Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1139/2020 11.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı və X5 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-453/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə X5 İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, 126 saylı əmrinin qanunsuz və əsassız hesab edilməklə ləğv edilməsi, onun məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki şəhər X2 direktor müavini vəzifəsinə işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-453/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə X5 İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, 126 saylı əmrinin qanunsuz və əsassız hesab edilməklə ləğv edilməsi, onun məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki şəhər X2 direktor müavini vəzifəsinə işə bərpa edilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin həmin qətnaməsindən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən və qətnamə çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş, tətbiq edilməli olan hüquq normasını düzgün təfsir etməmişdir. Nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, o, xx xxxxxx 2017-ci ildə müddətsiz əmək müqaviləsi bağlayaraq Şəki şəhər X2 direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. 2018-ci ilin dekabr ayının 20-də onun 65 yaşı tamam olmuş və onunla bağlanmış əmək müqaviləsi 1 (bir) il müddətinə, yəni xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Lakin X5 İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, 126 nömrəli əmri ilə qanunsuz ve əsassız olaraq onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddesinin «b» bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 2019-cu il dekabrın 23-nə təyin edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx xxxxxxx 2019-cu il tarixli, 7/24 nömrəli qərarı ilə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2019-cu il dekabr 23-nə təyin edilmiş və bundan sonra seçkilərə start verilmişdir. O da xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixinə kimi 113 saylı Şəki şəhər seçki dairəsinin 7 saylı məntəqə seçki komissiyasının katibi vəzifəsində işləmiş, ona görə də xx xxxxxx 2019-cu il tarixədək orta aylıq əmək haqqı və iş yeri saxlanılmaqla işdən azad edilmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixinədək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi ilə bağlı eyni ilə 113 saylı Şəki şəhər seçki dairəsinin 7 saylı məntəqə seçki komissiyasının katibi vəzifəsində işləmişdir. Beləliklə, o, xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək seçkilərdə iştirak etmişdir. X5 İdarəsinin xx xxxxxx 2019cu il tarixli, 126 nömrəli əmrinin məzmunu qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, həmin əmrdə müəssisənin hüquqi ünvanı, işə götürənin adı və ata adı göstərilməmişdir. Həmçinin, əmrdə müəssisənin hüquqi ünvanı qeyd edilməmişdir. Ümumiyyətlə, həmin əmrin əmək müqaviləsinə xitam verilməsi barədə əmr olması da görünmür. Bundan əlavə X5 İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, 126 nömrəli əmrinə əlavə edilmiş 2-ci paraqrafla onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və həmin tarixdə o, əmrlə tanış edilməmişdir. Onun həmin əmrin mövcudluğundan xx xxxxxx 2020-ci il tarixdə təsadüfən məlumatı olmuşdur. Beləliklə, o, X5 İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, 126 saylı əmri ilə qanunsuz və əsassız olaraq işdən azad edilmişdir. X5 İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 126 nömrəli əmrinə nəzər yetirdikdə görünür ki, həmin əmrin məzmunu qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, həmin əmrdə müəssisənin hüquqi ünvanı, işəgötürənin adı və ata adı göstərilməmişdir. Həmçinin əmrdə müəssisənin hüquqi ünvanı qeyd edilməmişdir. Əmrin imza bölümünə nəzər saldıqda isə “X5 İdarəsinin rəisi əvəzi X.Səlimli qeyd edilmişdir ki, yenə buradan da hansı X5 İdarəsinin rəisi əvəzinin kim olması məlum deyil. Ümimiyyətlə xx xxxxxx 2019-cu il tarixli 126 nömrəli əmrə nəzər yetirdikdə həmin əmrin əmək müqaviləsinə xitam verilməsi barədə əmr olması da görünmür. Belə ki, əmrin girişində “Əmək müqaviləsinin müddətinin uzadılması barədə” əmr olması qeyd edilmişdir. Belə adla qeyd edilmiş əmrə əlavə paraqraf əlavə etməklə əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinin kobud pozulmasıdır. Onun xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək seçkilərdə iştirak etməyiylə əlaqədar iş yerinin saxlanılmaqla işdən azad olmağını nəzərə alanda qanunvericiliyin tələbinə görə işəgötürən onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verə bilməzdi. Belə ki, qanunvericiliyin tələbinə görə işəgötürən işçi işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmçinin bilindiyi kimi həmin vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli № 461 nömrəli qərarına əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilmişdir. Deməli o faktiki olaraq 2020-ci ilin yanvar ayının 3 və 6 günləri işləmiş olur. Lakin ona sadəcə 2019-cu ilin dekabr ayının əmək haqqı verilmişdir. Həmçinin 2020-ci il yanvar ayının 3 və 6-sı işlədiyindən işəgötürən onunla bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixdə xitam verməsi qanunsuz və əsasssızdır. İşin faktiki hallarından da göründüyü kimi onunla bağlanmış əmək müqaviləsinin müddəti xx xxxxxx 2019-cu ildə bitir. Əgər işəgötürən onunla bağlanmış əmək müqaviləsini uzadırsa bu barədə əmək müqaviləsinə qeyd aparmalı və bu hər iki tərəf tərəfindən imzalanmaqla təsdiq edilməli idi. Həmin əmr işəgötürənin birtərəfli mövqeyidir. Həmçinin əmək müqaviləsinin uzadılması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında da qeydiyyatdan keçirilməmişdir. Halbu ki, belə olan halda əmək müqaviləsi bildirişi bazasında da dəyişikliklərin edilməsi zəruridir. Bir daha qeyd edilməlidir ki,cari əmək müqaviləsinə müddətinin artırılması ilə bağlı əlavənin və əmrin hazırlanmalıdır. İşəğötürən elektron informasiya sistemində müvafiq düzəliş etməlidir. Cavabdehin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri qanunsuz və əsassız olmasına Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə açıq aşkar tələb verməməsinə baxmayaraq birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏƏSMN-nin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X4 əsassız olaraq bildirmişdir ki, X5 İdarəsinin rəisi vəzifəsini icra edən Xatirə Səlimli tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 126 nömrəli əmri əmək qanunvericiliyinin tələblərinə uyğundur. Belə ki, tərəflərin razılığı ilə əmək müqaviləsi bir ildən artıq olmayan müddətə, yəni xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək uzadılmış və iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndinə əsasən xx xxxxxx 2019-cu il tarixdən tutduğu vəzifədən azad olunmuşdur. Ona görə də qeyd olunan hallar nəzərə alınaraq Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-453/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-453/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X5 İdarəsinin nümayəndəsi X6 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)- 453/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-453/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı arasında xx xxxxxx 2017-ci il tarixdə Şəki şəhər X1 direktor müavini vəzifəsinə təyin edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə 65 yaşı bitdiyindən X5 İdarəsinin xx xxxxxx 2018-ci il tarixli, 139 §2 saylı əmri ilə ərizəsi nəzərə alınmaqla onunla bağlanmış əmək müqaviləsinin müddəti xx xxxxxx 2019-cu il tarixədək 01 (bir) il müddətinə uzadılmışdır. Daha sonra İddiaçı ərizəsi nəzərə alınmaqla onunla bağlanmış əmək müqaviləsinin müddəti xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Beləliklə, xx xxxxxx 2019-cu il cari ilin sonuncu iş günü olduğundan İddiaçı ilə bağlanılmış fərdi əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndinə əsasən xx xxxxxx 2019-cu il tarixdən xitam verilmiş və ona axırıncı haqq-hesab ödənilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Аzərbаycаn Respublikаsı Əmək Məcəlləsinin (bundаn sоnrа Əmək Məcəlləsinin) 68-ci mаddəsinin İ hissəsinə əsаsən əmək müqаviləsinə yаlnız bu Məcəllə ilə müəyyən edilmiş əsаslаrlа və qаydаdа xitаm verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək müqavilələrinə xitam verilməsinin əsasları 68-ci maddədə tənzimlənir. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda; Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilməklə (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlana bilər. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 8-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə-illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Həmin Məcəllənin 8-ci maddəsinin 2-ci hissəsinə əsasən illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Göründüyü kimi qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Həmin Məcəllənin 10-1.1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Həmin Məcəllənin 179-cu maddəsinin 1-ci bəndinə əsasən işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, X5 İdarəsi dövlət büdcəsindən maliyyələşən müəssisə olduğundan burada çalışmanın yaş həddi 65-dir. İddiaçı xx xxxxxx 2018-ci il tarixdə 65 yaşı tamam olmuş, lakin işəgötürən tərəfindən tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi 01 (bir) il müddətinə uzadılmışdır. Müddətli əmək müqaviləsinin müddəti xx xxxxxx 2019-cu il tarixdə başa çatmış, lakin iddiaçının ərizəsi nəzərə alınmaqla, tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi 1 ildən çox olmayan müddətə, yəni 10 gün müddətinə - xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Müddətli əmək müqaviləsinin müddəti xx xxxxxx 2019-cu il tarixdə başa çatmış, işçi və işəgötürən arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Daha sonra şikayətdə qeyd edilir ki, X5 İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, 126 nömrəli əmrinin məzmunu qanunvericiliyin tələblərinə cavab vermir. Həmin əmrdə müəssisənin hüquqi ünvanı, işəgötürənin adı və ata adı göstərilməmişdir. Həmçinin, əmrdə müəssisənin hüquqi ünvanı qeyd edilməmişdir. Ümumiyyətlə, həmin əmrin əmək müqaviləsinə xitam verilməsi barədə əmr olması da görünmür. Kollegiya şikayətin həmin dəlili ilə razılaşmır. İş materiallarının 7-ci səhifəsində olan iddiaçının işdən azad olunması barədə əmrin surətindən görünür ki, əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğundur. Daha sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixli, 126 saylı əmri imzalamış şəxsin həmin vaxt buna səlahiyyətinin olmadığını əsas gətirsə də, bu hal məhkəmə iclasında öz təsdiqini tapmamış, X5 İdarəsinin rəisi Mirvari Zeynalovanın cari ildə istifadə etmədiyi illik məzuniyyət günləri hesabına xx xxxxxx 2019-cu il tarixdən 16 gün müddətinə növbəti əmək məzuniyyətinə buraxıldığı müəyyən edilmişdir. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 179-cu maddəsinin 1-ci bəndinə əsasən işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Gründüyü kimi qanunverici 65 yaşına çatmış işçisinin müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilməsini kəsici müddət kimi göstərmişdir. Yəni 65 yaşına çatmış işçinin müqavilə müddəti başa çatdığından onun seçki məntəqəsində hansı vəzifə daşımasından asılı olmayaraq müqavilə müddəti bitdiyindən əmək müqaviləsinə xitam verilə bilərdi. İddiaçı apelyasiya şikayətində bir sıra arqumentlər gətirsə də, sübut əhəmiyyəti daşıyan dəlillər təqdim etməmiş, yalnız mülahizələrlə çıxış etmişdir. Beləliklə, X5 İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 126 saylı əmri verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmamış, iddia ərizəsində həmin əmrin qanunsuz və əsassızlığını göstərən hallar öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-453/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-453/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1139/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1139/2020
11.06.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver