Məhkəmə qərarları › İş №2(107)-1106/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1106/2022

20.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1106/2022 20.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Zərdab rayonu Əlicanlı ərazi dairəsində yerləşən 2,86 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 may 2021-ci il tarixli, 10/2271 nömrəli ekspert rəyinə əsasən iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,86 ha torpaq sahəsinin 2,24 ha hissəsi cavabdeh tərəfindən naturada istifadə edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Zərdab rayonu Alıcanlı kəndində yerləşən, onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,86 ha torpaq sahəsinin 2,24 ha hissəsindən cavabdehin çıxarılması və mütəxəssis rəyinin verilməsi üçün ödədiyi 326,20 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, iddiaçıya və onun ailə üzvlərinə məxsus olan torpaq sahəsini 23 ildir ki, qanunsuz olaraq zəbt etməklə taxıl və yonca əkərək istifadə edir. Dəfələrlə bu barədə cavabdehə iradlarını bildirsələr də cavabdeh torpaq sahəsindən çıxmamışdır. Zərdab Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(035)-01/2022 nömrəli iş üzrə qəbul etdiyi 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Qubadov) iddia təmin edilmiş, cavabdehin iddiaçıya və onun ailə üzvlərinə məxsus Zərdab rayonu Alıcanlı kəndində yerləşən torpaq sahəsinin zəbt etdiyi 2,24 ha hissəsindən çıxarılması, mütəxəssis rəyinin hazırlanmasına görə iddiaçı tərəfindən ödənilmiş 326,20 manat məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun isə cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, ekspert rəyi ilə müəyyən olunur ki, cavabdeh iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 2,86 ha torpaq sahəsinin 2,24 ha hissəsini naturada istifadə edir və nəticədə iddiaçının mülkiyyət hüququnu pozur. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.6, 152.1, 152.5, 157.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 101.3, 106.1, 119.1, 124.1, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə işin hallarını ətraflı araşdırmayıb. Həm iddiaçı, həm də cavabdeh Aqrar İslahat komissiyasının qərarı ilə torpaq sahəsi almışdır. Aqrar islahatından keçən 25 il ərzində tərəflər arasında torpaq sahəsinin zəbt edilməsi ilə bağlı mübahisəyə məhkəmədə baxılmış, iş üzrə tərtib edilmiş ekspert rəylərində mübahisəli torpaq sahəsinin cavabdehin mülkiyyətində olması təsdiqlənmiş və bu səbəbdən iddia rədd edilmişdir. Hazırda torpaq sahələrini mülkiyyətçisi barədə ekspertizanın bir-birini təkzib edən iki rəyi vardır və eyni məhkəmənin hansı səbəbdən həmin rəyin sonuncusunu mötəbər sübut kimi qəbul etməsi anlaşılan deyil. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, cavabdeh 2014-cü ildə ona qarşı hazırki tələblə iddia qaldırmış və iddiası rədd edilmişdir. Bu səbəbdən məhkəmə hazırki tələbə baxmalı deyil. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində Rayon Məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə13.Mülkiyyət 13.3.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə29.Mülkiyyət hüququ 29.3.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 213.1. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.2. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə111.Özbaşına tutulmuş (zəb tedilmiş) torpaqların qaytarılması 111.1.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının göstərdiyi faktiki hallar nəzərə alındıqda, tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilməlidir. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir. Belə tələbin haqlı sayılması və təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən olunmalıdır. Zərdab rayonu Alıcanlı kəndində yerləşən 2,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində, mübahisəli 2,24 ha sahənin isə cavabdehin sahibliyində olması işin mübahisəsiz hallarıdır. Cavabdeh tərəfindən mübahisələndirilən hal bundan ibarətdir ki, istifadəsində olan sahə iddiaçıya məxsus torpaq sahəsinə aid deyil. Başqa sözlə cavabdeh, mübahisəli sahəyə sahiblik etməsi ilə iddiaçının öz mülkiyyətindən istifadəsinə maneçilik yaratmadığını bildirir. Bu baxımdan iş üzrə mübahisəli halın (cavabdeh tərəfindən iddiaçıya yaradılmış maneə və ya məhdudiyyətin) mövcud olub-olmaması müəyyən edilməlidir. Bunun üçün xüsusi biliyə malik olan şəxslərin verdikləri rəy(lər) mühüm əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsindəki icraatda iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın icrası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspertiza tədqiqatının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 23 may 2021-ci il tarixli, 10/2271 nömrəli rəyində göstərilir ki, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,86 ha torpaq sahəsinin 2,24 ha hissəsi cavabdeh tərəfindən naturada istifadə edilir. Cavabdeh apellyasiya şikayətində göstərir ki, tərəflər arasında torpaq sahəsinin zəbt edilməsi ilə bağlı mübahisəyə məhkəmədə baxılmış, iş üzrə tərtib edilmiş ekspert rəylərində mübahisəli torpaq sahəsinin cavabdehin mülkiyyətində olması təsdiqlənmiş və bu səbəbdən iddia rədd edilmişdir. Lakin hazırki işə baxılarkən bu hala əhəmiyyət verilməmişdir. İş materialarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-01/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı, Cavabdeh (hazırki iş üzrə cavabdeh) və X1 qarşı iddia ərizəsi ilə birinci instansiyası məhkəməsinə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən yaradılan maneələrə son qoyulması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və sair tələblər üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən işin haları kimi müəyyən edilmişdir ki, Zərdab rayonu, Alıcanlı kəndində üç ayrı-ayrı sahələrdə (0,48 ha, 0,42 ha, 2,87 ha) cəmi 3,77 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı, ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığı üçün aqrar islahat zamanı onun mülkiyyətində verilmiş pay torpağını cavabdehin əvəzsiz istifadəsinə vermişdir. İddiaçı Bakı şəhərindən qayıtdıqdan sonra, cavabdeh 0,42 ha torpaq sahəsini iddiaçıya qaytarmışdır. Göstərilənləri müəyyən edən birinci instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus 2,87 ha torpaq sahəsinin cavabdehin istifadəsində olmasını iddiaçı sübuta yetirə bilmədiyinə görə, iddia rədd edilməlidir. Göründüyü kimi, həqiqətən də mübahisəli torpaq sahəsi ilə bağlı iş üzrə tərəflər arasında əvvəllər məhkəmə mübahisəsi olmuşdur. Lakin hazırda cavabdehin bildirdiyi kimi, mübahisəli torpaq sahəsinin cavabdehin mülkiyyətində olması ilə bağlı sözügedən qətnamədə hər hansı sübut, o cümlədən də ekspert rəyi yoxdur. Bu hal, yəni mübahisəli torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasını da birinci instansiyası məhkəməsi həmin iş üzrə müəyyən etməmişdir. Mübahisəni həll etmiş birinci instansiyası məhkəməsi iddiaçının cavabdehə qarşı irəli sürdüyü torpaq sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və sair iddia tələblərini sübuta yetirilməməsi əsası ilə rədd edilmişdir. Digər tərəfdən Məhkəmə qeyd edir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-01/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi qəbul edildikdən sonra, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsini zəbt etməməsi anlamına gəlmir. Çünki zəbt etmə mövcuddur. Bu, hal hazırki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 23 may 2021-ci il tarixli, 10/2271 nömrəli rəy ilə təsdiq olunur. Göstərilənlərə əsasən müəyən edilir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və heç bir sübuta söykənmir. Sübuta söykənməyən dəlil isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı və onun ailə üzvlərinin mülkiyyətindən istifadəsinə maneçilik yaradılmışdır. Bu maneənin aradan qadırılması üçün isə cavabdeh zəbt etdiyi sahədən çıxarılmalıdır. İddiaçının cavabdehə qarşı torpaq sahəsindən çıxarılma barədə irəli sürdüyü tələb, Rayon Məhkəməsinin bu tələbin təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə əsaslı, apellyasiya şikayətinin dəliləri isə əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apelyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Zərdab Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 iyun 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar