Məhkəmə qərarları › İş №2(107)-1159/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1159/2020

18.06.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1159/2020 18.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(019)-232/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehin özbaşına tutduğu ( zəbt etdiyi) 0.08 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində qanunsuz tikdiyi yaşayış və qeyri yaşayış binalarının cavabdehin hesabına sökdürülməsi və torpağın əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəyişdirilməsi və həcminin azaldılmasına dair ərizə verərək, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan 0,08 ha torpaq sahəsini zəbt edərək tikdiyi yaşayış və qeyri yaşayış binalarının cavabdehin hesabına sökdürülməsi və torpağın əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(019)-232/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, hal-hazırda həbsdə olan iddiaçı qardaşı İddiaçı 1990-cı illərdə Balakən rayon Mahamalar kənd “Musabəyov” adına kolxozun qərarı ilə yaşayış evi tikmək üçün 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Balakən rayonunda torpaq islahatı keçirilərkən Balakən rayon X1 xx xxxx 1998-ci il tarixli, 08 saylı qərarı ilə həmin torpaq sahəsi JN 5xx xxx 40108038 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında mülkiyyətinə verilmişdir. Şəhadətnamədə torpağın ölçüləri qüsurlu olduğu üçün bununla bağlı X3 Məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin xx xxxxxx 2013-cü il tarixli qərarına əsasən DTXK Balakən rayon şöbəsi xx.xx.2013-cü il tarixli, 8377 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlamışdır. İddiaçının heç ibtidai təhsili belə yoxdur. Oxumağı, yazmağı bilmədiyi üçün iddiaçı onun əvəzindən məhkəmədə nümayəndəlik etmək üçün yaxın olduğu cavabdeh Balakən rayonu Qazma kənd sakini Cavabdeh etibarnamə vermişdir. 2012-ci ilin sonlarında qardaşı İddiaçı narkotik bitki ilə tutulduğu üçün 8 il 6 ay həbsə məhkum edilmişdir. Onun səyi ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti 185 saylı Zaqatala ərazi idarəsi tərəfindən xx xxxx 2014-cü il tarixdə verilmiş RX seriyalı ******* № Çıxarış Balakən rayonu Mahamalar kəndi ərazisində 0 , 08 ha həyətyanı torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı hələ həbs olunundan əvvəl 2012-ci ilin oktyabr ayında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu Zaqatala rayon filialına müraciət edərək, 0,08 ha həyətyanı torpağında tikəcək 3 otaqlı evin eskiz layihəsini də hazırlatmışdır. Amma həbs olunduğu üçün məqsədinə nail ola bilməmişdir. O, həbs olunduqdan sonra cavabdeh bir müddət onun yaşadığı daxmada yaşamışdır. Tikəcəyi evin eskiz layihəsi, torpağın çıxarışı, plan və ölçüsü də yaşadığı daxmada qalmışdır. Bu sənədlərin əlində olmasından istifadə edən cavabdeh daxmada yaşamaqla, həm də etibardan sui-istifadə etməklə, həm də iddiaçının uzun müddət həbsdə olacağından istifadə edərək, iddiaçının xüsusi mülkiyyəti olan 0,08 ha həyətyanı torpağında heç kimdən soruşmadan tikililər tikməyə başlamışdır. 2016-2017-ci illərdə isə özü üçün yaşayış evi və qeyri yaşayış binaları tikmişdir. O, cavabdehdən İsanın bütün bunlardan xəbəri olubolmamasını soruşduqda, cavabdeh torpağı İsadan satın aldığını, hətta torpağın çıxarışını da götürdüyünü bildirmişdir. O, bundan xəbəri omadığını söyləmişdir. Cavabdeh isə bu torpağı almaq üçün İsaya 4000 (dörd min) manatdan çox pul verdiyini demişdir. Cavabdehdən İddiaçı həbsxanadan çıxanadək bu işləri dayandırmasını tələb etmişdir. Amma bunun heç bir nəticəsi olmamışdır. Hətta İddiaçı da həbsxanadan cavabdehə xəbər göndərərək, torpaq sahəsini və orada olan daxmanı (evini) satmadığını, işləri dayandırmasını bildirmişdir. Heç bir nəticəsi olmamışdır. Cavabdeh yalnız çıxarışın götürülməsi üçün xərcləri çəkmişdir. Cavabdeh 0,08 ha həyətyanı torpaq sahəsində olan daxmanı, torpağı hasara aldığı tor dəmir setkanı, dəmir dirəkləri, alma, armud, fındıq və sair ağacları traktorla şumlayıb məhv etmişdir. İddiaçı torpağını cavabdehə satmamış, aralarında heç bir alqı-satqı müqaviləsi bağlanmamış, cavabdeh iddiaçıya torpağı almaq üçün heç bir manat da pul verməmişdir. Bu haqda heç bir sənəd də yoxdur. İddiaçı 2013cü ildən həbsdə olduğu və torpağın çıxarışı da 2014cü ildə verildiyi halda o, torpağı sata bilməzdi. Cavabdeh torpağı zəbt edərkən orda tikinti işləri apararkən mövcud qanunvericiliyin tələblərinə məhəl qoymamışdır. İddiaçı tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 22040,00 manat pul Cavabdeh ödənilməmişdir. Odur ki apelyasiya şikayəti təmin edilməli birici instansiya məhkəməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi məhkəmə kollegiyasından xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(019)-232/2020 saylı qətnaməsinin ləğv edilməsi xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının hazırki iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(019)-232/2020 saylı qətnaməsi dəyişdirlmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsindən qanunsuz istifadə etməsi, həmçinin İddiaçı mülkiyyətində olan Balakən rayonunun Mahamalar kəndində yerləşən 0,08 ha hyətyanı torpaq sahəsində onun razılığı ilə Cavabdeh Həmil oğlu tərəfindən fərdi yaşayış evi və talvar tikilisinin inşa edilməsi, torpaq sahələrinin kənarlarına sinkləşdirilmiş şiferdən hasar çəkilməsi, torpaq sahəsinin çöçək olan hissələrinin torpaq qatı ilə doldurulması, İddiaçı mülkiyyətində olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0,08 ha həyətanı torpaq sahəsində Cavabdeh tərəfindən aparılmış təmir-tikinti işlərinə sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsait məbləğinin 22040,00 manat olduğu barədə faktlar qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-978/2018 nömrəli qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş və tələbin və (və ya) etirazların predmetinə aid olmuşdur. Ona görə də Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli, 2(019)978/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ilk iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan, Balakən rayonunun Mahamalar kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsindən çıxarılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasının qismən təmin edilməsi, Cavabdeh tərəfindən aparılmış təmir-tikinti işlərinə sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitə görə 22040,0 manat pulun İddiaçı alınıbCavabdeh verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, torpaq sahəsindən çıxartma və pulun verilməsinin eyni vaxtda icra olunması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-ci maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası işin hallarını qeyd edilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, tərəflər arasında hazırki iddianın əsasları ilə bağlı məhkəmə mübahisəsi olmuş və Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2 (019)-978/2018 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsindən qanunsuz istifadə etməsi, həmçinin Cavabdeh tərəfindən həmin 0,08 ha torpaq sahəsinin abadlaşdırılmasına (çöçəklərin doldurulmasına və sair) və orada fərdi yaşayış ev və qeyriyaşayış tikililərinin inşa edilməklə onların təmir-tikinti işlərinə 22040,00 manat sərf olunması ilə bağlı preyudisial əhəmiyyət daşıyan, yəni eyni tərəflər arasında başqa məhkəmədə mübahisələndirilməsi və sübut edilməsi yolverilməz olan sübutlar əsasında faktlar müəyyən edilmişdir. Ona görə də həmin məhkəmə qətnaməsi ilə Cavabdeh göstərilən 0,08 ha torpaq sahəsindən çıxarılması və Cavabdeh tərəfindən aparılmış təmir-tikinti işlərinə sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitə görə 22040,0 manat pulun İddiaçı alınıb Cavabdeh verilməsi qət edilməklə torpaq sahəsindən çıxartma və pulun verilməsi eyni vaxtda icra olunması qət edilmişdir. İş materiallarından həmçinin görünür ki, qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-978/2018 saylı qətnaməsi icra olunmamış, İddiaçı tərəfindən 22040,00 manat pul vəsaiti Cavabdeh ödənilməmiş, nəticədə Cavabdeh İddiaçı məxsus həmin 0,08 ha torpaq sahəsindən çıxmamışdır. Yəni cavabdehin torpaq sahəsindən çıxması ona məhkəmə qətnaməsi ilə verilməli olan-torpaq sahəsinin abadlaşdırılmasına, orada ev və digər tikililərə görə sərf etdiyi 22040 manat pulun ödənilsi ilə bağlıdır ki, həmin pul vəsaiti də iddiaçı tərəfindən ona ödənilməmişdir. Cavabdeh ona məhkəmə qətnaməsi ilə ödənilməli olan məbləğ ödənildiyi halda evdən və torpaq sahəsindən çıxacağını bildirmişdir. Göründüyü kimi bu işin həlli Balakən Rayon Məhkəməsinin sözügedən məhkəmə qətnaməsinin icrasından asılıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(019)-232/2020 saylıqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(019)-232/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar