Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1157/2022 22.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 2(046)-590/2022 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum valideyinlərindən miras qalmış torpaq sahələri və fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüquqlarının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-590/2022 saylı qərardadı ilə mülki iş üzrə məhkəmənin icraatında olan Cavabdeh İddiaçı1 və Teymur Əhmədov adına "xxxx" QSC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğv edilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işin icraatının dayandırılması qərara alınmışdır. İddiaçı1 Göyçay Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(046)-590/2022 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayəti onunla əsasladırmışdır ki, məhkəmə tərəfindən hazırki mülki işin icraatının dayandırılmasına istinad olunan mülki iş üzrə Cavabdeh İddiaçı1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, çıxarış və həmin torpaq sahəsinin satılmasına dair alqı-satqı müqaviləsini mübahisələndirmişdir. Hazırki işdə isə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum valideyinlərindən miras qalmış torpaq sahələri və fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüquqlarının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, birinci mülki işlə ikinci mülki işin arasında heç bir əlaqə yoxdur, yəni hazırki mülki işin sonrakı hərəkətinə, o cümlədən işin mahiyyəti üzrə baxılaraq həll olunmasına mane olan hallar müəyyən olunmadığından, Mülki Prosessual Məcəllənin 254.2-ci maddəsinin tətbiqində səhvə yol verilmiş, həmin prosessual hüquq norması düzgün tətbiq edilməmiş, nəticədə qanunsuz qərardad qəbul edilməklə, İddiaçı1 ədalətli məhkəmə baxışına olan hüququ pozulmuşdur. Buna görə də, Göyçay Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 2(046)-590/2022 saylı qərardadından verdiyi şikayətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-590/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-590/2022 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü mаddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icrааt dаyаndırılmаlıdır. “Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbayacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərindən kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın”. Azərbayacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Qanunvericiliyin mənasına görə, işə bаxılmanın mümkün olmaması dedikdə, başqa bir işdə icraatı dayandırılmış mülki iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülür. Preyudisial əhəmiyyəti olan həmin faktlar mülki icraat qaydasında baxılan iş üzrə araşdırma predmeti ola və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, mülki işin icraatının dayandırılması barədə qərardad qəbul edərkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, İddiaçı1 tərəfindən verilmiş şikayət Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-590/2022 saylı qərаrdаdının ləğv edilməsi üçün əsas deyil. İş üzrə icraatın dayandırılması işin baxılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin əsassız axımının qarşısını almaqla, həmin müddətin daha səmərəli istifadəsinə yönəlmişdir və dayandırılma üçün əsaslar aradan qalxdıqdan sonra iş üzrə icraatın təzələnməsini istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən , apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi, iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də şikayət təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-590/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-590/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1157/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1157/2022
22.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver