Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1186/2021 19.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(037)-119/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 10 mart 2021-ci il tarixli 2(037)-119/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və İsmayıllı rayon notariat ofisinə qarşı Qanun üzrə vərəsəlik hüququ haqqında 31 oktyabr 2014-cü il tarixli 2V-1/336 və 2V-1/337 reyestr nömrəli şəhadətnamələrin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, valideynlərindən miras qalan 27 dekabr 2004-cü il tarixdə tərtib edilmiş JN-407A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydiyyata alınmış və qeydiyyat nömrəsi ********** olan 01 oktyabr 2014-cü il tarixli Çıxarış üzrə İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən əmlak üzərində vərəsəlik hüquqlarının tanınması və cavabdehlə aralarında əldə edilən razılıq əsasında müəyyənləşdirilmiş sərhədlərdə miras paylarının naturada bölünməsinə dair iddia tələbi rədd edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1 və İsmayıllı rayon notariat ofisinə (bundan sonra cavabdeh və ya Cavabdeh1, İsmayıllı rayon notariat ofisi) qarşı məhkəməyə müraciət edərək Qanun üzrə vərəsəlik hüququ haqqında 31 oktyabr 2014-cü il tarixli 2V-1/336 və 2V-1/337 reyestr nömrəli şəhadətnamələrin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, valideynlərindən miras qalan 27 dekabr 2004-cü il tarixdə tərtib edilmiş JN-407A KOD 40700016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydiyyata alınmış və qeydiyyat nömrəsi ********** olan 01 oktyabr 2014-cü il tarixli Çıxarış üzrə İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən əmlak üzərində vərəsəlik hüquqlarının tanınması və cavabdehlə aralarında əldə edilən razılıq əsasında müəyyənləşdirilmiş sərhədlərdə miras paylarının naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 qardaşıdır. X32 2006-cı ildə, anası Tamara Əhmədova isə 2007-ci ildə vəfat etmişlər. İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.09 hektar torpaq sahəsi paylı mülkiyyət əsasında X32 və anası Tamara Əhmədovaya, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi isə tam mülkiyyət hüququ əsasında X32a məxsus olmuşdur. Valideynləri vəfat etdikdə onların dəfnini həyata keçirməklə onların qəbirüstü abidələrini düzəltdirmişdir. O, atasının mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.09 hektar torpaq sahəsində inşa edilmiş evdə anadan olmuş və ailə həyatı qurduqdan sonra da həmin evdə yaşamışdır. Ailə həyatı quran vaxt atası ilə birlikdə həyətdəki boş sahədə ikinci fərdi yaşayış evinin inşasına başlamışlar. 1991-ci ildə atası ilə birlikdə inşa etdikləri həyətdəki ikinci yaşayış evi tam hazır olduqdan sonra kiçik qardaşı, yəni hazırkı iş üzrə Cavabdeh1 valideynləri ilə birlikdə həmin tikiliyə köçərək orada yaşamışdır. Həmin vaxtdan bu günədək atasının mülkiyyətində olan fərdi yaşayış evi onun sahibliyində və istifadəsində olmuşdur. Sonradan işi ilə əlaqədar Bakı şəhərinə köçmüşdür. Bakı şəhərində işləyərək öz vəsaiti hesabına mənzil alaraq orada yaşamışdır. İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən fərdi yaşayış evinə ailə üzvləri ilə birlikdə hər yay istirahət üçün gəlib-getmişdir. Qardaşı Cavabdeh1 tərəfindən bu günədək onun sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə dair hər hansı tələb irəli sürülməmişdir. Valideyinlərinin vəfatından sonra mübahisəli fərdi yaşayış evində yaşamaqla miras əmlakı faktiki qəbul etdiyini nümayiş etdirmişdir. 2020-ci ilin ortalarında qardaşı Oruc özünün yaşadığı fərdi yaşayış evindən əlavə ona məxsus olan evə də iddia irəli sürməyə başlamış və yaşadığı evi ələ keçirməyə çalışmışdır. Valideyinlərindən miras qalan əmlaklara dair vərəsəlik işinin açılıb-açılmaması barədə ərizə ilə İsmayıllı rayon notariat ofisinə müraciət etmişdir. İsmayıllı rayon notariat ofisi onun müraciətinə cavab olaraq 11 sentyabr 2020-ci il tarixli 1261 nömrəli məktubda 2006-cı ildə vəfat etmiş X32dan miras qalan əmlaka dair vərəsəlik işinin açılmadığını göstərmişdir. İsmayıllı rayon notariat ofisinin cavab məktubunu aldıqdan sonra aidiyatı üzrə DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən müraciətinə cavab olaraq verilmiş 26 oktyabr 2020-ci il tarixli **********17 nömrəli cavab məktubundan sonra ona məlum olmuşdur ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.09 hektar torpaq sahəsi və həmin torpaq sahəsindəki fərdi yaşayış evi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə Əməl Əhmədov, Tamara Əhmədova və Cavabdeh1 adına 2004-cü ilin dekabrın 27-də tərtib edilmiş JN-407A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 01 oktyabr 2014-cü il tarixli Çıxarış tərtib edilmişdir. Həmin əmlaka İsmayıllı rayon notariat ofisi tərəfindən qardaşı Cavabdeh1 adına 31 oktyabr 2014-cü il tarixli 2V-1/336 və 2V-1/337 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş və həmin şəhadətnamələr əsasında 29 noyabr 2014-cü ildə DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən qardaşı Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Bundan sonra özü təkrarən İsmayıllı rayon notariat ofisinə müraciət edərək notariat ofisindən 31 oktyabr 2014-cü il tarixli 2V-1/336 və 2V-1/337 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri əldə etmişdir. Şəhadətnamələri əldə etdikdən sonra ona məlum olmuşdur ki, qardaşı Cavabdeh1 22 avqust 2014-cü il tarixdə İsmayıllı rayon notariat ofisinə ərizə ilə müraciət edərək bilərəkdən başqa vərəsələr barədə hissəni boş qoymuş və bu yolla onun vərəsəlik hüquqlarını pozmuşdur. Bundan əlavə digər zəruri sənədləri alan zaman bu barədə onu məlumatlandırmamış və öz xeyrinə əmlak əldə etməyə nail olmuşdur. İsmayıllı rayon Basqal qəsəbə sakinləri Seymur Şəfiyev, Qurban Əhmədov və Bəylər Əhmədov tərəfindən tərtib edilərək imzalanmış aktla sübut edilir ki, atasından miras qalan fərdi yaşayış evi və onun altında yerləşən torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Valideynlərindən miras qalan İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən 0.09 hektar torpaq sahəsi qardaşı Cavabdeh1la aralarında olan razılıq əsasında iki yerə bölünərək hasarlanmışdır. Fərdi yaşayış evi ona məxsus olduğundan onun payına düşən torpaq sahəsində yerləşir. İsmayıllı rayon Basqal bələdiyyəsinin 01 dekabr 2020-ci il tarixli 18 nömrəli və İsmayıllı rayon İHB-nın Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin 01 dekabr 2020-ci il tarixli 123 nömrəli oxşar məzmunlu arayışlarında mərhum Əməl Əhmədova məxsus olan və İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinin mərhumun övladları olan onun və qardaşı Cavabdeh1 öz aralarında razılıq əsasında daş hasarla bölündüyü, bölünmüş hissələrdən birindəki həyətdə olan ikinci yaşayış evində qardaşı Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşadığı, digər hissədə yerləşən ata mülkündə isə hal-hazırda daimi yaşayışın olmadığı, lakin onun ailə üzvləri ilə birlikdə hər il yay mövsümündə həmin evə gələrək orada mövsümü yaşadığı və həmin evdə ona və ailəsinə məxsus əşyalar saxlanıldığı göstərilmişdir. Bundan əlavə elektrik enerjisi satışı üzrə ÇJG/9 645796 nömrəli mədaxil qəbzi, **********00339 kodlu abonent saldosu və 24 avqust 2020-ci il tarixli 19/13 nömrəli arayışda kommunal xidmətlərin və stasionar telefonun onun adına olduğu öz təsdiqini tapmışdır. Buna baxmayaraq Cavabdeh1 ondan gizlin olaraq öz vərəsəlik hüquqlarını tanıtmaqla onun vərəsəlik və mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. O, fərdi yaşayış evinə faktiki sahiblik etməklə valideynlərindən miras qalan əmlakı faktiki qəbul etmişdir. İsmayıllı rayon Notariat ofisi vərəsəlik hüququnu rəsmiləşdirərkən qanunvericiliyin tələblərini pozmuş və onun hüquqlarını nəzərə almamışdır. Bundan əlavə qardaşı Oruc digər vərəsələr barədə məlumat verməsə də, notariat ofisi də vərəsələrin dairəsini müəyyən etmək üçün heç bir cəhd göstərməyərək digər vərəsələrə məlumat verməmişdir. Hüquqlarının pozulduğunu gördükdən sonra pozulan hüquqlarının bərpasına nail olmaq üçün məhkəməyə müraciət etmişdir. Ona görə də Qanun üzrə vərəsəlik hüququ haqqında 31 oktyabr 2014-cü il tarixli 2V-1/336 və 2V-1/337 reyestr nömrəli şəhadətnamələrin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, valideynlərindən miras qalan 27 dekabr 2004-cü il tarixdə tərtib edilmiş JN-407A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydiyyata alınmış və qeydiyyat nömrəsi ********** olan 01 oktyabr 2014-cü il tarixli Çıxarış üzrə İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən əmlak üzərində vərəsəlik hüquqlarının tanınması və cavabdehlə aralarında əldə edilən razılıq əsasında müəyyənləşdirilmiş sərhədlərdə miras paylarının naturada bölünməsinə dair qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdiyini bildirmiş və iddiaçının izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı qardaşıdır. X32 2006-cı ildə, anası Tamara Əhmədova isə 2007-ci ildə vəfat etmişlər. O və qardaşı İddiaçı İsmayıllı rayonu Basqal qəsəbəsində doğulmuşlar. Ailədə üç bacı və üç qardaş olmuşlar. Bacılarını valideynləri sağlıqlarında ər evinə köçürmüşlər. Atası sağlığında öz vəsaiti hesabına qardaşı İddiaçı evləndirərək Bakı şəhərindən ev alıb vermişdir. Atası İsmayıllı rayonu Basqal qəsəbəsindəki ata yurdunun ona qalmasını qardaşı Lətifə Bakı şəhərindən ev alıb verərkən bildirmişdir. Qardaşı İddiaçı da atası ilə razılaşmışdır. 1992-ci ildən Lətif Bakı şəhərində yaşayır və orada qeydiyyatdadır. Lətif atasının Bakı şəhərindən aldığı evi baha qiymətə sataraq Bakı şəhərində müxtəlif ünvanlardan 3-4 dənə ev almış, evlərin birində ailəsi ilə birlikdə yaşamaqla digərlərini isə icarəyə vermişdir. Qardaşı Lətif ona müraciət edərək Basqal qəsəbəsindən həyətyanı torpaq sahəsi tapmağı xahiş etmişdir. Onun köməkliyi ilə Lətif Basqal qəsəbəsinin girəcəyində Basqal bələdiyyəsindən 13.5 sot torpaq sahəsi almışdır. Qardaşı Lətif Bakı şəhərinə köçərkən ehtiyacı olmadığı əşyaları atasına məxsus evdə qalmışdır. Lətifin əmlakının əvvəl atasının evində, sonradan isə vərəsəlik əsasında onun mülkiyyətinə keçmiş evdə qalmasına bir qardaş kimi narazılıq etməmişdir. Ancaq Lətif həmin əmlakların onun evində qalmasından sui-istifadə edərək atasından ona miras qalan fərdi yaşayış evini valideynlərinin vəfatından sonra ələ keçirərək qapıları qıfıllamış və onu mülkiyyətində olan evə buraxmamışdır. İddiaçı onu mülkiyyətində olan evə buraxmadığından məcbur qalaraq həyətdəki yardımçı tikilidə qalmışdır. Valideynləri qardaşı Lətif Bakı şəhərinə köçdükdən sonra vəfat etmişlər. Valideynləri vəfat etdikləri günədək onlarla birlikdə yaşamış, onlara qulluq etmiş və vəfat etdikdən sonra isə onların dəfn və hüzr xərclərini çəkmişdir. Qardaşı Lətif mübahisəli evdə doğulmuş, orada yaşamış, ailə qurmuş və 1992-ci ildən isə Bakı şəhərinə köçərək orada atasının aldığı evdə yaşamışdır. Lətif tərəfindən ata yurdunda ev tikilməmişdir. Mübahisəli ev tikilərkən qardaşı Lətifin üç yaşı olmuşdur. 1992-ci ildən Lətif Basqal qəsəbəsindən qeydiyyatdan çıxdığından torpaq islahatları vaxtı onun adı islahat siyahısına salınmamışdır. Valideynləri ilə birlikdə yaşadığından torpaq islahatları zamanı yaşadığı həyətyanı torpaq sahəsi JN- 407 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə onun və valideynlərinin birgə mülkiyyətlərinə verilmişdir. Qardaşı Lətif valideynlərinin vəfatından sonra miras əmlakla maraqlanmamışdır. 2011-2012-ci illərdə sovet dönəmindən vətəndaşların əmanət kassalarında və banklarda qalan pulların ödənişi başlayarkən atasından miras qalan az miqdarda pul vəsaitinin miras əmlak kimi qəbulu barədə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadətnamə əsasında pul vəsaiti onun adına ödənilmişdir. 2014-cü ildə isə atasından miras qalan əmlakın vərəsəlik qaydasında onun adına keçirilməsinə başlamışdır. Həm bankdan pulun alınması, həm də atasından qalan əmlakın onun adına keçirilməsi zamanı qardaşı İddiaçı məlumat vermişdir. Ancaq Lətif atasından qalan əmlaklardan imtina edərək miras əmlaka ehtiyacının olmadığını bildirmişdir. Lətif mirasın onun adına rəsmiləşməsindən bir müddət sonra onun evində qalan az miqdarda əmlakını əsas tutaraq mülkiyyətində olan evə gəlibgetməyə və evin ona məxsus olmasını bildirərək fərdi yaşayış evinə dair mülkiyyət hüququnu pozmağa başlamışdır. Lətifin mülkiyyət hüququnu pozması barədə hərəkətlərinin ötəri olduğunu düşünmüş, böyük qardaş kimi aralarındakı qardaşlıq münasibətlərinə xələl gəlməməsinə, aralarında baş verənlərdən el-obanın, qohuməqrabanın bilməməsinə çalışmış və mübahisənin öz aralarında sülh yolu ilə həll edilməsini istəmişdir. Lakin sonradan bu yolların keçərli olmamasını görərək qardaşı İddiaçı qarşı evdən çıxarılma və mülkiyyət hüququna maneçiliklərə qadağa qoyulmasına dair iddia tələbi ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia tələbi Bakı şəhər Nəsimi Rayon Məhkəməsi tərəfindən aidiyyət məsələsinə görə geri qaytarılmışdır. Bundan sonra İddiaçı ona qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Qardaşı Lətif mülkiyyətində olan fərdi yaşayış evini qanunsuz olaraq əlindən aldıqdan sonra 3-4 il əvvəl Basqal qəsəbəsinə qaz xətti çəkilərkən qanunsuz yollarla qaz xəttini öz adına çəkdirmişdir. 2014-cü ildə İsmayıllı rayon notariat ofisinə müraciət edərək valideynlərindən miras qalan əmlaka dair İsmayıllı rayon notariat ofisindən 31 oktyabr 2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır. Qeyd edilən şəhadətnamələr əsasında miras əmlaka dair öz adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydə alınmış 29 noyabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış və Çıxarışa əlavə edilmiş fərdi yaşayış evinin texniki pasportunu almışdır. Lətif miras əmlakı qoruyub saxlamamış, miras əmlakla maraqlanmamış, mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində heç bir hərəkət etməmiş, miras əmlakı nə qanuni, nə də faktiki qəbul etməmişdir. Valideynləri vəfat edənədək onlarla birlikdə yaşamış, onların vəfatından sonra da miras əmlakı faktiki qəbul etmiş, miras əmlakı qoruyub saxlamışdır. Qardaşı İddiaçı miras əmlakı qəbul etməmiş, mirasla maraqlanmamış, eyni zamanda atası sağlığında qardaşı Lətifə çatan miras payını ödəmiş və Lətif bununla tam razılaşdığından 2014-cü ildə mirasla bağlı mübahisə açmamışdır. İddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında şаhid İsmayıllı rayon İHB-nın Basqal İƏD üzrə nümayəndəsi Şahid1 ifadə verərək bildirmişdir ki, İsmayıllı rayon İHB-nın Basqal İƏD üzrə nümayəndəsi işləyir. İddiaçı və Cavabdeh1 Basqal qəsəbə sakini kimi tanıyır. “Verdiktum” Vəkil Bürosunun vəkili Vəkil sorğusu əsasında arayış vermiş və arayışda İsmayıllı rayon Basqal qəsəbə sakini olmuş 1926-cı il təvəllüdlü mərhum Əməl Əhmədovun mülkiyyətində olan fərdi yaşayış evində oğlu Cavabdeh1 və ailə üzvlərinin daimi qeydiyyatda olmalarını, mərhuma məxsus olmuş və İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinin mərhumun Bakı şəhərində qeydiyyatda olan oğlu İddiaçıla İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayan oğlu Cavabdeh1 tərəfindən öz aralarında bölündüyünü, bölünmüş hissələrdən birində həyətdə olan ikinci yaşayış evində Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşadığını, digər hissədə yerləşən ata mülkündə isə hazırda daimi yaşayışın olmadığını, ancaq İddiaçı ailə üzvləri ilə birlikdə hər il yay mövsümündə həmin evə gələrək mövsümi yaşadığını və həmin evdə İddiaçı və ailə üzvlərinə məxsus əşyaların saxlanıldığını göstərmişdir. Mübahisəli əraziyə baxış keçirdikdən sonra arayış tərtib etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şаhid İsmayıllı rayon Basqal qəsəbə bələdiyəsinin nümayəndəsi Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şаhid X15 ifadə verərək bildirmişdir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayır. İddiaçı və Cavabdeh1 onun xalası oğludur. Hər ikisi İsmayıllı rayonu Basqal qəsəbəsində doğulub orada yaşayıblar. İddiaçı ata mülkündə yaşadıqdan sonra bir müddət Rusiya Federasiyasına gedib-gəlibdir. Sonradan yenə də ata mülkünə qayıtmış və hazırda orada yaşayır. İddiaçı və Cavabdeh1 valideyinləri rəhmətə getdikdən sonra onların atadan qalma evdə daimi yaşayış olmamışdır. İddiaçı hər il yay mövsümündə atadan qalma evə gələrək orada istirahət etmişdir. İddiaçı atadan qalma evdə müəyyən əşyaları var. Cavabdeh1 atadan qalma evdə deyil, həmin həyətdə yerləşən ikinci yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Birinci instansiya məhkəməsinin iclasında şаhid X11 ifadə verərək bildirmişdir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayır. Usta işləyir. İddiaçı və Cavabdeh1 qonşularıdır. İddiaçı Bakı şəhərində yaşasa da, yay aylarında ailəsi ilə birlikdə atadan qalma evə gəlib-getdiyini görmüşdür. O, İddiaçı və Cavabdeh1 yaşadıqları həyətin hasarını çəkmişdir. Hasarın pulunu Cavabdeh1 və anası Tamara Əhmədova vermişdir. Şаhid X8 şаhid X11 ilə eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şаhid X12 ifadə verərək bildirmişdir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayır. İddiaçı və Cavabdeh1 qonşularıdır. İddiaçı Bakı şəhərində yaşasa da, yay aylarında ailəsi ilə birlikdə atadan qalma evə gəlib-getdiyini görmüşdür. Onların ata mülkündəki həyətdə əvvəllər bölgü olmamışdır. Valideyinləri vəfat etdikdən sonra onlar həyəti öz aralarında bölüblər. İddiaçı valideyinləri vəfat edəndə onların dəfn və yas mərasimlərində iştirak etmişdir. Cavabdeh1 atası vəfat edəndə Rusiya Federasiyasında olmuş və atasının dəfninin üçüncü günü gəlib çıxmışdır. Cavabdeh1 anası vəfat edəndə dəfn mərasimində iştirak etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şаhid X16 ifadə verərək bildirmişdir ki, Şamaxı şəhərində yaşayır. İddiaçı və Cavabdeh1 dayısıdır. Onlar arasında yaranan mübahisə torpaq sahəsi ilə bağlıdır. Uşaq vaxtı mübahisəli evə gələrkən qohumları ata evinin İddiaçı məxsus olduğunu və həmin evə girməmələrini bildirirdilər. Birinci instansiya məhkəməsinin iclasında şаhid X1 Namiq Kamil oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(037)-119/2021 nömrəli qətnaməsi qəbul edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək İsmayıllı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(037)-119/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələblərini işdə olan və əlavə sübutlar əsasında tam və hərtərəfli araşdırmaqla iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şahid ifadələrindən də görünür ki, o, öz valideynlərindən miras qalan əmlak üzərində vərəsəliyini sübuta yetirən hərəkətlər etmişdir. Belə ki, şahid ifadələrindən də göründüyü kimi valideynlərindən miras qalan əmlakın məhz İddiaçı tərəfindən qorunduğunu, abadlaşdırıldığını və tərəflərin ümumi razılığı əsasında bölündüyünü sübuta yetirir. İstər şahid ifadələri ilə, istərsə də mülki qanunvericiliyin normaları ilə tam olaraq İddiaçı əmlakı faktiki qəbul etdiyinə istinad etmək olar. Bundan əlavə, İddiaçı tərəfindən miras əmlakın faktiki qəbulunu təsdiq edən növbəti sübut iş materiallarına vəkil sorğusu əsasında əldə edilərək əlavə edilən İsmayıllı rayon İHB-nın Basqal qəsəbə İƏD Nümayəndəliyinin və İsmayıllı rayon Basqal Bələdiyyəsinin eyni məzmunlu arayışlarında qeyd edilmişdir ki, İsmayıllı rayon Basqal qəsəbə sakini olmuş 1926-cı il təvəllüdlü mərhum Əməl Əhmədovun mülkiyyətində olan fərdi yaşayış evində oğlu Cavabdeh1 və ailə üzvlərinin daimi qeydiyyatda olmalarını, mərhuma məxsus olmuş İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinin mərhumun Bakı şəhərində qeydiyyatda olan oğlu İddiaçıla İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayan oğlu Cavabdeh1 tərəfindən öz aralarında bölündüyünü, bölünmüş hissələrdən birində həyətdə olan ikinci yaşayış evində Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşadığını, digər hissədə yerləşən ata mülkündə isə hazırda daimi yaşayışın olmadığını, ancaq İddiaçı ailə üzvləri ilə birlikdə hər il yay mövsümündə həmin evə gələrək mövsümi yaşadığını və həmin evdə İddiaçı və ailə üzvlərinə məxsus əşyaların saxlanıldığını göstərmişdir. Hər iki evin girişləri, qaz, işıq və su xətləri də ayrıdır. Analoji məzmunlu 11 yanvar 2021-ci il tarixli 09 saylı arayış cavabdehin müraciəti əsasında, sonuncuya da təqdim edilmişdir. Bundan əlavə, miras əmlakın iddiaçı tərəfindən iddiaçıya aid hissəsinin faktiki qəbulunu cavabdehin məhkəmədə qaldırdığı bir digər mülki işdə tam olaraq sübuta yetirir. Belə ki, mülki iş üzrə cavabdeh tərəfindən İsmayıllı Rayon Məhkəməsinə 25.12.2020-ci il tarixdə təqdim edilən iddia ərizəsində İddiaçı və X3 ona məxsus olan evdən çıxarılmaları və özünün ailəsi ilə birlikdə həmin evə köçürülməsi, həmçinin mülkiyyət hüququna edilən maneçiliyin qadağan edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsində həmin iddia üzrə 2(037)-122/2021 saylı mülki iş başlansa da, tərəfindən verilən vəsatətdən sonra mülki işin icraatı dayandırılmışdır. İsmayıllı Rayon Məhkəməsinin qətnaməsinin əsassızlığını sübuta yetirən növbəti hal məhkəmə qətnaməsinin 8-ci vərəqinin 2-ci abzasında hakimin qeyd etdiyi “vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür” ifadələri ilə bağlıdır. Belə ki, iddia ərizəsinə əlavə edilən Elektrik enerjisi satışı üzrə ÇJG 645796 nömrəli mədaxil qəbzi, **********00339 nömrəli Abonent saldosu və "Aztelekom” MMC-nin İsmayıllı TQ-nın 24.08.2020-ci il tarixli 19/13 saylı Arayışı ilə tam olaraq sübuta yetirilir ki, hazırda iddiaçının sahibliyində və sərəncamında olan evdəki elektrik enerjisinə, qaz, su və telefon məhz iddiaçıya məxsusdur və abonent haqları onun tərəfindən ödənilir. Birinci instansiya məhkəməsi iş üzrə kobud prosessual pozuntuya yol vermiş və nəinki həmin sübutlara istinad etməmişdir, heç həmin sübutların tədqiqini də həyata keçirməmişdir. Qeyd edilən prosessual pozuntulardan əlavə məhkəmə tərəfindən Mülki Məcəllənin maddi hüquq normaları da pozulmuş və heç bir əsas olmadan iddiaçının vərəsəlik hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə bu qeyd edilən pozuntuları ört-basdır etmək üçün iş üzrə cavabdehin ifadələrini təhrif etmiş, cavabdehin adından məhkəmə iclasında vermədiyi ifadələri yazmış, cavabdehə və şahidlərə məhkəmə iclasında verilən suallar protokolda öz əksini tapmamışdır. Bununla əlaqədar məhkəmə iclas protokoluna 01.04.2021-ci il tarixdə müvafiq qeydlər verilmiş, yalnışlıqların və çatışmamazlıqların aradan qaldırılması məhkəmədən xahiş edilmişdir. Bundan 6 gün sonra (MPM-nin tələbi ilə 3 günə baxılır) İsmayıllı Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli qərardadı ilə protokola qeydlər rədd edilmiş, qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məhkəmə iclas protokolunda qeyd olunan ifadələri onun məhkəmə iclası zamanı verdiyi ifadəsindən və məhkəməyə təqdim etdiyi etiraz mülahizələrində qeyd olunanlardan ibarətdir. Cavabdeh1 təqdim etdiyi etiraz mülahizələri iş materiallarına əlavə olunmuşdur. Bundan əlavə Vəkil məhkəmə iclas protokoluna dair qeydlərində göstərdiklərinin iş üçün əhəmiyyətli olan bütün hissələri məhkəmə iclas protokolundan öz əksini tapmışdır. “Azərbaycan Respublikası notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 83-cü bəndində qeyd edilir ki, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Təlimatın 84-cü bəndinə əsasən notarius mirasın qorunması üçün mirası siyahıya alır və bu fəsildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün əmlak idarəçisini təyin edir. Təlimatın 85-ci bəndinə əsasən notarius əmlak idarəçisini miras əmlakı israf etməyə, özgəninkiləşdirməyə, gizlətməyə və dəyişdirməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyəti və vurulan zərər üçün maddi məsuliyyət haqqənda xəbərdarlıq edir, bu barədə onlardan iltizam alır. İltizam miras əmlakın siyahıya alma aktında ifadə oluna bilər. Təlimatın 102-ci bəndinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, miras açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Yuxarıda qeyd edilən hallar məhkəmə tərəfindən çıxarılan qətnamənin qanunsuz və əsassız olduğunu göstərən əsas hallardır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi və vəkili Vəkil izahatlarında apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(037)-119/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(037)- 119/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X18 bildirmişdir ki, iddiaçı və cavabdeh onun qardaşlarıdır. Atası sağlığında Lətifə Bakıdan ev almışdır ki, Orucu evləndirsin, hazırda mübahisəsi gedən ev də Oruca qalsın. Valideynləri əvvəllər Türkmənistan Respublikasında yaşamış, o, Türkmənistanda anadan olmuşdur. Azərbaycana qayıtdıqdan sonra İsmayıllı rayonu Basqal kəndində hazırda mübahisəli evdə yaşamışlar. Həmin evi atası 1960-cı ildə tikmişdir. O isə 1974-cü ildə ailə qurmuş və atası evindən çıxmışdır. O, ərə köçəndən sonra valideynləri ilə birlikdə Oruc yaşamışdır. Atası Lətifə Bakı şəhərində ev alıb demişdir ki, bu evlər Orucundur. Evin açarlarını Lətifə xalası oğlu vermiş, Lətif Orucu həmin evdən zorla çıxarmamışdır. Atası rəhmətə gedəndən sonra orada yaşamamışdır, əvvəllər evdən pay istəməmişdir, hal-hazırda 1960-cı ildə tikilən evdən payını istəyir. Atası rəhmətə gedəndə Oruc Basqalda olmuşdur. Atasının yas mərasiminin keçirilməsinə hamı kömək etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X13 bildirmişdir ki, bacısı Adilənin dedikləri ilə razıdır. Mübahisəli ev 1960-cı ildə tikilmişdir. O, 1979-cu ildə ərə getmişdir. Atası rəhmətə gedəndən sonra həmin evdə yığışmışlar. Anası deyirdi ki, Lətifə ev almışıq, Lətif evdən çıxsın Orucu evləndirək. Anası rəhmətə gedəndən sonra həmin evdə yığışmamışlar. O, həmin evdən öz payını tələb edir, özünə düşən payını Oruca verəcəkdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X17 ifadəsində bildirdi ki, tərəflərin hər ikisi onun qaynıdır. İddiaçının və cavabdehin ən böyük bacıları onun həyat yoldaşı olmuşdur. Qayınatası Lətifi evləndirib həmin evə köçürmüşdür. Qayınatası deyirdi ki, bu ev Lətifindir, digər ev isə Orucun. Hazırda həmin ev Lətifindir. Lətifin bacıları onunla ədavət aparırlar. Mərhum həyat yoldaşına düşən payı Lətifə bağışlayır. Lətifin daimi yaşayış yeri İsmayıllı rayonu Basqal kəndi olmuş, lakin bir müddət işləmək üçün Bakı şəhərinə getmişdir. Lətif atası evində ailəsi ilə birlikdə 30 ilə yaxındır yaşayır. Valideynləri də Lətifi evləndirdikdən sonra onunla yaşamışlar. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh İsmayıllı Rayon Notariat ofisi nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası cavabdeh İsmayıllı Rayon Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: 1988-ci ildə tərtib edilmiş 240 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, İsmayıllı rayonu Basqal qəsəbəsində 0.09 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi X4 mülkiyyətinə verilmişdir. 27 dekabr 2004-cü il tarixli JN-407A KOD 40700016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsi X9, X7 və Cavabdeh1 birgə mülkiyyətlərinə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 noyabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışdan müəyyən edilir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.09 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 62.6 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydə alınaraq çıxarış verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 01 oktyabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışdan müəyyən edilir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində 0.09 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam olaraq X4, fərdi yaşayış evinin yerləşdiyi 0.09 hektar torpaq sahəsi isə X9, X5 və Cavabdeh1 birgə mülkiyyəti kimi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydə alınmışdır. 31 oktyabr 2014-cü il tarixli reyestrdə 2V-1/336 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 31 oktyabr 2014-cü il tarixdə verilmiş arayışa və 01 oktyabr 2014-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İsmayıllı rayon Basqal qəsəbəsi ərazisində 0.09 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 62.6 kv.m. olan fərdi yaşayış evindən 10 yanvar 2006-cı il tarixdə vəfat etmiş mərhum X6 çatan hissəsindən vərəsə Cavabdeh1 tam, həyətyanı torpaq sahəsindən isə mərhuma çatan hissəsində pay alması göstərilmişdir. 31 oktyabr 2014-cü il tarixli reyestrdə 2V-1/337 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 31 oktyabr 2014-cü il tarixdə verilmiş arayışa və 01 oktyabr 2014-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İsmayıllı rayon Basqal qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin tam, 0.09 hektar torpaq sahəsinin isə 31 yanvar 2007-ci il tarixdə vəfat etmiş mərhum X2 çatan hissəsində vərəsə Cavabdeh1 pay alması göstərilmişdir. 19 avqust 2020-ci il tarixli 173330 nömrəli ölüm qeydi haqqında arayışdan görünür ki, Əməl Əhmədov 10 yanvar 2006-cı il tarixdə vəfat etmişdir. 19 avqust 2020-ci il tarixli 214285 nömrəli ölüm qeydi haqqında arayışdan görünür ki, Tamara Əhmədova 31 yanvar 2007-ci il tarixdə vəfat etmişdir. 01.12.2018-ci il tarixli AZ-İ 970213 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 19 noyabr 2018-ci il tarixdə vəfat etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşır, bununla yanaşı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin gerçək halı ondan ibarətdir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində 0.09 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi X4 mülkiyyətində olmuşdur. Sonradan JN- 407A KOD 40700016 nömrəl Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən həmin torpaq sahəsi X9, X7 və Cavabdeh1 birgə mülkiyyətlərinə verilmişdir. Əməl Əhmədov 2006-cı ildə, Tamara Əhmədova isə 2007-ci ildə vəfat etmişdir. 2014-cü ildə Cavabdeh1 valideynlərindən miras qalan və İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.09 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinə dair İsmayıllı rayon notariat ofisindən 31 oktyabr 2014-cü il tarixli reyestrdə 2V-1/336 və 2V- 1/337 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır. Cavabdeh1 İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.09 hektar torpaq sahəsi və fərdi yaşayış evinə dair öz adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 22 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydə alınmış 29 noyabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış almışdır. İddiaçı 31 oktyabr 2014-cü il tarixli 2V-1/336 və 2V-1/337 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, valideynlərindən miras qalan 27 dekabr 2004-cü il tarixdə tərtib edilmiş JN-407A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydiyyata alınmış və qeydiyyat nömrəsi ********** olan 01 oktyabr 2014-cü il tarixli Çıxarış üzrə İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən əmlak üzərində vərəsəlik hüquqlarının tanınması və cavabdehlə aralarında əldə edilən razılıq əsasında müəyyənləşdirilmiş sərhədlərdə miras paylarının naturada bölünməsini tələb edir, Cavabdeh1 isə mübahisəli evi və torpaq sahəsini vərəsə kimi qanuni əsaslarla əldə etdiyini, iddiaçının iddia tələbini əsassız hesab etdiyini və rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “birinci cavabdeh valideynlərindən miras qalan əmlakı qoruyub saxlamış, həmin əmlakı faktiki olaraq idarə etmiş, mirası qəbul etməsini təsdiq edən sübutları notariat orqanına təqdim edərək öz adına 31 oktyabr 2014-cü il tarixli reyestrdə 2V-1/336 və 2V-1/337 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır. Cavabdeh1 adına 31 oktyabr 2014-cü il tarixli 2V-1/336 və 2V-1/337 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində çıxarış sənədi hazırlanarkən qanunvericiliyin tələblərinə riayət olunduğundan, iddia tələbi Cavabdeh1 adına verilmiş 31 oktyabr 2014-cü il tarixli 2V-1/336 və 2V-1/337 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair hissədə rədd edilməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki iş üzrə hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnaməsi olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Bu üsula o cümlədən, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə ilə notariat ofisinə müraciət etməli olduğu halda notariat ofisinə müraciət etmədən məhkəməyə müraciət etmişdir. Bundan əlavə iddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etməli olduğu halda məhkəməyə miras əmlak üzərində vərəsəlik hüququnun tanınması barədə qeyri-müəyyən tələblə müraciət etmişdir. İddiaçı həm də miras əmlak üzərində öz payını müəyyənləşdirmədən cavabdehlə aralarında əldə edilən razılıq əsasında müəyyənləşdirilmiş sərhədlərdə miras paylarının naturada bölünməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iş materialları ilə, o cümlədən dindirilmiş şahid ifadələri ilə iddiaçının formal və ya qeyri-formal üsulla mirası qəbul etməsi halı müəyyən edilmir. Kollegiyaya görə, iddiaçının təqdim etdiyi sübutlar mötəbər olmadığından, həmin sübutlar əsasında, onun iddia tələbini təmin etmək mümkün deyildir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Apellyasiya şikayətləri əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçının bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(037)-119/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(037)-119/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-1186/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1186/2021
19.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver