Məhkəmə qərarları › İş №2(107)-1143/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1143/2021

07.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1143/2021 07.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı, onun vəkili X4, cavabdeh “Cavabdeh» MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh» MMC-nə qarşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(025)-857/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(025)-857/2020 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) İddiaçı cavabdeh “Cavabdeh» MMC-nə qarşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(025)-857/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Qətnamədən narazı qalan İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2(107)- 2098/2020 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli tarixli, 2(107)-2098/2020 nömrəli qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına göndərilmişdir. İşin halları: İddiaçı cavabdeh “Cavabdeh» MMC-nə qarşı «işə bərpa olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onun işdən azad etməyi barədə əmrin əsassız olduğu və əmək qanunvericiliyinin tələblərinə əməl edilmədən verildiyi nəzərə alınaraq ləğv edilməsi və vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC-də 14 ildir çalışır. 12 ildir ki, İnsan Resursları şöbəsinə rəhbərlik edir. 2018-ci ildə müəssisəyə direktor təyin edilmiş Elşad Paşayev onun qanunsuz əməllərinə etiraz etdiyi üçün onunla açıq düşmənçiliyə başlamışdır. Bir ildən çox çəkən çəkişmələrdən, əsəb gərginliyindən sonra 2019-cu ilin may ayında müəssisə rəhbərliyi onu qanunsuz olaraq, ştat ixtisarı bəhanəsi ilə işdən azad etmişdir. O, işə bərpa olunması üçün məhkəməyə müraciət etmiş və Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə əvvəlki vəzifəsinə bərpa olunaraq 6 sentyabr 2019-cu il tarixdə işə başlamışdır. Elə birinci iş günü ona məlum olmuşdur ki, direktor bütün işini, gücünü atıb ona qarşı mübarizə aparmağı qarşısına məqsəd qoymuşdur. Belə ki, elə birinci iş günü müəssisəyə daxil olan məktubları açıb qeydə alıb, direktora təqdim edən kimi ondan nə ixtiyarla məktubları açdığı barədə yazılı izahat tələb etmişdir. Bundan sonra E.Paşayev sanki İnsan Resursları şöbəsinin rəisi yoxmuş kimi şöbəyə aid tapşırıqları şöbə rəisinə deyil, şöbənin adi bir əməkdaşına verməyə başlamışdır. İşə bərpa olunduğu gündən direktor, kadrlar şöbəsinin möhürünü və künc ştampını özündə saxlayaraq şöbə rəisinə verməmiş, səbəbini soruşduqda «zəhmət çəkib gətirərsiniz sənədi mənim yanıma, burda imzalanar» deyə cavab vermişdir. Bu cılız hərəkət direktorun onu alçaltmaq üçün atdığı addımlardandır. Bu ilin fevral ayında müəssisə PSC MMC adlı şirkətlə xxxx bağlayaraq, İnsan Resursları işlərini bu şirkətə həvalə etmişdir. Şöbənin işçilərinə öz xahişi ilə işdən azad olunaraq həmin şirkətə keçmələrini təklif etmişlər. Bununla belə müəssisədə İnsan Resursları şöbəsi ləğv edilməmişdir. O, könüllü ərizə yazmayacağını və heç bir başqa şirkətə keçməyəcəyini bildirdikdə onu yenidən «ixtisar» adı ilə işdən uzaqlaşdırmağa başlamışlar. Bunun üçün müəssisə həmkarlar komitəsinin heç bir prosedura sığmayan iclasını keçirmişdir. İclasda cəmi 5 nəfər direktora yaxın işçilər iştirak etmişlər. Halbuki, həmkarlar komitəsinin həmin anda 70 üzvü olmuşdur. Nəhayət, 16.05.2020-ci il tarixdə ona PRS MMC-yə keçmədiyi üçün ixtisar ediləcəyi barədə xəbərdarlıq məktubu verilmişdir. Xəbərdarlıq müddəti 21.07.2020-ci il tarixdə bitmiş və o, direktorun imzaladığı əmrə əsasən işdən azad edilmişdir. Lakin hələ iyul ayının əvvəlində PSC MMC-nin fəaliyyətinə xitam verilməsi faktı nəzərə alınmamışdır. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, qətnaməni əsassız və qeyri-obyektiv hesab edir. Birinci instansiya məhkəməsi faktları araşdırmağı lazım bilməmiş, göstərilənlərin təsdiq və ya təkzib edilməsini cavabdeh tərəfdən tələb etməmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(025)- 857/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, onun vəzifəsinə bərpa edilməsi və ƏM-in 300.1 maddəsinə əsasən məcburi buraxdığı iş günləri üçün əmək haqqı ödənilməsi üçün yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, onu fəaliyyət göstərməyən işə keçmədiyinə görə işdən azad etmişdilər. İşçinin ixtisarı ilə əlaqədar həmkarlar komitəsinin icazəsi olmalı idi. Lakin həmkarlar komitəsinin iclasında 70-dən yuxarı üzvündən 5 üzvü iştirak etmiş və formal qərar çıxarılmışdır. Odur ki,apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndi tələb edir ki, işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarin hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı idi. Lakin “Cavabdeh» MMC şöbə rəisi ştatının nə üçün ləğv etdiyini əsaslandırmamışdır. Şöbənin ləğvi ilə əlaqədar qərar olmalı idi, lakin bu qərar mövcud olmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(025)-857/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Cavabdeh “Cavabdeh» MMC-nin nümayəndəsi X9 məhkəmə kollegiyasının iclasında bildirdi ki, Cavabdeh MMC ilə “X17” MMC arasında 14 fevral 2020-ci il tarixində hüquq, maliyyə, vergi, mühasibətlıq, kadr işləri və s. xidmətlərinin göstərilməsinə dair müvafiq xxxx bağlanmışdır. Bu müqavilənin imzalanmasında, yəni bəzi xidmətlərin məhz ayrıca hüquqi şəxsdən alınmasında məqsəd şirkətin xərclərinin optimallaşdırılması olmuşdur. Beləliklə, sözügedən xxxxnin imzalanmasından sonra cavabdeh MMC-nin bəzi əməkdaşlarına (göstəriləcək xidmətin konsepsiyasına uyğun olaraq) həmin şirkətə işə keçmək təklifi 23.04.2020-ci il tarixində edilmiş və İddiaçı başqa bütün təklif edilən işçilər onlara olan təkliflə razılaşaraq yeni işə keçirilmişlər. İddiaçı razılaşmadığından, o ona edilmiş təklifi qeyri-səmimi dəyərləndirdiyindən etiraz etdiyini bildirmiş və öz vəzifəsində qalaraq işləməyə davam etmişdir. Müəssisə tərəfindən bu hal tamamilə qanuna uyğun hesab edilmişdir. Çünki, AR qüvvədə olan Konstitusiyasının 35-ci maddəsinə uyğun olaraq əmək müqavilələri sərbəst bağlanılır və heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Ona görə də Əliyevin fikrinə hörmətlə yanaşılararaq Cavabdeh MMC tərəfinfən 08.05.2020-ci il tarixində MMCnin Həmkarlar İttifaqı Komitəsinin sədri X12 54/20 saylı müraciət ünvanlanmışdır. 12.08.2020-ci il tarixdə Cavabdeh MMC nin Həmkarlar İttifaqı Komitəsi sədrinin imzası ilə İddiaçı ünvanlanmış məktubda Cavabdeh MMC tərəfindən 08.05.2020-ci il tarixdə onun tutduğu vəzifədən azad edilməsi ilə bağlı təqdimata baxılması üçün Həmkarlar İttifaqı Komitəsinə müraciət daxil olduğu nəzərinə çatdırılmaqla 12.05.2020-ci il tarixində saat 15:00 da baxılacaq iclasda iştirakının mütləq olduğu bildirilmişdir. (Məktubun iddiaçıya çatıdırılması onun öz imzası ilə təsdiq edilir). Cavabdeh MMC nin Həmkarlar İttifaqı Komitəsinin yığıncağının 12.05.2020-ci il tarixli 2 nömrəli protokolunun surətindən göründüyü kimi həmkarların sədrinin və üzvlərinin iştiarkı ilə keçirilmiş iclas baş tutmuş və yekunda çıxışlar dinlənilərək Cavabdeh MMC nin Həmkarlar İttifaqı Komitəsi (sədr və üzvlər) İddiaçı işdən azad olunmasın öz etirazlarını bildirməmişlər. 19 may 2020-ci il tarixində işəgötürən tərəfindən 58/20 saylı məktubla Əliyevə müvafiq ştat vahidinin ləğv edilməsi barədə xəbərdarlıq məktubu verilmişdir. Xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, Cavabdeh MMC ilə “X11” MMC arasında bağlanmış 14 fevral 2020-ci il tarixli xxxxnə əsasən İnsan resursları şöbəsinin bütün funksiyaları “X11” MMC tərəfindən həyata keçiriləcək, buna əsasən müəssisədə İnsan Resursları şöbəsinin ştatının ləğv edilməsi qərarına gəlinmişdir. Bu səbəbdən o, işçi kimi müəssisənin Həmkarlar ittifaqı komitəsi ilə razılaşaraq AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar olunur. Cəmiyyətə Əliyevin stajının 12 ildən artıq olduğu nəzərə alınaraq onun üçün AR ƏM-nin 77-ci maddəsinin tələbinə əsasən 9 təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərədə tutulmuş və həmin maddənin 3-cü bəndinə əsasən orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət verilməsi qərara alınmışdır. 19 may 2020-ci il tarixindən başlayan xəbərdarlıq müddəti 21.07.2020-ci il tarixində başa çatacaqdır. Həmin xəbərdarlıq məktubu Əliyevə elə verildiyi gün onun tərəfindən qəbul edilmişdir. Beləliklə, 21.07.2020-ci il tarixli X-20/15 saylı əmrlə iddiaçı AR ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə onun əmək müqaviləsinə xitam verilmişdir. Eynilə 21.07.2020-ci il tarixli Ş-20/68 nmrəli “ştat vahidinin ləğv edilməsi haqqında” əmrin surətindən göründüyü kimi həmin əmrlə 21.07.2020-ci il tarixindən etibarən müəssisənin ştat cədvəli üzrə İnsan Resursları şöbəsində bir tam ştat vahidi “Şöbə rəisi” vəzifəsi ləğv edilmişdir. Sual doğuran və sübut edilməsi labüd olan məqamlardan biri o odur ki, İnsan Resursları şöbəsinin ləğv olunması səbəbəri nə olmuşdur və zərurət işəgötürənin hansı sənədində öz əksini tapmışdır? Hörmətli kollegiyanın nəzərinə çatıdırırıq ki, Cavabdeh İnsan Resursları şöbəsinin ləğv edilməsi zərurəti məssisənin rəhbəriyinin optimallaşma və islahatların aparılması ilə əlaqədar almış olduğu qərarla bağlı olaraq, bilavasitə həmin qərarın icrasına yönəlmişdir. Bu zərurətin işəgötürənin məhz hansı qərarında və ya əmrində yaxud sərəncamında öz əksini tapması isə müəssisənin rəhbəri Elşad Paşayev tərəfindən qəbul edilmiş Z-13A/20 saylı, 17.01.2020-ci il tarixli əmrdə əks və təsvir edilmişdir. Digər bir məqam isə bu ləğv olunmanın formal xarakter daşıyıb daşımamasının müəyyən edilməsidir. Bu addımın formal xarakter daşıyıb daşımaması öz təsdiqini və sübutunu bilavasitə müəssisənin 01.06.2021-ci il tarixinə olan ştat cədvəlində tapır. Belə ki, həmin ştat cədvəllərinə nəzər saldıqda aydın şəkildlə görmək mümkündür ki, İnsan Resursları şöbəsi 2021- ci il üzrə Cavabdeh mövcud olmamışdır. Bu fakt isə bir daha təsdiq edir ki, İnsan Resursları şöbəsinin ləğvi formal xarakter daşımamışdır. Cavabdeh ilə “Mars Overseas” şirkəti arasında insan resursları və kadr işlərinin aparılması (ətraflı təsvir müqavilənin əlavəsində təsvir edilmişdir) xidmətlərinin göstərilməsi haqqında 17.07.2020-ci il tarixli 110/MQ/20 saylı müqavilə imzalanmışdır. (4 saylı Əlavə). O cümlədən, əlavə 5 də qeyd edildiyi kimi 10.03.2021- ci il tarixli eyni tərəflər arasında olan eyni məzmunlu müqavilə də (Əlavə 5) mövcuddur ki, bu hal da təsdiq edir ki, həqiqətən də cavabdeh müəssisə İnsan Resursları və kadr işi xidmətini daxildən deyil, digər şirkətin xidmətirndən istifadə edilməklə aparır. Bunları qeyd etməklə məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, ilkində İnsna Resursları və kadr işi xidmətinin göstərilməsi məhz PSC ilə bağlanmışdırsa da sonradan Z-13A/20 saylı, 17.01.2020-ci il tarixli əmrin icrası ilə ələqədar nəzərədə tutulmuş xidmətlərin toplu şəklində təklif edən digər bir şirkət- “Mars Overseas” şirkətinin təklif etdiyi xidmətlər paketi və şərtlər X29 zavoduna daha səmərəli və sərfəli gəldiyi üçün, həmçinin PSC şirkəti fəaliyyətə başlayan kimi pandemiya ilə üzləşməsi və göstərdiyi xidmətlərini söz verdiyi səviyyədə təşkil edə bilmədiyi üçün cavabdeh müəssisə onunla bağlanmış müqaviləyə xitam vermək qərarına gəlmişdir. Mülki Prosessual Məcəllənin 385-ci maddəsində Qəbələ rayon məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün nəzərdə tutulan heç bir əsas mövcud deyildir. Odur ki,apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli, 2(102)-2686/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli tarixli, 2(107)-2098/2020 nömrəli qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli 2(102)-2686/2021 saylı qərarında göstərilmişdir ki, Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, işə birinci instansiyada işə baxan məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, apellyasiya məhkəməsi də həmin qətnaməni dəyişdirmədən saxlamaqla səhvə yol vermişdir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşdən görünür ki, «X11» MMC-nin baş direktoru 25.06.2020-ci il tarixdə şirkətin bütün işçilərinə və müştəri müəssisələrə elektron məktubla müraciət edərək, şirkətin bundan sonra müştərilərinə xidmət göstərə bilməyəcəyini və işçilərin işdən azad olunaraq öz əvvəlki müəssisələrinə qayıdacağını göstərmişdir. Bu barədə ididaçı tərəfindən iş materiallarına sənəd əlavə olunmasına və və apellyasiya şikayətinin dəlillərində göstərməsinə baxmayaraq apellyasiya məhkəməsi həmin dəlillərə hüquqi qyimət verməmiş, xidmət edən cəmiyyət fəaliyyətini dayandırdığı halda, Cavabdeh MMC-nin direktorunun təqribən bir ay sonra İnsan Resursları şöbəsində bir tam ştat vahidi-«şöbə rəisi» vəzifəsi ləğv edilməsi və şöbəsi rəisinin vəzifəsində çalışan İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70- ci maddəsinin «b» bəndi (ştat ixtisarı) ilə xitam verilməsi barədə 21.07.2020-ci il tarixli əmrlərin hansı zərurətdən irəli gəlməsini əsaslandırmamasını diqqətdən qaçırmışdır. 14 fevral 2020-ci il tarixli “xxxx”ndə MMC-nin İnsan Resursları şöbəsinin bütün funksiyaları «X11» MMC-yə keçməsi, bununla da həmin şöbənin özü fəaliyyətini dayandırmalı idi. Cavabdeh MMC-nin direktorunun 21 iyul 2020-ci il tarixli əmri ilə “şöbə rəisi» ştatı ləğv olunmuş, şöbənin ləğvi, şöbənin digər əməkdaşları ilə olan əmək müqaviləsinə xitam verilməsi halı baş verməmişdir. Lakin işə baxan məhkəmələr İnsan Resursları şöbəsi fəaliyyət göstərdiyi halda həmin şöbənin rəisi ştatının ləğv olunmasın səbəblərini, bu faktın formal xarakter daşıyıb daşımadığını müəyyən etməmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normaları düzgün tətbiq etməmiş, bu da düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Bu hallar apellyasiya şikayətində qeyd edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri ilə bağlı heç bir araşdırma aparmamış, ümumi sözlərlə apellyasiya şikayətininin əsassız olması qənaətinə gəlmişdir Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(025)-857/2020 nömrəli qətnaməsi ləğv edilməli, iddia isə təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri sayır ki, MPM-nin 2.1-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. MPM-in 88, 217.1 və 217.2-ci maddələrinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiyanın 25-ci maddəsinə əsasən iddiaçı və cavabdeh qanun və məhkəmə qarşısında bərabərdirlər, məhkəmə tərəfindən isə onlar arasında yaranmış mübahisəyə çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipinə uyğun olaraq baxılmalıdır.Tərəflərin məhkəmə prosesində bərabərliyi onların tələb və etirazlarının əsaslandırılması üçün gətirdikləri dəlillərə qərəzsiz qiymət verilməsindən ibarətdir. MPM-in 220.4-cü maddəsinin tələbinə görə sübutlara verilmiş qiymətin nəticəsi məhkəmə tərəfindən qəbul olunmuş qətnamənin əsaslandırıcı hissəsində göstərirlir. Məhkəmə qətnamənin həmin hissəsində hər hansı qənaətə gələrkən əsaslandığı sübutları və hər hansı bir sübutun rədd edilməsinin əsaslarını göstərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1 -ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MPM-in 14.2 və 77.1 -ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki və mülki prosessual qanunvericiliyin yuxarıda sadalanmış maddələrinin mənasından göründüyü kimi mülki hüquq pozuntusu - deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İşdə olan Cavabdeh MMC-nin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Göyçay bölgə şöbəsində 21 iyun 2007-ci il tarixdə 0707- Y5455 nömrə ilə qeydiyyata alınmış nizamnaməsindən görünür ki, MMC təsis olunan vaxt təşkilati forması məhdud məsuliyyətli cəmiyyət təşkil edən müəssisənin hüquqi ünvanı Qəbələ şəhəri, E.Kərimov 34 olmuşdur. Gəmiyyətin təsisçisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 15.09.2005-ci il tarixdə 1105-T13-3907 nömrə ilə dövlət qeydiyyatına alınmış ünvan 4 ünvanı olan «Gilan» məhdud məsuliyyətli cəmiyyətidir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərin dövlət reyestrindən 01.03.2018-ci il tarixdə verilmiş **********090500 nömrəli çıxarışdan görünür ki, 21.06.2007-ci il tarixdə qeydiyyata alınmış Cavabdeh MMC-nin nizamnamə kapitalı miqdarı 377,340.00 manat təşkil etməklə 10 saylı Ərazi Vergilər İdarəsində «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Cavabdeh MMC-nin təsisçisinin 28 fevral 2018-ci il tarixli qərarından görünür ki, həmin tarixdən X10 Cavabdeh MMC-nin direktoru vəzifəsindən azad edilərək onun yerinə X18 bu vəzifəyə təyin edilmişdir. İşdə olan Cavabdeh MMC ilə «X11» MMC arasında 14 fevral 2020-ci il tarixdə bağlanmış 140 nömrəli «xxxx»nin surətindən görünür ki, həmin müqavilənin predmetinə əsasən - icraçı şirkət tərəfindən verilmiş sifarişlərə əsasən bu Müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə göstərilən xidmətləri təmin etməyi, şirkət isə hazırkı müqavilənin şərtlərinə və müddətlərinə müvafiq olaraq icra edilən xidmətləri qəbul edib xidmət haqqını bu müqavilə ilə razılaşdırılmış vaxtda icraçıya ödəməyi öz üzərinə götürürlər. İşdə olan «X11» MMC-nin direktoru X15 imzası ilə İddiaçı ünvanlanmış təklifdə ona İnsan Resursları şöbəsinin rəisi vəzifəsi PSC Qəbələ ofisində təklif olunmuşdur. Təklifdə başlanğıc tarix olaraq 23.04.2020-ci il göstərilmişdir. İddiaçı təklifdə «təklifi qeyri-səmimi hesab etdiyim üçün etiraz edirəm» qeydi apararaq imzalamışdır. İşdə olan Cavabdeh MMC-nin direktorunun İddiaçı (Qəbələ şəhəri E.Kərimov küçəçi 34) ünvanladığı 19.05.2020-ci il tarixli, 58/20 nömrəli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, Cavabdeh MMC ilə «X11» MMC arasında 14 fevral 2020-ci il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İnsan Resursları şöbəsinin bütün funksiyaları «X11» MMC tərəfindən həyata keçiriləcək, buna əsasən müəssisədə İnsan Resursları şöbəsi ştatının ləğv edilməsi qərarına gəlmişdir. Bu səbəbdən də işsi kimi müəssisənin Həmkarlar İttifaqı komitəsi ilə razılaşaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin «b» bəndinə əsasən ixtisar olunur. Cəmiyyətdə əmək stajının 12 ildən artıq olduğundan Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən 9 təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulmuş və həmin maddənin 3-cü bəndinə əsasən orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət verilməsi qərarı verilmişdir. 19 may 2020ci il tarixdən başlayaraq xəbərdarlıq müddəti 21 iyul 2020-ci il tarixdə başa çatacaq. Bu müddət ərzində həftədə 1 gün olmaqla iş axtarmaq üçün vaxt veriləcək və həmin günlər əmək funksiyalarının icrasından azad olunacaqdır. Əmək Məcəlləsinin 77-ci maddəsinin 4cü bəndinə əsasən xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında müavinət götürə bilər. Bu halda əmək müqaviləsinə xitam veriləcək və xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılacaqdır. Həmin tarixdə xəbərdarlıq məktubu İddiaçı təqdim olunmuş və onun tərəfindən qəbul edilmişdir. İşdə olan Cavabdeh MMC-nin 08.05.2020-ci il tarixdə Həmkarlar İttifaqı Komitəsinin sədri X7 ünvanladığı 54/20 saylı müraciətində Cavabdeh MMC ilə «X11» MMC arasında 14 fevral 2020-ci il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İnsan Resursları şöbəsinin bütün funksiyalarının cəmiyyətdə aparılan optimallaşdırma məsqəsdilə «X11» MMC tərəfindən həyata keçiriləcəyi, artıq İnsan Resursları şöbəsində olan işçilərə «X11» MMC tərəfindən iş təklifi edildiyi və işə qəbul edildikləri, lakin İddiaçı təklif olunan işi qəbul etmədiyi, İnsan Resursları şöbəsinin rəisi ştatının ləğv edildiyi göstərilməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq bu barədə əsaslandırılmış formada yazılı şəkildə məlumat göndərildiyi, əmək qanunvericiliyin əsasən 10 gün ərzində əsaslandırılmış yazılı qərarın işəgötürənə təqdim edilməli olduğu, sonuncunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə tutduğu vəzifəsindən azad edilməsi ilə bağlı təqdimatın müzakirə edilərək qərarın təqdim olunması xahiş edilmişdir. İşdə olan Azərbaycan Kənd Təsərrüfatı və X24 Həmkarlar İttifaqı Federasiyasının «Kənd-Qida-İş» Həmkarlar İttifaqının İcraiyyə Komitəsinin 03 mart 2020-ci il tarixli 10 b.19 nömrəli kadrların təsdiqi barədə qərarın surətindən müəyyən edilir ki, Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 28 fevral 2020-ci il tarixli Ümumi Yığıncağının qərarı nəzərə alınaraq X13 MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə təsdiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 12.08.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış Azərbaycan Kənd Təsərrüfatı və X24 X1 (üçüncü redaksiya) 2.2-ci bəndində (Həmkarlar İttifaqının məqsəd və vəzifələri) dövlət və təsərrüfat idarələrində, məhkəmə orqanlarında, işəgötürən və sahibkarlar birliklərində, ictmai təşkilatlarda öz üzvlərinin və təşkilatlarının qanuni hüquq və mənafelərinin müdafiə edilməsi, işəgötərənlər, təsərrüfat və icra hakimiyəti orqanları ilə sahələrə aid razılaşmalar əldə etməsi, kollektiv müqavilələr bağlaması, kollektiv müqavilə və razılaşmalara əmək qanunvericiliyinə əməl olunmasına nəzarət etməsi və s. göstərilmişdir. İşdə olan Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsi sədrinin imzası ilə 12 may 2020-ci il tarixdə İddiaçı ünvanlanmış məktubda Cavabdeh MMC tərəfindən 08.05.2020-ci il tarixdə onun tutduğu vəzifədən azad olunması ilə bağlı təqdimata baxması üçün Həmkarlar İttifaqı Komitəsinə müraciət daxil olduğu nəzərinə çatdırılmaqla 12.05.2020-ci il tarixdə saat 15.00-da baxılacaq iclasda iştirakının mütləq olduğu bildirilmişdir. Məktub həmin tarixdə iddiaçıya təqdim edilmiş və o, məktubla tanış olduğuna dair qeyd aparmaqla məktubu imzlamışdır. İşdə olan Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin yığıncağının 12 may 2020-ci il tarixli 2 nömrəli protokolunun surətindən görünür ki, sədr X5, üzvlər X8, X3, X6 və X14 iştirakları ilə keçirilən iclasın gündəliyini Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinin rəisi İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə müəssisənin Həmkarlar Şttifaqı komitəsi tərəfindən razılıq verilməsi barədə müraciətinə baxılması təşkil etmişdir. Yığıncaq çıxışları dinləyərək qərara almışdır ki, Həmkarlar İttifaqı Komitəsi Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinin rəisi İddiaçı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq işdən çıxarılmasına etiraz etmir. İşdə olan Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri X5 18 may 2020ci il tarixdə Cavabdeh» MMC-nin direktoru X16 ünvanladığı 57/20 saylı məktubun surətindən görünür ki, Həmkarlar İttifaqı Komitəsi Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinin rəisi İddiaçı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq işdən çıxarılmasına etiraz etmir. İşdə olan Cavabdeh MMC-nin direktorunun 21.07.2020-ci il tarixli, Ş20/68 nömrəli «ştat vahidinin ləğv edilməsi edilməsi haqqında» əmrin surətindən görünür ki, həmin əmrlə 21.07.2020-ci il tarixindən etibarən müəssisənin ştat cədvəli üzrə İnsan Resursları şöbəsində bir tam ştat vahidi «şöbə rəisi» vəzifəsi (peşəsi) ləğv edilmişdir. Əmrə əsasən müəssisənin ştat cədvəlinə müvafiq dəyişiklik edilməsi, müəssisənin müvafiq strukturları tərəfindən əmrin icrasının təmini və bütün aidiyyəti üzrə şöbələrin məlumatlandırılması nəzərdə tutulmuşdur. İşdə olan Cavabdeh MMC-nin direktorunun 21 iyul 2020-ci il tarixli, X-20/15 nömrəli əmrindən görünür ki, həmin əmrlə cəmiyyətin İnsan Resursları şöbəsinin rəisi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 21.07.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (ştat ixtisarı) xitam verilmişdir. Əmrə əsasən son haqq hesab: 20 gün istifadə edilməmiş əsas məzuniyyət gününün pul əvəzinin ödənilməsi, Əmək Məcəlləsinin 77-3 maddəsinə əsasən 2 aylıq əmək haqqı məbləğində müavinət ödənilməsi nəzərdə tutulmuşdur. Əmrin verilməsinə əsas olaraq ştat ixtisarı və xəbərdarlıq məktubu qeyd edilmişdir. İddiaçı əmrlə tanış edilmiş və əmrin «tanış oldum» qeydinin qabağında onun tərəfindən imzalanmışdır. Məhkəmə kollegiyası apardığı araşdırmanın nəticəsi olaraq bu fikirdədir ki, İddiaçı cavabdeh “Cavabdeh» MMC-nə qarşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, 14 fevral 2020-ci il tarixli 140 nömrəli «xxxx»nə və müqaviləyə əlavələrə əsasən cavabdeh “Cavabdeh» MMC-nin İnsan Resursları şöbəsinin bütün funksiyaları «X11» MMC-yə keçmişdir. Bu müəssisələr biri digərinin struktur vahidi deyildir, müstəqil hüquqi şəxslərdlir. Göstərilən xidməti müqavilədən sonra cavabdeh “Cavabdeh» MMC-də struktur dəyişikliyi, İnsan Resursları şöbəsinin ləğv olunması, yaxud ştatların ixtisarı barədə cəmiyyətin idarəçilik orqanları (ümumi yığıncaq, direktor) tərəfindən hər hansı qərar qəbul edilməmişdir. O cümlədən nə həmin müqavilədə, nə də müqaviləyə əlavə edmliş 3 nömrəli əlavədə cavabbeh MMC-nin İnsan resursları şöbəsinin ləğv olunması, yaxud şöbədəki ştatların ixtisarı barədə har hansı bir göstəriş olmamışdır. Məhkəmə kollegiyası hesab etdir ki, göstərilənlərə baxmayaraq cavabdeh “Cavabdeh» MMC ilə «X11» MMC arasında 14 fevral 2020-ci il tarixdə bağlanmış “xxxx”sinin ştatların ixtisarı, yaxud MMC-də struktur dəyişikliyi barədə cəmiyyətin icra orqanının qərarı kimi qəbul etməkdə birinci instansiya məhkəməsi səhvə yol vermişdir. Müqavilə bağlanandan sonra müəssisədə struktur dəyişikliyi və ya ştat ixtisarı barədə MMC-nin səlahiyyətli vəzifəli şəxsi tərəfindən qərar qəbul olunmalı idi. MMC-də struktur dəyişikliyi və ya ştat ixtisarı haqqında qərar olmadan, köhnə ştat cədvəlinin ləğv, yeni ştat cədvəli təsdiq edilmədən İnsan Resursları şöbəsinin rəisi, İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar tədbirlərə başlanmış, ona işlədiyi MMC-də deyil, kənar müəssisədə («X11» MMC) iş təklif olunmuş, Cəmiyyətin Həmkarlar İttifaqı Komitəsinə təqdimat göndərilmiş, 9 həftə əvvəlcədən xəbərdarlıq edilməklə ona iş axtarmaq təklifi verilmiş, nəhayət 21.07.2020-ci il tarixdə «şöbə rəisi» ştatının ləğvi və əmək müqaviləsinə xitam olunması haqqında əmr verilmişdir. Halbuki MMC-də ştat ixtisarı, yaxud struktur dəyişikliyi haqqında işəgötürənin əmri olmadan İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yuxarıda göstərilən tədbirlərə başlana bilməzdi. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi qaydası pozulmuşdur. Digər tərəfdən təhlil edilən işdən aydın olur ki, «X11» MMC-nin baş direktoru 25.06.2020-ci il tarixdə şirkətin bütün işçilərinə və müştəri müəssisələrə elektron məktubla müraciət edərək, şirkətin bundan sonra müştərilərinə xidmət göstərə bilməyəcəyini və işçilərin işdən azad olunaraq öz əvvəlki müəssisələrinə qayıdacağını göstərmişdir. Göründüyü kimi, xidmət edən cəmiyyət fəaliyyətini dayandırdığı halda, Cavabdeh MMCnin direktorunun təqribən bir ay sonra İnsan Resursları şöbəsində bir tam ştat vahidi- «şöbə rəisi» vəzifəsi ləğv edilməsi və şöbəsi rəisinin vəzifəsində çalışan İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70- ci maddəsinin «b» bəndi (ştat ixtisarı) ilə xitam verilməsi barədə 21.07.2020-ci il tarixli əmrlərin hansı zərurətdən irəli gəlməsi əsaslandırmamışdır. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da xatırlatmağı zəruri bilir ki, iddiaçı bundan əvvəl də, yəni 2019-cu ilin may ayında qanunsuz olaraq işdən azad edilmiş və Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə əvvəlki vəzifəsinə bərpa olunaraq 6 sentyabr 2019-cu il tarixdə işə başlamışdır. ƏM-in 294-cü maddəsinin 1-ci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələrindən bəhs edən ƏM-in 300-cü maddəsində göstərəilmişdir ki, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydalarının tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir . “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarında görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin: 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. 2-ci bəndinə əsasən, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan da məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən maddi hüquq normasının tələbini pozmaqla əsassız qətnamə qəbul etmişdir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası iş üzrə yekun olaraq bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(025)-857/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddia təmin edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası şərh edilənlərə əsaslanaraq və MPM-in 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(025)-857/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh “Cavabdeh» MMC-nə qarşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh MMC-nin direktorunun 21 iyul 2020-ci il tarixli, X-20/15 nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-də işlədiyi İnsan Resursları şöbəsinə müdir vəzifəsinə bərpa olunsun. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar