Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1182/2021 27.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı cavabdeh X5 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, maneənin aradan qaldırılması və 200 ədəd ot kipi tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tаrixli, 2(035)-94/2019 saylı qətnaməsindən cavabdeh X12 tərəfindən verilmiş apellyаsiyа şikаyətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(035)-94/2019 saylı (hakim Tahir Qubadov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh X1 rayon Aqrar İslahatı Komissiyasının 1998-ci il 07 aprel tarixli, 04 saylı qərarı ilə iddiaçının mərhum X2nun və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün Zərdab rayonunun Yarməmmədbağı kəndində verilmiş və Zərdab Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 2(035)-871/2017 saylı qətnaməsinə əsasən İddiaçı tərəfindən miras kimi qəbul edilmiş 2.74 hektar torpaq sahəsinin zəbt edilmiş 1.0 hektar hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun cavabdehdən tutularaq müvafiq hesaba ödənilməsi qət edilmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 01 sentyabr 2020-ci il tarixli, 2(107)-234/2020 saylı cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(035)-94/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh X7аn alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2021-ci il tarixli, 2(102)-1186/2021 saylı qərarı ilə cavabdeh X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 01 sentyabr 2020-ci il tarixli, 2(107)-234/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. İşin halları: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Aqrar İslahatı Komissiyasının 1998-ci il 07 aprel tarixli 04 saylı qərarı ilə onun mərhum X2nun və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün Zərdab rayonunun Yarməmmədbağı kəndində verilmiş və Zərdab Rayon Məhkəməsinin 14 noyabr 2017ci il tarixli, 2(035)-871/2017 nömrəli qətnaməsinə əsasən onun tərəfindən miras kimi qəbul edilmiş 2.74 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 1 ha hissəsindən cavabdehin məcburi qaydada çıxarılması və zəbt etdiyi torpaq sahəsindən əldə etdiyi 200 ədəd ot kipinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının 07.04.1998-ci il tarixli, 04 saylı qərarı ilə X2na və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonunun Yarməmmədbağı kəndi ərazisindən 2.74 ha torpaq sahəsi verilmişdir. X2 02.08.2009-cu ildə ölmüşdür. Zərdab Rayon Məhkəməsinin 14.11.2017-ci il tarixli qətnaməsinə əsasən atası Allahverdi Allahverdiyevdən miras qalmış Zərdab rayonu Yarməmmədbağı kəndində yerləşən bir mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin, Torpağa Mülkiyyət Hüququna Dair JN-0080 Kod 90514018 olan Dövlət Aktına əsasən və Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Zərdab rayon Aqrar İslahat Komissiyasının 04 saylı, 07.04.1998-ci il tarixli qərarı ilə verilmiş torpaq sahələrinin onun tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Buna baxmayaraq cavabdeh ona məxsus, yəni miras kimi qəbul etdiyi torpaq sahəsinin 1.0 ha hissəsini zəbt etmiş və həmin torpaq sahəsindən 200 ədəd ot kipi bicib aparmışdır. Dəfələrlə cavabdehin qanunsuz hərəkətləri barədə həm kənd bələdiyyəsinə, həm kənd icra nümayəndəliyinə müraciətlər etsə də, cavabdeh qanunsuz hərəkətlərinə son qoymamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə prosesinin gedişində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə də ona məxsus torpaq sahəsinin 1.0 ha hissəsinin cavabdeh tərəfindən zəbt edildiyi müəyyən edilmişdir. Hesab edir ki, iddiası tamamilə qanuni və əsaslıdır. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən cavabdeh X16 оğlu apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, vərəsə kimi tanıma iddia icraatı qaydasında deyil, hüquqi faktın təsdiqi qaydasında aparılmalıdır. İddiaçının vərəsə kimi tanınma və mirası qəbul etmə barədə notariat orqanlarına müraciəti barədə heç bir məlumat yoxdur. Həmçinin iddiaçının varis kimi tanınması hələ mirası qəbul etmək demək deyildir. Mərhum atası vəfat edərkən iddiaçı ümumiyyətlə Azərbaycan Respublikasında olmamış və vərəsəliyi qəbul edən heç bir hərəkət etməmişdir. Bundan başqa ekspert rəyi iş materialları ilə ziddiyət təşkil etsə də məhkəmə tərəfindən şəksiz sübut kimi qəbul edilmişdir. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(035)-94/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəblərinin üzrlü olması barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2021-ci il tarixli, 2(102)-1186/2021 saylı qərarında göstərilənləri əsas tutaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tаrixli, 2(035)-94/2019 saylı qətnaməsi ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair (JN-0080 Kod ********) Dövlət Aktından görünür ki, X6 və onun ailə üzvlərinin (X14, X15, X11) mülkiyyətinə Zərdab rayonu Aqrar İslahat Komissiyasının 07.04.1998-ci il tarixli 04 saylı qərarına əsasən Zərdab rayonu Yarməmmədbağı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2.74 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Zərdab rayon Yarməmmədbağı bələdiyyəsi tərəfindən 16.07.2018-ci il tarixdə verilmiş 28 saylı arayışdan görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının 07.04.1998-ci il tarixli 27 nömrəli qərarı ilə verilmiş 2.74 ha torpaq sahəsinin 2.20 ha hissəsi mərhum X6 ailə üzvlərinə, 0.54 ha hissəsi isə oğlu şəhid X8 adına verilmişdir. Həmin 0.54 ha torpaq sahəsinə görə vergi hesablanmamış, digər torpaq sahəsinə görə hesablanmış vergilər İddiaçı tərəfindən 01.01.2018-ci il tarixədək ödənilmişdir. İş materiallarına əlavə edilmiş Zərdab rayon Yarməmmədbağı bələdiyyəsi tərəfindən 23.06.2019-cu il tarixdə X5 verilmiş 25 saylı arayışdan görünür ki, Aqrar islahat zamanı Bəhrəm Allahverdiyevin X2na və onun ailə üzvlərinin mülkiyyətinə 2.74 ha pay torpağı verilmişdir. Həmin pay torpağından əlavə 0.50 ha şəhid ailəsi olduğu üçün verilmişdir. Həmin torpaq sahəsinə heç bir vergi hesablanmamışdır. Onun qardaşı İddiaçı Aqrar İslahat gedən zaman ərazidə qeydiyyatda olmadığına görə ona pay torpağı bölünməmişdir. Hal-hazırda onun qardaşı həmin torpaq sahəsinin 2.24 ha hissəsindən istifadə edir və həmin sahəyə görə hesablanmış vergini ödəyir. Digər 1.00 ha torpaq sahəsi Zərdab rayon məhkəməsi tərəfindən verilmiş qətnaməyə əsasən X12 tərəfindən istifadə olunur. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 12242 saylı, 04.06.2019-cu il tarixli rəyindən görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli, 04 saylı qərarı ilə JN-0080 Kod 90514018 “Torpağın Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.74 ha torpaq sahəsinin və Zərdab Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 2(035)-871/2017 saylı qətnaməsinə əsasən İddiaçı tərəfindən miras kimi qəbul edilmiş torpaq sahəsi cavabdeh X12 tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 12 mart 2020-ci il tarixli 03/047 nömrəli mütəxəssis rəyinə və ona əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 02 iyul 2020-ci il tarixli rəyinə görə cavabdeh X3 özü tərəfindən istifadə olunan (Zərdab Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli qətnaməsi əsasında miras kimi qəbul edilmiş) torpaq sahəsindən kənar əlavə torpaq sahəsini zəbt edib-etməməsini müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Cavabdehə torpaq sahəsinin miras qalması barədə Zərdab Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli qətnaməsi və hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Zəbtetməni müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid olmadığından və hüquq müəyyənedici sənəd təqdim edilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır. İddiaçı və cavabdeh naturada eyni torpaq sahəsinə iddia etdiyindən həmin torpaq sahəsinin kim tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X4 miras qalan Zərdab rayonu Yarməmmədbağı kəndində yerləşən əmlaklar iddiaçı tərəfindən miras kimi qəbul edildiyindən, həmin əmlaklar miras açıldığı gündən onun mülkiyyəti sayılır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 213.1, 213.2, 213.6-cı maddələrinə istinad edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən miras kimi qəbul edilən və aqrar islahat zamanı miras qoyanın ailə üzvləri kimi göstərilmiş şəxslərlə birlikdə onların birgə mülkiyyətində olan, haqqında mübahisə qaldırılan pay torpaq sahəsinin 0,1 ha hissəsinin iddiaçının (mülkiyyətçinin) iradəsinə zidd olaraq cavabdeh tərəfindən istifadə olunmasının heç bir hüquqi əsası yoxdur. Bu iddiaçının mülkiyyət hüququnun pozulmasıdır. Məhkəmə iddia tələbinin “cavabdehin zəbt etdiyi torpaq sahəsindən əldə etdiyi 200 ədəd ot kipi cavabdehdən alınaraq iddiaçıya verilməsi”nə dair hissədə hesab etmişdir ki, iddiaçı həmin hissədə tələbini əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədən əsassız olaraq iddia tələbini qismən təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hazırkı iş üzrə 05 aprel 2021-ci il tarixli, 2(102)-1186/2021 saylı qərarında göstərilmişdir ki, “... iddianı təmin edən məhkəmələr mövqelərini onunla əsaslandırmışlar ki, mübahisələndirilən torpaq sahəsi tərəflərin ataları və ailə üzvlərinin mülkiyyətində olmuş, sonuncunun ölümündən sonra iddiaçı tərəfindən miras kimi qəbul edilmiş və mülkiyyətindədir. Cavabdehin həmin torpaq sahəsindən istifadəsi qanunsuzdur. Bu nəticəyə gələrkən məhkəmələr Zərdab Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli qətnaməsinə istinad etmişlər. Lakin iş materiallarından müəyyən olunur ki, məhkəmələrin istinad etdiyi həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(107)-410/2020 nömrəli qərardadı ilə maraqlı şəxs X9 apellyasiya şikayəti əsasında ləğv edilmiş və ərizə MPM-in 259.0.10-cu maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Həmin qərardadın surəti apellyasiya instansiyası məhkəməsinə mübahisələndirilən qətnamə qəbul edildikdən sonra – 03 sentyabr 2020-ci il tarixdə təqdim olunsa da, müəyyən olunur ki, qərardad iş apellyasiya məhkəməsinin icraatında olduğu dövrdə qəbul olunmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarının araşdırılması ilə əlaqədar prosessual hüquq normalarının tələblərinə tam riayət etmədən, faktiki olaraq qanuni qüvvədə olmayan məhkəmə aktına istinad edərək qətnamə qəbul etmişdir. Digər tərəfdən məhkəmə kollegiyasının qənaətinə görə Zərdab Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli qətnaməsi qüvvədə olduğu halda da, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarının araşdırılması ilə əlaqədar prosessual hüquq normalarını pozmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsi mərhum X6 və əlavə 3 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş, Zərdab Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli qətnaməsi ilə torpağın yalnız X10 aid hissədə İddiaçı tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Yəni torpaq sahəsinin iddiaçının və daha 3 nəfərin ümumi birgə mülkiyyətində olması ehtimal olunur, paylar naturada bölünməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının torpaq sahəsinin 1,0 ha hissəsindən cavabdehin çıxarılması üçün iddia verməyə subyektiv hüququnun olub-olmamasına hüquqi qiymət verilməmişdir. Nəhayət qeyd olunmalıdır ki, iş materiallarında tərəflərin atalarının mülkiyyətinə hansı sahədə torpağın verilməsi dəqiq olaraq müəyyən olunmamışdır. Belə ki, Zərdab rayon Yarməmmədbağı bələdiyyəsi bununla bağlı iki arayış vermişdir ki, birinə əsasən X10 və ailə üzvlərinə 2,20 ha torpaq sahəsi və əlavə olaraq 0,54 ha torpaq sahəsi isə şəhid olmuş X8 adına (cəmi 2,74 ha torpaq sahəsi), digərinə əsasən X10 və onun ailə üzvlərinə 2,74 ha pay torpağı və bundan əlavə 0,50 ha şəhid ailəsi olduğu üçün (cəmi 3,24 ha torpaq sahəsi) verilmişdir. Həmçinin müəyyən olunur ki, Zərdab Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli, 2(035)-16/2013 nömrəli qətnaməsi ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Qanuna müvafiq olaraq X6 mülkiyyətində verilmiş 1,00 ha torpaq sahəsinin Cavabdeh tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Cavabdeh də şikayətlərində mübahisələndirilən 1 ha torpaq sahəsindən qanuni əsaslarla istifadə etməsini göstərmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi X10 “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Qanuna müvafiq olaraq verilmiş torpaq sahəsinin həcmini və yerləşməsini, hazırda mübahisələndirilən torpaq sahəsi ilə tam və ya qismən eynilik təşkil edibetməməsini müəyyən etmədən cavabdehin torpağı zəbt etməsi qənaətinə gəlmişdir...”. Məhkəmə kollegiyasının sorğusuna Zərdab rayon Yarməmmədbağı bələdiyyəsinin 17 iyun 2021-ci il tarixli, 30 saylı cavab məktubunda göstərilmişdir ki, Yarməmmədbağı kənd sakini mərhum X10 və onun ailə üzvlərinin mülkiyyətinə 2.20 ha torpaq sahəsi və şəhid olmuş oğluna o,54 ha torpaq sahəsi (cəmi 2,74 ha) verilmişdir. (əsas” Torpağa mülkiyyət hüququna dair Dövlət aktı JN-0080 Kod 9054018). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. ... Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda şərh olunanlardan belə nəticə hasil olur ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsini mərhum atasından qalmış miras kimi qəbul etməsi barədə mötəbər sübut təqdim edə bilmir. Həmin mirası qəbul etməsi barədə iddiaçının istinad etdiyi qətnamə ləğv olnmuşdur. İş materiallarından da, iddiaçının mübahisəli torpaq sahəsini miras əmlak kimi qəbul etdiyi müəyyən ediolmir. Deməli, iddiaçı hal-hazırkı vəziyyətdə mübahisələndirdiyi torpaq sahəsinin mülkiyyətçisi hesab oluna bilməz. Ona görə də hazırkı iddinı qaldırmağa onun subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin məcəllənin 420-ci maddəsinə əsasən, Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(035)-94/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizaları ilə bağlı aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul iddiаçı İddiaçı оğlundan tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X21, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(035)-94/2019 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X5 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, maneənin aradan qaldırılması və 200 ədəd ot kipi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizaları ilə bağlı aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul iddiаçı İddiaçı оğlundan tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X21, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1182/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1182/2021
27.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver