Məhkəmə qərarları › İş №2(107)-1183/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1183/2020

02.07.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1183/2020 02.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-62/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh “xxxxxxxxx” MMC tərəfindən ona əmək kitabçasının açılması, açılmış əmək kitabçasının qanuna uyğun yazılması və təsdiq edilərək ona verilməsi, əmək kitabçasının açılmamasına və hazırki vaxtadək ona verilməməsinə görə işə düzələ bilmədiyi müddət üçün 48.500 manat əmək haqqının və 100.000 manat mənəvi zərərin cavabdeh “xxxxxxxxx” MMC-dən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh2 işə cavabdeh kimi cəlb olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-62/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxxxxxxx” MMC tərəfindən İddiaçı əmək kitabçasının açılması, qanuna uyğun yazılıb təsdiq edilərək İddiaçı verilməsi, cavabdeh “xxxxxxxxx” MMC-dən vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manat məbləğdə pulun alınıb İddiaçı verilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiаçı İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözü gedən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamaqla tərəflərin qarşılıqlı münasibətlərini düzgün əks etdirmir. Belə ki, o əmək kitabçasının açılmamasına və hazırki vaxtadək ona verilməməsinə görə işə düzələ bilməmişdir. Ümumilikdə hər ay 500 manat olmaqla 48500 manatdan məhrum olmuşdur. Bundan əlavə birinci instansiya məhkəməsi ona dəymiş mənəvi ziyan 5000 manat məbləğində müəyyən etməklə düzgün olmayan qənaətə gəlmişdir. Çünki ona dəymiş mənəvi ziyan 100000 manat dəyərindədir. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-62/2020 saylı qətnaməsi qismən ləğv edilməli, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə digər tərəflərməhkəmə kollegiyasınn iclasında iştirak etməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəmə kollegiyasına məlumat bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-62/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarına hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq onu mübahisələndirməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini 48500 manat əmək haqqı və dəymiş mənəvi ziyana görə 100000 manatın ödənilməsi hissəsində mübahisələndirdiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinə həmin hissədə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı “xxxxxxxxx” MMC-də daş-aqlay sexində kantçı vəzifəsinə işə qəbul edilmişdir. Onunla əmək müqaviləsi xx xxxx 2008-ci ildə bağlanmışdır. Həmin vəzifədə xx xxxx 2011-ci ilə kimi işləmişdir. “xxxxxxxxx” MMC-də işlədiyi müddət ərzində hər ay orta hesabla 500 manat əmək haqqı almışdır. Eyni zamanda əvəzçilik üzrə xx xxxxxxx 2010-cu ildən gözətçi işləmişdir. xx xxxxxxx 2013-cü ildə dəzgahda işləyərkən sağəli dəzgahın bıçaq hissəinə düşərək 2, 3 və 5-ci barmaqlarının əsas falanqalarının orta 1/3-nin travmatik amputasiyası kimi, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-də çoxunun (45%-nin) daimi itirilməsinə səbəb olan ağır istehsalat xəsarəti almışdır. Bundan sonra o məhkəməyə maddi mənəvi ziyanın ödənilməsi barədə iddia rəizəsi ilə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsi xx xxxx 2018-ci il tarixli, 2(051)383/2018 saylı qətnaməsi ilə onun iddia tələbi qismən təmin edilmiş, “İZ” formalı aktın və əmək kitabçasının tərtib və təsdiq olunaraq ona verilməsi, “Mingəçevir Maşın-Təmir” ATSC-dən ödənilməli olan 4955,50 manat əmək haqqının, habelə 10000 manat mənəvi zərərin alınıb ona verilməsi qət edilmişdir. Cavabdeh “Mingəçevir Maşın-Təmir” ATSC-nin bu qətnamədən verdiyi apellyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(107)-1639/2018 saylı qətnaməsi ilə təmin edilməmişdir. Cavabdeh “X3” ATSC-nin Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-8201/2018 saylı qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərər çəkənin onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 23.4-cü maddəsində deyilir ki, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 20012-ci il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdəşərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlışəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Bundan başqa, Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdəödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsində göstərilir ki, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarda qanunvericiliyin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və X4 Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərərinsanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 2-ci bəndində verilən tərifə görə, zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Adıçəkilən qərarın 2-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri ( qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti iləəlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərini, müraciətlərinin sayını və xarakterini, əmlak vəziyyətini, iş yerinin olmasını, iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını, onların fərdi xüsusiyyətlərini nəzərə əhəmiyyətli dərəcədə nəzərə almışdır. Lakin iddiaçı ona dəymiş mənəvi ziyanın 100000 manat olduğunu hansı meyarla müəyyən etdiyini, hansı metodlarla hesabladığını göstərməmiş, ona dəymiş mənəvi ziyanın məhz 100000 manata mütənasib olduğunu təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Beləliklə iddiaçının mənəvi zərərin əvəzi olaraq tələb etdiyi 100000 manat məbləğ ağlabatan olmamış, reallığı əks etdirməmişdir. Bundan əlavə iddiaçı işə düzələ bilmədiyi müddət üçün 48.500 manat əmək haqqının ödənilməsini tələb etməkdə də haqlı olmamışdır. İddiaçı bu barədə əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda işə düzələ bilməməsinin cavabdehin təqsiri üzündən baş verdiyini sübut edə bilməmişdir. Kollegiya qeyd edir ki, Bu tələb əsassızdır. Tələbin əsassız olduğu aşağıda göstərilənlərlə müəyyən olunur. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdehlər arasında öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. Bu qənaətini məhkəmə kollegiyası aşağıdakılarla izah edir: Müqavilənin bağlanmadığı şəksizdir. Tərəflərin heç biri müqavilənin bağlandığını iddia etmir. Digər tərəfdən, cavabdeh əsassız varalanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Cavabdeh mülki hüquq pozuntusu (delikt) tərətməyib. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Bundan əlavə iş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh “Mingəçevir Maşın-Təmir” X5 Cəmiyyətinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə qarşı İsethsalat xəsarəti alınmasıyla əlaqədar tərtib və təsdiq edilmiş “İZ” formalı aktın cavabdehdən və üçüncü şəxsdən alınıb ona verilməsi, “Mingəçevir Maşın-Təmir” X5 Cəmiyyətindən (bundan sonra ATSC) ona verməli olan 3000 manat maddi zərərin, 34595 manat əmək haqqının və 100000 manat mənəvi zərərin alınaraq ona verilməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(051)-383/2018 nömrəli qətnaməsi ilə (hakim Hüseyn Mirzəliyev) iddia tələbi qismən təmin edilmiş, istehsalat xəsarətinin alınması ilə bağlı tərtib və təsdiq olunmuş “İZ” formalı aktın cavabdeh “Mingəçevir Maşın-Təmir” ATSC-dən alınıb İddiaçı verilməsi, əmək kitabçasının tərtib və təsdiq olunaraq cavabdeh “Mingəçevir Maşın-Təmir” ATSC-dən alınıb İddiaçı verilməsi, cаvаbdeh “Mingəçevir Maşın-Təmir” ATSC-dən ödənilməli əmək haqqının dəyəri olan 4955.50 (dörd min doqquz yüz əlli beş manat əlli qəpik) manat məbləğdə pulun аlınıb İddiaçı оğlunа verilməsi, cаvаbdeh “Mingəçevir Maşın-Təmir” ATSC-dən vurulmuş mənəvi zərərə görə 10000 (on min) mаnаt məbləğdə pulun аlınıb İddiaçı оğlunа verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bundan sonra həmin qətnamə yuxarı instansiya məhkəmələrində mübahisələndirilmiş və dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçı tərəfin qeyd edilən dəlilini də əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-62/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiаçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-62/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar