Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1162/2022 06.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə, Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi ilə, İddiaçı(bundan sonra- iddiaçı) cavabdehlər "xxxx" BOKT MMC-yə, Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması" tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tаrixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Qəbələ Rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli, 2(025)-550/2011 nömrəli qətnaməsi ilə "xxxx" BOKT QSC-nin cavabdehlər X5 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilmiş, Nümayəndə1 ilə Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı QSC arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 31.435 (otuz bir min dörd yüz otuz beş) manat əsas borc, 9.487 (doqquz min dörd yüz səksən yeddi) manat faiz borcu, gecikdirməyə görə 3.000 (üç min) manat dəbbə pulu borcu, həmçinin iddianın verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 43.972 (qırx üç min doqquz yüz yetmiş iki) manat borcun tutulması, tutmanın ipotekaya qoyulmuş mülkiyyət hüququ əsasında cavabdeh İddiaçı məxsus Qəbələ rayon Nic qəsəbəsində 0,84 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 81,1 kv.metr yaşayış, 36.8 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə (0,84 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş evin hərracda ilkin satış qiymətinin 30.000 (otuz min) manat məbləğində müəyyənləşdirilməsi, satışdan əldə olunan vəsait borcun həcmi məbləğində Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı QSC-nin xeyrinə ödənilməsi, hərrac keçirildikdən sonra 1 (bir) ay müddətində girov qoyulmuş yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə 13 dekabr 2011-ci il tarixdə icraya yönəldilmişdir. 09 iyul 2012-ci ildə Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən İddiaçı məxsus Qəbələ rayon Nic qəsəbəsində 0,84 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi (0,84 ha torpaq sahəsi ilə birlikdə)(bundan sonra- mübahisəli daşınmaz əmlak) "xxxx" BOKT QSC(bundan sonra- BOKT) tərəfindən alınmış və sonuncunun mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 16 aprel 2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən mübahisəli daşınmaz əmlak BOKT tərəfindən X1. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Nic kəndində yerləşən 0,84 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 117.9 kv.m olan fərdi yaşayış evinə dair Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin hərracın nəticələrinə dair 09 iyul 2012-ci il tarixli, Y-921 saylı protokolun və alğı-satqı müqaviləsinin ləğv edilməsi, "xxxx" BOKT MMC-nin adına verilmiş ********** saylı qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2010-cu il tarixdə BOKT ilə oğlu Nümayəndə1 arasında bağlanmış təminatlı kredit müqaviləsinə görə sonuncuya illik 26 % olmaqla 30 ay müddətinə 33.000 (otuz üç min) manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin olunması məqsədilə ona mülkiyyət hüququ əsasında məxsus Qəbələ rayon Nic qəsəbəsində 0,84 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 81,1 kv.metr yaşayış, 36.8 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Ödənişlər vaxtında həyata keçirilmədiyi üçün BOKT Nümayəndə1 və onu məhkəməyə vermişdir. Qəbələ Rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli, 2(025)-550/2011 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Nümayəndə1 ilə BOKT arasında bağlanmış xx.xx.2010-cu il tarixli CAGab 55557/10 №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 31.435 manat əsas borc, 9.487 manat faiz borcu, gecikdirməyə görə 3.000 manat dəbbə pulu borcu, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 10 noyabr 2011-ci il tarixə 43.972 manat borc, ipotekaya qoyulmuş ona mülkiyyət hüququ əsasında məxsus Qəbələ rayon Nic qəsəbəsində 0,84 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 81,1 kv.metr yaşayış, 36.8 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi (0,84 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin hərracda ilkin satış qiyməti 30.000 manat məbləğində müəyyənləşdirilməsi, satışdan əldə olunan vəsait borcun həcmi məbləğində BOKT-un xeyrinə ödənilməsi, hərrac keçirildikdən sonra 1 (bir) ay müddətində girov qoyulmuş yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli, 2(025)-550/2011 nömrəli icra vərəqəsinə əsasən icra hərəkətləri aparılmış və ona məxsus əmlak satışa çıxarılmışdır. Onun hərraclar barədə məlumatı olmamışdır. Yaşlı adam olduğundan məhkəmə işləri və sənədləri ilə bağlı hər hansı hüquqi savadı yoxdur. Həmçinin oğlu Nümayəndə1 da bu barədə məlumat verilməmişdir. Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi hərracın yekunları barədə Y-921 nömrəli protokola əsasən Qəbələ rayonu Nic kəndində fərdi yaşayış evinin (0,84 ha torpaq sahəsi ilə birlikdə) son qiyməti 19.125 manat müəyyən edilmişdir. Eyni zamanda göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 43.5 və 43.7 maddələrinə əsasən ilkin satış qiymətinin enmiş faizləri təkrar hərracda 15 % (on beş) və 25 % (iyirmi beş) azalmışdır. Bu da onu göstərir ki, 3 hərrac keçirilmiş, birinci hərracda əmlakın qiyməti 15 %, ikinci hərracda 25 % azaldılmışdır. Nəticədə üçüncü hərrac zamanı əmlakın qiyməti 19.125 manat olmuşdur. Daha sonra 09 iyul 2012-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqaviləsinə əsasən satıcı əmlakı hərracın nəticələri barədə yekun protokoluna əsasən 19.125 manata satmış, alıcı isə həmin qiymətə almışdır. Nəticədə DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən Qəbələ rayonu, Nic kəndində yerləşən 0,84 ha torpaq sahəsi və fərdi yaşayış evi BOKT-un adına xüsusi mülkiyyət kimi ********** nömrə ilə qeydiyyat aparılmışdır. Onun isə ya birinci hərracdan, ya ikinci, ya da üçüncü hərracdan xəbəri olmamışdır. Hərraclar keçirilən zaman əmlakın mülkiyyətçisi kimi birinci ona məlumat verilməli və hərraclar onun iştirakı ilə keçirilməli idi. O, hərrac keçirilən vaxt həmin evin mülkiyyətçisi olduğu halda hərrac onun iştirakı olmadan təşkil olunmuş, həmin ev dəyərindən ucuz qiymətə satılmış və evi alan isə onu ucuz qiymətə almaqda maraqlı olan BOKT olmuşdur. Hal-hazırda həmin torpaq sahəsinin fərdi yaşayış evi ilə birlikdə 120.000 manat və daha artıq qiyməti vardır. Dəyəri 120.000 manatdan olan daşınmaz əmlakın 19.125 manat qiymətləndirilməsi ilə onun mülkiyyət hüquqlarını kəskin şəkildə pozmuşdur. Bu yaxınlarda icra məmuru oğlu X8 bildirmişdir ki, əmlakını BOKT özü almış və artıq balansına götürmüşdür. Bu yaxınlaradək qətnamə üzrə icra icraatına başlanması, əmlakının hərraca çıxarılması və hərracda satılması ona bildirilməmiş, rəsmi xəbərdarlıq göndərilməmiş, hərrac məqsədli şəkildə iştirakı olmadan həyata keçirilmişdir. Hesab edir ki, hərraclar keçirilən zaman, onun hüquqları kobud surətdə pozularaq, əmlakı qanunsuz olaraq əlindən qərəzli şəkildə alınmışdır. Cavabdehlər - hərracı keçirən təşkilatçılar BOKT ilə əlaqəyə girərək, əmlakı ona sərf edən ucuz, dəyərindən çox-çox aşağı qiymətə satılmasını təşkil etmiş və cavabdehlər bu cür qanunsuz hərəkətləri ilə ona küllü miqdarda ziyan vurmuşlar. Cavabdehlər onun maraqlarına toxunaraq, qanunsuz hərəkətləri ilə Mülki Məcəllənin və “İpoteka haqqında” Qanunun tələbləri kobud surətdə pozmuşlar. Belə ki, qeyd olunan hərracların keçirilməsi ilə bağlı əmlakların mülkiyyətçinə, yəni ona qanunla müəyyən olunmuş qaydada bildirişlər göndərilməmiş və onun həmin hərraclar barədə məlumatı olmamışdır. Bu isə onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdə evinə bir qrup şəxslər gələrək ona akta imza etdirmişlər. Hal-hazırda isə mülkiyyət hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. BOKT iddia tələbinə dair etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ona məxsus olan Qəbələ rayonu, Nic kəndində yerləşən 0,84 ha torpaq sahəsinin və onun üzərində olan ümumi sahəsi 117 kv.m-dən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Kredit öhdəliyi yerinə yetirə bilmədiyi üçün BOKT tərəfindən məhkəməyə müraciət olunmuş və iş üzrə qətnamə çıxaraq 2011-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bundan sonra qətnamə əsasında iş icra şöbəsinin vasitəsi ilə hərraca gedərək, hərracın nəticələrinə əsasən, həmin daşınmaz əmlak BOKT-un xüsusi mülkiyyətinə keçmişdir. 14 oktyabr 2019-cu il tarixdə istifadə hüququnun xitam verilməsi barəsində son bildirişi BOKT İddiaçı göndərərək, İddiaçı həmin son bildirişi qəbul edərək, qəbul edilməsinə dair bildirişin surətinə imza etmişdir. Bundan başqa həmin bildirişdə qeyd olunmuşdur ki, artıq həmin daşınmaz əmlak BOKT-un mülkiyyətindədir. Bu bir daha onu sübuta yetirir ki, İddiaçı tərəfindən bu əmlakın icra və hərracı barəsində bütün sənədlər qəbul olunmuşdur. Bundan sonra 23 aprel 2021-ci il tarixdə Cavabdeh1 icra məmuru Nümayəndə2 iştirakı ilə İddiaçı, Nümayəndə4 və Nümayəndə1 həmin əmlakı boşaldaraq, BOKT-a təhvil vermişdirlər. Buna dair Nümayəndə4, İddiaçı və Nümayəndə1 əmlakın təhvil verilməsi və boşaldılması haqqında 23 aprel 2021-ci il tarixli aktı təsdiq edərək imzalamışdırlar. Eyni zamanda hazırki tələblə iddia ərizəsinin verilmə müddəti ötürülmüşdür. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(025)- 724/2022 nömrəli iş üzrə qəbul etdiyi 15 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, ipoteka predmeti olan daşınmaz əmlaklar qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq alıcı BOKT-a satılmışdır. Belə ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Qəbələ rayonu Nic kəndində yerləşən 0,84 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 117.9 kv.m olan fərdi yaşayış evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərracda satılaraq özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunan ipoteka predmetlərinin dəyərinin aşağı olmasını, düzgün qiymərləndirilməməsini göstərmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti Qəbələ Rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli 2(025)-550/2011 nömrəli qətnaməsi iə müəyyən edilmiş, iddiaçı isə həmin qətnamədən şikayət verməmiş və ipoteka predmetlərinin qiymətini mübahisələndirməmişdir. Eyni zamanda “İpoteka haqqında” AR qanunun 43.5 və 43.7 maddələrinə əsasən ilkin satış qiymətinin enmiş faizləri təkrar hərracda 15 % (on beş) və 25 % (iyirmi beş) azalmış, nəticədə üçüncü hərrac zamanı əmlakın qiyməti 19.125 manat olmuşdur. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi, hərrac təşkilatçısının hərracın keçirilməsi barədə ona məlumat verməməsini, hərracın onun xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, Qəbələ rayon Məhkəməsinin 2(025)-550/2021 saylı xx.xx.2011-ci il tarixli icra sənədi üzrə Qəbələ rayonu Nic kəndində yerləşən 0,84 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 117.9 kv.m olan fərdi yaşayış evi borclular tərəfindən yaşayış evində olan bütün əşyalar boşaldılaraq özləri tərəfindən aparılmış, qeyd olunan yaşayış evi boşaldılaraq tələbkara təhvil verilmiş, eyni zamanda giriş qapılarının açarları dəyişdirilərək tələbkarın etibarnamə üzrə nümayəndəsinə verilmiş, aktından doğruluğunu Cavabdeh1 icra məmuru Nümayəndə2, borclu Nümayəndə1, borclu İddiaçı, tələbkar BOKT-un etibarnamə üzrə nümayəndəsi X6 və borcluların ailə üzvü Nümayəndə4 imzası ilə təsdiq etmişlər. Göründüyü kimi iddiaçı və onun ailə üzvləri hərracın keçirilməsindən və iddiaçıya məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin BOKT-un mülkiyyətinə keçməsindən xəbərdar olmuşlar ki, bunun nəticəsində həmin evin boşaldılması barədə akta imza çəkmişlər. Həmçinin məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur. Məhkəmə mövqeyini “İpoteka haqqında” Qanunun 41.1, 41.2, 41.3, 41.5, 42.1, 42.5, 42.6-cı, “İcra haqqında” Qanunun 53.1, 53.2, 53.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə5 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddianı rədd edən Rayon Məhkəməsi öz qətnaməsində belə əsaslandırma etmişdir ki, iddiaçı və onun oğlu 23 aprel 2021-ci il tarixli akta imza atmış və evin boşaldılmasına razılıq verərkən evin hərracda satılmasından sanki xəbəri olmuşdur. Bu yanaşma kökündən yanlışdır. İlk öncə yuxarıda da qeyd edildiyi kimi hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair subyektiv hüquq yalnız iddiaçıya, yəni Qəribova Validə Baba qızına məxsusdur. O isə latın qrafikası ilə yazıb-oxuya bilmir. Həmçinin aktı tərtib edən Nümayəndə2 məhkəmə baxışı zamanı bildirmişdir ki, iddiaçıya aktın məzmununu oxutmamışdır və iddiaçının aktın məzmunundan xəbəri olmamışdır. Ümumiyyətlə həmin an iddiaçıya hərracın nəticələri, əldə edənin kimliyi, sənədləri belə təqdim edilməmişdir. Yalnız sənədlər iş məhkəməyə getdikdən sonra məhkəmənin tam sənəd paketi əldə edilmiş, orda da müəyyən edilmişdir ki, qəti olaraq hərrac keçirilməmiş, hərracın təşkili qaydasına riayət etməmiş, açıqlıq və məlumatlandırma prinsiplərinə əməl edilməmiş, iddiaçının hərracın yekunlarında dair akt imzalanana qədər əmlakın yüklülüyünü ödənməsi üçün şərait yaradılmamışdır. Əksinə dəfələrcə iddiaçının oğulları banka yaxınlaşmış, pulu ödəmək istədiklərini bəyan etmiş, hazır pul ilə kredit təşkilatında olmuşlar. Lakin kredit təşkilatının əməkdaşları bu və ya digər səbəblərlə, bəhanə ilə bu məsələni uzatmışlar və həll etməkdən yayınmışlar. Qəti olaraq hərracın nəticələrinə dair bu günə qədər ya hərrac təşkilatı tərəfindən, ya icra məmuru tərəfindən, ya da tələbkar tərəfindən iddiaçıya hər hansı məlumat xarakterli sənəd təqdim edilməmişdir. Hərracın nəticələrinin etibarsızlığına dair məlumatları məhkəmənin özünün sorğusu ilə əldə etdiyi məlumatlardan sonra iddiaçı müəyyən etmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, hərracın nəticələri olaraq kredit təşkilatı əmlakı əldə etdikdən sonra məhkəmədə proses davam edən əsnada əmlakın Quliyeva Çimnaz Kərim qızına satılmasından da iddiaçının xəbəri olmuşdur, ona görə də məhkəmə iddianı rədd etmişdir. Bununla bağlı qeyd olunur ki, digər şəxsin sonradan əmlakı əldə etməsi hərracın yekun nəticələrinin etibarsızlığını aradan qaldıran hal deyil. Etibarsızlığı o zaman aradan qaldıran hallar mövcud olur ki, qanunvericilikdə birbaşa təsbit edilsin. Məsələn bəyənmə, azyaşlıya nisbətdə qəyyumun razılığı, əqdin konversiyası, əqdin sonradan təsdiqi. İstənilən halda məhkəmə nəticəsində iddiaçıya məlum olan hərracın yekunlarına dair etibarsızlıq iddiası tam haqlı və qanunidir və hüquqi əsaslar var. Digər alıcının olması belə etibarsızlığa haqq qazandıran amil deyil, məhkəmə qətnaməsini əsaslandıra bilməmişdir. Həmçinin nəzərə alsaq ki, hazırda da həmin əmlak iddiaçının və ailə üzvlərinin istismarındadır, fərdi yaşayış evinin maliyyə dəyəri 200.000 manatdan artıqdır. Haqsız olaraq və qanunun tələblərini pozaraq iddiaçı mülkiyyətdən məhrum edilmişdir. Bu gün də iddiaçı razıdır ki, indeksasiyanı, əldən çıxmış faydanı da nəzərə alaraq öhdəliyini yerinə yetirsin və əmlak hüququnu tam olaraq özünə qaytarsın. Hərrac qanunsuz və əsassız aparılıb, formal tələblərə əməl edilməmişdir, nəticədə iddiaçı kobud şəkildə mülkiyyət hüququndan məhrum edilmişdir. Həmin evdə iddiaçı ilə birlikdə 2-ci Qarabağ Müharibəsinin qazisi də qalmaqdadır və yeganə yaşayış yerləridir. Həmçinin onu da nəzərə almaq lazımdır ki, icra prosesində iştirak edən icra məmuru məhkəmə zamanı verdiyi ifadəsində göstərmişdir ki, biz heç bir zaman xanıma evin hərracda satılmasına dair protokolu elan etməmişik. Sadəcə formal olaraq imza ataraq onların yanından uzaqlaşdırılmışdır. Eyni zamanda Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 avqust 2022-ci il tarixli 936 nömrəli arayışdan görünür ki, xx.xx.1954-cü təvəllüdlü İddiaçı ondan ötrü ki, o, Qəbələ rayonunun Nic kəndində qeydiyyatdadır, hazırda orada yaşayır. Məlumat üçün bildirilir ki, İddiaçı latın qrafikası ilə oxuyub yaza bilmir. Belə olan təqdirdə iddiaçı heç bir zaman məlumatlı olmamışdır ki, protokolun mızmunu nədir, hərracın yekunları nə olmuşdur, hərrac barədə hər hansı bir sənəd ona və ya ailə üzvlərinə təqdim edilməmişdir. Lakin təəssüflər olsun ki, Qəbələ rayon Məhkəməsi öz qərarının əsaslandırıcı hissəsində ona da vurğu etmişdir ki, sanki iddiaçının hərracın yekunlarından xəbəri olmuşdur, bunu onunla əsaslandırmıdır ki, o, evin boşaldılmasına dair protokola imza atmışdır. Ümumiyyətlə ev boşaldılmamışdır, hazırda da iddiaçı və ailə üzvlərinin istifadəsindədir, digər tərəfdən ona imza etdirilən zaman onun məzmunu elan edilməmişdir, əksinə ona qeyd etmişlər ki, kredit müqaviləsinin uzadılması yönündə sənədə imza atırsan, bu isə Sizin mənafeyinizə uyğundur. Nəticə olaraq heç bir halda iddiaçı-ipoteka qoyanın hərracla bağlı, evin qanunsuz olaraq özgəninkiləşdirilməsi ilə bağlı məlumatı olmamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının əvvəlki iclasında iddiaçının nümayəndəsi X4 və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdirlər. Apellyasiya baxışının iclasında iştirak edən BOKT-un nümayəndəsi Nümayəndə3 iddia tələbinə etirazın dəlilləri ilə eyni məzmunlu izahat vermişdir. Cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən qətnaməni tam yoxlamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 41. İpoteka predmetinin satış üsulları - 41.1. İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. - 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. - 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. - 41.5. Hərrac açıq auksion formasında keçirilir. Maddə 42. Hərracın keçirilmə qaydası Maddə 42.1. (Hərracın keçirildiyi vaxt qüvvədə olan) Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. - 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. - 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 53. Üzərinə həbs qoyulmuş əmlakın satılması - 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. - 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. - 53.3. Əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, məcmu halda qiymətləndirilmiş sübutlardan müəyyən edilir ki, hazırki mübahisə obyekti olan ipoteka qoyulmuş daşınmaz əmlakla bağlı Qəbələ Rayon Məhkəməsinin icra sənədi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq 2 hərracın (ilk və təkrar) keçirilməsi təşkil edilmiş, bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmişdir. İpoteka predmeti olan daşınmaz əmlak hərracda alıcı olmadığından satılmamış və həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar BOKT-a təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə hesab etmişdir ki, şikayətdə göstərilən hallar iş materialları təkzib olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 dekabr 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bununla yanaşı Məhkəmə müəyyən etmişdir ki, iddiaçının məhkəmə qətnaməsi ilə oğlu Nümayəndə1 tutulması qət edilmiş kredit borcunun iddiaçıya məxsus fərdi yaşayış evinə yönəldilməsindən məlumatlı olmuşdur. Belə ki, BOKT, iddiaçıya və Cavabdeh1nə ünvanladığı xx.xx.2019-cu il tarixli 1928/19 №-li bildirişdə(iş vər.52) bildirir ki, Qəbələ rayonu, Nic kəndində yerləşən 0,84 ha torpaq sahəsi və fərdi yaşayış evi artıq uzun müddətdir ki, MMC-yə məxsusdur. Qəbələ Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddiaçının və həmin ünvanda onunla birgə qeydiyyatda olan digər şəxslərin həmin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilmiş və yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. Lakin iddiaçı və evdə yaşayan digər şəxslər qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra etmək və evi boşaltmaqdan imtina edir və evdən istifadə etməkdə davam edirlər. Qeyd olunanları nəzərə alaraq BOKT iddiaçıya həmin evi almağı (ilkin olaraq evin bazar dəyərinin 15-20% ödənilməsi, qalan məbləğin isə 24-36 ay müddətində hissə-hissə ödəmək şərti ilə) iddiaçıya təklif etmişdir. BOKT-un təklifinin qəbul edilmədiyi halda isə evdə yaşayan şəxslərin əşyalarla birlikdə evdən çıxarılacağı barədə iddiaçıya xəbərdarlıq olunmuşdur. Sözügedən bildirişə torpaq sahəsinə və fərdi yaşayış evinə dair BOKT-un adına verilmiş çıxarış əlavə edilmişdir. MMC-nin həmin bildirişini və bildirişə əlavə olunmuş Çıxarışı xx.xx.2019-cu il tarixdə iddiaçı ilə birlikdə mübahisəli evdə yaşayan oğlu Nümayəndə1 qəbul etmiş və bu barədə bildirişə imza etmişdir. Bundan başqa, iddiaçının digər oğlu Nümayəndə4 məhkəməyə verdiyi izahatından müəyyən edilir ki, BOKT-da işləmiş Nümayəndə4 bütün bu proseslərdən ( qardaşı Müşviqin BOKT-dan kredit götürməsi, krediti qaytara bilməməsi, evin hərracdan “aşağı qiymətə” satılması, evin faktiki boşaldılmaması və sair) məlumatlı olmuşdur. Nümayəndə4 yaranmış mübahisəni həll etmək üçün dəfələrlə MMC-yə hisə-hissə pul aparmış, lakin BOKT borcun birdəfəlik bağlanmasını tələb etmişdir. Bundan əlavə işdə olan sənədlərdən və tərəflərin məhkəmələrə bildirdiklərindən məlum olur ki, xx.xx.2021-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinin 2(025)-550/2021 saylı xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən ev boşaldılmış, evin kilidi dəyişdirilmiş, açarlar MMC-nin nümayəndəsinə təhvil verilmişdir. Bununla bağlı xx.xx.2021-ci il tarixdə müvafiq akt tərtib edilmiş, aktı icra hərəkətlərində iştirak edən digər şəxslərlə yanaşı iddiaçı və övladları Müşviq və Mahmud da imzalamışlar. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının evin hərraca çıxarılması, hərracdan satılması, BOKT-un evi əldə etməsindən məlumatlı olmaması barədə bildirdikləri inandırıcı sayıla bilməz. Beləliklə, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Qəbələ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 iyul 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1162/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1162/2022
06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver