Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1147/2021 06.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(075)-342/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1277 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq “xxxx” MMC-nin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(075)-342/2021 nömrəli (hakim E.Mehdiyev) qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1274,20 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı “xxxx” MMC-nə verilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN BDYP İdarəsi tərəfindən 24 aprel 2015-ci il tarixdə verilmiş AC N 481900 saylı texniki pasporta əsasən “London Taxi TX-4” markalı ** TH *** dövlət nömrə nişanlı avtomaşın “xxxx” MMCnə məxsusdur. Cavabdeh taksi xidmətinin göstərilməsi üçün “xxxx” MMC ilə 01,05.2018-ci il tarixində 1195/18, 26.04.2019-cu il tarixdə 1195 və 08.01,2020-ci il tarixdə 1195 saylı mülki-hüquqi xidməti müqavilə bağlayaraq taksi fəaliyyəti həyata keçirməsi məqsədi ilə ona “xxxx” MMC-yə məxsus “London Taxi TX-4” markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobil təhkim edilmişdir. Cavabdeh istifadəsinə verilmiş və idarə etdiyi "London Taxi TX-4" markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərdiyi müddət ərzində Cəmiyyətə ümumilikdə 1277 (bir min iki yüz yetmiş yeddi) manat təmir, cərimə və hasilat borcu yaranmışdır. Bələ ki, “xxxx” MMC-nin təmir sahəsində müxtəlif vaxtlarda tərtib olunmuş təmir aktlarından görünür ki, "London Taxi TX-4" markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomaşının təmir xərcləri 240.30 (iki yüz qırx manat otuz qəpik) manat təşkil etmişdir. Həmçinin Cavabdeh müxtəlif vaxtlarda hasilatın ödənilməsindən yayınaraq ümumilikdə hasilata 1023.90 (bir min iyirmi üç manat doxsan qəpik) manat və ödənilməmiş 126.40 (bir yüz iyirmi altı manat, qırx qəpik) inzibati cərimələr üzrə borcu yaranmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Hesab edir ki, həmin qətnamə qanunsuz, əsassız və ədalətsiz olduğundan, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul olunduğundan apellyasiya instansiyası məhkəməsində mütləq ləğv olunmalı, iddiaçı "xxxx" MMC-nin iddia tələbinin təmin olunmaması barədə yeni, qanuni və əsaslı qətnamə qəbul olunmalıdır. Şəki Rayon Məhkəməsinin 2(075)-342/2021 saylı, 04.03.2021-ci il tarixli qətnaməsi ilə mülki işin materialları tam, hərtərəfli və obyektiv araşdırılmamış, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. İddiaçı "xxxx" MMC-nin qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili İdarəsinin rəis müavini, İ dərəcəli hüquqşünas Toğrul Əhmədovun verdiyi 01.03.2021 -ci il tarixli məktubdan görünür ki, müraciət baxılması üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatına göndərilmişdir. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 2(075)-342/2021 saylı, 04.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin iddiaçı "xxxx" MMC-nin ona olan 1080 manat məbləğində əmək haqqı borcu ilə əvəzləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının 22.06.2021-ci il tarixli iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyib. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edir. İddiaçının nümayəndəsi 06.07.2021-ci il tarixli məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq apellyasiya şikayətinə etiraz etdiklərini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Cavabdeh rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 050 389 13 75 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (MPM 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər : Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; -372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. -372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. - 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cavabdehin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(075)-342/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış sürücü xidmətlərinin göstərilməsi ilə bağlı 01 may 2018-ci il tarixli, 1195/18 nömrəli, 26 aprel 2019-cu il tarixli, 1195 nömrəli və 08 yanvar 2020-ci il tarixli 1195 nömrəli müqavilələrdən görünür ki, həmin müqavilələr əsasında sifarişçi («xxxx» MMC) icraçıya (Cavabdeh) sürücü xidmətinin göstərilməsi üçün müvafiq şərait yaradır, onu tam təchiz olunmuş (texniki baxımdan saz, taksometr, identifikasiya düyməsi və sair) taksi avtomobili, müvafiq fərqlənmə nişanı, zəruri geyim forması ilə təmin edir. İcraçı isə bunun müqabilində gündəlik taksi hasilatını müqaviləyə əlavə ilə müəyyən edilmiş və razılaşdırılmış məbləğdən az olmayaraq sifarişçiyə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları baxımından cavabdeh Cavabdeh hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Birincisi ona görə ki, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh iddiaçıya borcunun olmasını etiraf edir, lakin həmin borcun iddiaçı "xxxx" MMC-nin ona olan 1080 manat məbləğində əmək haqqı borcu ilə əvəzləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Lakin cavabdeh iddiaçının 1080 manat məbləğində əmək haqqı borcunun olmasını birinci instansiyada sübut etməmiş, həmçinin bu barədə məhkəmədə iddia qaldırmamışdır. Məhkəmə kollegiyası tərəfindən təklif olunmasına baxmayaraq cavabdeh tərəf apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı sənədi məhkəmə kollegiyasına təqdim edə bilməmiş, apellyasiya şikayətində qeyd olunan dəlilləri öz formal mülahizələrinə əsasən əsaslandırmağa çalışmışdır. İkincisi, cavabdeh apellyasiya şikayətinin dəlilərində gah müqavilə şərtləri ilə razılaşmadığını, gah onun iddiaçı tərəfə heç bir borcunun qalamdığını, gah da qalıq borcun almadığı əmək haqqı ilə əvəzləşdirilməsini tələb edir və buna görə də qətnamənin ləğv olunması və onun dəlillərinin əsasında yeni qətnamə çıxarılmasını xahiş edir. Lakin, qeyd olunan müqavilədəki şərtlərlə razılaşaraq müqaviləni imzalamasının əsl səbəblərini inandırıcı şəkildə izah etmir, yaxud etmək istəmir, amma qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız cavabdeh tərəfindən iddiaşıya vurulmuş maddi ziyanın qaytarılmasından gedir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin digər şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək mövcud borcun etirafı yaxud borc (kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könülülü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını bildirir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmək olmaz. Mülki Prosessual Məcəllənin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göründüyü kimi iddianın qiyməti 2000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(075)-342/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1147/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1147/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver