Məhkəmə qərarları › İş №2(107)-1111/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1111/2025

20.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1111/2025 20.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və mülkiyyətdə olan fərdi yaşayış evinə kənar təsirlərin edilməsinə qadağa qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, qüvvə) X4 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(037)-72/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İsmayıllı Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(037)-72/2023 nömrəli qətnaməsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 Saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 173 nömrəli vərəqində **********47-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Lahıc qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0.0681 ha həyətyanı torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin yan divarının yanında Cavabdeh tərəfindən tikinti texniki normalara zidd olaraq qanunsuz inşa olunmuş və inşası davam edən tikililərin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə kənar təsirlərin edilməsinə qadağa qoyulması qət edilmişdir. Qətnamə 23 may 2023-cü il tarixdə tərəflərin rəsmi qeydiyyatda olduqları İsmayıllı rayonu, Lahıc qəsəbəsi ünvanına rəsmi qaydada göndərilmiş, tərəflər 27 may 2023-cü il tarixdə göstərilən ünvanda qətnaməni rəsmi qəbul etmişlər. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qətnamədən Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə elektron qaydada apellyasiya şikayəti verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(037)-72/2023 nömrəli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(037)-72/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması, Cavabdeh tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun tam şəkildə ona qaytarılması qərara alınmışdır. Qərardaddan Cavabdeh 20 oktyabr 2025-ci il tarixdə elektron qaydada şikayət və vəsatət verərək İsmayıllı Rayon Məhkəməsinin 2(037)-72/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, İsmayıllı Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(037)-72/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməmiş hesab edilməsi barədə ərizənin təmin edilməsi, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün həmin apellyasiya şikayəti və iş materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi və iş materiallarında olan məhkəməyə qaytarılmış, Cavabdeh adına yazılmış xəbərnamədəki imzanın Cavabdeh tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2(037)-72/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X3 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(037)-72/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 22 may 2023- cü il tarixli, 2(037)-72/2023 nömrəli qətnaməsinin surəti Cavabdeh rəsmi qeydiyyatda olduğu İsmayıllı rayonu, Lahıc qəsəbəsi ünvanına 27 may 2023-cü il tarixdə göndərilmişdir. Məhkəməyə qaytarılmış Cavabdeh adına yazılmış xəbərnamə qəbzində məhkəmə sənədinin 27 may 2023-cü il tarixdə Cavabdeh şəxsən özü tərəfindən imza edilərək alındığı qeyd olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verilmədiyindən qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün 04 iyul 2023-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Cavabdeh göstərilən qətnamədən 14 oktyabr 2025-ci il tarixdə elektron kabinet vasitəsilə elektron qaydada apellyasiya şikayəti vermişdir. Cavabdeh qətnamənin rəsmi qaydada ona verilməsindən 2 il müddət keçdikdən sonra qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət bitdikdən sonra verilməsinin üzürlü səbəblərdən baş verdiyini qeyd etməmiş və buraxılmış prosessual müddətin bərpası haqqında vəsatətlə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə məhkəmə qətnaməsindən apellyasiya şikayəti 01 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 15 oktyabr 2025ci il tarixli, 2(037)-72/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(037)-72/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(037)-72/2023 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar