Məhkəmə qərarları › İş №2(107)-1105/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1105/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1105/2022 06.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, maddi ziyan, kəsici müddət) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X16 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 2(075)-964/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5460 manat miqdarında pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 75 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Şəki şəhər sakini X13 daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. 2008-ci ilin mart ayının ortalarında o, X14 müraciət edərək ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bildirmişdir. X15 həmin vaxt 5460 manata (6500 ABŞ dolları) şəhərin İdman Kompleksinə yaxın ərazidə sənədləri lazımi qaydada olan torpaq sahəsi tapacağına söz vermişdir. 27 mart 2008-ci il tarixdə X15 zəng edərək satdıq torpaq sahəsi olduğunu bildirmiş və onu öz yanına çağırmışdır. Həmin vaxt X15 ona Cavabdeh torpaq satan şəxs kimi tanıtmış və razılaşdıqları qiymətə, yəni 5460 manata cavabdehdə torpaq sahəsinin olduğunu bildirmişdir. Həmin vaxt X12 alqı-satqı ofisində o, cavabdehə torpaq sahəsi almaq üçün nəğd pulun hamısının olmadığını bildirmiş, Cavabdeh isə bir az pulun əvvəlcədən verilməsi şərti ilə qalan pulun isə bir müddət sonra verilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra həmin tarixdə, yəni 27 mart 2008-ci il tarixdə onunla Cavabdeh arasında X6, X3 və X12 iştirakı ilə yazılı alqı-satqı müqaviləsi tərtib edilmiş və alqı-satqı mərkəzinin rəhbəri X12 möhürü ilə təsdiq edilmişdir. Alqı-satqı müqaviləsi tərtib edilərkən o, cavabdehə əvvəlcədən 1800 manat pul vermişdir. Həmin müqavilədə göstərilmişdir ki, 27 mart 2008-ci il tarixdə ev alqı-satqı mərkəzində iştirak edən yoldaşlar – torpaq satan Cavabdeh, torpaq alan İddiaçı, X6, X4 və vasitəçi X12 iştirakı ilə Cavabdeh özünə həvalə edilmiş torpağı (6500 ABŞ dolları) 5460 manata satmışdır. Həmin yazılı müqavilədə 1800 manat verilmiş, qalan 3660 manat 25 aprel 2008- ci ildə tam ödəniləcəkdir. Torpaq alana razılaşmaya görə 25 illik vəkalət veriləcək, vəkalətin pulunu torpaq satan ödəyəcək. Bundan sonra cavabdehə tərəfindən 31 mart 2008-ci il tarixdə 1400 manat, 11 mart 2008ci il tarixdə 1600 manat və 21 aprel 2008-ci il tarixdə 660 manat verilməklə, torpaq üçün razılaşdıqları 5460 manat pul məbləği tam ödənilmişdir. Bildirmişdir ki, Cavabdeh ilə 27 mart 2008-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin arxa səhfəsinə Cavabdeh, İddiaçı və X12 iştirakı və imzaları ilə təsdiq edilmiş əlavədə göstərilmişdir ki, 31 mart 2008ci ildə yenidən torpağın pulundan 1400 manat verilmiş, 2260 manat qalmışdır. Həmin müqavilənin arxa səhifəsinə İddiaçı və X12 iştirakı və imzaları ilə təsdiq edilmiş əlavədə göstərilmişdir ki, 11 aprel 2008-ci ildə yenidən qalan borc puldan 1600 manat verimiş, 660 manat borcu qalmışdır. Həmin müqavilənin arxa səhifəsinə Cavabdeh, İddiaçı, X5 və X12 iştirakı və imzaları ilə təsdiq edilmiş əlavədə göstərilmişdir ki, 21 aprel 2008-ci ildə yenidən qalan 660 manat verildi, heç bir borc qalmamışdır. Torpağın pullarını özü vermişdir. Vəkalətnamə gəlini X2 verilmişdir ki, gələcəkdə torpağı sənədləşdirsin. Bildirmişdir ki, o, cavabdehə pulu tam ödədikdən sonra cavabdeh satdığı torpaq sahəsinin yerini ona göstərərək qısa müddət ərzində sənədləşmə işlərini həll edəcəyinə söz vermişdir. Bir müddət sonra cavabdehin ona göstərdiyi ərazidə xəstəxana binası tikildiyini bildirdikdə, cavabdeh ona başqa ünvanda torpaq sahəsi göstərmiş və yenə də qısa müddət ərzində həmin torpaq sahəsi ilə bağlı sənədləşmə işlərini həll edəcəyini bildirmişdir. Sonradan isə cavabdeh ona həmin torpaq sahəsinin 10 il müddətində istifadəsində olduqdan sonra adına rəsmiləşdiriləcəyinin mümkün olduğunu və buna görə də həmin müddəti gözləməli olmağını bildirmişdir. Lakin 2016-cı ildə ona məlum olmuşdur ki, cavabdehin ikinci dəfə sənədsiz olaraq ona satdığı torpaq sahəsi başqa bir şəxsin adınadır. Həmin vaxt artıq o, cavabdehin onu aldatdığını, öz öhdəliyini, yəni dəyərini tam ödədiyi torpaq sahəsini sənədləşdirərək ona təhvil vermək öhdəliyini yerinə yetirmədiyini bilmişdir. 2018-ci ildə X15 bu işdə vasitəçi olduğu üçün onu cavabdeh qismində cəlb edərək ona qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, cavabdeh X7 torpağın alqı-satqısı üçün ödənilmiş 5460 manat pul vəsaitinin alınaraq ona verilməsini xahiş etmişdir. Lakin Şəki Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(075)-1820/2018 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018ci il tarixli, 2(107)- 2105/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)- 1578/2019 saylı qərarı ilə kassasiya şikayət təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-1578/2019 saylı qərarında qeyd edilmişdir ki, iddiaçı tərəfindən sübut növü kimi məhkəməyə təqdim edilmiş Cavabdeh, İddiaçı, X6, X3 və X12 iştirakı ilə tərtib edilmiş və alqı-satqı Mərkəzi rəhbəri kimi X12 möhürü ilə təsdiq edilmiş torpaq alqı-satqı müqaviləsindən də görünür ki, İddiaçı hazırda tələb etdiyi 5460 manatı X12 istirakı ilə hissə-hissə olmaqla torpaq satan Cavabdeh vermişdir. Həmin məbləğlərin İddiaçı tərəfindən Cavabdeh deyil, şəxsən cavabdeh X14 verilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Eyni zamanda satılması nəzərdə tutulan torpaq sahəsinin sənədləşmə işlərinin başa çatdırılmayacağı təqdirdə, cavabdeh X12 onun qarşısında hər hansı bir şəkildə öhdəlik götürdüyü də məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh X1 nəzərdə tutulan torpaq sahəsi ilə bağlı onun qarşısında hər hansı bir şəkildə öhdəlik götürməmiş, onun tərəfindən cavabdeh X14 hər hansı bir məbləğdə pul verilməmiş və cavabdeh X12 onun qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi qalmamışdır. Buna görə də o, cavabdeh X7 5460 manatı tələb etməkdə haqlı deyildir. Cavadehin əsl cavabdehlə əvəz edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı torpaq sahəsinin alınması ilə bağlı kiminlə razılığa gəldiyini bildiyi halda, yəni müvafiq sübutu olduğu halda, özünün sonradan əsl cavabdeh hesab etdiyi şəxsə qarşı əvvəl iddia qaldırmaq istəməməsi hazırda bu hüququ itirməməsinə görə kassasiya şikayətinin həmin dəlili əsassızdır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 2(075)-964/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsi ilə (hakim C.İmanov) iddianın təmin edilməsi, Cavabdeh cəmi 5460 (beş min dörd yüz altmış) manat pul və ödənilmiş 75 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Şəki şəhərində torpaq almaq qərarına gəlmiş və bununla bağlı torpaq alqı-satqısı ilə məşğul olan cavabdehin yanına getmişdir. Cavabdeh iddiaçıya torpaq sahəsi tapmış və 4 dəfəyə hissə-hissə olmaqla 5460 manat pulu cavabdehə vermişdir. Belə ki, işə əlavə edilmiş Cavabdeh, İddiaçı, X6, X3 və X12 iştirakı ilə tərtib edilmiş və AlqıSatqı Mərkəzi rəhbəri kimi X12 möhürü ilə təsdiq edilmiş torpaq alqı-satqı müqaviləsində göstərilmişdir ki, 27 mart 2008-ci il tarixdə ev alqısatqı mərkəzində iştirak edən yoldaşlar - torpaq satan Cavabdeh, torpaq alan İddiaçı, X6, X3 və vasitəçi X12 iştirakı ilə Cavabdeh özünə həvalə edilmiş torpağı (6500 ABŞ dolları) 5460 manata satdı. İddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə cavabdehin iddiaçı tərəfindən pulun ona verilməməsi fikrinə tənqidi yanaşaraq qeyd etmişdir ki, pulun verilməsi ilə bağlı cavabdehlə iddiaçı arasında yazılı müqavilə bağlanmış və həmin müqavilədə Cavabdeh özünə həvalə edilmiş torpağı (6500 ABŞ dolları) 5460 manata iddiaçıya satması öz əksini tapmışdır. Bundan başqa cavabdeh məhkəmə iclasında bildirmişdir ki, torpağın alqı-satqısı ilə bağlı iddiaçı ilə onun arasında yazılı müqavilə bağlanmış və həmin yazılı müqavilə üzrə pulun ona verilməsinə imza etmişdir. Yəni o, X8 orda olmadığına görə 5460 manat pulun alıcısı kimi müqaviləyə imza etmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli, 2(102)-1578/2019 saylı qərarının 4-cü səhifəsinin axırıncı abzasında müəyyən olunmuşdur ki, “İddiaçı hazırda tələb etdiyi 5460 manatı X12 iştirakı ilə hissəhissə olmaqla torpaq satan Cavabdeh vermişdir”. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmalıdır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı münasibətə əsassız varlanmanın müddəaları tətbiq edilməlidir. Belə ki, Cavabdeh 5460 manat məbləğində pul vəsaitini bu cür varlanmaya haqq qazandıran qanuni və müqavilə əsası olmadan əldə etməklə varlanmışdır. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1093.1, 1093.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, həmin qətnamədən narazıdır və həmin mülki işə düzgün baxılmamışdır. İddiaçı xasiyyətinə bələd olduğu üçün onun şikayətinin məhkəmə tərəfindən təmin edilməsinə təəcüblənmir. Xanım onun yanında 3-4 dəfə olub, hər dəfədə gələn kimi ağlayıb, ərsiz, yesirəm, deyib xəstəyəm, tibbi əməliyat olduğunu deyib, həmişədə ona yazıqları gəlib. Axırıncı dəfə o məhkəməyə gedəndə Xanım məhkəmə zalında kimsəsiz qaldığını deməsinə yenə şahidi oldu. Məhkəmə Xanımın yalan ifadələrinə inanıb, ona danışmağa imkan verməmişdir. Qərara gəldi ki yazılı vəsatət versin. O yazdığı vəsatəti poçt vasitəsi ilə məhkəməyə xəbərnamə ilə göndərdi. Əslində 14 il əvvəl yazılmış müqavilənin müddəti bitib. Xanım müddətin bərpası üçün məhkəməyə müracət etməli idi. Məhkəmə onun iddiasını rədd edə bilərdi. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil və məhkəmə tərəfindən aparılmış həmin əsaslandırmaya tənqidi yanaşaraq qeyd edir ki, pulun verilməsi ilə bağlı cavabdehlə iddiaçı arasında yazılı müqavilə bağlanmamış və həmin müqavilədə Cavabdeh özünə həvalə edilmiş torpağı (6500 ABŞ dolları) 5460 manata iddiaçıya satması öz əksini tapmamışdır. Belə ki, iddiaçı öz hüquqlarının pozulduğunu iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən 14 ildən də əvvəl bilmişdir. İddiaçı həmin tələbi ilə bağlı mübahisənin həll edilməsi üçün hüquqlarının pozulduğunu aşkar etdiyi gündən etibarən 3 il müddətində məhkəməyə müraciət etməli olduqları halda, həmin müddət ərzində bu hüquqlarından istifadə etməmişdir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Buna görə də iddiaçının ona qarşı olan hazırki tələbinə dair iddiası iddia müddəti ötürüldüyündən təmin edilə bilməzdi. Bütün göstərilənlərə əsasən iddianın əsaslı olmadığı öz təsdiqini tapır. Lakin, məhkəmə tərəfindən iddia təmin edilmişdir. Onu da qeyd edir ki, məhkəmə iddianı təmin etməsini məhkəmə qətnaməsində lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə qətnaməsində yalnız hüquq normalarının tələbləri göstərilmişdir. Məhkəmənin hansı əsaslarla belə nitəcəyə gəlməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmir. Bütün bunlar ona qarşı hüquq pozuntusunun olmasından və davam etməsindən xəbər verir. Qeyd edilənləri nəzərə alaraq o, Şəki Rayon Məhkəməsinin 2 (075)-964/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edərək iddianın təmin edilməməsi barədə yeni qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və Şəki Rayon Məhkəməsinin 2(075)-964/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 2(075)-964/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2- ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 2(075)-964/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı Şəki şəhərində torpaq almaq qərarına gəlmiş və bununla bağlı torpaq alqı-satqısı ilə məşğul olan cavabdehin yanına getmişdir. Cavabdeh iddiaçıya torpaq sahəsi tapmış və 4 dəfəyə hissə-hissə olmaqla iddiaçı 5460 manat pulu cavabdehə vermişdir. Eyni zamanda müəyyən edilmişdir ki, 2016-cı ildə İddiaçı məlum olmuşdur ki, cavabdehin ikinci dəfə sənədsiz olaraq ona satdığı torpaq sahəsi başqa bir şəxsin adınadır. Həmin vaxt artıq o, cavabdehin onu aldatdığını, öz öhdəliyini, yəni dəyərini tam ödədiyi torpaq sahəsini sənədləşdirərək ona təhvil vermək öhdəliyini yerinə yetirmədiyini bilmişdir. Həmçinin müəyyən edilmişdir ki, 2018-ci ildə X15 bu işdə vasitəçi olduğu üçün İddiaçı cavabdeh qismində cəlb edərək ona qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, cavabdeh X7 torpağın alqı-satqısı üçün ödənilmiş 5460 manat pul vəsaitinin alınaraq ona verilməsini xahiş etmişdir. Lakin Şəki Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(075)-1820/2018 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli, 2(107)- 2105/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-1578/2019 saylı qərarı ilə kassasiya şikayət təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüquq normasının təfsirində səhvə yol vermiş, iddianı düzgün olmayaraq təmin etmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsaslı, iddia tələbi isə əsassızıdır. Apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, 14 il əvvəl yazılmış müqavilənin müddəti bitib. İddiaçı müddətin bərpası üçün məhkəməyə müracət etməli idi. Məhkəmə onun iddiasını rədd edə bilərdi. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil və məhkəmə tərəfindən aparılmış həmin əsaslandırmaya tənqidi yanaşaraq qeyd edir ki, pulun verilməsi ilə bağlı cavabdehlə iddiaçı arasında yazılı müqavilə bağlanmamış və həmin müqavilədə Cavabdeh özünə həvalə edilmiş torpağı (6500 ABŞ dolları) 5460 manata iddiaçıya satması öz əksini tapmamışdır. Belə ki, iddiaçı öz hüquqlarının pozulduğunu iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən 14 ildən də əvvəl bilmişdir. İddiaçı həmin tələbi ilə bağlı mübahisənin həll edilməsi üçün hüquqlarının pozulduğunu aşkar etdiyi gündən etibarən 3 il müddətində məhkəməyə müraciət etməli olduqları halda, həmin müddət ərzində bu hüquqlarından istifadə etməmişdir. Məhkəmə kollegiyası apellyatorun dəlilləri ilə razılaşır və qeyd edir ki, İddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən, məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 2016-cı ildə ona məlum olmuşdur ki, cavabdehin ikinci dəfə sənədsiz olaraq ona satdığı torpaq sahəsi başqa bir şəxsin adınadır. Həmin vaxt artıq o, cavabdehin onu aldatdığını, öz öhdəliyini, yəni dəyərini tam ödədiyi torpaq sahəsini sənədləşdirərək ona təhvil vermək öhdəliyini yerinə yetirmədiyini bilmişdir. Göründüyü kimi, iddiaçı özü birinci instasiya məhkəməsində işə baxıldığı zaman, məhkəmə iclasında ifadə verərək, 2016-cı il tarixdən cavabdeh tərəfindən aldadıldığını bildirmiş, bununla da iddia müddətin axımının 2016-cı il tarixdən başladığını etiraf etmişdir. Belə olan halda da məhkəmə kollegiyası hesab edir ki, sözügedən müddət kəsici müddət hesab edilməli və kəsici müddət olması və onun tətbiqi üçün mübahisə tərəfinin hər hansı ərizəni təqdim etməsinə ehtiyac yoxdur. Bu səbəbdən də qeyd olunan müddət, iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli, 2(102)-1578/2019 saylı qərarı ilə eyndi zamanda iddiaçının birinci instansiya məhkəməsində vermiş olduğu izahatı ilə məlum olmuşdur ki, 2018-ci ildə X15 iddiaçının bu işdə vasitəçi olduğu üçün cavabdeh qismində cəlb edərək ona qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, cavabdeh X7 torpağın alqı-satqısı üçün ödənilmiş 5460 manat pul vəsaitinin alınaraq ona verilməsini xahiş etmişdir. Lakin Şəki Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(075)-1820/2018 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli, 2(107)-2105/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-1578/2019 saylı qərarı ilə kassasiya şikayət təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, iddiaçı hüuqunun pozulduğunu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli, 2(102)-1578/2019 saylı qərarını aldıqdan sonra bilmiş olsaydı belə, yenə də İddiaçı məhkəməyə müraciət etmək müddətini ötürmüşdür. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, həmin müddət kəsici müddət hesab edilir və qanunverciliklə nəzərdə tutulmuş 2 illik müddət ötürülmüş sayılır. Kollegiya qeyd etməyi lazım bilir ki, sözügedən bu müddətlər iddia müddəti olmayıb, kəsici müddətlərdir. Bunun (yəni mübahisələndirmə müddətlərinin kəsici müddət olmasının) səbəbləri və iddia müddətləri ilə olan fərqləri barəsində aşağıdakıları qeyd etmək olar. Əvvəla, yuxarıda da qeyd olunduğu kimi iddia müddətləri, adından da məlum olduğu kimi, yalnız məhkəmədə iddia qaldırmaqla təmin oluna bilən tələblər üçün olan bir müddəti bildirir. Mübahisələndirmə ilə bağlı arzu olunan nəticənin əmələ gələ bilməsi üçün isə, məhkəmə qərarına ehtiyac yoxdur. Nəticə etibarı ilə, iddia müddətləri həmişə məhkəməyə müraciət etməklə bağlı olan müddətlərdir, ancaq kəsici müddətlərin məhkəməyə müraciət etməklə bağlı olması həmişə zəruri deyildir. İkincisi, iddia müddətlərinin ötürülməsi iddiaçının iddia tələbinin aid olduğu haqqın aradan qalxması nəticəsini əmələ gətirmir. Halbuki kəsici müddətin ötürülməsi bu müddətin aid olduğu haqqın aradan qalxması nəticəsini əmələ gətirir. Məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir hüququ təmin olunmasına dair qərar çıxarda bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın hüququn mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. İndi bir haqqın mövcud olmadığı iş materiallarından məlum olmasına baxmayaraq sanki belə bir haqq varmış kimi onun təmin olunmasına dair çıxarılan bir qətnamə qanuni və əsaslı ola bilməz. Buna görə də, iddia müddətlərinin ötürülmüş olmasını məhkəmələr öz-özlüyündən nəzərə ala bilmədikləri halda, heç kim irəli sürməsə də iş materiallarından kəsici müddətlərin ötürülüməsinin məlum olduğu hallarda məhkəmə bunu nəzərə almağa məcburdur. Əks halda məhkəmə, olmayan bir haqqın təmin olunmasına dair əsassız qətnamə çıxarmaqla həm də cavabdeh qismində göstərilən şəxsin qanuni manefeyini hüquqa zidd bir şəkildə pozmuş olar. Yuxarıda qeyd olunduğu kimi maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən iki il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq tam təmin etmişdir. Ona görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 2(075)-964/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin 2(075)-964/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar