Məhkəmə qərarları › İş №2(107)-111/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-111/2021

23.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-111/2021 23.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 və Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)-163/2020 nömrəli qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-nə qarşı “istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən xx.xx.2012xx.xx.2019-cu il tarixləri arasında istifadə olunmamış məzuniyyətə görə 18583 manat 58 qəpik məbləğində kompensasiya ödənişinin və son haqq-hesab ödənişinin hesablanaraq cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MMC tərəfindən xx.xx.2012xx.xx.2019-cu il tarixləri arasında istifadə olunmamış məzuniyyətə görə 18583 manat 58 qəpik məbləğində kompensasiya ödənişinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)-163/2020 nömrəli (hakim A.Əliyev) qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən xx.xx.2012xx.xx.2019-cu il tarixləri arasında istifadə olunmamış məzuniyyətə görə 12.923,12 (on iki min doqquz yüz iyirmi üç manat on iki qəpik) manat məbləğində kompensasiya ödənişi alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC ilə xx xxxxx 2012-ci il tarixdə əmək müqaviləsi bağlayaraq orada baş mühasib vəzifəsində rəsmi fəaliyyətə başlamışdır. Müddətsiz əmək müqaviləsi növündə Əmək müqaviləsi üzrə aylıq tarif maaşı xx.xx.2018-ci il tarixdə müqaviləyə edilən dəyişiklikdən sonra 2692,31 manat olmuşdur. xx xxxx 2019-cu il tarixdə QT 013/19 nömrəli əmrlə, Əmək Məcəlləsinin 68 maddəsinin “a” bəndinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh müəssisədə işlədiyi bütün müddət ərzində işəgötürənin qanuni fəaliyyətində uğur əldə edə bilməsi üçün bütün səyləri ilə işləmiş, daim cavabdehin qanuni maraqlarını üstün tutmuşdur. İşlədiyi müddətdə qanunvericiliyə görə yaranan məzuniyyət hüququndan tam istifadə etməmişdir. Bu dövr ərzində istifadə olunmamış məzuniyyətə görə ona kompensasiya ödənilməmişdir. Bu isə “AFB Bank” və “Bank of Baku”dan əldə edilmiş bank hesabından çıxarışlarda öz təsdiqini tapmışdır. Nəzərə alınsa ki, onun işlədiyi müddətdə orta aylıq əmək haqqı (gross əmək haqqı) 2692 manat 31 qəpik olmuşdur, onda aşağıdakı qaydada hesablaşma aparılmalıdır: 2692 manat 31 qəpik *13 ay (13cü əmək haqqı məbləği daxil) 12)/30.4 orta günlük məzuniyyət haqqı = 95 manat 94 qəpik. İstifadə olunmamış məzuniyyətinə görə kompensasiyası (gross məbləğ) : 193,7 təqvim günü *95 manat, 94 qəpik=18583 manat 58 qəpik. Bu barədə xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixlərində Cavabdeh MMC-nə yazılı şəkildə müraciət etsə də bu məktubları cavabdeh tərəfindən cavablandırılmamışdır. Bundan əlavə xx xxxxxx 2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttinə (0142) müraciət etməyinə baxmayaraq çox təəssüf ki, onun bu müraciətinə bu günədək heç bir yazılı cavab bildirilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mülki işə baxılarkən rayon məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin tələbləri pozularaq, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar qarşılıqlı tədqiq edilmədən sübut edildiyi üçün qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi səbəbli Qəbələ Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmənin gəldiyi nəticəni ədalətsiz hesab edir və həmin qətnamə ilə razılaşmır. Cavabdeh MMC-nin vəkili və etibarnamə üzrə nümayəndəsinin məhkəmə iclasında iddiaya qarşı verdiyi izahatlarına münasibətdə məhkəmə tərəflərin hansı hüquq münasibətində olmalarını, iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu düz müəyyən etməmişdir. Belə ki, birinci instansiyası məhkəməsi iddiam qismən təmin edərkən göstərilən xx.xx.2012- xx.xx.2019-cu il tarixləri belə nəzərə almamış, həmin tarixlər arasında istifadə olunmamış məzuniyyətin hansı səbəbdən istifadə olunmamasına hüquqi qiymət verməmiş, nəticədə iddiaçının iddiasının qismən təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən iddiaçının istifadə etdiyi məzuniyyətlərin əvəzini təşkil edən 10,745 manatı və iddiaçının istifadə olunmamış məzuniyyət günlərinə görə cəmiyyətdən natura formasında aldığı kompensasiya məbləği olan 8557 manatın məhz iddiaçının istifadə etmədiyi bütün iş illərinin əmək məzuniyyətlərinin əvəzi olaraq işəgötürən tərəfindən ödənilmiş pul əvəzi kimi müəyyən etməmişdir. Bundan əlavə, hesab edirlər ki, işə apellyasiya baxışında mübahisəyə iddia müddətinin tətbiqi məsələsi də araşdırma predmeti olmalıdır. İddia ərizəsinin məzmunundan və işin digər hallarından göründüyü kimi iddiaçı Cavabdeh MMC ilə xx xxxxx 2012-ci il tarixdə əmək müqaviləsi bağlayaraq MMC-də baş mühasib vəzifəsində işləmiş və xx xxxx 2019-cu il tarixdə QT 013/19 nömrəli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə müfaviq olaraq əmək müqaviləsinə xitam verilmiş tarixə kimi Cavabdeh MMC-də baş mühasib vəzifəsində işləmişdir. Həmin illərdə iddiaçı istifadə olunmamış məzuniyyət günlərinə görə cəmiyyətdən kompensasiya almasına baxmayaraq, öz səlahiyyətlərini layiqincə yerinə yetirməmiş, cəmiyyətdən istifadə olunmamış məzuniyyət günlərinə görə aldığı kompensasiya məbləğini rəsmiləşdirməli olduğu halda, rəsmiləşdirməmişdir. Lakin iddiaçı Cavabdeh MMC-də baş mühasib vəzifəsində işləməsinə və işə götürənin təqsiri olmamasına baxmayaraq, hüququnun müdafiəsi üçün illər sonra məhkəməyə müraciət etmişdir. Bununla da, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində qeyd olunmuş bir illik müddətini ötürmüşdür. İddia müddətinin keçməsi isə iddianı rədd etmək üçün əsasdır. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, işi tam və obyektiv araşdırmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlyü barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cavabdehin nümayəndəsi və vəkilinin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)-163/2020 nömrəli qətnaməsi dəyişdirilməlidir.. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İddiaçı məxsus İT-İ ******* nömrəli, xx.xx.1998-cü ildə tərtib edilmiş əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.2012-ci il tarixdə QT 009/12 nömrəli əmrlə Cavabdeh MMC-də baş mühasib vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2012-ci ildə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən cəmiyyətdə baş mühasib vəzifəsində işləyən İddiaçı aylıq əmək haqqının məbləği 2692 manat 31 qəpik təşkil etmişdir. xx.xx.2019-cu il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2012-ci ildə bağlanmış əmək müqaviləsinə cəmiyyətin xx.xx.2019-cu il tarixli, QT 013/19 saylı əmri və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 maddəsinin “a” bəndi (maddə 68 a) tərəflərin birinin təşəbbüsü) ilə xitam verilmişdir. İşin bu halı İddiaçı məxsus İT-İ ******* nömrəli, xx.xx.1998-cü ildə tərtib edilmiş əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surəti ilə də təsdiq olunur. Əmr həmin tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək kitabçasına işlənmiş və iddiaçıya təqdim edilmişdir. Cavabdeh MMC-nin işçilər üçün xx xxxx 2014-cü il tarixdən etibarən növbəti əmək məzuniyyətinə buraxılmasına dair xx xxxx 2014-cü il tarixli, QT033-1/14 saylı ödənişli məzuniyyət haqqında əmrin müvafiq qaydada təsdiq olunmuş surətindən və əmrə əlavə olunmuş cədvəldən görünür ki, cəmiyyətdə baş mühasib işləyən İddiaçı onun məzuniyyət ərizəsi əsasında xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 7 təqvim günü müddətinə məzuniyyətə buraxılmışdır. Cavabdeh MMC-nin xx xxxx 2015-cü il tarixli, QT052-1/15 saylı əmrin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, cəmiyyətdə baş mühasib işləyən İddiaçı onun məzuniyyət ərizəsi (xx.xx.2015-ci il tarixli) əsasında 9 təqvim günü +1 təqvim günü bayrama görə cəmi 10 gün müddətinə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək növbəti əmək məzuniyyəti verilmişdir. Əmrlə onun işə çıxma tarixi xx.xx.2015-ci il qeyd olunmuşdur. Cavabdeh MMC-nin xx xxxx 2016-cı il tarixli, QT060/16 saylı əmrin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, cəmiyyətdə baş mühasib işləyən İddiaçı onun məzuniyyət ərizəsi (xx.xx.2016-cı il tarixli) əsasında 5 gün müddətinə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək növbəti əmək məzuniyyəti verilmişdir. Əmrlə onun işə çıxma tarixi xx.xx.2016-cı il qeyd olunmuşdur. Cavabdeh MMC-nin xx xxxxxxx 2016-cı il tarixli, QT075/16 saylı əmrin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, cəmiyyətdə baş mühasib işləyən İddiaçı onun məzuniyyət ərizəsi (xx.xx.2016-cı il tarixli) əsasında 5 gün müddətinə 17-xx.xx.2016ci il tarixləri üçün növbəti əmək məzuniyyəti verilmişdir. Əmrlə onun işə çıxma tarixi xx.xx.2016-cı il qeyd olunmuşdur. Cavabdeh MMC-nin xx xxx 2017-ci il tarixli, QT0019/17 saylı əmək məzuniyyəti haqqında əmrin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, cəmiyyətdə baş mühasib işləyən İddiaçı onun məzuniyyət ərizəsi (xx.xx.2017-ci il tarixli) əsasında 15 təqvim günü müddətinə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək növbəti əmək məzuniyyəti verilmişdir. Əmrlə onun işə çıxma tarixi xx.xx.2016-cı il qeyd olunmuşdur. Cavabdeh MMC-nin xx xxxxxxxx 2018-ci il tarixli, QT028-2/18 saylı əmək məzuniyyətinin verilməsi haqqında əmrin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, cəmiyyətdə baş mühasib işləyən İddiaçı onun məzuniyyət ərizəsi (xx.xx.2018ci il tarixli) əsasında 8 gün müddətinə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək əsas əmək məzuniyyəti verilmişdir (əmrdə məzuniyyət haqqının razılığa əsasən aylıq əmək haqqı zamanı ödənilməsi nəzərdə tutulduğu göstərilmişdir). Əmrlə onun işə çıxma tarixi xx.xx.2019-cu il qeyd olunmuşdur. Cavabdeh MMC-nin xx xxxxxx 2019-cu il tarixli, QT003-1/19 saylı əmək məzuniyyətinin verilməsi haqqında əmrin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, cəmiyyətdə baş mühasib işləyən İddiaçı onun məzuniyyət ərizəsi (xx.xx.2019cu il tarixli) əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 10 günlük müddətinə əsas əmək məzuniyyəti verilmişdir (əmrdə məzuniyyət haqqının razılığa əsasən aylıq əmək haqqı zamanı ödənilməsi nəzərdə tutulduğu göstərilmişdir). Əmrlə onun işə çıxma tarixi xx.xx.2019-cu il qeyd olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasə tərəfindən təyin edilmiş və alınmış müvafiq ekspert rəyindən görünür ki, İddiaçı iddia ərizəsində göstərdiyi xüsusatlar və iddia tələbi nəzərə alınmaqla, yəni xx.xx.2012-xx.xx.2019-cu il tarixləri arasında istifadə olunmamış məzuniyyət 193,7 təqvim günü və orta aylıq əmək haqqı məbləği 2692,31 manat götürülməklə xx.xx.2012-xx.xx.2019-cu il tarixləri arasında istifadə olunmamış məzuniyyətə görə kompensasiya məbləği 17154,07 manat məbləğində müəyyən edilir, o cümlədən:- 2692,31 ə/h x 12 a y / 1 2 / 30.4 orta günlük məzuniyyət haqqı= 88,56 x 193,7 təqvim günü = 17154,07 manat; Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və mülki iş materiallarına əlavə edilmiş sənədlər (məzuniyyət ərizələri və əmrləri əsasında istifadə olunmuş 59 gün) nəzərə alınmaqla istifadə olunmamış məzuniyyətə görə kompensasiya məbləği 11.929,03 manat məbləğində müəyyən edilir, o cümlədən: 2692,31 ə/h x 12 ay /12 / 30.4 orta günlük məzuniyyət haqqı= 88,56 x 134,7 təqvim günü (193,7- 59) = 11929,03 manat. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi - tərəflərdən birinin təşəbbüsü (həmin maddənin “a” bəndi), əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il,işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Əmək Qanunvericiliyinin tələblərinə görə işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə etməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 135-ci maddəsinə görə bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş illərində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdlən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə arta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləğ ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsalaşdırılıb ödənilməlidir. 144-cü maddəsinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Məhkəmə kollegiyasının raşdırması zamanı işin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2012-ci il tarixdə QT 009/12 nömrəli əmrlə və həmin tarixdə aralarında bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də baş mühasib vəzifəsinə işə qəbul olunmuşdur. Onun aylıq əmək haqqının məbləği 2692 manat 31 qəpik təşkil etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə cəmiyyətin xx.xx.2019-cu il tarixli, QT 013/19 saylı əmri və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 maddəsinin “a” bəndi (maddə 68 a) tərəflərin birinin təşəbbüsü) ilə xitam verilmişdir. Əmr həmin tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək kitabçasına işlənmiş və iddiaçıya təqdim edilmişdir. İşin müəyyən edilən hallarından göründüyü kimi iddiaçı cavabdehin xx xxxx 2014-cü il tarixli, QT033-1/14 saylı ödənişli məzuniyyət haqqında əmrinə əsasən 7 təqvim günü (xx.xx.2014-cü il tarixdən xx.xx.2014cü il tarixədək) müddətinə, xx xxxx 2015-cü il tarixli, QT052-1/15 saylı əmrinə görə 9 təqvim günü +1 təqvim günü bayrama görə cəmi 10 gün müddətinə (xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək), xx xxxx 2016-cı il tarixli, QT060/16 saylı əmri ilə 5 gün müddətinə (xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək), xx xxxxxxx 2016-cı il tarixli, QT075/16 saylı əmrinə əsasən 5 gün müddətinə (17-xx.xx.2016-ci il tarixləri üçün), xx xxx 2017-ci il tarixli, QT0019/17 saylı əmək məzuniyyəti haqqında əmrinə görə 15 təqvim günü müddətinə (xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək), xx xxxxxxxx 2018-ci il tarixli, QT028-2/18 saylı əmək məzuniyyətinin verilməsi haqqında əmri ilə 8 gün müddətinə (xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək), xx xxxxxx 2019-cu il tarixli, QT003-1/19 saylı əmək məzuniyyətinin verilməsi haqqında əmrinə əsasən 10 günlük müddətinə (xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək) əmək məzuniyyətinə buraxılmışdır. Beləliklə göründüyü kimi iddiaçı iddia tələbində qeyd etdiyi illər ərzində cəmi 59 təqvim günü müddətində əmək məzuniyyətidən istifadə etmiş, qalan məzuniyyət günlərindən istifadə etməmişdir. Araşdırma zamanı cavabdehin nümayəndəsi və vəkili işin bu halını mübahisələndirməmişdir. Əmək Məcəlləsinin 135-ci maddəsinin tələblərinə görə işçi müvafiq iş illərində əmək məzuniyyətindən iətənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməli olduğu halda İddiaçı oğtlu ilə Cavabdeh MMC arasındakı müddətsiz əmək müqaviləsinə xx.xx.2019-cu il tarixli, QT 013/19 saylı əmri və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 maddəsinin “a” bəndi (maddə 68 a) tərəflərin birinin təşəbbüsü) ilə xitam verilən zaman əmək qanunvericiliyinin 83-cü maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçıya istifadə etməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsaslı olsa da, tam ləğv edilməsi üçün əsaslı deyil. Əvvəla cavabdeh tərəf birinci instansiya məhkəməsinin yalnız mülahizələr əsasında və heç bir hüquqi əsası olmayan sübutlara qiymət verməklə qanunsuz qətnamə çıxarmasını bildirsə də, bu halı formal olaraq qeyd etmiş və iddiaçının təqdim etdiyi hansı hüquqi əsası olmayan sübutlara qiymət verməklə qətnamə çıxarılmasını dəqiq göstərməmişdir. İkincisi, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin obyektiv araşdırılmasına şübhə ilə yanaşdığını qeyd etsə də, bu dəlilləri təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Üçüncüsü, işin tam və hərtərəfli araşdırılması məqsədilə kollegiya tərəfindən müvafiq ekspertiza təyin edilmiş, hətta cavabdehin vəkili buna etiraz etməmişdir. Verilmiş ekspert rəyi ilə də iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği dəqiqləşdirilmişdir. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallara dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni kifayət qədər əsas olmadan tam düzgün hesab etməmək işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci Cavabdeh MMC-yə аid edilməli və məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat Cavabdeh MMC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesаbına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh MMC-nin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)-163/2020 nömrəli qətnaməsi “kompensasiyanın məbləğinə” münasibətdə dəyişdirilərək, “istifadə olunmamış məzuniyyətə görə kompensasiya məbləği 11929,03 (on bir min doqquz yüz iyirmi doqquz manat üç qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 manat məhkəmə ekspertizası xərci Cavabdeh MMC alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ **********0000003944 İWİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar