Məhkəmə qərarları › İş №2(107)-1198/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1198/2023

12.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1198/2023 12.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəbinə qarşı (açar sözlər: Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəbinə qarşı “sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi haqqında 31 mart 2022-ci il tarixli 34 saylı əmrinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 16 mart 2023-cü il tаrixli, e-2(046)-95/2023 saylı qətnаməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İşdə olan Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən Göyçay şəhər 5 saylı tam orta məktəbin psixoloqu müəlliməsi vəzifəsində işləyir.

2. İşdə olan Göyçay şəhər 5 saylı tam orta məktəbin 7 B sinif şagirdləri Ruslan Cəbrayılov, İsmayıl Hüseynov, İlahə Abbaslı və Qənimət Rəhilmi tərəfindən həmin məktəbin direktoruna ünvanlanmış izahatlardan görünür ki, psixoloq müəllimə İddiaçı dəfələrlə siniflərinə müdaxilə etmiş, sinifin yararsız hala salınmasında digər şagirdlərə göstəriş vermiş, “Sizin arxanızdayam, nə etsəniz mən sizin arxanızdayam” demiş, dediklərini etmədikləri təqdirdə onları təhqir edərək, hədə-qorxu gəlmişdir.

3. İşdə olan Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru X1, təlim-tərbiyə işləri üzrə direktor müavini Aygün Məmmədovanın və 7b sinif rəhbəri Aytən Allahyarovanın iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə psixoloq müəllimə İddiaçı və 7b sinif rəhbəri Aytən Allahyarovanı şagirdlər qarşısında, məktəbin dəhlizində yüksək səslə şərəf və ləyaqətini alçaldan sözlərlə təhqir etmişdir.

4. İşdə olan Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru X3 tərəfindən verilmiş "Əmək intizamının pozulmasını nəzərə alaraq şiddətli töhmət verilməsi haqqında” 31 mart 2022-ci il tarixli 34 nömrəli əmrin surətindən görünür ki, İddiaçı – məktəbin psixoloqu 29 mart 2022-ci il tarixində əmək intizamını kobud şəkildə pozaraq şagird kollektivi qarşısında 7b sinfinin rəhbəri, məktəbin biologiya müəllimi X2 təhqir etmiş, şərəf və ləyaqətini alçaltmışdır. İşçi qanunsuz hərəkətləri ilə bilərəkdən məktəbdə sağlam psixoloji mühiti pozmaqla şagird, müəllim və valideynlərdə haqlı narazılıqlara səbəb olmuşdur. Qeyd olunan məsələ ilə bağlı İddiaçı rəhbərliyin çağırışına məhəl qoymamış və izahat verməkdən imtina etmişdir. İddiaçı əvvəllər də bu və ya buna oxşar hallarla bağlı dəfələrlə şifahi xəbərdarlıq edilmiş, lakin nəticə çıxarmamışdır. Eyd edilənlərə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən məktəbin psixoloqu İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, Göyçay şəhər 5 saylı tam orta məktəbin direktorunun ona sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi haqqında 31 mart 2022-ci il tarixli 34 saylı əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddianı müdafiə edərək göstərmişdir ki, ddiaçı İddiaçı 1992-ci ildən Göyçay şəhər 5 saylı orta məktəbdə psixoloq işləyir, bu müddət ərzində iki direktorla işləmiş və həm direktorla, həm də kollektivlə normal iş münasibətləri olmuşdur. 2019-2020-ci dərs ilində işlədiyi 5 saylı orta məktəbə Vüqar Məlikov yeni direktor təyin edilmişdir. Vüqar Məlikov məktəbə direktor təyin ediləndən sonra kollektivdə qeyri-sağlam münasibətlər yaranmışdır. Direktor ona məktəbin psixoloqu kimi əmək funksiyalarımı yerinə yetirməyə mane olur, onu təhqir edir və işdən çıxaracağı ilə hədələyir. Hətta xəstəlik vərəqəsində olan vaxt 02 oktyabr 2020-ci il tarixli əmrlə ona töhmət, 06 oktyabr 2020-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət vermiş və kabinetinə girişini qadağan edərək əmək funksiyalarımı həyata keçirməyinə qəsdən maneə yaratmışdır. Bu faktlarla bağlı Azərbaycan Respublikası Təhsil Nazirinin onlayn qəbulunda olduqdan sonra həmin əmrlər ləğv edildi. Lakin direktor ona qarşı qərəzli münasibətlərini davam etdirmiş 01 aprel 2022-ci il tarixdə məktəbin müəllimlərindən biri ona töhmət verildiyini və əmrin müəllimlər otağında lövhədə yerləşdirildiyini bildirilmişdir. Lövhəyə baxarkən direktorun 31 mart 2022-ci il tarixli 34 saylı əmrlə ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət elan etdiyini görmüşdür. Halbuki əmrdə yazılan hərəkətləri etməmişəm və göstərilənlər uydurmadır. Buna görə də qeyd edilən əmri qanunsuz və əsassız hesab edir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru X3 iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay şəhər 5 saylı tam orta məktəbin psixoloqu İddiaçı 29 mart 2022-ci il tarixində əmək intizamını kobud şəkildə pozaraq şagird kollektivi qarşısında 7b sinfinin rəhbəri məktəbin biologiya müəllimi X2 təhqir etmiş, şərəf və ləyaqətini alçaltmışdır. İşçi qanunsuz hərəkətləri ilə bilərəkdən məktəbdə sağlam psixoloji mühiti pozmaqla şagird, müəllim və valideynlərdə haqlı narazılıqlara səbəb olmuşdur. Qeyd olunan məsələ ilə bağlı İddiaçı rəhbərliyin çağırışına məhəl qoymamış və izahat verməkdən imtina etmişdir. İddiaçı əvvəllər də bu və ya buna oxşar hallarla bağlı dəfələrlə şifahi xəbərdarlıq edilmiş, lakin nəticə çıxarmamışdır. Baş vermiş hadisə ilə bağlı məktəbin şagirdlərinin və müəllimin izahatı alınmışdır. Buna görə də xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən məktəbin psixoloqu İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmiş, bu kimi halların təkrar baş verəcəyi təqdirdə işdən azad olunacağı izah edilmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir.

8. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 16 mart 2023-cü il tаrixli, e-2(046)-95/2023 saylı qətnaməsi ilə iddia rədd edilərək İddiaçı cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəbinə qarşı 34 nömrəli xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi barədə tələbi əsassız olduğundan təmin edilməmişdir.

9. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

10. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisələndirdiyi əmrdə göstərilən heç bir qanuna zidd hərəkət etməmişdir. Bu hal, məhkəməyə təqdim etdiyi səs yazısı ilə də təsdiqlənir. Lakin məhkəmə bu faktı nəzərə almamışdır. Vüqar Məlikov məktəbə direktor təyin ediləndən sonra kollektivdə qeyri-sağlam münasibətlər yarandı. Direktor ona məktəbin psixoloqu kimi əmək funksiyalarını yerinə yetirməyə mane olur, onu təhqir edir və işdən çıxaracağı ilə hədələyirdi. Hətta o, xəstəlik vərəqində olan vaxt 02 oktyabr 2020-ci il tarixli əmrlə ona töhmət, 06 oktyabr 2020-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət vermiş və kabinetimə girişimi qadağan edərək əmək funksiyalarımı həyata keçirməsinə qəsdən maneə yaratmışdır. Bu faktlarla bağlı Azərbaycan Respublikası Təhsil Nazirinin onlayn qəbulunda olduqdan sonra həmin əmrlər ləğv edildi. Lakin direktor ona qarşı qərəzli münasibətlərini davam etdirirdi İşə baxan məhkəmə direktor Vüqar Məlikovun, direktor müavini Aygün Məmmədovanın və 7B sinif rəhbəri Aytən Allahyarovanın iştirakı ilə tərtib edilmiş 29 mart 2022-ci il tarixli akta sübut kimi qiymət versə də, məhkəmə tədqiqi zamanı nümayəndəsinin sualına cavab verən direktor Vüqar Məlikov özünün və Aygün Məmmədovanın hadisə zamanı 7b sinfinin dərs keçdiyi otaqda deyil, məktəbin dəhlizində olması barədə cavab vermişdir. Dəfələrlə aktı imzalamış şəxslərin, həmçinin izahat vermiş 7b sinif şagirdlərinin və valideynlərinin məhkəməyə dəvət edilib şahid qismində dindirilmələrini xahiş etsə də və bu səbəbdən məhkəmə iclasları təxirə salınsa da məhkəmə şahidlərin dindirilməsini təmin etməmişdir. Göründüyü kimi məhkəmə qeyd edilən sübutları tədqiq etməmiş və obyektiv qiymət verməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 16 mart 2023-cü il tаrixli, e-2(046)-95/2023 saylı qətnaməsinin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının əvvəlki iclasında Göyçay şəhər 5 saylı tam orta məktəbinin direktoru X3 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin 16 mart 2023-cü il tаrixli, e-2(046)-95/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

16. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

17. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

18. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

19. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasının 60 və 71ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Əmək Məcəlləsi:

20. Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri (...).

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

3. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, ... əsasən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır.

21. Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

2. İşçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.

3. İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habeləfiziki şəxs.

22. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; (...) f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

23. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları (...) ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; (...)

24. Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: (...) b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; (...)

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 16 mart 2023-cü il tаrixli, e-2(046)-95/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

37. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

38. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 1992-ci ildən Göyçay şəhər 5 saylı orta məktəbdə psixoloq işləyir. Məktəb direktorunun 31 mart 2022-ci il tarixli 34 saylı əmri ilə ona əmək müqaviləsi ilə müəyyən edilimiş vəzifələrini lazımi qaydada yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı həmin əmri qanunsuz və əsassız hesab edirək əmrin ləğv edilməsinədair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə məhkəməyə müraciət etmiş, məhkəmə mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

39. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı 29 mart 2022-ci il tarixində əmək intizamını kobud şəkildə pozaraq şagird kollektivi qarşısında 7b sinfinin rəhbəri, məktəbin biologiya müəllimi X2 təhqir etmiş, şərəf və ləyaqətini alçaltdığına görə məhkəmə direktorunun 31 mart 2022-ci il tarixli 34 saylı əmri ilə iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

40. ddiaçının ona istinad olunan pozuntulara yol verilməsi işə əlavə olunaraq tədqiq edilmiş izahatlar və aktla da təsdiq olunur.

41. Qeyd edilməlidir ki, işçiyə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan intizam tənbehlərinin tətbiqi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. İşəgötürənin bu hallarda malik olduğu diskresion səlahiyyəti əmək qanunvericiliyinin hüdudları çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirib-keçirmədiyi yoxlanımalı, xüsusilə də hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı və bununla bağlı işəgötürənin öz əmrini əsaslandırmasında istinad etdiyi halların əmək qanunvericiliyinin 10 və 186-cı maddələrinin müddəaları baxımından mövcud olub-olmadığı məhkəmə tərəfindən araşdırılmalıdır.

42. İddiaçı apellyasiya şikayətində Əmək Məcəlləsinin 186-cı maddısinin 1-ci hissəsinin tələblərini pozmadığını göstərir.

43. Lakin intizam tənbehi barədə əmrdən və işin hallarından məlum olur ki, iddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin tələblərini pozduğuna görə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

44. Məhkəmə kollegiyası bu baxımdan qeyd edir ki, İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair dair 31 mart 2022-ci il tarixli 34 saylı əmri verilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir.

45. Məhkəmə baxışı zamanı İddiaçı cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru V.Məlikov tərəfindən verilmiş 34 nömrəli xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsinə əsas ola bilən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məktəb direktorunun iddiaçının əmək funksiyalarını yerinə yetirməsinə mane olması, onu təhqir etməsi və işdən çıxaracağı ilə hədələməsi, eləcə də məktəb direktorunun əvvəllər də iddiaçıya əsassız və qanunsuz inzibati tənbeh verməsi, həmin inzibati tənbehə dair əmrlərin Azərbaycan Respublikası Təhsil Naziriliyi tərəfindən ləğv edilməsi barədə dəlillərinı əsasız sayır.

47. Belə ki, iş materiallarına əlavə olunmuş Göyçay RPŞ-nin İddiaçı müraciəti əsasında toplanmış materialın təsdiq olunmuş surətlərindən görünür ki, Göyçay şəhər 5 saylı tam orta məktəb direktoru Vüqar Məlikovun həmin məktəbin psixoloqu İddiaçı nalayiq ifadələrlə təhqir etməsi və hədələməsi öz təsdiqini tapmamışdır.

48. Bundan əlavə, işdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 27 yanvar 2023-cü il tarixli, 3-29/2-503/2023 saylı məktubundan görünür ki, Göyçay şəhər 5 saylı tam orta məktəbin psixoloqu İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin onlayn qəbulunda etdiyi şikayətlə bağlı aparılmış araşdırma zamanı İddiaçı qərəzli töhmət aldığına görə iddiaları əsassız sayılmışdır.

49. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən məktəbin psixoloqu İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun aparıldığından iddia tələbi əsassızdır.

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

51. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

52. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

54. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

55. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 16 mart 2023-cü il tаrixli, e-2(046)-95/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 16 mart 2023-cü il tаrixli, e-2(046)-95/2023 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar