqqında” xəbərdarlıq işçiyə sınaq müddətindən sonra Əmək və İcra intizamının pozulması zamanı verilə bilər. Bu halda o, öz əmək funksiyasını fakturalama əməliyyatlarını qanunvericiliyin tələblərinə uyğun olaraq bir ay ərzində yerinə yetirdiyinə görə heç bir əmək və icra intizamının pozuntusuna yol verməmişdir. Verilmiş xəbərdarlıq əsassız olmuşdur. 10 yanvar 2022-ci il tarixində X9 ASCnin direktoru Vüqar Musayev tərəfindən ona və qrupun nəzarətçisi Elgün Sadıqova iş vaxtından sonra olan hadisəyə görə 186-cı maddənin 2-ci hissəsinə uyğun olaraq “intizam tənbehi haqqında” 02 saylı əmrlə töhmət verilmişdir. Bildirmişdir ki, qeyri iş saatlarında, istirahət və bayram günlərində Fakturalama qrupuna sayğacları oxuma əməliyyatlarını icra etmək tapşırığı idarə rəisi Vüqar Musayev və Abonentlərlə iş şöbəsinin rəisi Teymur Həmidov tərəfindən verilmişdir. İşə götürən X8 Məcəlləsinin 89-cu maddəsinin 1-ci və 3-cü maddələrinin tələblərinə uyğun olmayan, bağlanılmış müqavilənin 4.19-cu bəndinə zidd olaraq şənbə günü iş vaxtı 15:00-da bitdikdən sonra 17:00-da olan hadisəyə görə habelə 165-ci maddənin 1-ci hissəsinin pozulması ilə nəticələnən və iş vaxtından artıq görülən işə görə heç bir əmək haqqı ödənilmədən əsassız qaydada ona töhmət vermişdir. 1 mart 2022ci il tarixində X9 ASC-nin direktoru Vüqar Musayev tərəfindən ona 186-cı maddənin 2-ci hissəsinə uyğun olaraq “intizam tənbehi haqqında” 32 saylı əmrlə şiddətli töhmət verilmişdir. Göstərmişdir ki, podratçı təşkilat tərəfindən beş ildən çoxdur ki, Şəki şəhərinin su və kanalizasiya şəbəkəsində yenilənmə və sayğaclaşma işləri aparılır. Su və kanalizasiya xəttlərinə yeni qoşulmuş abonentlərin Fakturalama qrupu tərəfindən qeydiyyata alınıb müvafiq iş əmrləri yaradılaraq sistemə yerləşdirilməsi üçün 2021-ci ildə İdarə rəisi Vüqar Musayev tərəfindən Birləşmiş MMC-nin X5 məktub ünvanlanmışdır. Həmin məktubun bir nüsxəsi ona göndərilmişdir. Həmin məktubun məzmununa uyğun olaraq İdarə rəisi Vüqar Musayevin və Fakturalamanın icrası şöbəsinin rəhbərliyinin tələblərinə görə sistem üzrə digər işləri olmadığından istifadəsi olan və olmayan abonentləri qeydiyyata almaq üçün 203 (qanunsuz istifadə haqqında məlumatın verilməsi) saylı iş əmrindən mütəmadi istifadə olunmuşdur. Vüqar Musayev tərəfindən 2022-ci ilin fevral ayında ərazi üzrə yoxlamalar zamanı qeydiyyata alınmamış istifadəsi olmayan abonentlərə 203 iş əmrinin fakturalama qrupu tərəfindən təyin olunması aşkarlanmışdır və bu hal nöqsan kimi qiymətləndirilmişdir. Oxuma kodlarının və iş əmrlərinin onun tərəfindən nəzarətçilərə səhv tapşırıqlar verilməsi kimi qiymətləndirilərək ona şiddətli töhmət vermişdir. Cavabdeh2 ASC-nin xeyrinə qeyriqanuni halların tez bir zamanda aşkarlanması və göndərilmiş məktubun tələblərinin yerinə yetirilməsi üçün müvafiq iş əmrlərinin yaradılmasını nöqsan kimi qiymətləndirilərək Vüqar Musayev tərəfindən verilmiş şiddətli töhməti əsassızdır. 4 aprel 2022-ci il tarixində İdarə rəisi Vüqar Musayevin müvafiq məktubuna əsasən Cavabdeh1 Törəmə ASC-nin Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması üçün qərar qəbul olunmuşdur. Bildirmişdir ki, işçi tərəfindən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verdikdə, əmək funksiyasını yerinə yetirmədikdə 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış müqaviləyə ƏM-nin 72-ci maddəsinin “ə” bəndinə müvafiq olaraq xitam verilir. Lakin o, iş vaxtı ərzində inzibati xəta və ya cinayət törətməmişdir. İşdə heç bir nöqsana yol verməmiş və nümunəvi işçi olmuşdur. Bildirmişdir ki, o, həqiqətən də qanunsuz və əsasız olaraq işdən çıxarılmışdır. Bunula belə öz vəzifə borcu ilə yanaşı işçi çatışmadığından əlavə bir nəzarətçinin vəzifə borcunu yerinə yetirərək ərazidə qeyri əhali abonentlərini də oxumuşdur. Öz işinə məsuliyyətlə dəqiq şəkildə yanaşmışdır. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. O, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı müddəalarını qəbul etmədiyini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(075)-1518/2022 saylı (C.İmanov) qətnaməsi ilə İddiaçı onun Cavabdeh2 ASC "xxxx" MMC-nin X9 Açıq Səhmdar Cəmiyyətinin direktoru Vüqar Musayevin 6 aprel 2022-ci il tarixi, 09 K nömrəli əmrini ləğv edib, onun X9 ASC-nin Abonentlərlə iş şöbəsinin fakturalama qrupu üzrə Mühəndis qrup rəhbəri vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: İddiaçı 19 noyabr 2021-ci il tarixli, 76-k saylı əmrlə Cavabdeh2 ASC "xxxx" MMC-nin Cavabdeh1 Törəmə ASC-də mühəndis-qrup rəhbəri vəzifəsinə işə qəbul edilmiş və onunla yazılı formada müddətli əmək müqaviləsi bağlanaraq mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşində yol verdiyi nöqsanlara görə iddiaçıya müəssisə üzrə verilmiş xx.xx.2021-ci il tarixli, 88 nömrəli əmrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə uyğun olaraq xəbərdarlıq, 10 yanvar 2022-ci il tarixli, 2 nömrəli əmrlə intizam tənbehi olaraq “töhmət” və 1 mart 2022-ci il tarixli, 32 nömrəli əmrlə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Bundan başqa iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinə razılıq verilməsi üçün müəssisədə fəaliyyət göstərən X2 müraciət edilmişdir. Həmin müraciətlə bağlı Cavabdeh1 Törəmə ASC-nin Həmkarlar İttifaqı təşkilatında iddiaçının iştirakı ilə xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasda onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə qərar qəbul edilmişdir. Həmkarlar İttifaqı təşkilatının xx.xx.2022-ci il tarixli qərarı əsas götürülərək müəssisə üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 09-k saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) 6 aprel 2022-ci il tarixdən xitam verilmiş və mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşdən azad edilərkən iddiaçıya 2022-ci ilin aprel ayında işlədiyi günlərə görə hesablanmış əmək haqqı və istifadə edilməmiş 11 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi də daxil olmaqla cəmi 372.69 manat son haqq-hesab hesablanaraq elə xx.xx.2022-ci il tarixdə onun bankda olan əmək haqqı hesabına köçürülmüşdür. Lakin iddiaçıya Əmək Məcəlləsinin 165-ci maddəsinin tələbi pozularaq 2022-ci ilin yanvar ayında aylıq iş vaxtı normasından artıq işə cəlb edilməsi 9 saata görə və mart ayında aylıq iş vaxtı normasından artıq işə cəlb edilməsi 2 saata görə əlavə əmək haqqı hesablanıb ödənilməmişdir. Ona görə də Cavabdeh1 Törəmə ASC-nin direktoru X6 barəsində İXM-nin 192.4 maddəsinin tələbinə əsasən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin Cavabdeh1 Törəmə ASC-nin xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş Abunentlərlə iş şöbəsinin Fakturalama qrupunun mühəndis-qrup rəhbəri olan iddiaçıya 2022-ci ilin yanvar ayı üzrə 9 saat və mart ayı üzrə 2 saat aylıq iş vaxtı normasından artıq işlənmiş saatların qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsi təmin edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəməyə müraciət etməsi ilə bağlı ötürülmüş müddətin bərpa edilməsini, işə mahiyyəti üzrə baxılaraq iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə yazılı etiraz ərizəsi təqdim edərək həmin ərizəsində iddia ərizəsinə iddia müddətini tətbiq etməklə iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquq qiymət verərək hesab edir ki, iddaia tələbi üzrə iddia müddəti ötdüyündən iddia təmin edilməməlidir. Göründüyü kimi iddiaçı onun işdən çıxarılmasını 4 aprel 2022-ci il tarixdə, ən dəqiqi isə 6 aprel 2022-ci il tarixdə bilməklə əmək hüquqlarının pozulduğunu bilmişdir. Lakin o, hüquqlarının pozulmasını xx.xx.2022-ci il tarixdə bilməsinə baxmayaraq öz hüquqlarının bərpa edilməsi tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda o, məhkəməyə xx.xx.2022-ci il tarixədək müraciət etməli olduğu halda həmin 1 aylıq müddəti ötürməklə 1 ay 23 gün sonra, yəni 29 iyun 2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi verilərkən iddia müddəti keçdiyindən və cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət təqdim etdiyindən iddia rədd edilməlidir. Birinci instaniya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.1, 373.4, 375.2, 375.5-ci maddələri, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, cavabdeh X9 Açıq Səhmdar Cəmiyyətinin direktoru Vüqar Musayevin 6 aprel 2022-ci il tarixi 09 K №-li əmri ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən ƏM-nin 72-ci maddəsinin “Ə” bəndinə müvafiq olaraq xitam verildikdən sonra işə yenidən bərpa olunmağı üçün 8 aprel 2022-ci il tarixində X4 Xidmətinə rəsmi qaydada müraciət etmişdir. D.Ə.M.X-indən ilkin cavab olaraq 15 aprel 2022-ci il tarixli işə bərpa olunmağı haqqında ərizəsinə əsasən araşdırmaların qanunamüvafiq aparıldığı və 5 may 2022-ci il tarixli müvafiq qərar qəbul edildiyi haqqında rəsmi məktub göndərilmişdir. İlk müraciəti zamanı D.Ə.M.X-inin Rəhbərliyi tərəfindən ona məhkəməyə müraciət etmək üçün 1 (bir) aylıq iddia müddətinin onların müvafiq qərar qəbul etdiyi tarixindən sonra başlayacağı haqqında şifahi izah verilmişdir. 17 may 2022-ci il tarixində Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci hissəsinə əsasən Mediasiya şurasına müraciət etmişdir. 24 iyun 2022-ci il tarixində Mediasiya şurası tərəfindən ona “İlkin Mediasiya sessiyasında iştirak edilməməsi” barəsində arayış təqdim olunmuşdur. Həmin tarixdən “Mediasiya haqqında” qanuna əsasən iddia müddətinin bərpa olunduğunu hesab etmişdir. 28 iyun tarixində Şəki Rayon Məhkəməsinə iddia ərizəsini və tələb olunan sənədləri təqdim etmişdir. Öz təşəbbüsü ilə 11 avqust 2022-ci il tarixində məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanlara müraciətlə bağlı buraxılmış iddia müddətinin bərpasına dair ərizə də təqdim etmişdir.ƏMnin 294-cü maddəsinin 5-ci hissəsində göstərilmişdir ki, məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” qanuna əsasən ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Ona görə də qanunlarımıza hörmətlə yanaşaraq bütün vətəndaşlar kimi X4 Xidmətinə və Mediasiya şurasına müraciət etmişdir. Mediasiya haqqında qanunun” 35-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş 1 ay iddia müddəti ilkin mediasiya sessiyasında iştirak edilməməsi haqqında arayışın təqdim edildiyi gündən başlanır. 294-cü maddənin 4-cü hissəsinə əsasən qanunla nəzərdə tutulan iddia müddəti əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. 6 aprel 2022-ci il işdən azad olunduğu tarixdən 28 iyun 2022-ci il məhkəməyə müraciət etdiyi tarixədək olan müddət 2 (iki) ay 22 gün təşkil etdiyini bildirirdir. Əsaslı şəkildə bildir ki, 8 aprel 2022ci il tarixindən 5 may 2022-ci il tarixinədək ötən 27 günlük müddət X3, 17 may 2022-ci il tarixindən 24 iyun 2022-ci il tarixinədək ötən 37 günlük müddət Mediasiya şurasına sərf olunmuşdur. 82 gün ümümi müddətdən 64 günü əmək mübahisələrinə baxan orqanlara sərf olunmuşdur. Buradan da görünür ki, sənədlərə baxılmadan qərar qəbul olunmuşdur. Əgər dəqiq baxılmış olsaydı Mediasiya şurasına və D.Ə.M.X nə sərf olunmuş vaxt ötürülmüş müddət kimi məhkəmə tərəfindən hesab edilməzdi. Əlavə olaraq bildir ki, həmin vaxt ərzində hüqüqlarımın müdafiəsi üçün Cavabdeh2 ASC və “Ombudsman İnsan hüquqları üzrə Müvəkkilə” müraciət etmişdir. Məhkəməyə qədər müddət ərzində cəmi 4 (dörd) orqana müraciət etmişdir. Təqdim etdiyi sübut sənədlərin əsasında iddia müddətinin üzürlü səbəbdən ötürüldüyü aydın görünür. Şəki Rayon Məhkəməsinin 21 sentyabr 2022ci il tarixli imzaladığı e-2(075)-1518/2022-023 saylı qətnaməyə etirazını bildirir. Belə ki, həmin qətnamədə ƏM-nin 294-cü maddəsinin və Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 28-ci və 35-ci maddələrinin tələblərinə riayət olunmamışdır. Qanunvericiliyin tələblərinə uyğunsuzluq olaraq bütün hallarda məhkəməyə qədər müraciət üçün iddia müddətinin 1 (ay) təşkil etdiyi göstərilərək müddətin 1 ay 23 gün ötürüldüyü bildirilmişdir. Lakin məhkəmə tərəfindən ötürülmüş hesab edilən 1 ay 23 gün müddət bütövlükdə əmək mübahisələrinə baxan orqana sərf olunmuşdur. Əmək mübahisələrinə baxan orqanlara müraciət etdikdə qanunla nəzərdə tutulan 1 aylıq iddia müddətinin dayandırıldığını və həmin orqanların müvafiq qərar qəbul etdikdən sonra həmin iddia müddətinin başlandığı haqqında qanunauyğunluqlara düzgün riayət olunmamışdır. Məhkəməyə qədər əmək mübahisələrinə müraciətlə bağlı sərf etdiyi vaxtı üzürsüz səbəbdən ötürüldüyü kimi qəbul edərək xx.xx.2022-ci il tarixində təqdim etdiyi “İddia müddətinin bərpasına” dair ərizəsi nəzərə alınmamışdır. Əsassız oluğu göstərilmişdir. Halbuki baxış iclasında ərizəsinə əsasən iddia müddətinin hansı səbəblərdən ötürüldüyü müzakirə olunmamışdır. Qətnamə müzakirəsiz imzalanmışdır. Ola bilər ki, o sadə vətəndaş kimi hüquqlarını tam bilməyə bilər. Amma onun hüquqları məhkəmə orqanları tərəfindən müdafiə olunmalıdır. xx.xx.2022-ci il tarixli baxış iclasında çıxışında əmək müqaviləsinə xitam zamanı cavabdeh tərəfindən Əmək Məcəlləsinin və X1 tələblərinin ciddi şəkildə pozulması haqqında və onun qanunsuz əsassız işdən azad olunmağı haqqında sübütlarla ifadələrini aydın şəkidə bildirmişdir. Belə ki, əmək müqaviləsinin ləğv olunmasında tərtib olunmuş 6 aprel 2022-ci il tarixli 09 K saylı əmrdə ƏM-nin 84-cü maddəsinin 1-ci hissəsində tələb olunan “Əmək müqaviləsinin ləğv edilməsinin əsası” hissəsi qeyd olunmamışdır. İşəgötürən xitam zamanı ƏM-nin 165-ci maddəsinin tələblərini ciddi şəkildə pozaraq son haqq hesab olaraq əlavə işlədiyi 11 saatlıq əmək haqqını düzgün hesablayıb kart hesabına köçürməmişdir. D.Ə.M.X-nin 05 may 2022-ci il tarixli məktubuna əsasən işəgötürən Vüqar Musayevə MN ******* saylı protokol tərtib olunub inzibati cərimə edilmişdir. Əmridə xitam zamanı əsas sənədlər olaraq HİK-nın 02 saylı məktubu göstərilmişdir. Bildir ki, işəgötürən onu işdən azad edən zaman HİK-ə müraciət etmiş və müvafiq razılıq almışdır. ƏM-nin 80-cı maddəsində yalnız həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə xitam zamanı işəgötürən həmin təşkilatdan rəy ala bilər. HİK-nin Nizamnaməsinin 3-cü hissəsinin 9-cü bəndinə əsaslanaraq bildirmək istəyir ki, o, HİK-nin üzvlüyünə qəbul olmaq üçün ərizə yazmamışdır. HİK-nin sədri tərəfindən də ona üzvülüyü təsdiq edən bilet təqdim olunmamışdır. Əmək haqqımdan da HİK-nə üzv kimi müvafiq tutulmalar olmuşdur. HİK-nə üzvlüyə qəbul yalnız ərizə əsasında HİK-nin iclasında həyata keçirilir. İşəgötürən qanunvericiliyin tələblərini bununla da pozmuşdur. Təqdim olunmuş 09 K saylı əmrdə “əmək müqaviləsinin ləğv edilməsinin əsası” hissəsi olmadığından ƏM-nin 84-cü maddəsinin tələblərinə cavab vermədiyindən həmin əmr etibarsız və əsassız hesab olunmalıdır. Cavabdeh məhkəməyə idarə daxili məlumatları əsk etdirən “Xidməti Məlumat” tipli sənədləri təqdim etmişdir. Həmin sənədləri elə qaydada hazırlamışdır ki, onun işdən rahatlıqla azad edə bilsin. Bu sənədlərin əsassız və böhtan xarakterli olmasını bildirir. Çünki yoxlama zamanı işəgötürən Komissiya yaradaraq qeydə alınmış bütün nöqsanları araşdırıb AKT sənədləri imzalamalı idi. Həmin AKT sənədləri 5-7 komissiya üzvünün iştirakı və imzaları ilə tərtib olunub qeydiyyat gurnalında əks olunmalı idi. Bunların heç biri işəgötrən tərəfindən həyata keçirilməyib. Sadaladığı əsaslar da işəgötürənin onu qanunsuz əsassız işdən azad olunmağımı açıq şəkildə bildirir. Qeyd edilənləri nəzərə alaraq Şəki Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(075)-1518/2022 saylı qətnaməsinin tamamilə ləğv olunması, iddiasının təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlillər Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-1518/2022 saylı, 21 sentyabr 2022-ci il tаrixli qətnaməsinin tamamilə ləğv olunması, iddiasının təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Törəmə ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsi və Şəki Rayon Məhkəməsinin 2(075)- 1518/2022 saylı, 21 sentyabr 2022-ci il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Mülki Məcəllənin 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: “Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 76-cı maddəsinin 1-ci hissəsinə görə, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 294-cü maddəsinin 2-ci hissəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(075)-1518/2022 saylı qətnaməsinin tamamilə ləğv olunması, iddiasının təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(075)-1518/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 19 noyabr 2021-ci il tarixli, 76-k saylı əmrlə Cavabdeh2 ASC "xxxx" MMC-nin Cavabdeh1 Törəmə ASC-də mühəndis-qrup rəhbəri vəzifəsinə işə qəbul edilmiş və onunla yazılı formada müddətli əmək müqaviləsi bağlanaraq mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşində yol verdiyi nöqsanlara görə iddiaçıya müəssisə üzrə verilmiş xx.xx.2021-ci il tarixli, 88 nömrəli əmrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə uyğun olaraq xəbərdarlıq, 10 yanvar 2022-ci il tarixli, 02 nömrəli əmrlə intizam tənbehi olaraq “töhmət” və 01 mart 2022-ci il tarixli, 32 nömrəli əmrlə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Bundan başqa iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinə razılıq verilməsi üçün müəssisədə fəaliyyət göstərən X2 müraciət edilmişdir. Həmin müraciətlə bağlı Cavabdeh1 Törəmə ASC-nin Həmkarlar İttifaqı təşkilatında iddiaçının iştirakı ilə xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasda onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə qərar qəbul edilmişdir. Həmkarlar İttifaqı təşkilatının xx.xx.2022-ci il tarixli qərarı əsas götürülərək müəssisə üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 09-k saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) 06 aprel 2022-ci il tarixdən xitam verilmiş və mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşdən azad edilərkən iddiaçıya 2022-ci ilin aprel ayında işlədiyi günlərə görə hesablanmış əmək haqqı və istifadə edilməmiş 11 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi də daxil olmaqla cəmi 372.69 manat son haqq-hesab hesablanaraq elə xx.xx.2022-ci il tarixdə onun bankda olan əmək haqqı hesabına köçürülmüşdür. Lakin iddiaçıya Əmək Məcəlləsinin 165-ci maddəsinin tələbi pozularaq 2022-ci ilin yanvar ayında aylıq iş vaxtı normasından artıq işə cəlb edilməsi 9 saata görə və mart ayında aylıq iş vaxtı normasından artıq işə cəlb edilməsi 2 saata görə əlavə əmək haqqı hesablanıb ödənilməmişdir. Ona görə də Cavabdeh1 Törəmə ASC-nin direktoru X6 barəsində İXM-nin 192.4 maddəsinin tələbinə əsasən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin Cavabdeh1 Törəmə ASC-nin xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş Abunentlərlə iş şöbəsinin Fakturalama qrupunun mühəndisqrup rəhbəri olan iddiaçıya 2022-ci ilin yanvar ayı üzrə 9 saat və mart ayı üzrə 2 saat aylıq iş vaxtı normasından artıq işlənmiş saatların qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsi təmin edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəməyə müraciət etməsi ilə bağlı ötürülmüş müddətin bərpa edilməsini, işə mahiyyəti üzrə baxılaraq iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə yazılı etiraz ərizəsi təqdim edərək həmin ərizəsində iddia ərizəsinə iddia müddətini tətbiq etməklə iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyator apellyasiya şikayətində bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli imzaladığı e-2(075)-1518/2022-023 saylı qətnaməyə etirazını bildirir. Belə ki, həmin qətnamədə ƏM-nin 294-cü maddəsinin və Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 28-ci və 35-ci maddələrinin tələblərinə riayət olunmamışdır. Qanunvericiliyin tələblərinə uyğunsuzluq olaraq bütün hallarda məhkəməyə qədər müraciət üçün iddia müddətinin 1 (ay) təşkil etdiyi göstərilərək müddətin 1 ay 23 gün ötürüldüyü bildirilmişdir. Lakin məhkəmə tərəfindən ötürülmüş hesab edilən 1 ay 23 gün müddət bütövlükdə əmək mübahisələrinə baxan orqana sərf olunmuşdur. Əmək mübahisələrinə baxan orqanlara müraciət etdikdə qanunla nəzərdə tutulan 1 aylıq iddia müddətinin dayandırıldığını və həmin orqanların müvafiq qərar qəbul etdikdən sonra həmin iddia müddətinin başlandığı haqqında qanunauyğunluqlara düzgün riayət olunmamışdır. Məhkəməyə qədər əmək mübahisələrinə müraciətlə bağlı sərf etdiyi vaxtı üzürsüz səbəbdən ötürüldüyü kimi qəbul edərək xx.xx.2022-ci il tarixində təqdim etdiyi “İddia müddətinin bərpasına” dair ərizəsi nəzərə alınmamışdır. Əsassız oluğu göstərilmişdir. Halbuki baxış iclasında ərizəsinə əsasən iddia müddətinin hansı səbəblərdən ötürüldüyü müzakirə olunmamışdır. Qətnamə müzakirəsiz imzalanmışdır. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı onun işdən çıxarılmasını 4 aprel 2022-ci il tarixdə, ən dəqiqi isə 6 aprel 2022-ci il tarixdə bilməklə əmək hüquqlarının pozulduğunu bilmişdir. Lakin o, hüquqlarının pozulmasını xx.xx.2022-ci il tarixdə bilməsinə baxmayaraq öz hüquqlarının bərpa edilməsi tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda o, məhkəməyə xx.xx.2022-ci il tarixədək müraciət etməli olduğu halda həmin 1 aylıq müddəti ötürməklə 1 ay 23 gün sonra, yəni 29 iyun 2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya aşağıdakıları qeyd edir: Əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddədə işlədilən “mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi məhkəmənin səlahiyyətini, “bərpa edərək” ifadəsi isə bu səlahiyyətini yaranmasının əsasını bildirir. Ona görə də məhkəmə əmək mübahisəsinə mahiyyəti üzrə o halda baxa bilər ki, iddia müddətini bərpa etsin. Səlahiyyətin əksi qadağadır. Ona görə də həmin ifadənin əksi, yəni “mübahisəyə mahiyyəti üzrə baxa bilməz” ifadəsi o mənanı verir ki, iddia müddəti keçdikdə məhkəmə yalnız bu fakta əsaslanaraq iddianı rədd etməlidir. İddia müddəti keçdiyi halda məhkəmənin etməli olduğu hərəkətlər barədə mülki hüquqa aid qaydalar (məhkəmənin qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırması) əmək münasibətlərində tətbiq edilməli deyil. Çünki, Mülki Məcəllənin 2.3-cü maddəsinə görə əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericiliklə tənzimlənir. Hazırkı işə münasibətdə əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulub: iddia müddəti bərpa olunmursa məhkəmə mübahisəyə mahiyyəti üzrə baxa bilməz. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub olmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Ona görə də məhkəmə əmək mübahisəsini həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulubpozulmadığını araşdırmalı deyil, Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Belə ki, Əmək Məcəlləsi iddianın başlanğıcını təyin edərkən mülki qanunvericilikdən fərqli olaraq konkret gün müəyyən edib. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində həmin gün belə göstərilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Əmək mübahisələrinin həll zamanı Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizə verilir. Belə ərizələri tərəflər öz iradələrini ifadə etmək üçün verir. Ərizə verən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh ərizə verməklə belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələni həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırki işdə iddiaçı iddia ərizəsi verib, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İş materiallarında olan 27 oktyabr tarixli qərardadın surətindən görünür ki, iddiaçı “buraxılmış iddia müddətinin bərpa edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək müddətin bərpasını xahiş etmiş, ancaq iddiaçının bu ərizəsi təmin edilməmişdir. Kollegiya hesab edir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(075)-1518/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(075)-1518/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-109/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-109/2023
02.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver