Məhkəmə qərarları › İş №2(107)-1103/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1103/2021

16.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1103/2021 16.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Mingəçevir Şəhər Turizm Kollecinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin 5 mart 2021-ci il tarixli, 2(051)-464/2021 nömrəli qətnaməsindən cavabdeh Mingəçevir Şəhər Turizm Kollecinin direktoru vəzifəsini icra edən Kamal Əhmədov tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 5 mart 2021-ci il tarixli, 2(051)-464/2021 nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia təmin edilmiş, cavabdeh Mingəçevir Şəhər Turizm Kollecinin direktorunun İddiaçı 14 sentyabr 2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsinə dair 14.09.2020–ci il tarixli 107/K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə, yəni Mingəçevir Şəhər Turizm Kollecinə 10-cu dərəcə ilə insan anatomiyası və fiziologiyası fənni üzrə müəllim vəzifəsinə bərpa edilməsi, cavabdeh Mingəçevir Şəhər Turizm Kolleci tərəfindən 14.09.2020–ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxdığı müddət üçün aylıq əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdeh Mingəçevir Şəhər Turizm Kollecinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Cavabdeh onun işdən azad edilməsinə dair 14 sentyabr 2020- ci il tarixli 107/K №-li əmrinin ləğv edilməsi, işə bərpa ediməsi, işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün aylıq əmək haqqının ödənilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclası zamanı iddianı müdafiə etmiş, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, 14.04.2006–cı il tarixdən Mingəçevir Şəhər Turizm Kollecində müəllim işləmişdir. İşlədiyi müddətdə nizam–intizam qaydasında cəzalandırılmamışdır. Bununla belə bu il yeni tədris ili başlayan zaman ona məlum oldu ki, işlədiyi Cavabdehndə ona dərs saatı yazılmamışdır, hansı ki, 2019-2020-ci tədris ilində o, həmin Kollecdə 750 dərs saatı ilə təmin edilmişdir. O bunun səbəbini maraqlanan zaman Kollecin direktoru Səid Salayev, xüsusilə də direktor müavini Kamal Əhmədov ona bildiriblər ki, Kollecdə bir neçə fakultə bağlandığı üçün dərs saatları azalmış, ona görə də ona dərs saatı yazılmamışdır. Hər dəfə də ona bildiriblər ki, «biz Sizi işdən azad etməmişik, sadəcə olaraq dərs yükü azaldığı üçün Sizə dərs yazılmamış, gələcəkdə dərs olarsa, Sizə yazılacaqdır». Lakin keçən tədris ilində 750 saat dərsi olan müəllimlərin hamısı bu il yenə də müəyyən miqdarda dərs saatı ilə təmin edilmişlər. Hətta bir müəllim bu il yenə 750 saat dərslə təmin olunmuşdur. Sual olunur: əgər dərs yükü azalıbsa niyə o biri müəllimlər yenə də 750 saat dərslə təmin olunmuşlar?! Hansı ki, həmin 750 saatın ən azı 250 saatı ona verilə bilərdi. O, bundan sonra dəfələrlə rəsmi ərizə ilə, həmçinin şifahi formada müraciət etsə də, onun işdən çıxarılmağı barədə əmrin surəti ona verilməmişdir. Ona yalnız aylar sonra çox çətinliklə əmək kitabçasını alan zaman , əmrin surətini ona verməkdən imtina etmişlər. Sonradan ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən, 14 sentyabr 2020-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək, o, işdən azad edilmişdir. Ona dərs yazılmadığı halda Kollecə eyni ixtisas üzrə yeni iki nəfər müəllim götürülmüş və onlar dərslə təmin edilmişlər. Hansı ki, cənab nazir öz çıxışında, xüsusilə vurğulamışdır ki, faktiki işləyən müəllim dərslə təmin edilmədiyi halda, yeni müəllimin götürülməsi yolverilməzdir. Bundan başqa o, məcburi köçkün, tənha qadın və himayəsində xəstə bacısı olduğu halda nəzərə alınmamışdır. O işləmək, işinə davam etmək, həmişə olduğu kimi yenə də əmək haqqı almaq istəyir. Artıq 10 aydır ki, bütün dünyada, xüsusilə də ölkədə «Coronavirus» epidemiyası geniş yayılmışdır. Belə həssas bir dönəmdə onun işdən çıxarılması qəbul edilən deyildir. Cənab Prezident də hər dəfə çıxışlarında bildirmişdir ki, pandemiya dövründə işçilərin ixtisarı, işdən azad edilməyi yolverilməzdir. Hesab etmişdir ki, onun işdən azad edilməsinə dair14.09.2020-ci il tarixli, 107/K №-li əmri ləğv edilməli, o, işə bərpa edilməli və işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün aylıq əmək haqqının ona ödənilməlidir. Odur ki, birinci instansiya məhkəməsindən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıın nümayəndəsi (vəkili) Vəkil birinci instansiya məhkəməsinin iclası zamanı iddianı müdafiə etmiş, təmsil etdiyi şəxlə eyni məzmunlu izahat vermiş və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı cavabdeh Mingəçevir Şəhər Turizm Kollecinin nümayəndəsi X3 təmsil etdiyi qurumun adından iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Dövlət Turizm Agentliynin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı»nın təsdiq edilməsi haqqında 2018-ci il 07 iyun tarixli 255 №-li qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası Turizm Agentliyinin tabeliyinə verilmişdir. Gənc qurum olan Agentlik Azərbaycanda Turizm sahəsində təhsilin inkişaf etdirilməsi məqsədi ilə öz tabeliyinə verilmiş təhsil müəssisələrində təhsil keyfiyyətinin yüksəldilməsi, turizm sahəsində kadr hazırlığının inkişaf etdirilməsi, gənc kadrların təhsil prosesinə cəlb edilməsi və kadrların peşə uyğunluğunun müəyyən edilməsi ilə pedaqoji heyyətin təkmilləşdirilməsi sahəsində işlər aparmaqdadır. Adı çəkilən proseslərin məntiqi davamı olaraq 2020/2021-ci tədris ili üzrə müəllimlərin pedaqoji fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə təşkil edilmiş Atestasiya Komissiyası tərəfindən Cavabdehnə 9-10-11 sentyabr tarixlərində daxili atestasiya həyata keçirilmişdir. Attestasiya Komissiyasının təlim-tədris prosessinin keyfiyyətinin yüksəldilməsi, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması və tutduqları peşəyə uyğunluğunu müəyyən edilməsi sahəsində aparılmış attestasiya nəticələrinin müzakirə məqsədilə keçirdiyi 11.09.2020-ci il tarixli iclasda İddiaçı da daxil olmaqla attestasiyada iştirak etmiş bəzi müəllimlərin Əmək Məclisinin 65-ci maddəsinin 7ci bəndinə əsasən tutduqları peşəyə uyğun olmadıqları haqqında qərar qəbul edilmişdir. Nəticədə İddiaçı tutduğu peşəyə uyğun olmadığına görə onunla əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndi ilə işdən azad olunması ilə bağlı bildirir ki, Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsində işə götürən tərəfindən əmək müqaviləsi bu məcəllənin 68,69,70,73,74 və 75-ci məddələrində nəzərdə tutulan əsaslardan biri ilə xitam verilə biləcəyi göstərilmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci yox 68-ci maddəsi əsasında işdən azad olunması onun attestasiyadan keçməməsi və tutduğu peşəyə uyğun olmaması faktını dəyişmir. Bununla yanaş, cavabdeh hüquqi şəxsin nümayəndəsi birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edərək, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür. Belə ki, iddiaçı əmək kitabçasını 09.12.2020-ci il tarixdə şəxsən almasına baxmayaraq, məhkəməyə 19.01.2021-ci il tarixdə müraciət etmişdir. Halbuki, qanunun tələbinə görə iddiaçı hüququnun pozulduğunu bildiyi gündən 1 təqvim ayı ərizndə məhkəməyə müraciət etmək hüququna malikdir. Odur ki, məhkəmədən iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Mingəçevir Şəhər Turizm Kollecinin direktoru vəzifəsini icra edən Kamal Əhmədov аpelyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Mingəçevir Şəhər Turizm Kollecinin direktoru vəzifəsini icra edən Kamal Əhmədov apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 5 mart 2021-ci il tarixli, 2(051)-464/2021 nömrəli qətnaməsini qeyriobyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Məhkəmə cavabdeh qismində təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizələrinə qiymət verərək, hesab etmişdir ki, iddiaçı iddia müddətini ötürməmiş və cavabdeh kimi iddia müddətinin ötürülməsinə dair tərəfimizdən məhkəmə iclasına şübhəli sübutlar təqdim edilmiş və iddiaçının əmək kitabçasının 09 dekabr 2020-ci il tarixdə deyil, 29 dekabr 2020-ci il tarixdə əldə etməsinə dair məhkəmədə verdiyi izahatını əsas götürmüşdür. Amma, iddiaçı da məhkəmə iclasında 29 dekabr 2020-ci il tarixdə əmək kitabçasının əldə etməsinə dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, tərəfimizdən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş "Əmək kitabçaları və əlavə içliklərin hərəkətinin uçotu kitabından" çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 09 dekabr 2020-ci il tarixdə əmək kitabçasını təhvil almışdır. Habelə, təqdim etdiyimiz və iş materiallarına əlavə edilmiş Cavabdeh direktoru tərəfindən İddiaçı 27.11.2020-ci il tarixdə ünvanlanmış məktubdan da görünür ki, İddiaçı əmək kitabçasını almaq üçün kollecə gəlmək və insan resursları şöbəsinin müdirinin iştirakı ilə əmək kitabçalarının qeydiyyatı kitabına imza etməklə əmək kitabçasını almaq və əmək müqaviləsinə xitam verilməsi haqda əmrlə tanış olmaq hüququnun olması izah edilmişdir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 5 mart 2021-ci il tarixli, 2(051)- 464/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddiaçı tərəfindən qanunla müəyyən edilmiş 1 aylıq iddia müddəti üzürsüz səbəblərdən ötürüldüyündən, iddia müddətinin tətbiq edilməklə, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 5 mart 2021-ci il tarixli, 2(051)-464/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh Mingəçevir Şəhər Turizm Kollecinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmşdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Mingəçevir Şəhər Turizm Kollecinin direktoru vəzifəsini icra edən Kamal Əhmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 5 mart 2021-ci il tarixli, 2(051)-464/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan əmək kitabçaları və əlavə içliklərin hərəkətinin uçotu kitabından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 09.12.2020-ci il tarixdə əmək kitabçasını təhvil almışdır. İşdə olan Cavabdeh direktoru tərəfindən İddiaçı 27.11.2020-ci il tarixdə ünvanlanmış məktubdan görünür ki, İddiaçı əmək kitabçasını almaq üçün kollecə gəlmək və “insan resursları” şöbəsinin müdirinin iştirakı ilə əmək kitabçalarının qeydiyyatı kitabına imza etməklə əmək kitabçasını almaq və əmək müqaviləsinə xitam verilməsi haqda əmrlə tanış olmaq hüququnun olması izah edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.1, 65.3, 65.4, 68, 70, 71.1, 71.3, 76.1, 296.1, 296.2, 296.3 və 300-cü maddələrinə istinad etməkdə haqlı olmuşdur. Həmin Məcəllənin 65–ci maddəsinin 1–ci bəndinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66–cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin Məcəllənin 65-ci maddəsinin 3–cü bəndinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Həmin Məcəllənin 65-ci maddəsinin 4–cü bəndinə əsasən Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 7–ci bəndinə əsasən Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68–ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2–ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları sadalanmışdır. Həmin maddənin 2–ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına, “c” bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə, “ç” bəndinə əsasən müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar olaraq (bu Məcəllənin 63–cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), “d” bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hallara, “e” bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallara görə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69–cu maddəsində işçi tərəfindən, 70–ci maddəsində isə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanmışdır. Belə ki, həmin Məcəllənin 70–ci maddəsinin «a» bəndinin tələblərinə görə müəssisə ləğv edildikdə, «b» bəndinin tələblərinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə, «c» bəndinin tələblərinə görə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, «ç» bəndinin tələblərinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72–ci maddəsinədə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, həmin maddənin «d» bəndinin tələblərinə görə sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda, həmçinin «e» bəndinin tələbinə görə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 70–ci maddəsinin Qeyd hissəsinə əsasən, bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65–ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Həmin Məcəllənin 71–ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 71–ci maddəsinin 3–cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70–ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76–cı maddəsinə 1–ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75– ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin maddənin 2–ci hissəsinin tələbinə görə əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300–cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79– cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı 14.04.2006–cı il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsi əsasında Mingəçevir Şəhər Turizm Kollecinə 10-cu dərəcə ilə insan anatomiyası və fiziki biologiyası üzrə fənn müəllimi vəzifəsinə qəbul edilmişdir. Mingəçevir Şəhər Turizm Kollecinin direktorunun 14 sentyabr 2020-ci il tarixli 107/K nömrəli əmrindən görünür ki, 2020-2021-ci tədris ilində Cavabdehndə təsis edilmiş daxili attestasiya komissiyasının 11 sentyabr 2020-ci il tarixli qərarına əsasən “adları qeyd olunmuş digər şəxslərlə birgə” Şükürova X1 Şəhər Turizm Kollecinin 14 sentyabr 2020-ci il tarixdən AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır. İşəgötürən qismində çıxış edən Mingəçevir Şəhər Turizm Kollecinin direktoru tərəfindən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68–ci maddəsinin 2–ci hissəsinin “a” bəndi xitam verilməsinə dair əmrdə istinad etdiyi əsas qanunda nəzərdə tutulmamışdır. Belə ki, işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70–ci maddəsinin “c” bəndi ilə xitam verilə bilər. İşəgötürən həmin əmrin zəruriliyini səlahiyyətli orqan tərəfindən qəbul edilmiş müvafiq qərarla əsaslandırmalıdır. Hazırkı əmək mübahisəsinin həlli zamanı iddiaçının tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməmişdir. Ona görə də həmin əmr ləğv edilməlidir. Birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hesab etmişdir ki, Mingəçevir Şəhər Turizm Kollecinin direktoru tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə qanunda nəzərdə tutulmayan əsasa istinad edilmişdir. Halbuki, əmək qanunvericiliyində həmin əsas müəyyən edilməmiş, həmçinin həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası və həmin əsasa görə Əmək Məcəlləsində müvafiq maddə, hissə və bənd nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına əsasən qənaətə gəlmişdir ki, iddiaçının işdən azad edilməsinə dair cavabdeh Mingəçevir Şəhər Turizm Kollecinin direktorunun 14.09.2020–ci il tarixli 107/K nömrəli əmri qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəf iddiaçının işdən azad edilməsinə dair əmr verərkən əmək müqaviləsinə xitam verilməsinin əsaslarını tənzimləyən Əmək Məcəlləsinin 68–ci maddəsinin 2–ci hissəsinin “a” bəndinə formal şəkildə istinad etsə də, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamış, səlahiyyətli orqanının qərarına istinad edlməmiş, həmçinin həmin əsasa görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsini nəzərdə tutan Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə istinad edilməmişdir. Nəticədə, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş tələbləri pozmuşdur. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Mingəçevir Şəhər Turizm Kolleci tərəfindən iddiaçı Əmək 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulan əsaslar olmadan işdən azad edildiyindən, Mingəçevir Şəhər Turizm Kollecinin 14.09.2020– ci il tarixli 107/K nömrəli əmri ləğv edilməli, iddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə, yəni Mingəçevir Şəhər Turizm Kollecində müəllim vəzifəsinə bərpa olunmalıdır. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə qiymət verərək hesab etmişdir ki, hazırkı iş üzrə İddiaçı iddia müddətini ötürməmişdir. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı əmək kitabçasını 09.12.2020-ci il tarixdə almasına dair cavabdeh tərəf əmək kitabçaları və əlavə içliklərin hərəkətinin uçotu kitabından çıxarış təqdim etsə də, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surətini almasını təsdiq edən sübut təqdim edə bilməmişdir. Eləcə də, İddiaçı əmək kitabçasını 09.12.2020-ci il tarixdə deyil, 29.12.2020-ci il tarixdə aldığını göstərmişdir. Bununla belə İddiaçı da öz etirazının əsası kimi istinad etdiyi həmin halı sübut edə bilməsə də, birinci instansiya məhkəməsinin iclasında cavabdehin təqdim etdiyi çıxarışda əmək kitabçasının alınması tarixinin İddiaçı tərəfindən deyil, cavabdeh müəssisənin işçisi tərəfindən yazıldığı müəyyən olunmuşdur. Əmək kitabçasının verilməsi tarixi ilə bağlı aradan qaldırılması mümkün olmayan şübhəli halın olması, fərdi əmək mübahisəsinin həlli zamanı birmənalı yekun nəticəyə gəlməyə imkan vermir. Birinci instansiya məhkəməsi, həmçinin qeyd etmişdir ki, İddiaçı əmək kitabçasını alsa belə, ona əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surəti verilməmişdir. Halbuki, əmək qanunvericiliyində işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündən iddia müddətinin axımının başlanması müəyyən edilmişdir. İstinad olunan hüquq normalarında işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün onun hüququnun pozulmasının aşkar edildiyi gün hesab olunmuşdur. Həmin gündən etibarən işçinin 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququ yaranır. Hazırkı vəziyyətdə iddiaçıya qeyd olunan sənədlər məcmu halında verilmədiyinə görə iddia müddətinin tətbiq edilməsi istisna edilir. Ona görə də, birinci instansiya məhkəməsi cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsini əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi məhkəmə iclasında araşdırılmış sübutlara qiymət verərək, belə nəticəyə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn cavabdeh Mingəçevir Şəhər Turizm Kollecinin direktoru vəzifəsini icra edən Kamal Əhmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 5 mart 2021-ci il tarixli, 2(051)-464/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Mingəçevir Şəhər Turizm Kollecinin direktoru vəzifəsini icra edən Kamal Əhmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 5 mart 2021-ci il tarixli, 2(051)-464/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar