Məhkəmə qərarları › İş №2(107)-12/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-12/2022

17.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-12/2022 17.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı “Qax rayonu Qax-İngiloy kəndində yerləşən özünə məxsus evdən istifadə hüququna xitam verilməsi və cavabdehlərin məcburi qaydada çıxarılması” tələbinə dair (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı və cavabdeh X1 iştirakı ilə İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı “Qax rayonu Qax-İngiloy kəndində yerləşən özünə məxsus evdən istifadə hüququna xitam verilməsi və cavabdehlərin məcburi qaydada çıxarılması” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(024)-522/2019 nömrəli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. Reyestr nömrəsi **********05-10301, tərtib edilmə tarixi xx.xx.2018, inventar nömrəsi 1566 olan fərdi yaşayış evinin texniki pasportununu surətindən görünür ki, Qax rayonu Qaxbaş kəndində yerləşən evin hüquq subyekti İddiaçıdır.

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Qax rayonu Qaxbaş kəndində 0.31 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 93.6 kv.m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi idarəsinin 09 oktyabr 2019-cu il tarixli. **********49 saylı məktubundan görünür ki, Cavabdeh2, X1, Cavabdeh3 və X3 adlarına Qax rayonu Qax-ingiloy kəndində fərdi yaşayış evi və torpaq sahəsi qeydiyyata alınmışdır.

4. Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********54-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Qax rayonu Qax-İngiloy kəndində 0.22 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh2 tam, həmin evin yerləşdiyi torpaq sahəsi isə Cavabdeh2, X1 Cavabdeh2, Cavabdeh3 və X3 tam mülkiyyətindədir.

5. Qax RİH-nin Qax-İngiloy kənd İƏD-nin verdiyi xx.xx.2019-cu il tarixli, 1367 saylı arayışdan görünür ki, İddiaçı Qax rayonu Qax-İngiloy kəndində yaşayır.

6. Qax RİH-nin Qax-İngiloy kənd İƏD-nin verdiyi xx.xx.2019-cu il tarixli, 1541 saylı arayışdan görünür ki, X2 Qax rayonu Qax-İngiloy kəndində yaşayır və onun ailə üzvləri Cavabdeh2 və Cavabdeh3 ibarətdir. Həmin şəxslər Qax rayonu Qaxbaş kəndində qeydiyyatda olsalar da, Qax rayonu Qax-İngiloy kəndində yaşayırlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 Qax rayonu Qax-İngiloy kəndində yerləşən özünə məxsus evdən istifadə hüququna xitam verilməsi və cavabdehlərin məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qax rayonu Qax-İngiloy kəndində ona məxsus olan ümumi sahəsi 93.6 kv.m 3 otaqlı yaşayış evi və 0.31 ha həyətyanı torpaq sahəsi vardır. Həmin evin onun mülkiyyətində olmasına dair DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin ******* saylı çıxarışı və texniki pasportu vardır. Həmin evi ona nənəsi 1980-ci illərdə bağışlamışdır. Evdə təkcə o qeydiyyatdadır və tam mülkiyyət hüququ ilə ona məxsusdur. xx.xx.2018-ci il tarixdə ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli Çıxarış almışdır. Bacısı Marine 1985-ci ildə ərə getmiş, əri ilə birlikdə qaynanası evində ailə problemləri yaşadığı üçün 1998-ci ildə ondan bir müddət həmin evdə yaşamasını xahiş etmiş, o isə buna razı olmuşdur. Marine bir müddət həmin evdə qeydiyyata düşmədən yaşadıqdan sonra o bacısından evdən çıxmasını xahiş etdikdə Marine təkidlə çıxmayacağını bildirmişdir. Bacısının ona məxsus olan yaşayış sahəsinə heç bir hüququ yoxdur. Cavabdehlərin onun evində yaşaması onun evlə əlaqədar müəyyən hüquqlarını həyata keçirməsinə mane olur. Bacısı Marine və ailəsi ilə aralarında evlə bağlı heç bir razılaşma yoxdur. Ona görə də, cavabdehlərin onun evindən istifadə hüququna xitam verilməli, onlar həmin evdən məcburi çıxarılmalıdırlar. Belə ki, cavabdehlərin Qax rayonu Qaxbaş kəndində özlərinə məxsus yaşayış evləri vardır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 Qax rayonu Qax-İngiloy kəndində yerləşən özünə məxsus evdən istifadə hüququna xitam verilməsi və cavabdehlərin məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 14 noyabr 2019-cu il tarixli, 2(024)- 522/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı Nokolayevnanın mülkiyyətində olan Qax rayonu Qaxbaş kəndində 0.31 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 93.6 kv.m olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və cavabdehlərin həmin evdən məcburi qaydada çıxarılması qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması həmin evin mülkiyyətçisi olan iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, habelə «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində təsbit edilmiş öz mülkiyyətindən dinc istifadə etmək hüquqlarının pozulması ilə nəticələnir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 26-cı maddələrinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.5-ci maddələrinə və «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan cavabdeh X2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, ona görə ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, o, 1988-ci ildən bacısı İddiaçı razılığı ilə ona məxsus evə ailəsi ilə birlikdə köçmüş və hazırki tarixədək həmin evdə yaşayır. Ev dağılmış halda idi. Evi təmir etdirmiş, qaz çəkdirmiş, altıaçıq və dam tikmişdir. Həmin evdən istifadə hüququ qazanmışdır. Onun və oğlunun hazırda yaşamağa başqa evi yoxdur. Onun və oğlunun bacısı İddiaçı məxsus evdən kompensasiya ödənilmədən məcburi qaydada çıxarılması tam qanunsuzdur. Ona görə də Qax Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(024)-522/2019 nömrəli qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh X2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, uzun illərdir ki, ailəsi ilə birlikdə mübahisəli evdə yaşayır. Həmin evdə onun da payı olmasına baxmayaraq, sənəd iddiaçının adına verilmişdir. Hesab edir ki, sənədləşmə düzgün aparılmayıb. O, mübahisəli evə nə qədər xərc çəkib. Əri Malxazın adına başqa yerdə ev olmasına baxmayaraq həmin evdə yaşaya bilmirlər. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

16. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, sözügedən yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsus olmasına baxmayaraq, cavabdehləri həmin evdən çıxara bilmir. Artıq məhkəmə çəkişmələrindən yorulub. Cavabdehlərin özünə məxsus evi olmasına baxmayaraq, yenə də onun evində yaşamaqda davam edirlər. Malxazın adına olan evdə yalnız cavabdehin 90 yaşlı qayınanası (Malxazın anası) yaşayır. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır, ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdehlər səbəbini bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. 384.0.1.maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətindən görünür ki, apellyator Qax Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(024)-522/2019 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də kollegiya mübahisələndirilən qətnaməni apellyatora münasibətdə tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur

23. İddia tələbinin mahiyyətindən görünür ki, tələb iki hissədən ibarət olmaqla cavabdehlərin mübahisəli yaşayış evindən istifadə hüququna xitam verilməsi və onların həmin evdən çıxarılması barədədir.

24. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından müəyyən edilir ki, iddiaçı tələbinin faktik əsası kimi ona istinad etmişdir ki, sözügedən yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Cavabdeh tərəfin özlərinə məxsus torpaq sahəsi və yaşayış evi mövcuddur. Cavabdeh olan bacısı qayınanası ilə bir evdə yola getmədiyindən onun razılığı ilə müvəqqəti olaraq hazırki evə köçmüşdür. Lakin hazırda tələb etməsinə baxmayaraq cavabdeh tərəf onun evindən çıxmaqdan imtina edir. Hesab edir ki, cavabdehlər yaşayış evinin mülkiyyətçisi kimi onun ailə üzvü sayılmadığından istifadə hüquqlarına xitam verilməli və evdən çıxarılmalıdırlar.

25. Cavabdeh tərəf bir ailə üzvü olmaqla iddiaya etiraz edərək, bildirmişdir ki, sözügedən yaşayış sahəsi iddiaçının adına qanunsuz olaraq sənədləşdirildiyindən, onların da həmin evdə hüquqları var. Hazırda ailəvi olaraq mübahisəli evdə yaşadıqlarından, digər yerdə yaşamağa imkanları olmadığından oradan çıxmaq fikrləri yoxdur.

26. Göründüyü kimi cavabdeh tərəf iddiaya etirazını mübahisəli yaşayış sahsəinin iddiaçının adına qanunsuz olaraq sənədləşdirilməsini, həmin evdən istifadə hüququnun olması ilə yanaşı, həm də həmin mənzildə onun və övladının pay hüququnun olması ilə əsaslandırmışdır.

27. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ilə sübut olunur ki, mübahisələndirilən yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçının adına olmaqla, cavabdehlər sonuncunun şifahi razılığı əsasında müvəqqəti olaraq həmin evə köçərək orada yaşamağa başlamışlar. Sonra iddiaçı cavabdehlərdən həmin evdən çıxmalarını tələb etsə də, cavabdehlər bundan imtina etmişlər.

28. “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olub ki, məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3-cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır.

29. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

30. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır

31. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarında işin hallarından asılı olaraq, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünündigər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsinin kompensasiya ödəmədən də mümkün olması təsbit edilib.

32. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı işi araşdıran məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına əsasən Konstitusiya Məhkəməsinin Qərarında əks olunan hüquqi mövqe baxımından qiymət vermiş, cavabdeh tərəfin özünün adına yaşayış evinin olmasını, həmin evdə yaşamalarına hər hansı maneələrin olmamasını nəzərə alaraq onların mübahisəli yaşayış sahəsinə ehtiyacının aradan qalxıb-qalxmaması baxımından araşdırmağa çalışmışdır.

33. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, məhkəmə sorğusu əsasında alınmış Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi idarəsinin 09 oktyabr 2019-cu il tarixli, **********49 saylı məktubla, məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********54-10301 reyestr nömrəli Çıxarışla və məktuba əlavə edilmiş digər sənədlərlə Cavabdeh2 mülkiyyətində Qax rayonu Qax-İngiloy kəndində 0.22 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin olması, eyni zamanda da onun və digər cavabdehlər Cavabdeh2, X1, Cavabdeh3 ümumibirgə mülkiyyətlərində həmin evin yerləşdiyi torpaq sahəsinin olması müəyyən edilmişdir.

34. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Cavabdeh2 mülkiyyətində fərdi yaşayış evinin olması, cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas, yəni yaşayış sahəsinə ehtiyac aradan qalxmışdır.

35. Ona görə də kollegiya hesab edir ki, cavabdehlər artıq başqa yaşayış evində yaşayış sahəsinə olan ehtiyacını təmin etmək iqtidarında olduğu halda, iddiaçının (mülkiyyətçinin) evindən istifadə etməklə ehtiyacını qarşılamaq məcburiyyətində deyildir.

36. Kollegiyanın qənaətinə görə cavabdehlər üçün bu əsaslar aradan qalxdığı üçün mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri baxımından qeyd etməyi zəruri hesab edir ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: -yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu.

39. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması.

40. Kollegiya qeyd edir ki, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə etmək zərurətinin aradan qalxmasının mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və ya digər mənzil sakinlərinin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnən hərəkətlərə yol verir ki, bu da iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(024)-522/2019 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (vəkil və elektron kabinet vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar