Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1155/2021 25.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə Cavabdeh2 ilkin iddiaçı “xxxx” ASC-yə qarşı “10.000 manat məbləğində ziyanın alınıb verilməsi, mülkiyyətində olan torpaq sahəsinin ölçülərinin müəyyən edilməsi, vurulmuş maddi ziyanın təmin edilməsi üçün Göyçay suvarma sistemləri idarəsinin və ya vəzifəli şəxslərinin mülkiyyəti üzərində həbs qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin geri qaytarılması haqqında Göyçay Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(046)-30/2021 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikаyətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mühafizə zolaqlarının boşaldılması və orada inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay suvarma sistemləri idarəsinin balansında olan hər hansı mühafizə zolağından istifadə etmədiyini, əksinə həmin Göyçay suvarma sistemləri idarəsinin balansında olan suvarma arxının mülkiyyətinə ziyan vurduğundan, iddiaçı Göyçay suvarma sistemləri idarəsi balansında olan Şəkər və Alpoud suvarma arxlarının sahillərinin onun mülkiyyətində olan torpaq sahəsini yumasınının aradan qaldırılması, həmin suvarma arxlarının onun mülkiyyətindən çıxardılmasının təmin edilməsi, Göyçay suvarma sistemləri idarəsi tərəfindən mühafizə zolağının nişanlanmasının təmin edilməsi, məhkəmə proseslərinə cavabdeh qismində cəlb edildiyi üçün sərf etdiyi maddi vəsaitlərə və Göyçay suvarma sistemləri idarəsinin balansında olan suvarma arxının mülkiyyətində olan torpaq sahəsini yuduğuna görə ona dəymiş 10000 manat məbləğində maddi ziyanın ona ödənilməsi və məhkəmə tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün Göyçay suvarma sistemləri idarəsinin və ya vəzifəli şəxslərinin mülkiyyəti üzərində həbs qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin qarşılıqlı iddia ərizəsinin geri qaytarılması haqqında 2(046)- 30/2021 saylı 30.03.2021-ci il tarixli qərardadı (hakim İ.Fəttahov) ilə Cavabdeh2 ilkin iddiaçı “xxxx” ASC–yə qarşı 10.000 manat məbləğində ziyanın alınıb verilməsi, mülkiyyətində olan torpaq sahəsinin ölçülərinin müəyyən edilməsi, vurulmuş maddi ziyanın təmin edilməsi üçün Göyçay suvarma sistemləri idarəsinin və ya vəzifəli şəxslərinin mülkiyyəti üzərində həbs qoyulması barədə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh2 Göyçay Rayon Məhkəməsinin 2(046)- 30/2021 saylı 30.03.2021-ci il tarixli qərardadının ləğv edilərək qarşılıqlı iddianın icraata qəbul edilməsi xahiş etmişdir. Cavabdeh2 şikayətini belə əsaslandırmışdır ki, 29.10.2020-ci il tarixli 10/466 saylı ekspert rəyi və ona əlavə edilmiş torpaq sahəsinin cizgisinin mövcudluğu onun Göyçay suvarma sistemləri idarəsinə qarşı qarşılıqlı iddia vermək hüququnu yaradır, yəni qarşılıqlı iddia tələbinin veriliməsi üçün mövcud əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmişdir. Belə əsaslar yarandıqdan sonra isə hər hansı müddət məhdudiyyəti yoxdur. Bundan başqa, məhkəmə işdə qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad etməklə yanaşı, qarşılıqlı iddia ərizəsinin geri qaytarılma əsası kimi MPM-nin 151-155-ci maddələrinə əsaslandığını göstərmiş, lakin həmin ərizədə düzgün tərtibində və ona əlavə edilmiş sənədlərdəki çatışmazlığın nə olmasını əsaslandıra bilməmişdir. Hesab edir ki, qeyd edilən ekspertiza rəyi məhkəmə baxışına qədər mövcud olmamışdır. Qarşılıqlı iddia ərizəsində əsaslandığı sənədlər ekspertiza rəyinin onun mülkiyyət hüququna qəsd edən müddəalarının rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi üçün əsaslı və qanuni sənədlərdir. Göyçay suvarma sistemləri idarəsi “Su mühafizə zonalarının, mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi onların sahil istifadəsinin haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 23-cii maddəsinin tələbini kobud şəkildə pozur, həmin Qərar sahil mühafizə zolaqlarında avtomobil hərəkətini qadağan etsə də Göyçay suvarma sistemləri idarəsi suvarma arxının qarşı tərəfində salınmış avtomobil yoluna və mövsümi əkmələrə, arxın içinə düzülmüş dəmir konstruksiya və dam örtükləri (şiferlər) ilə arxın içinin doldurulmasına və suvarma arxının su yolunun daraldılmasına göz yumur və həmin faktlar barədə tədbir görmür. Buna görə də şikayətinin təmin edilməsin xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(046)-30/2021 nömrəli qərardadı ilə Cavabdeh2 Göyçay Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(046)-30/2021 saylı qərardadın ləğv edilməsi barədə şikayəti təmin edilməmiş və şikayət baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X4 şikayətə etiraz edərək, sonda birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq, belə qənaətə gəlir ki, şikayət təmin olunmamalı, iş üzrə Göyçay Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(046)-30/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 155-ci maddəsinə əsаsən cаvаbdeh ilk iddiа ilə birlikdə bаxılmаq üçün iddiаçıyа qаrşılıqlı iddiа verməyə hаqlıdır və qarşılıqlı iddianın verilməsi ümumi qaydaları əsasında həyata keçirilir. Yəni, qarşılıqlı iddia ərizəsi və onun verilməsi Azərbaycan Respublikası MPM-nin “iddianın verilməsi” fəslində təsbit olunmuş qaydalarа uyğun olmalıdır. Həmin Məcəllənin 152-ci maddəsinə əsаsən iddia ərizəsinin qaytarılmasını tənzimləyən hаllаr, həmin Məcəllənin 156-cı mаddəsində isə qаrşılıqlı iddiа ərizəsinin qəbul edilməsinin şərtləri sаdаlаnmışdır Həmin Məcəllənin 155.3-cü mаddəsinə əsаsən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Mülki Prosessual Məcəlləsinin 156.1-ci mаddəsinə əsаsən, hakim qarşılıqlı iddianı həmin iddiа ilk tələbin qarşılıqlı ödənilməsinə yönələrsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırаrsа və hər iki iddia arasında qarşılıqlı əlaqə оlаrsа və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarındakı mövqeyinə görə qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə, yəni iddiaçıya qarşı irəli sürə bilər. Qarşılıqli iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokuror və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Kollegiyab əlavə olaraq qeyd edir ki, cavabdeh ona qarşı qaldırılmış iddiadan öz mənafeyini müxtəlif vasitələrlə müdafiə edir. Cavabdeh iddiaya etiraz etməklə yanaşı iddiaçıya qarşı iddia tələbi irəli sürə bilər. İrəli sürülən tələbin əlahiddə və yaxud ilkin tələblə əlaqəli olmasından asılı olaraq iddianın qarşılıqlı olub-olmaması müəyyənləşdirilir. Cavabdeh2 şikayətinə hüquqi qiymət verən məhkəmə hesab edir ki, şikayət əsassızdır. Belə ki, iddiaçı “xxxx” ASC-nin X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, mühafizə zolaqlarının boşaldılması və orada inşa edilmiş tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə məhkəmə baxışı iclası 24.04.2019-cu il tarixə saat 10:40-a təyin edilmiş, məhkəmə baxışının vaxtı və keçirilmə yeri barədə məhkəmə bildirişi Cavabdeh2 02.04.2019-cu il tarixdən yaşadığı ünvan üzrə göndərilmişdir. Bundan başqa 04.03.2020-ci il tarixə saat 10:50-ə təyin edilmiş məhkəmə baxış iclası barədə bildirişi Cavabdeh2 xəbərnaməyə imza edərək almışdır. İş materiallarında olan xəbərnamədən görünür ki, 04.03.2020-ci il tarixə saat 10:50-yə təyin edilmiş məhkəmə baxış iclası barədə bildirişi Cavabdeh2 imza edərək almışdır. Göründüyü kimi Cavabdeh2 qarşılıqlı iddianı mülki işin baxılmasına başlandıqdan sonra verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iş üzrə Göyçay Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(046)-30/2021 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Göyçay Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(046)-30/2021 nömrəli qərardad ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin olunmamalı, iş üzrə Göyçay Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(046)- 30/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərаrа аldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(046)-30/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1155/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1155/2021
25.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver