Məhkəmə qərarları › İş №2(107)-115/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-115/2025

07.01.2025 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-115/2025 07.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh1 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh - Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tаrixli, 2(025)- 6/2024 saylı qətnаməsindən İddiaçı ASC tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli 5-G-1-0-3916-14 nömrəli kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik 25 faizlə 36 ay müddətinə 10,000 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər.

2. İş materiallarında olan kreditin ödənmə cədvəlinə əsasən Cavabdeh1 "xxxx" ASCdən aldığı 10000 manat kredit məbləğini cəmi 4313,53 manat faizlə birlikdə ayda 397,60 ödəməklə xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür.

3. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 21 noyabr 2014-cü il tarixli 5-G-1-0-3916-14 nömrəli kredit müqaviləsi üzrə Hesabdan çıxarışa əsasən xx.xx.2019-cu il tarixədək 3.557,0 manat məbləğində ödəniş aparılmış, həmin məbləğin 397,80 manatı əsas, 3159,20 manatı isə faiz borcundan silinmiş, xx.xx.2019-cu il tarixdə ödənilən 10 manat və 90 manat, o cümlədən xx.xx.2019-cu il tarixdə ödənilən 200 manat faiz borcundan çıxılmışdır.

4. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3746 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, "Yelo Bank” ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli, 5-G-1-0-3916-14 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borc 9602,20 manat və faiz borcu 2883,14 manat təşkil edir.

II. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi və sonradan tələbin həcminin azaldılması və tələbin həcminin artırılmasına dair ərizələrlə məhkəməyə müraciət edərək Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə (xx.xx.2015-ci il tarixli 21 noyabr 2014- cü il tarixli kredit müqaviləsinə əlavə saziş nəzərə alınmaqla) banka 9.528,8 manat əsas, 6.173,4 manat faiz, 281,48 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2155.1 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 18138.78 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir.

7. Qəbələ Rayon Məhkəməsinin (hakim Ülvi Qənbərov) 04 sentyabr 2024-cü il tаrixli, 2(025)-6/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 9303,20 (doqquz min üç yüz üç manat) manat əsas borc, 558 (beş yüz əlli səkkiz) manat faiz borcu və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC -nin xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 50 (əlli) manat İddiaçı ASC-dən tutularaq Dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi öz qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 443.1, 449.1, 449.4, 458.1, 739.1, 739.2-ci maddələrinə və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına istinad etməklə əsaslandırmışdır.

9. Qəbələ Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tаrixli, 2(025)-6/2024 saylı qətnaməsindən İddiaçı ASC apellyasiya şikayəti vermişdir. III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019cu il tarixli fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restruktrizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağrılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Qeyd edirlər ki, sözügedən fərmana əsaslanaraq şərti olaraq qəbul etsələr ki, fərmana əsasən faizlərin silinməsi hazırkı müştəriyə də aiddir, onda nəzərə almaq lazımdır ki, faizlərin silinməsi məsələsi banklara tövsiyyə edilmiş, yəni bu imperativ xarakter daşımamışdır. Bu da o deməkdir ki, faizlərin və cərimənin silinməsi, müştəri ilə bank arasında yeni bir müqavilənin bağlamaq ixtiyarı bankın özünə məxsus olmuşdur. O ki, qaldı faizlərin silinməsinin cavabdehə tətbiqi məsələsinə, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, faizlərin silinməsi məsələsi o zaman tövsiyyə olunur ki, yəni faizin silinməsi o tip işlərə aidiyyəti var ki, gərək borclunun vaxtı keçmiş kredit borcu restruktrizasiya olunsun. Yalnız bundan sonra faizin silinməsi məsələsinə baxıla bilərdi. Bu hal eyni ilə dəbbə puluna da aiddir. Nəzərə alınsa ki, kredit borcunun restruktrizasiya olunması xx.xx.2019-cu il tarixədək mümkün olmuşdur, onda faizin silinməsi mümkünlüyü də aradan qalxmışdır. İşin faktiki halından göründüyü kimi, cavabdeh öz üzərinə götürmüş öhdəliyi tam şəkildə yerinə yetirməyərək gecikməyə yol vermiş və bundan sonra, daha dəqiq xx.xx.2020-ci il tarixdən sonra bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır. Gecikdirilmiş vaxt üçün faiz tələbinin məlum fərmana heç bir aidiyyəti olmasa da, birinci instansiya məhkəməsinin iddia tələbini bu hissədə rədd etməsinin heç bir əsası olmamışdır. Nəzərə alınmalıdır ki, kredit müqaviləsinin şərtlərinə əsasən verilmiş pulun faiz qarşılığı ilə gecikdirilmiş vaxt üçün faizi eyniləşdirmək olmaz. Belə ki, birinci hal bankın gəlir götürməsinə, bankın fəaliyyətinin əsas istiqamətinə yönəlmiş, ikinci hal isə bir başa borclunu intizamlandırmaq, onun gecikməyə yol verdiyi üçün bankın zərərinin qarşılığını almaq xarakteri daşıyır. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, banklar, əsasən, bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Göründüyü kimi, iddiaçının gecikdirilmiş vaxt üçün faiz tələbinin rədd olunması üçün heç bir əsas olmadan məhkəmə düzgün olmayaraq iddianı rədd etmişdir. İddia tələbinin dəbbə pulu hissəsi ilə bağlı qeyd edirlər ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Göründüyü kimi, məhkəmə iddia tələbinin dəbbə puluna aid hissəsini də rədd etməklə maddi hüquq normasının tələbini pozmuşdur. Göstərilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tаrixli, 2(025)-6/2024 saylı qətnaməsinin qismən (iddianın təmin olunmayan əsas borc, faiz borcu, illik 5 faizlə hesablanmış faiz borcu, cərimə və ekspertiza xərcinin iddiaçıdan tutulması hissəsində) ləğv edilməsi və iddianın tam təmin edilməsi, ekspertiza xərcinin cavabdehdən tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tаrixli, 2(025)-6/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

16. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

17. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini qismən (iddianın təmin olunmayan əsas borc, faiz borcu, illik 5 faizlə hesablanmış faiz borcu, cərimə hissəsində) mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

21. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxslərin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

22. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

23. Maddə 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır.Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.

24. Maddə 739. Borc müqaviləsi (köhnə redaksiyada) - 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

25. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı: Bənd 1. fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi 2015-ci ilin fevral ayının 21nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə- 1 ABŞ dollarına 0,25 manat (0,12 ABŞ dolları) kimi (1.1); 2015-ci ilin fevral ayının 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə-1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirilməklə , bu Fərman qüvvəyə mindiyi günə AR MB-nın elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilir. Bənd 5.1. Bu Fərmanın qüvvəyə mindiyi tarixə xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə fiziki şəxslərin keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə AR MBNP-nin müraciəti əsasında, banklara 382.000.000,0 manat məbləğinədək dövlət zəmani ilə təmin edilmiş güzəştli kredit verilməsi təmin edilir. Bənd 6.2. Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Bənd 8.8. Güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə AR MB tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutulur. Bənd 8.9. Faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və və dəbbə pulunun silinməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.

27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.

33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya аpellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Maddə 372.7. Apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Maddə 384.0.1. Apellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tаrixli, 2(025)-6/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

40. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

41. Müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli 5- G-1-0-3916-14 nömrəli kredit müqaviləsinə əsasən bank borcalana (cavabdehə) illik 25 faizlə 36 ay müddətinə 10000 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. Cavabdeh1 İddiaçı ASC-dən aldığı 10000 manat kredit məbləğini cəmi 4313,53 manat faizlə birlikdə ayda 397,60 ödəməklə xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək kredit borcunu tam ödəməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, Qəbələ Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxaraq mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

42. İlk növbədə kollegiya apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iddia tələbinin həcminin artırılmasına dair ərizəni nəzərə almaması barədə dəlili ilə əlaqədar qeyd edir ki, işin 222-ci vərəqəsində olan 04 sentyabr 2024-cü il tarixli tarixli məhkəmə iclas protokolundan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının nümayəndəsinin iddia tələbinin həcminin artırılması haqqında ərizəsinin qəbul edilməsi və işə irəli sürülən tələblər üzrə baxılması qərara alınmışdır. Məhkəmə qətnamənin giriş hissəsində tələb edilən ümumi məbləği tələbin həcminin artırılmasına dair ərizədə olduğu kimi, 18138.78 manat göstərsə də, ümumi məbləği kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan əldən çıxmış fayda məbləğini 2155,1 manat əvəzinə 215,1 manat göstərmişdir. Məhkəmə bunu texniki səhv kimi qiymətləndirir (açıq-aşkar görünür ki, 2155,1 rəqəmindən 5 rəqəmi silinib). Halbuki, tələb edilən əldən çıxmış fayda məbləği 215,1 manat olarsa, tələb edilən ümumi məbləğ 16198,78 manat təşkil edir. Ona görə də şikayətin sözügedən dəlili əsassız hesab edilməlidir.

43. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, kreditor «Yelo Bank” ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli 5-G-10-3916-14 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc məbləği “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə restrukturizasiya olunduqundan hesablanmış faiz və cərimələr silinməli, əsas borc məbləği isə bu məqsədlə Banka illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən dövlət zəmani ilə təmin edilmiş güzəştli kredit hesabına Borclu ilə yeni müqavilə bağlanmaqla illik 1 faizlə 5 il müddətinə verilməli, müqavilə bağlanmadığı halda isə nəzərdə tutulan müddət bitdikdən sonra dərhal tələb edilməlidir. Kreditor «Yelo Bank” qeyd olunan Fərmanla üzərinə qoyulan vəzifələri yerinə yetirməyərək 21 noyabr 2014-cü il tarixli 5G-1-0-3916-14 nömrəli kredit müqaviləsi üzrə hesablanmış faiz və cərimələri silməmiş, o cümlədən əsas borcun ödənilməsi üçün vaxtında tədbirlər görməyərək borclunun məsuliyyətinin ölçüsünü artırmışdır. 21 noyabr 2014-cü il tarixli 5-G-1-0-3916-14 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icra olunmaması nəticəsində Kreditora dəymiş zərər dövlət zəmani ilə təmin edilmiş güzəştli kredit hesabına 5 il müddətinə qabaqcadan ödənildiyinə görə iddiaçı «Yelo Bank” ASC həmin müqavilə üzrə olan əsas borca görə illik 1 faizdən artıq tələb etməkdə haqlı deyil.

44. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2019-cu il tarixdə ödənilən 10 manat və 90 manat, o cümlədən xx.xx.2019-cu il tarixdə ödənilən 200 manat məbləğlərin faiz borcundan çıxılması qanunsuz hesab edilməli (restrukturizasiyadan sonrakı tarixə hesablandığına görə), Cavabdeh1 9,303,20 (9.602,20-10-90-200) manat əsas borc tutularaq İddiaçı ASC -nin xeyrinə ödənilməlidir.

45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır.

46. Bununla belə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi 28 fevral 2019cu il tarixli, 551 nömrəli Fərmana istinad etsə də, əsas borcla yanaşı, 558 manat faiz borcunun tutulmasını da qət etmişdir.

47. Kollegiya bu qənaətdədir ki, cavabdeh qətnamədən şikayət vermədiyindən həmin hissəyə qiymət verilməməlidir. Bu mövqə həm də apellyasiya şikayəti vermiş iddiaçının da mənafeyinə uyğundur.

48. Mülki Məcəllənin 445.7-nə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

49. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır.

50. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür.

51. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir.

52. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.

53. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

54. Məhkəmə kollegiyası həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur.

55. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz.

56. Məhkəmə kollegiyası hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir.

57. Kollegiyanın iclasında iddiaçı bankın nümayəndəsi hazırkı mübahisəin Azərbaycan Respublikası Prezidentinin qeyd olunan məlum fərmanının təsiri altına düşdüyünü bildirsə də, cavabdehə yeni güzəştli şərtlərlə kredit müqaviləsi bağlanmasını təklif edilməsini təsdiq edən sübutu təqdim edə bilməmişdir.

58. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi müqavilə müddəti üçün hesablanmış 6.173,4 manat faiz, 281,48 manat cərimə, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2155.1 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi hissəsində rədd edilməlidir.

59. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı Fərmanın tələblərini yerinə yetirməmiş və hərəkətsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləyərək məhkəməyə müraciət etmişdir. Cavabdehlə restruktruzasiya tətbiq olunmaqla yeni müqavilə bağlanılsaydı, Fərmanın tələbinə müvafiq olaraq iddiaçı kredit müqaviləsi üzrə hesablanmış faiz və cərimə borcunu silməli, yeni müqaviləni əsas qalıq borca görə bağlamış olacaqdı. Çünki faizlərin silinməsi dedikdə, Fərmana görə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun silinməsi başa düşülür. Banklar borclulardan Fərmanın təsiri altına düşən kreditlər üzrə faiz və cərimə borclarını deyil, yalnız əsas borclarını tələb edə bilərlər.

60. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın kredit borcu tələbini təkcə 9303,20 əsas borca aid hissədə təmin etməkdə, qalan borclara (281,48 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 2155.1 manat əldən çıxmış faydanın ödənilməsinə) aid hissədə isə təmin etməməkdə haqlı olmuş, bununla bağlı qanuni və əsaslı qərar qəbul etmişdir. 528 manat məbləğində faiz borcunun tutulmasına gəldikdə isə yuxarıda da qeyd edildiyi kimi, qətnamədən cavabdeh şikayət vermədiyinə kollegiya həmin hissəyə münasibət bildirmir.

61. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərclərini də tərəflər arasında düzgün bölüşdürmüşdür.

62. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin iddianın faiz, cərimə, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 5 əldən çıxmış faydanın ödənilməsi tələbinə aid hissələrdə də təmin edilməli olması barədə dəlillərini əsassız hesab edir.

63. Şərh olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin müəyyən olunmuş halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində hər hansı səhvə yol verməmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

64. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

65. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

66. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.

67. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

68. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

69. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

70. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tаrixli, 2(025)-6/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı ASC tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tаrixli, 2(025)-6/2024 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar