Məhkəmə qərarları › İş №2(107)-1135/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1135/2021

18.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1135/2021 18.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Qasımov Nizami Eldar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolun açılması tələbinə dair Ucar Rayon Məhkəməsinin 9 mart 2021-ci il tarixli 2(063)–18/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin 9 mart 2021-ci il tarixli 2(063)–18/2021 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolun açılması barədə iddiasının təmin edilməməsi, İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manatın X4 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22) və mütəxəssis rəyinin dəyərinə görə 301 (üç yüz bir) manat 14 (on dörd) qəpiyin Kadastr və Yerquluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin (kod 200071, VÖEN(bank) **********, müxbir hesab AZ37NABZ ********************, SWİFT: AİİBAZ2X, VÖEN:**********, hesab N:AZ23AİİB********************) xeyrinə tutulması qət edilmişdir. İşin halları İddiaçı cavabdehə qarşı ümumi istifadədə olan yolun açılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin istifadəsində olan torpaq sahəsi ilə qonşusu X7 istifadəsində olan torpaq sahəsi arasında yerləşən əvvəllər mövcud olmuş yolun 2 metr enində tam açılması və həmin yolu bir daha zəbt etməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, surətini bu iddia ərizəsinə əlavə etdiyi torpaq sahəsinin planı və ölçüsü adlı sənəddən göründüyü kimi Ucar Rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə Ucar rayonu, Boyat kəndi ərazisində ona fərdi yaşayış evi tikmək üçün 3001,28 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində onun istifadəsində olan yaşayış evi vardır. O, həmin evdə yaşayır və həyətyanı sahəsində kənd təsərrüfatı bitkilərinin becərilməsi ilə məşğul olur. İçmək və kənd təsərrüfatı bitkilərini becərmək üçün lazım olan suyu isə həyətlərinə gələn su arxı vasitəsilə təmin edir. Həyətinə gələn suyu açmaq üçün o, əvvəllər cavabdehlə qonşusu X7 istifadəsində olan torpaq sahələrinin arasında yerləşən 1,5-2 metr enində olan yoldan keçərək getmişdir. Lakin cavabdeh həmin yolu zəbt edərək öz torpaq sahəsinə qatmışdır. O, bununla bağlı 2 dəfə Ucar Rayon İcra Hakimiyyətində olmuş və hər dəfə onun tələbi düzgün olduğundan İcra Hakimiyyətindən oraya yolun açılması üçün nümayəndə göndərilsə də, bunun heç bir xeyri olmamışdır. Halbuki, o, həmin yoldan 40 ildən artıqdır ki, istifadə etmişdir. Müvafiq dövlət orqanlarından aldığı məlumata görə isə həmin yol xəritədə 4 metr enində göstərilmişdir. Cavabdeh əlavə olaraq su arxının digər tərəfini də 2 metr enində zəbt etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, göstərilən kənddə mərhum atasının adına torpaq sahələri, habelə torpaq sahəsində fərdi yaşayış evi vardır, iddiaçı onun qonşusudur, o, iddiaçının yolunu zəbt etməmişdir, iddiaçının həyətyanı torpaq sahəsinə gələn suyu açmaq üçün daimi olaraq başqa yoldan istifadə edir, mərhum atasına məxsus və onun istfadəsində olan torpaq sahəsindən iddiaçının yol kimi istifadə etməsi qanunaziddir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ucar rayonu Boyat bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Həmin qətnаmədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 28.12.1998-ci il tarixli, 17 saylı qərarı ilə Ucar rayonu Boyat kəndi ərazisindən 3001.28 m2 torpaq sahəsi ona, Cavabdeh və ailə üzvlərinə isə 3166.3 m2 torpaq sahəsi ayrılmışdır. Məhkəmə iddia tələbinin rədd edilməsinə əsas kimi naturada mövcüd yol ilə elektron baza məlumatlarında əks olunan yol arasında konfiqurasiya və ölçü fərqi mövcud olduğundan yolun kimin tərəfindən istifadə edilməsinin müəyyən olunmamasını, eləcə də, elektron baza məlumatları ilə naturadakı faktiki istifadəçilik arasında uyğunsuzluq olmasını göstərmişdir. Onun müraciəti əsasında X8 tərəfindən verilmiş 16.04.2021 -ci il tarixli 83 nömrəli ekspert rəyindən görünür ki, Ucar rayonu Boyat kəndi ərazisində İddiaçı mülkiyyətində olan, həmçinin onunla qonşuluqda yerləşən həyətyanı torpaq sahələrinin qarşısında, su arxına gedən, ümumi istifadə üçün yol yeri kəndin yerquruluşu xəritəsində nəzərdə tutulmaqla, bələdiyyə mülkiyyətinə aiddir. Kəndin yerquruluşu xəritəsində, ümumi istifadə üçün yol yeri 300 metr uzuluqda və 5-7 metr enində ölçüdə nəzərdə tutulur. Ümumi istifadə üçün nəzərdə tutulmuş və su arxına gedən yol yerinə qonşu (ANs 088257 saylı 15.07.2009-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü üzrə torpaq sahibi) Cavabdeh tərəfindən müdaxilə olunaraq, ümumi yolun eni 5-7 metr, uzunluğu 84 metr (su arxınadək) ölçüdə olan hissəsi metal tor vasitəsi ilə hasara alınmış və metal darvaza quraşdırılaraq su arxına gediş-gəliş tam bağlanmışdır. Məhkəmənin sübut kimi istinad etdiyi ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilmiş hallardan fərqli olaraq, X5 ekspertləri tərəfindən müəyyən edilmişdir ki, ümumi istifadə üçün nəzərdə tutulmuş və su arxına gedən yol yeri Cavabdeh tərəfindən müdaxilə edilərək, ümumi yolun eni 5-7 metr, uzunluğu 84 metr (su arxınadək) ölçüdə olan hissəsi metal tor vasitəsi ilə hasara alınmış və metal darvaza quraşdırılaraq su arxına gediş-gəlişi tam bağlamışdır. Göstərilənlərə əsasən, Ucar Rayon Məhkəməsinin 9 mart 2021-ci il tarixli 2(063)– 18/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyində ümumi yolun eni 5-7 metr göstərilsə də, 2 metr eni olan yolun açılması onun üçün yetərlidir. Yolun uzununun nə qədər olduğunu isə bilmir, su arxına çatana qədr olan yolun açılmasını istəyir. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Ucar Rayon Məhkəməsinin 9 mart 2021-ci il tarixli 2(063)–18/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolun açılması tələbinə dair iddiası təmin edilməli, Ucar rayonu Boyat kəndi ərazisində İddiaçı mülkiyyətində olan torpaq sahəsindən su arxına qədər uzanan 2 metr enində ümumi istifadədə olan yol açılmalıdır. İş materiallarında olan A 088280 nömrəli torpaq sahəsinin planı və ölçüsü adlı sənədin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə X6 Ucar rayonu, Boyat kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 3001.28 kv.metr ölçüdə torpaq sahəsi verilmiş, X12 kitabında 15 iyul 2009-cu ildə 134 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Ucar Rayon İcra Hakimiyyəti başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyun 2020-ci il tarixli, 271 nömrəli arayışından görünür ki, iddiaçı, Ucar rayonu, Boyat kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh, Ucar rayonu, Boyat kəndində qeydiyyatdadır. İş materiallarında olan A 088256 nömrəli torpaq sahəsinin planı və ölçüsü adlı sənədin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə X2 Ucar rayonu, Boyat kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 3166.3 kv.metr ölçüdə torpaq sahəsi verilmiş, X12 kitabında 15 iyul 2009- cu ildə 235 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 07 yanvar 2012-ci ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2021-ci il tarixli, 10/3342 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Ağsu LTİ-nin mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: Elektron baza məlumatlarına ilə naturada faktiki istifadə vəziyyəti arasında sahə, konfiqurasiya fərdi və uyğunsuzluq mövcuddur. Belə ki, naturada mövcud yol ilə elektron baza məlumatlarında əks olunan yol arasında konfiqurasiya və ölçü fərqi mövcud olduğundan yolun kimin tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmadı. Elektron baza məlumatları ilə naturadakı faktiki istifadəçilik arasında uyğunsuzluq olduğundan Cavabdeh tərəfindən qeyd olunan yolun nə qədər ölçüdə və hansı hissəsində istifadə etdiyini müəyyən etmək mümkün olmadı. Cavabdeh mərhum atası X2 fərdi yaşayış evi tikmək üçün verilmiş, AN088256 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsi naturada faktiki istifadə olunan ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi mövcuddur. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. Qeyd olunanlar nəzərə alınmaqla, mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 158.2 və 170.2-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, naturada mövcud yol ilə elektron baza məlumatlarında əks olunan yol arasında konfiqurasiya və ölçü fərqi mövcud olduğundan yolun kimin tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamış, elektron baza məlumatları ilə naturadakı faktiki istifadəçilik arasında uyğunsuzluq olduğundan Cavabdeh tərəfindən qeyd olunan yolun nə qədər ölçüdə və hansı hissəsində istifadə etdiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının tələbi əsaslı və qanunauyğun deyildir, buna görə də iddiaçının iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırmadığından məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etdiyindən onun göstərdikləri əsaslı hesab edilməlidir. Cavabdeh iddiaçının açılmasını tələb etdiyi yolu tutmamasını və həmin yolun ona atasından qalma yol olduğunu bildirsə də, bununla bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, ekspert və mütəxəssis rəyləri ilə naturada mövcud yol ilə elektron baza məlumatlarında əks olunan yol arasında konfiqurasiya və ölçü fərqi mövcud olduğundan yolun kimin tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamış, elektron baza məlumatları ilə naturadakı faktiki istifadəçilik arasında uyğunsuzluq olduğundan Cavabdeh tərəfindən qeyd olunan yolun nə qədər ölçüdə və hansı hissəsində istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. Buna görə də iddiaçının iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin bu qənaətinin nəticəsi olaraq mübahisə həll edilməmiş qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, tərəflərin qarşılıqlı münasibətlərini düzgün qiymətləndirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Əvvəla birinci instansiya məhkəməsinin qeyd etdiklərinin əksinə olaraq, mübahisəli yolun mövcud olması və həmin yolun cavabdeh tərəfindən istifadə edilməsi faktını ekspert rəyləri və iddiaçı ilə yanaşı cavabdehin özü də təsdiq etmişdir. X8 tərəfindən verilmiş 16.04.2021 -ci il tarixli 83 nömrəli ekspert rəyindən görünür ki, Ucar rayonu Boyat kəndi ərazisində İddiaçı mülkiyyətində olan, həmçinin onunla qonşuluqda yerləşən həyətyanı torpaq sahələrinin qarşısında, su arxına gedən, ümumi istifadə üçün yol yeri kəndin yerquruluşu xəritəsində nəzərdə tutulmaqla, bələdiyyə mülkiyyətinə aiddir. Kəndin yerquruluşu xəritəsində, ümumi istifadə üçün yol yeri 300 metr uzuluqda və 5-7 metr enində ölçüdə nəzərdə tutulur. Ümumi istifadə üçün nəzərdə tutulmuş və su arxına gedən yol yerinə qonşu (ANs 088257 saylı 15.07.2009-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü üzrə torpaq sahibi) Cavabdeh tərəfindən müdaxilə olunaraq, ümumi yolun eni 5-7 metr, uzunluğu 84 metr (su arxınadək) ölçüdə olan hissəsi metal tor vasitəsi ilə hasara alınmış və metal darvaza quraşdırılaraq su arxına gediş-gəliş tam bağlanılmışdır. Mülki işin materiallarında olan 09 fevral 2018-ci il tarixli 30485 nömrəli və 20 sentyabr 2019-cu il tarixli 22291 nömrəli ekspert rəylərinin surətindən görünür ki, qeyd olunan mübahisəli torpaq sahəsi qərb hissədən 5 metr, şərq hissədən 7 metr olmaqla X2 fərdi yaşayış evi tikmək üçün verilmiş 7109,32 kvm torpaq sahəsinin hüdudları xaricindədir. Həmin yol ümumi istifadə üçün nəzərdə tutulmuşdur, X1 giriş qapısından sonrakı hissə tutulmuşdur. İddiaçı qeyd olunan yolun su arxına qədər uzunluğunda və 2 metr enində açılmasını xahiş edir. İşin yuxarıda göstərilən halları onu deməyə əsas verir ki, iddiaçı hazırki iddia üzrə tələbində haqlıdır və onun iddiası təmin edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmədiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Ucar Rayon Məhkəməsinin 9 mart 2021-ci il tarixli 2(063)–18/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolun açılması tələbinə dair iddiası təmin edilməli, Ucar rayonu Boyat kəndi ərazisində İddiaçı mülkiyyətində olan torpaq sahəsindən su arxına qədər uzanan 2 metr enində ümumi istifadədə olan yol açılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 9 mart 2021-ci il tarixli 2(063)–18/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolun açılması tələbinə dair iddiası təmin edilsin. Ucar rayonu Boyat kəndi ərazisində İddiaçı mülkiyyətində olan torpaq sahəsindən su arxına qədər uzanan 2 metr enində ümumi istifadədə olan yol açılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar