Məhkəmə qərarları › İş №2(107)-1133/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1133/2022

14.09.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1133/2022 14.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X4 Qoruğu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin baxılmamış saxlanılması, ləğv) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X4 Qoruğu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması barədə Zaqatala Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(033)-585/2022 saylı qərardadından İddiaçı nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X3 cavabdehlər X4 Qoruğu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin rəisi Firuddin Fətəliyev tərəfindən onun barəsində verilmiş 01 mart 2022-ci il tarixli 052/ü saylı əmrin ləğv edilməsi, onu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin X4 Qoruğuna mühafizə yegeri vəzifəsinə işə bərpa olunması və 01 mart 2022-ci il tarixdən etibarən qətnamə çıxarılanadək məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(033)-585/2022 saylı qərardadı ilə iddiaçı X2 cavabdehlər X4 Qoruğu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılmış, tərəflərə onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzrlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna biləcəyi izah edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə həmin qərardaddan elektron kabinet vasitəsi ilə şikayət verərək, Zaqatala rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(033)- 585/2022 saylı qərardadını ləğv edərək işin məhkəmənin hazırlıq iclasında baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 9 iyun 2022-ci il tarixli 2(033)-585/2022 saylı qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(033)- 585/2022 saylı qərardadı ləğv edilməli, mülki iş baxılması üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14-cü fəsli işlərin məhkəmədə baxılmağa hazırlanmasından bəhs edir. MPM-nin həmin fəslinin 170-ci maddəsində isə işin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261,0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hakimin istinad etdiyi Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsində göstərilən əsaslar işin məhkəmə baxışı mərhələsi üçün nəzərdə tutulmuşdur ki, həmin maddədə göstərilən əsasla hazırki mərhələdə hakim iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasım tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 165-ci maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Hazırki işdə hakim tərəfindən həmin maddədə göstərilən tələblər pozulmuşdur. Belə ki, İddiaçı ona hüquqi yardım göstərilməsi ilə bağlı onunla müqavilə bağlamış, iddia ərizəsində göstərilən dəlillərin hüquq məsələsi olması ilə bağlı vəkillə təmsil olunmasını, bunun üçün ona etibarnamə verərək məhkəmə iclasında nümayəndə və vəkil kimi onun iştirak etməyini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsində 25 may 2022-ci il tarixdə saat 10:45-də 2(107)- 704/2022 saylı və saat 11:00-da 2(107)-683/2022 saylı mülki işlər üzrə keçiriləcək məhkəmə baxışı iclaslarında iştirak etdiyindən və həmin məhkəmə iclaslarının təyin edildiyi vaxtdan gec başlamasına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində saat 14:00- a təyin edilmiş 1(091)-133/2022 saylı cinayət işi üzrə məhkəmə baxışı iclasının təyin edilməsi səbəbindən e-2(033)-585/2022 nömrəli mülki iş üzrə 25 may 2022-ci il tarixə saat 12:00-a təyin edilmiş hazırlıq iclasında iştirak edə bilməmişdir. Belə olan halda isə hakim çəkişmə prinsipinə əməl etməklə işin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına yönələn bütün lazım olan hərəkətləri etməli, işin məhkəmə baxışına təyin edilməsi məsələsinin araşdırılmasının zəruri olması səbəbindən məhkəmə iclasını başqa vaxta təxirə salmalı idi. Məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsində 25 may 2022-ci il tarixdə saat 10:45-də 2(107)-704/2022 saylı və saat 11:00-da 2(107)-683/2022 saylı mülki işlərlə bağlı müəlumatları araşdıraraq müəyyən etmişdir ki, İddiaçı nümayəndəsi vəkil Nümayəndə həqiqətən həmin tarixdə həmin saatlarda Şəki Apellyasiya Məhkəməsində həmin işlərin məhkəmə iclaslarında iştirak etmişdir. Məhkəmə kolelgiyası hesab edir ki, vəkil Nümayəndə həmin tarixdə məhkəmənin hazırlıq iclasında iştirak etməməsi üzrlü hesab edilməlidir. İddiaçı vəkil Nümayəndə onu məhkəmədə təmsil etmək üçün etibarnamə verdiyindən vəkil Nümayəndə hazırlıq iclasında iştirak etməməsinin üzrlü hesab edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğvi üçün yetərli hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə görə Məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(033)-585/2022 saylı qərardadının ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(033)-585/2022 saylı qərardadı ləğv edilməli, mülki iş baxılması üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi şikаyətə bаxıb qərаrdаdı tаm və yа qismən ləğv edib, yаxud dəyişib işi birinci instаnsiyа məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(033)-585/2022 saylı qərardadı ləğv edilsin. Mülki iş baxılması üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar