Məhkəmə qərarları › İş №2(107)-1176/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1176/2021

09.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1176/2021 09.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- mənzildən istifadə hüququ, evə köçürülmə tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, Cavabdeh4 nümayəndəsi və vəkili X3 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tаrixli, 2(051)-310/2021 saylı qətnaməsindən iş üzrə Cavabdeh4 verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə Cavabdeh4 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tаrixli, 2(051)-310/2021 saylı qətnaməsi ilə (hakim N. Paşayev) iddia təmin edilmiş, İddiaçı 11.03.2015-cü il tarixdə doğulmuş Əbəlfəz, 13.05.2018-cü il tarixdə doğulmuş Mədinə adlı uşaqları ilə birlikdə Cavabdeh4 mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Mingəçevir şəhəri, Təbriz küçəsi 23 nömrəli binanın, 14 saylı mənzili Mingəçevir DTİ və MHQİ-nin 22.02.2005-ci il tarixli, 6510 nömrəli qeydiyyat vəsiqəsi ilə Cavabdeh4 adına qeydiyyata alınmışdır. X6 ilə İddiaçı arasında 19.02.2014–cü il tarixdə rəsmi nikah bağlanmışdır. İddiaçı nikaha daxil olduqdan sonra Cavabdeh4 mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən mənzilə gəlin köçüb cavabdehlərlə birlikdə yaşamışdır. X6 ilə İddiaçı birgə nikahından 11.03.2015-cü il tarixdə Əbəlfəz, 13.05.2018-cü il tarixdə Mədinə adlı uşaqları doğulmuşdur. İddiaçı 2015–2020–ci illər ərzində həmin mənzildə fasiləsiz və etirazsız olaraq yaşamışdır. İddiaçının əri Naim 06.05.2020-ci il tarixdə öldükdən sonra iddiaçı uşaqları ilə birlikdə ayrı yaşamağa başlamış, lakin iddiaçıya məxsus cehiz əşyaları mübahisəli mənzildə qalmışdır. Hal-hazırda Cavabdeh4, Cavabdeh1, X7, Cavabdeh3, X8, Cavabdeh2, X1 şəhəri, Təbriz küçəsi 23, mənzil 14 ünvanında qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı ilə X6 19 fevral 2014-cü il tarixdə Mingəçevir şəhər Nikah evində nikah bağlamaqla evlənmişlər. Birgə nikahlarından 11.03.2015-cü il tarixdə Əbəlfəz, 13.05.2018-cü il tarixdə Mədinə adlı uşaqları doğulmuşdur. İddiaçı nikaha daxil olduqdan sonra Cavabdeh4 mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən mənzilə gəlin köçüb cavabdehlərlə birlikdə yaşamışdır. İddiaçı gəlin köçən vaxt özünə məxsus cehiz əşyalarını da həmin mənzilə yığmışdır. Həmin vaxt cavabdehlər iddiaçını ailə üzvü kimi qəbul etmiş, onunla ümumi təsərrüfata malik olmuş, onun həmin evdə daimi yaşamasına razı olmuşlar. İddiaçının Əbəlfəz və Mədinə adlı uşaqları da həmin evdə doğulmuşdur. İddiaçının əri Naim 06.05.2020-ci il tarixdə öldükdən sonra iddiaçı uşaqları ilə birlikdə ayrı yaşamağa başlamış, lakin iddiaçıya məxsus cehiz əşyaları mübahisəli mənzildə qalmışdır. İddiaçı 2015–2020–ci illər ərzində həmin mənzildə fasiləsiz və etirazsız olaraq yaşamışdır. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının və uşaqlarının mübahisəli mənzildən istifadə etmələrinə etiraz etmirlər. Mübahisəli mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi daha sonra qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzilə 19.02.2014-cü il tarixdə gəlin köçdüyündən, 2020-ci ilin iyun ayında mübahisəli mənzili tərk etdiyindən, həmin vaxt mübahisəli fərdi yaşayış evi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alındığından iddiaçının həmin evin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması ilə bağlı mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi daha sonra qeyd etmişdir ki, iddiaçı hazırkı mülkiyyətçinin ailə üzvü olmasa da, iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə etməsinə və azyaşlı uşaqları ilə köçüb yaşamasına cavabdeh tərəf məhkəmə iclası zamanı yazılı razılıq vermişdir. Qeyd olunan razılıq, qanunvericiliyə zidd olmadığından və azyaşlı uşaqların mənafeyinə uyğun olduğundan, iddiaçının mübahisəli mənzilin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün əsasdır. Belə ki, işdə olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 29.03.2021-ci il tarixli ərizə verərək, onlar iddiaçının azyaşlı uşaqları ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsinə etiraz etməmişdirlər. Birinci instansiya məhkəməsi iddiaçının mübahisəli mənzilə gəlin köçməsini, uşaqlarının həmin evdə doğulmasını, xeyli müddət fasiləsiz və etirazsız olaraq orada yaşamasını, habelə ümumi təsərrüfatı idarə etməsini, iddiaçının həmin mənzili özünün daimi yaşayış yeri hesab etməsini sübut edən hal kimi qiymətləndirmiş və nəzərə almışdır. İddiaçının yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət qarşısında evdən çıxması, onun daimi yaşamaq üçün köçüb yaşadığı mübahisəli mənzilə olan hüququnun itirilməsi üçün əsas olmadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2–ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.7-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3–cü maddəsi ilə ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tаrixli, 2(051)-310/2021 saylı qətnaməsi qanunsuz və əsassızdır, qətnamədə maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, işə dəxli olan yeganə Cavabdeh4 məhkəmə prosesində iştirak etməmiş və ümumiyyətlə, prosesdən xəbəri olmamışdır. Yalnız qətnamə onun ünvanına göndərildikdən sonra cavabdeh məsələdən xəbərdar olmuşdur. Bununla birlikdə məhkəmə iddiaçının həmin mənzildən istifadə hüququ olub-olmadığını və mənzildən hansı səbəbdən çıxmasını, hazırda niyə başqa yerdə yaşamağını araşdırmamışdır. Bundan əlavə məhkəmə qətnaməsində, cavabdehin iddiaçının həmin mənzilə köçürülməsinə yazılı razılıq verdiyi göstərilsə də, bu əsassızdır. Belə ki, iş üzrə əsl Cavabdeh4 belə bir razılıq verməmişdir. Digər cavabdehlərin razılıq vermələrinin heç bir əhəmiyyətləri yoxdur, onların həmin mənzilin mülkiyyətçiləri deyildirlər. Apelyator həmçinin qeyd etmişdir ki, iddiaçı onun nəvəsinin arvadı olub, onun ailə üzvü və yaxud yaxın qohumu deyildir, apelyatorun onu saxlamaq və yaşayış sahəsi ilə təmin etmək vəzifəsi yoxdur. Qeyd edilənlərə əsasən, Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tаrixli, 2(051)-310/2021 saylı qətnaməsi ləğv edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq və məhkəmə iclasının başqa bir tarixə təxirə salınmasını xahiş etmiş, lakin bununla bağlı məhkəməyə hər hansı bir səbəb göstərməmiş və dəlil təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh4 vəkili və nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında iştirak etmiş və apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tаrixli, 2(051)-310/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tаrixli, 2(051)-310/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etmişdir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişsə də, maddi hüquq normalarının təfsirində səhvə yol vermişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Mingəçevir şəhəri, Təbriz küçəsi 23 nömrəli binanın, 14 saylı mənzili Mingəçevir DTİ və MHQİ-nin 22.02.2005-ci il tarixli, 6510 nömrəli qeydiyyat vəsiqəsi ilə Cavabdeh4 adına qeydiyyata alınmışdır. X6 ilə İddiaçı arasında 19.02.2014–cü il tarixdə rəsmi nikah bağlanmışdır. İddiaçı nikaha daxil olduqdan sonra Cavabdeh4 mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən mənzilə gəlin köçüb cavabdehlərlə birlikdə yaşamışdır. X6 ilə İddiaçı birgə nikahından 11.03.2015-cü il tarixdə Əbəlfəz, 13.05.2018-cü il tarixdə Mədinə adlı uşaqları doğulmuşdur. İddiaçının əri Naim 06.05.2020-ci il tarixdə öldükdən sonra iddiaçı uşaqları ilə birlikdə ayrı yaşamağa başlamış, lakin iddiaçıya məxsus cehiz əşyaları mübahisəli mənzildə qalmışdır. İddiaçı 2015–2020–ci illər ərzində həmin mənzildə fasiləsiz və etirazsız olaraq yaşamışdır. Hal-hazırda Cavabdeh4, Cavabdeh1, X7, Cavabdeh3, X8, Cavabdeh2, X1 şəhəri, Təbriz küçəsi 23, mənzil 14 ünvanında qeydiyyatdadırlar. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tаrixli, 2(051)-310/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia ərizəsi rədd edilməlidir. Məhkəmə kollegiyası İddiaçı 11.03.2015-cü il tarixdə doğulmuş Əbəlfəz, 13.05.2018-cü il tarixdə doğulmuş Mədinə adlı uşaqları ilə birlikdə Cavabdeh4 mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi cavabdehlə iddiaçı arasında hüquq münasibətləri 2014-cü ilin fevral ayında, yəni cavabdeh iddiaçının evinə gəlin köçdüyü vaxtdan yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı işdə tərəflər arasında münasibətlər 01 oktyabr 2009-cu ildən sonra yarandığından onlar arasındakı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından da hüquqi qiymət verilməlidir. Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız, apellyasiya şikayəti isə əsaslıdır. Belə ki, apelyator şikayətində göstərmişdir ki, iddiaçı onun nəvəsinin arvadı olub, onun ailə üzvü və yaxud yaxın qohumu deyildir, apelyatorun onu saxlamaq və yaşayış sahəsi ilə təmin etmək vəzifəsi yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəsli isə qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsini, baba və nənənin nəvələrini saxlamaq vəzifəsini, nəvələrin baba və nənəni saxlamaq vəzifəsini, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsini, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsini müəyyən edir. Həmin fəsildə qaynatanın və ya qaynananın gəlini saxlamaq vəzifəsi müəyyən edilməmişdir. Digər tərəfdən mülkiyyətçi olmayan digər cavabdehlərin iddiaçının mübahisəli evə köçməsinə razılıq verməsi iddianın təmin edilməsi üçün əsas ola bilməz. Çünki həmin cavabdehlər mülkiyyətçi deyillər. Odur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından, iddiaçının Cavabdeh4 fərdi yaşayış evindən istifadə hüququ yoxdur və o uşağları ilə birlikdə həmin evə köçürülə bilməz. Beləliklə kollegiya hesab edir ki, şikayətin həmin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslıdır. Bundan əlavə apelyator şikayətində məhkəmə prosesində iştirak etmədiyini, ümumiyyətlə, prosesdən xəbəri olmadığını, yalnız qətnamə onun ünvanına göndərildikdən sonra məsələdən xəbərdar olduğunu bildirmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayətin bu dəlili əsassızdır. Belə ki, iş materiallarının 38-ci səhifəsindəki məhkəmə bildirişindən görünür ki, cavbadeh Cavabdeh4 29 mart 2021-ci il tarixli, saat 15:00-a təyin olunmuş məhkəmə baxışı iclası barədə xəbərdar edilmişdir. Bundan əlavə iş materiallarının 40-ci səhifəsində olan həmin bildirişin xəbərdanəməsindən də görünür ki, cavbadeh Cavabdeh4 17 mart 2021-ci il tarixində xəbərnaməyə imza edərək bildirişi almış və məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normalarının şərhində yanlışa yol vermiştir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə iştirak edən nümayəndənin izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tаrixli, 2(051)-310/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tаrixli, 2(051)-310/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mənzilə köçürülməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Elçin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar