Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1177/2020 30.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sədəddin oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sədəddin oğluna qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-287/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, HDQH DƏDR-dən Çıxarışa əsasən Cavabdeh2 Sədəddin oğlunun tam mülkiyyət hüququ üzrə mülkiyyətində və Cavabdeh1 torpaq sahəsi üzərində ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu Kebeloba kəndində yerləşən fərdi yaşayış evinə 16 il müddətə istifadə hüququnun tanınması və xx xxxxxx 2017-ci il tarixdə doğulmuş X8 ilə birlikdə həmin evə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) xx xxxx 2020-ci il tarixli, 2(033)- 287/2020 nömrəli qətnaməsi ilə İddiaçı Mehdı qızının Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh2 tam mülkiyyət hüququ üzrə mülkiyyətində və Cavabdeh1 isə torpaq sahəsi üzərində ümumi birgə mülkiyyətdə olan Zaqatala rayonu,Kebeloba kəndində yerləşən fərdi yaşayış evinə 16 il müddətə istifadə hüququnun tanınması və xx xxxxxx 2017-ci il tarixdə anadan olmuş uşağı X8 ilə birgə həmin evə köçürülməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh1lə 2015-ci ildə rəsmi qaydada evlənmiş və gəlin kimi qayınatası Cavabdeh2 məxsus Zaqatala rayonu Kebeloba kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Hazırda ona məxsus cehiz əşyaları da həmin evdə yerləşir. Onların birgə nikah dövründə xx xxxxxx 2017-ci ildə Dilək adlı bir uşaqları doğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(033)-288/2019 saylı qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur. Hazırda onun uşağı ilə birlikdə yaşamaq üçün evi yoxdur. Ona görə də məcbur olmuşdur ki, məhkəməyə müraciət etsin. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə evin Cavabdeh2 mülkiyyətində olmasını əsas gətirərək iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Hansıki çıxarışdan göründüyü kimi evin yerləşdiyi torpaq sahəsinin üzərində Cavabdeh1 də hüquqları vardır. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-287/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı onun qızıdır və hazırda azyaşlı uşağı ilə birlikdə onunla birlikdə yaşayır. Qeyd olunan fərdi yaşayış evi iddiaçının qayınatasına məxsus olsa da, altındakı torpaq sahəsi həmçinin iddiaçının ərinə məxsusdur. Hesab edir ki, qızının da həmin evdə hüququ var. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı onun keçmiş arvadıdır. Mübahisəli yaşayış evinin ona heç bir aidiyyəti yoxdur. Həmin ev daim atasına məxsus olmuş, hazırda da atasının mülkiyyətindədir. Ona görə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Sədəddin oğlu apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli yaşayış evi daim ona məxsus olmuş, hazırda da onun mülkiyyətindədir. Ona görə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-287/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Mülki işdə olan Azərbaycan Republikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Zaqatala rayonunun Kebeloba kəndində 0,0599 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 Sədəddin oğlunun torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə X4, X7, X5 və Cavabdeh1 adına daşımaz əmlakın dövlət reystrində 50 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata xx xxxxxxxx 2019-cu il tarixdə alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, iddiaçı ilə cavabdehlər arasındakı mübahisəli hüquq münasibəti 2015-ci ildə yaranmışdır. 2019-cu il tarixdə iddiaçı ilə Cavabdeh1 nikahı rəsmi qaydada pozulmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iş üzrə Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququnun təmin tanınması və uşağı ilə birlikdə həmin evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözügedən mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçının əri Cavabdeh1 deyil, iddiaçının qayınatası olan digər Cavabdeh2 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibətləri Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qüvvəyə mindiyi xx xxxxxxx 2009-cu il tarixdən sonra yaranmışdır. Belə olduğu təqdirdə isə həmin münasibətlərə Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Normanın məzmunundan göründüyü kimi ailə münasibətləri ilə bağlı istifadə hüququ o vaxtı yaranır ki, həmin hüququn tələb olunduğu yaşayış evi ərin mülkiyyətində olmuş olsun. Lakin yuxarıda qeyd olunduğu kimi iddiaçının mübahisələndiridiyi fərdi yaşayış evi heç vaxt onun ərinin mülkiyyətində olmamışdır. Mənzil Məcəllənin 68.1 və 68.2-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqailəsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 69.2-ci maddəsinə görə, kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə digər vətəndaşları onun birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi ona görə ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı 2015-ci ildən 2019-cu ilədək Cavabdeh2 məxsus evdə yaşasa da o, mülkiyyətçiyə münasibətdə ailə üzvü (və ya digər qohumlar) siyahısına aid deyildir. İkincisi, yuxarıda sadalanan normanın məzmunundan göründüyü kimi ailə münasibətləri ilə bağlı istifadə hüququ o vaxtı yaranır ki, həmin hüququn tələb olunduğu yaşayış evi ərin mülkiyyətində olmuş olsun. Lakin göründüyü kimi iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evi heç vaxt onun ərinin mülkiyyətində olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-287/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1177/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1177/2020
30.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver