Məhkəmə qərarları › İş №2(107)-1154/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1154/2024

15.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1154/2024 15.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mübahisənin məhkəməyədək mediasiya qaydasında həlli proseduruna əməl edilməməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rаyоn Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-551/2024 nömrəli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdeh X2 istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rаyоn Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-551/2024 nömrəli qətnaməsi ilə (hakim V.Məmmədov) iddianın təmin edilməsi, cavabdeh X2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn cavabdeh X4 аpellyаsiyа şikаyəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunması, Zaqatala Rаyоn Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-551/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında hazırkı mübahisə üzrə mübahisənin mediasiya qaydasında həlli ilə bağlı ona hər hansı bir təklifin göndərilmədiyini göstərmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmaması, Zaqatala Rаyоn Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-551/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında hazırkı tələb üzrə mübahisənin məhkəməyədək mediasiya qaydasında həlli ilə bağlı tərəfindən hər hansı bir addımın atılmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.13-cü maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 21.9. Aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Maddə 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Maddə 21.7. Bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. Maddə 28.1. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Maddə 28.2. Bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Maddə 28.3. Tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Maddə 28.4. Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər Maddə 29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Maddə 29.3. Tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir. Maddə 29.6. Tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Maddə 29.7. Bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdeh X3 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdeh X2 istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, iddiaçı mübahisənin məhkəməyədək mediasiya qaydasında həlli proseduruna əməl etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə uyğun olaraq iddiaçı cavabdehə mediasiya prosesinin tətbiqi üçün hər hansı bir təklif göndərməmiş, beləliklə mübahisənin məhkəməyədək mediasiya qaydasında həlli proseduruna riayət edilməmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin məhkəməyədək mediasiya qaydasında həlli prosedurlarına riayət edilib-edilməməsi məsələsini müzakirə etməli olduğu halda buna əməl etməmiş, beləliklə də prosessual hüquq normalarının tələblərini pozmuşdur. Hazırki vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rаyоn Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-551/2024 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh X3 qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdeh X2 istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası baxılmamış saxlanılmalı, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən ona geri qaytarılmalı, iddiaçıya iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 384.0.5, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rаyоn Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-551/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh X3 qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdeh X2 istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. İddiaçı izah olunur ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar