Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1177/2022 29.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun tanınması, evə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə (Açar sözlər: mənzilə köçürmə, mənzilə istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması, maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun tanınması, evə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair Şəki Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 2(075)-947/2022 saylı qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Qoxmuq kəndində yerləşən cavabdehlə birgə nikah dövründə tikilmiş fərdi yaşayış evindən onun, azyaşlı uşaqları X1 və X3 istifadə hüquqlarının tanınması, onun, azyaşlı uşaqları X4 və X3 həmin evə köçürülmələri, cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, ödənilmiş 50 manat mediasiya xərci və 50,40 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil3 iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1 ilə 29 noyabr 2009-cu il tarixdə qeyri-rəsmi qaydada ailə qurmuş və onlar 18 avqust 2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. İddiaçı ilə Cavabdeh1 birgə yaşadıqları müddətdə, yəni 10 sentyabr 2010-cu il tarixdə Ofelya və 06 iyul 2012-ci il tarixdə Əsəd adlı uşaqları anadan olmuşlar. İddiaçı Cavabdeh1 ilə ailə qurarkən cavabdehin valideynləri ilə birlikdə yaşadığı, Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, apardığı nişan-cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. İddiaçı gəlin köçərkən qeyd edilən fərdi yaşayış evinin sənədi olmamışdır. Sonradan İddiaçı Cavabdeh1 ilə birlikdə yaşadıqları dövrdə yeni bir fərdi yaşayış evi inşa etmişlər və həmin fərdi yaşayış evinin sənədi olmamışdır. Lakin, həmin fərdi yaşayış evi təmirli vəziyyətdə olmaqla, yaşamaq üçün tam əlverişli olmuşdur. İddiaçı ailə qurduğu vaxtdan cavabdehdən ayrıldığı vaxtadadək gəlin düşdüyü və cavabdehlərə məxsus Şəki rayonu, Qoxmuq kəndində yerləşən həmin evdə yaşamışdır. 2021-ci ilin payız aylarında Cavabdeh1 ilə İddiaçı ilə ayrılmışlar. Bundan sonra Şəki Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı arasında 18 avqust 2011-ci il tarixdə Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qoxmuq kənd İcra Nümayəndəliyində bağlanmış nikah pozulmuş, 10 sentyabr 2010-cu il təvəllüdlü X1 və 06 iyul 2012-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmaları, həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh1 hər ay hər bir uşaq üçün sabit pul məbləğində 125 manat olmaqla, cəmi 250 manat alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 28 oktyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Hazırda İddiaçı azyaşlı uşaqları ilə birlikdə atası evində yaşayır. Lakin, İddiaçı məxsus cehiz əşyaları cavabdehlərin yaşadıqları evdədir. Atası evində İddiaçı yaşaması üçün şərait yoxdur. Hazırda İddiaçı Şəki rayonu, Qoxmuq kəndində yerləşən cavabdehlə birgə nikah dövründə tikilmiş fərdi yaşayış evindən onun, azyaşlı uşaqları X1 və X3 istifadə hüquqlarının tanınmasını, onun, azyaşlı uşaqları X4 və X3 həmin evə köçürülmələrini, cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılmasını istəyir. Bu səbəbdən də İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, tələbi ilə bağlı ödənilmiş 50 manat mediasiya xərci və 50,40 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı verilməlidir. Hesab edir ki, İddiaçı iddiası əsaslıdır. İddianı müdafiə edir və iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-947/2022 saylı qətnaməsi ilə (hakim P.Hacıyev) Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evindən İddiaçı, azyaşlı uşaqları X1 və X3 istifadə hüquqlarının tanınması, İddiaçı, azyaşlı uşaqları X4 və X3 həmin evə köçürülməsi, cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, ödənilmiş 50 manat mediasiya xərci və 50,40 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə İddiaçı iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 ailə qurmuşlar və onlar 18 avqust 2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. İddiaçı ilə Cavabdeh1 birgə yaşadıqları müddətdə onların 10 sentyabr 2010-cu il tarixdə Ofelya və 06 iyul 2012-ci il tarixdə Əsəd adlı uşaqları anadan olmuşdur. İddiaçı Cavabdeh1 ilə ailə qurarkən Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Onlar bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonradan münasibətləri pisləşdiyindən 2021-ci ilin payız aylarında ayrılmışlar. Bundan sonra Şəki Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı arasında 18 avqust 2011-ci il tarixdə Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qoxmuq kənd İcra Nümayəndəliyində bağlanmış nikah pozulmuş, 10 sentyabr 2010-cu il təvəllüdlü X1 və 06 iyul 2012-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmaları, həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh1 hər ay hər bir uşaq üçün sabit pul məbləğində 125 manat olmaqla, cəmi 250 manat alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 28 oktyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmamalıdır. Eyni zamanda birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh İddiaçı Cavabdeh2 gözlənilən mülkiyyətin hüququ olan, Şəki rayonu, Qoxmuq kəndində yerləşən evdən istifadə hüququnun qalması üçün hər hansı bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mübahisə predmeti olan ev Cavabdeh2 tərəfindən inşa edilmiş və həmin evin yerləşdiyi 599 kvadrat metr torpaq sahəsi Şəki Rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən Cavabdeh2 fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Qeyd edilən fərdi yaşayış evi Cavabdeh2 adına reyestrdə qeydiyyata alınmasa da, cavabdeh İddiaçı köçməsinədək ev tam hazır vəziyyətdə və istifadə də olduğundan Cavabdeh2 artıq tərəflərin nikah bağladıqları 18 avqust 2011-ci il tarixinədək, yəni cavabdeh İddiaçı oraya köçməsinədək Şəki rayonu, Qoxmuq kəndində 599 kvadrat metr torpaq sahəsində yerləşən həmin fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ yaranmışdır. Digər Cavabdeh2 isə iddiaçının istifadə hüququnun tanınmasını tələb etmək hüququna malik olan şəxlər kateqoriyasına daxil deyildir. Həmçinin, İddiaçı Cavabdeh2 evdən istifadə hüququnun tanınmasını tələb etmək hüququna malik olan şəxlər kateqoriyasına daxil olmadığından onun Şəki rayonu, Qoxmuq kəndində yerləşən cavabdehlə birgə nikah dövründə tikilmiş fərdi yaşayış evindən onun, azyaşlı uşaqları X1 və X3 istifadə hüquqlarının tanınması, onun, azyaşlı uşaqları X4 və X3 həmin evə köçürülmələrini tələb etməsi özü-özlüyündə əsassızdır. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evindən onun azyaşlı uşaqları X1 və X3 istifadə hüquqlarının tanınması, onun azyaşlı uşaqları X4 və X3 həmin evə köçürülmələr, cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, ödənilmiş 50 manat mediasiya xərci və 50,40 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, işdən göründüyü kimi onların yaşadığı fərdi yaşayış evinə Cavabdeh1 Əsəd oğlu da payçıdır. Yəni torpaq sahəsinin həyat yoldaşı payçısıdır. İşdə olan Şəki rayon Məhkəməsinin xx.xx.2021-ciil tarixli qətnaməsindən də görünür ki, aralarında olan nikah qeydi pozulmuş, 10 və 12 yaşlı iki uşağı onun himayəsində saxlanılmışdır. Onlar 2009-cu il tarixində nikaha daxil olaraq, o Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür, yəni, həyat yoldaşı Ərzumanın bu gün onları çıxarmaq istədiyi mübahisələndirilən bu evə gəlin köçmüşdür. Hər iki uşağı bu evdə doğulub. Cer-cehiz əşyaları bu gün də həmin evdədir. Hesab edir ki, onların bu evdə istifadə hüquqları vardır. Bu səbəbdən də onlar həmin evə köçməklə bu evdə yaşamaq istəyirlər. Cavabdeh onların bu hüququnu təmin etmədiyindən o hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə Prosessual Hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə tərəfindən onların mövqeyi tam və hərtəfli araşdırılmadır. Nəticədə prosessual hüquq normaları onlara münasibətdə pozulmuşdur. Onlar öz mövqelərini ortaya qoymağa çalışsalarda hazırki ədalətsizliklə qarşılaşmalı oldular. Məhkəmə onun və uşaqlarının həmin mənzildə 12 il yaşamalarını o cümlədən iki uşağı ilə orada yaşamalarını, uşaqlarının mülkiyyətçinin ailə üzvləri olduğunu, həmin mülkiyyətçiyə keçmiş həyat yoldaşınında olmasını nəzərə almamışdır. Nəticədə onun qeyd etdiyi prosessual hüquq normaları açıq şəkildə pozulmuşdur. Halbuki hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. O və iki uşaqları mülkiyyətçinin yaxın qohumlarıdır. Onların xüsusən uşaqları həmin evdə doğulmuşlar. Onların hazırki tələblə bağlı mövqelərini Mülki Məcəllənin 228.5-ci maddəsi ilə nizamlanmalıdır. Onlar həmin evə köçərkən və yaşayarkən mülkiyyətçinin razılığı ilə yaşamışlar. Aralarında notariat qaydada yazılı razılaşma olmasa da AR MM-nın 228.5-ci maddəsinə uyğun olaraq mübahisələri həll edilməli idi. Torpaq üzərində onun keçmiş həyat yoldaşının mülkiyyət hüquqları vardır. Yaşadıqları ev sənədləşməsə də həmin torpaq sahəsinin üzərində tikilmişdir. Onlar 2009-cu il tarixdən orada yaşayırlar. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini Şəki rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-947/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-947/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil2 ayrı-ayrılıqda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsi, Şəki rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-947/2022 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi (Yeni Məcəllə) Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci madəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir.Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-947/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianın evə köçürülmə hissəsini və maneələrin aradan qaldırılmasına münasibətdə düzgün olmayaraq təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 ailə qurmuşlar və onlar 18 avqust 2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. İddiaçı Cavabdeh1 ailə qurarkən Şəki rayonu, Qoxmuq kəndində yerləşən qaynatasına məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı ilə Cavabdeh1 birgə yaşadıqları müddətdə onların 10 sentyabr 2010-cu il tarixdə Ofelya və 06 iyul 2012-ci il tarixdə Əsəd adlı uşaqları anadan olmuşlar. Bir müddət qaynatasına məxsus evdə yaşasalar da sonradan birgə nikah müddətində onlar üçün tikilmiş qeydiyyatdan keçməyən evə köçmüşlər. Daha sonra onlar bir müddət səmimi ailə münasibətlərində yaşasalarsa, sonradan münasibətləri pisləşdiyindən 2021-ci ilin payız aylarında ayrılmışlar. Bundan sonra Şəki Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı arasında 18 avqust 2011-ci il tarixdə Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qoxmuq kənd İcra Nümayəndəliyində bağlanmış nikah pozulmuşdur. Hazırda cavabdehlər iddiaçını mübahisəli fərdi yaşayış evinə buraxmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi cavabdehlərlə iddiaçılar arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayından sonra yaranmışdır. Birinci instansiya gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan ev Cavabdeh2 tərəfindən inşa edilmiş və həmin evin yerləşdiyi 599 kvadrat metr torpaq sahəsi Şəki Rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən Cavabdeh2 fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Qeyd edilən fərdi yaşayış evi Cavabdeh2 adına reyestrdə qeydiyyata alınmasa da, cavabdeh İddiaçı köçməsinədək ev tam hazır vəziyyətdə və istifadədə olduğundan Cavabdeh2 artıq tərəflərin nikah bağladıqları 18 avqust 2011-ci il tarixinədək, yəni cavabdeh İddiaçı oraya köçməsinədək Şəki rayonu, Qoxmuq kəndində 599 kvadrat metr torpaq sahəsində yerləşən həmin fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ yaranmışdır. Cavabdeh2 iddiaçının istifadə hüququnun tanınmasını tələb etmək hüququna malik olan şəxlər kateqoriyasına daxil deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 və Cavabdeh2 adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Ləğv edilmiş DTXK-nin Şəki rayon Şöbəsi tərəfindən təhvil verilmiş arxiv materiallarına əsasən Cavabdeh1 və Cavabdeh2 adlarına paylı mülkiyyətdə (5 nəfər ailə üzvü olmaqla) Şəki rayonu, Qoxmuq kəndində JN0029 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı sənədinə 1,15 hektar əkin torpaq sahəsinin olduğu aşkar edilmişdir. Şəki rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən Şəki rayonu, Qoxmuq kəndində 0,0599 hektar həyətyanı torpaq sahəsinə ləğv edilmiş DTXK-nin Şəki rayon Şöbəsi tərəfindən paylı mülkiyyətdə (5 nəfər ailə üzvü olmaqla-Cavabdeh2, X8, X6, X5 və Cavabdeh1) Cavabdeh2 adına A153894 saylı torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. Göründüyü kimi qeyd edilən torpaq sahəsi 5 nəfər ailə üzvünün birgə mülkiyyətinə verilmişdir. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi qeyd edilən evə Cavabdeh2 mülkiyyət hüuqunun gözləntisi olması qənaətinə gəlməkdə səhvə yol verilmişdir. Bundan başqa iş materialları, həmçinin tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, mübahisəli tikili 2009-cu ildən tikilməyə başlanmışdır. Tikinti başa çatdıqdan sonra iddiçı və keçmiş əri bütün ev əşyaları ilə mübahisəli tikiliyə köçmüşlər. Bu gün də iddiaçıya məxsus cehiz əşyaları mübahisəli tikilidə yerləşir. Burdan da müəyyən edilir ki, mübahisəli tikili əslində iddiaçı ilə keçmiş əri üçün tikilmişdir. Kollegiya qənaətini onunla əsaslandırır ki, tikilinin başlanma tarixi ilə iddiaçının gəlin gəldiyi tarix eynidir. Bundan başqa Cavabdeh2 adına fərdi yaşayış evi mövcuddur. İkinci bir fərdi yaşayış evinin onun üçün tikilməsinin zəruriliyi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bu da onu deməyə əsas verir ki, əslində mübahisəli tikili iddiaçı ilə onun keçmiş əri üçün tikilmişdir. Bundan başqa kollegiya qeyd edilən tikilinin tikilməsi zamanı tikiliyə Cavabdeh2 rəhbərlik etməsi və ustalara zəhmət haqqının onun tərəfindən verilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmır. Belə ki, tarixən formalaşmış adət-ənənəyə əsasən bu kimi işlərdə ər və ya qaynata evdə ola-ola gəlinin tikiliyə rəhbərlik etməsi və ya ustalara pul verməsi qeyd edildiyi kimi adət ənənəyə uyğun deyildir. Eyni zamanda mental dəyərlərlə ziddiyət təşkil edir. Ona görə də kollegiyanın qənaətinə görə qeyd edilən tikiliyə Cavabdeh2 mülkiyyət hüuqunun gözlənilən olması barədə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, mübahisəli fərdi yaşayış evi tikilərkən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Fərdi yaşayış ev tikilərəkən Şəki rayon İcra Hakimiyyətini Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tikinti işlərinin aparılmasına dair məlumatlandırma barədə tələblərə əməl edilməmişdir. Belə olan halda isə mübahisəli fərdi yaşayış evi özbaşına tikili hesab edilməlidir. Yəni fərdi yaşayış evi tikilərkən müvafiq icazələr alınmaqla inşa olunmadığı üçün, həmin ev özbaşına statusu daşıyır. Məhkəmə iddiaçının uşaqları ilə birlikdə həmin evə köçürülməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, həmin tələb tam əsaslı hesab edilməlidir. Belə olan halda iddiaçının mübahisəli evə köçürülməsi ilə bağlı dəlilləri əsaslı hesab edilməlidir. Digər tərəfdən qeyd olunmalıdır ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində cavabdehlərin adına rəsmiləşdirilməmiş və bu səbəbdən həmin əmlakın cavabdehə məxsus olan əmlak kimi qəbul edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçı gəlin köçdüyü zaman tikilməyə başlanılmış və başa çatdıqdan sonra iddiaçı, uşaqları və keçmiş əri olan Cavabdeh1 həmin evə köçmüşlər. Ona görə də kollegiya hesab edir ki, iddiaçının həmin evə köçüb yaşamasına törədilən məhdudiyyətlər iddiaçının hüquqlarını pozur. Kollegiya iddia tələbinin istifadə hüuqunun tanınması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsassızıdır. Mülki Məcəllənin 146.1-ci maddəsinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, sahiblik, istifadə və sərəncam hüququ mülkiyyət hüqqunun məzmununu təşkil edir. İş materialları ilə müəyyən edilir ki, mübahisə edilən fərdi yaşayış evi dаşınmаz əmlаkın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyаtа аlınmаmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi sahiblik, istifadə və sərəncam hüququ mülkiyyət hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi isə dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatına alınmamış əmlaka dair hər hansı hüququn əldə edilməsi və ya tanınması isə istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı, azyaşlı uşaqları X2 və X9 ilə birlikdə Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə köçürülməli və köçmə ilə bağlı maneələr aradan qaldırılmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmişdir. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-947/2022 saylı qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı azyaşlı uşaqları X4 və X9 ilə birlikdə Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. Cavabdehlər tərəfindən törədilən maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1177/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1177/2022
29.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə köçürmə - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver