Məhkəmə qərarları › İş №2(107)-1204/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1204/2020

17.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1204/2020 17.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X8 ibarət tərkibdə, X9katibliyi ilə, İddiaçı nümayəndəsi X4,üçüncü şəxs Mənzil İstismar İdarəsinin rəisi X1, SHXDÇDX-nin Zaqatala rayon şöbəsinin nümayəndəsi kapitan X2, cavabdeh- Cavabdeh1 və onun vəkili X11 iştirakı ilə, İlkin iddia ərizəsi üzrə İddiaçı ilkin iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılmaları tələbinə dair, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçınə qarşı xidməti mənzildə istifadə hüquqlarının tanınması tələbinə dair mülkiiş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-83/2020 nömrəli qətnaməsindən cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (sədrlik edən hakim Tural Həsənov) xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-83/2020 nömrəli qətnaməsi ilə ilkin iddia ərizəsinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Zaqatala şəhəri, Sülh küçəsi, ev 11, mənzil 56-dan, xidməti yaşayış sahəsindən, digər yaşayış sahəsi verilmədən çıxarılmaları, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçınə qarşı xidməti mənzildə istifadə hüquqlarının tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 10 (on) manat dövlət rüsumunun tutularaq, Azərbaycan Respubliasının Dövlət büdcəsinə ödənilməsi, Cavabdeh1 ödədiyi 10 (on) manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Zaqatala şəhəri, Sülh küçəsi, ev 11, mənzil 56-dan xidməti yaşayış sahəsindən, digər yaşayış sahəsi verilmədən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı balansında olan xidməti mənzildə ailəsi ilə birlikdə yaşamağının düzgünlüyü barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 sonradan iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, ünvan 2 mənzil 56-da yerləşən mənzildən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qeyd olunan mıənzilin İddiaçı mülkiyyətində olub-olmamasını araşdırmamışdır. Bundan başqa onlar həmin mənzildən 2004-cü ilin mart ayından istifadə edərək həmin mənzilin bütün kommunal xərclərini ödəmiş və vaxtaşırı təmir etdirmişlər. Onların heç bir orqanla və ya şəxslə mübahisələri olmamışdır. Həmin mənzil orderin verilməsi isə İddiaçı vəzifəsidir. Bundan başqa evin boşaldılmasına dair onlara heç bir xəbərdarlıq edilməmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin qanunun 12-ci maddəsinin 2-ci bəndinin, 2-ci abzasına əsasən, bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Həmin qanunun 12-ci maddəsinin 2-ci bəndinin, 5-ci abzasına əsasən, hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. O, 30 ilə yaxın xidmət etmişdir, ehtiyatda olan zabitdir. Xidməti vəzifəsini yerinə yetirərkən İİ qrup əlil olmuşdur. İddiaçı ona və ailə üzvlərinə növbədənkənar mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi vermək əvəzinə, heç bir yaşayış sahəsi verilmədən halhazırda yaşadığı evdən onu və ailə üzvlərinin çıxarılmasını tələb etməsi həm qanuna həm də insanlığa ziddir. Odur ki, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Apellyasiya şikayətinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili X18 bildirdi ki, qeyd etdiyi əsaslara görə birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Belə ki İddiaçı qeyd olunan sahənin xidməti sahə olması ilə əlaqədar sübutları məhkəmyə təqdim etməli idi. Hansı ki, həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 100-cü maddəsinin bilavasitə tələbi ondan ibarətdir ki, Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Digər mübahisəli məsələ isə hüquq münasibətlərinin yaranma anıdır ki, birinci instansiya məhkəməsi yeni Mənzil Məcəlləsini tətbiq etmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs 2004-cü ildə qeyd edilən mənzilə köçmüşdür. Onun köçürülməsini təsdiq edən hər hansı bir sənəd olmasa da 2004-cü ildən Mənzil İstismar İdarəsində qeydiyyatdadır. Mübahisə yaranana qədər də mənzilin aylıq kirə haqlarını da müdafiə etdiyi şəxs ödəmişdir. İşıq sayğacı da müdafiə etdiyi şəxsin adına olmuşdur. Azəiqaz və digər qurumlardan aldıqları sübutları məhkəməyə təqdim edir. Müdafiə etdiyi şəxs münasibətdə tətbiq edilən mənzil məcəlləsi 2009-cu ilə qədər qüvvədə olan mənzil məcəlləsi olmalı idi. Mənzil Məcəlləsinin 105-ci maddəsində qeyd edilir ki, Digər mənzil sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmasına yol verilməyən vətəndaşlar aşağıdakılardır: xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər və.s. hazırda müdafiə etdiyi şəxsin başqa yaşayış sahəsi yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, 30 ilə yaxındır hərbi qulluqçu kimi işləyir. Özü İİ qrup əlildir. Xidməti vəzifələrini yerinə yetirərəkən əlil olmuşdur. Eyni zamanda digər yaşayış sahəsi yoxdur. Öhdəliyində 2 övladı vardır. Övladlarından biri də hazırda DSX-nin Akademiyasının 4-cü kurs tələbəsidir. O da 5-6 aydan sonra onun kimi zabit olacaqdır. Birinci instansiya məhkəməsinin qərarı qanunsuz olduğundan ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X10 bildirdi ki, həmin bina İddiaçı balansındadır. Zaqatala şəhəri Sülh küçəsi 11 saylı evdə yaşayış sahəsi 34,5 kv metr olan iki otaqlı 56 saylı mənzil əvvəlcə Xalq deputatları sovetinin daha sonra isə İddiaçı balansına verilmişdir. Cavbadeh və ailəsi heç bir hüquqi əsas olmadan həmin binada məskunlaşmışdır. Apelyasiya şikayətinin təmin edilməməsini Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-83/2020 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Mənzil İstismar İdarəsinin rəisi X5 bildirdi ki, Zaqatala şəhəri Sülh küçəsi 11 saylı, 5 mərtəbəli bina 1984-cü ildə tikilərək istifadəyə verilmişdir. Zaqatala şəhəri Sülh küçəsi 11 saylı yaşayış sahəsi 34,5 kv metr olan iki otaqlı 56 saylı mənzil XS İcrayyə Komitəsinin xx.xx.1984-cü il tarixli 15 nömrəli qərarı ilə Hərbi Komissarlığın sərəncamına verilmişdir.Ona görə dəApelyasiya şikayətinin təmin edilməməsini Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-83/2020 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən SHXDÇDX-nin Zaqatala rayon şöbəsinin nümayəndəsi kapitan X6 bildirdi ki, SHXDÇDX-nin Zaqatala rayon şöbəsində xidmət edir. İddiaçı balansında olan ev alqı-satqısı olmayan xidməti evdir. Həmin evdə xidmətlə əlaqədar hər kəs qala bilər. Ona görə də qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, prosesdə iştirak edən cavabdehin izahatını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-83/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ilk iddianı təmin edən qarşılıqlı iddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq edilən hüquq normalarından aydın olduğu kimi, xidməti yaşayış sahəsi xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti tərəfindən qəbul edilən xidməti yaşayış sahəsi verilməsi haqqında qərar əsasında verilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Halbuki, hazırki iş üzrə Cavabdeh1 yaşayış sahəsində istifadə üçün order verilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xidməti mənzil fonduna aid və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsinin sərəncamında olan Zaqatala şəhəri Sülh küçəsində yerləşən 11 nömrəli evin 56 nömrəli mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanuni əsaslar olmadan istifadə etmişlər. Məhkəmə daha sonra qarşılıqlı iddia tələbi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Ona görə ki, qanunvericiliyin tələbinə əsasən xidməti yaşayış sahəsi müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Bu əsasla da, cavabdehlərin həmin mənzil üzərində istifadə hüquqları tanına bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Çünki, surəti iş materiallarında olan İddiaçı Başçısının aparatı yanında Mənzil komissiyasının 3/1 nömrəli xx xxxx 2003-cü il tarixli qərarından görünür ki, Zaqatala şəhəri Sülh küçəsi 11 saylı evdə yaşayış sahəsi 34,5 kv metr olan iki otaqlı 56 saylı mənzil 5 nəfər ailə üzvü ilə həmin mənzildə yaşayan rayon Hərbi komissarlığında çağırış bölməsinin rəisi vəzifəsində işləyən X3 istifadəsinə verilməsi qərara alınmışdır. Surəti iş materiallarında olan İddiaçı Başçısının 154 nömrəli xx xxxx 2003-cü il tarixli sərancamından görünür ki, Zaqatala şəhəri Sülh küçəsi 11 saylı evdə yaşayış sahəsi 34,5 kv metr olan iki otaqlı 56 saylı mənzil 5 nəfər ailə üzvü ilə həmin mənzildə yaşayan rayon Hərbi komissarlığında çağırış bölməsinin rəisi vəzifəsində işləyən X3 istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Mənzil İstismar İdarəsinin xx xxxxxxx 2019-cu il tarixli 80 nömrəli məktubundan görünür ki, ünvan 1 saylı ünvanında yerləşən yaşayış binaları Dövlət mənzil fonduna aiddir. Həmin binalarda 8 və 56 nömrəli mənzillər xidməti mənzil fonduna aiddir. İş materiallarında olan Mənzil İstismar Sahəsi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş 814 nömrəli arayışdan görünür ki, ünvan 2 mənzil 56 ünvanında Cavabdeh1 öz ailə üzvləri olan həyat yoldaşıCavabdeh2, oğlu- Cavabdeh3, oğlu- Cavabdeh4 ilə birgə yaşayırlar. Surəti iş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli 8/1614/N-16/2 nömrəli məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsi 2019-cu il 21 avqust tarixli, 737 nömrəli məktubla RİH-ə müraciət edərək, RİH-in balansında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Zaqatala Rayon şöbəsinin xidməti istifadəsinə verilmiş ünvan 4 ünvanlarında yerləşən mənzillərə şöbənin yeni əməkdaşlarının köçürülməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini xahiş etmişdir. Buna görə də Rayon İcra Hakimiyyəti həmin mənzillərdə yaşayan, Hərbi Komissarlıqda işləmiş, hazırda tərxis olunmuş şəxslərin ailələrinin xidməti mənzillərdən çıxarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Surəti iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsinin İddiaçı Başçısına ünvanlandığı xx xxxxxx 2019-cu il tarixli 737 nömrəli məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin hərbi qulluqçularının mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. İddiaçı balansında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin xidməti istifadəsinə verilmiş ünvan 4 ünvanda yerləşən mənzillərdə hal hazırda şöbəmizin keçmiş əməkdaşları müvəqqəti yaşayırlar. Həmin yaşayış sahələrinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsində hazırda xidmət edən əməkdaşlarının köçürülməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsinə dair sistem çıxarışından görünür ki, xx.xx.1965-ci il tarixdə anadan olmuş Cavabdeh1 ikinci dərəcəli əlili olması müəyyən olunmuşdur. Surəti iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası 03 nömrəli xx xxxxx 2018-ci il tarixli qərarından görünür ki, Zaqatala RHK tərəfindən xx.xx.2012-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş 1965-ci il təvəllüdlü Cavabdeh1 hərbi xidmətdə olduğu zaman aldığı və Bakı Baş Səhiyyə X15 Mərkəzində xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilədək müayinə və müalicə olunduğu travma - diaqnoz: ’’Müştərək kəllə-beyin travması, baş beyin əzilməsi. Qabırğaların çoxsaylı sınığı. Sağ körpücüyünün, sağ qasıq və oturaq sümüyünün sınığı. Sol saidin çıxığı. Alt çənə sümüyünün sınığı” “hərbi travmadir, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” (SHXÇDX-nin Kadrlar və kadr hazırlığı idarəsinin xx.xx.2018-ci tarixli 39 №-li məktubuna əsasən Bakı Baş Səhiyyə X15 Mərkəzinin Ambulator, X16 Kartası 1157 №-li xəstəlik tarixindən çıxarış və SHXÇDX-nin Zaqatala Rayon Şöbəsinin xx.xx.2018- ci il tarixli 77 nömrəli arayış SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyasının həkim mütəxəssislərinin rəyi ilə təsdiq edilir). Surəti iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsi tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə verilmiş 376 nömrəli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək keçmiş Dəvəçi rayon Hərbi komissarlığında, xx.xx.2003-cü il tarixdən xx.xx.2012-ci il tarixədək keçmiş Zaqatala rayon Hərbi Komissarlığında, xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cu il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsində hərbi xidmət keçmiş və 03.01 2014-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsində hərbi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X7”-nin Məhdud Məsuliyyətli Cəmiyyətinin Zaqatala rayon filialı tərəfindən verilmiş 60 nömrəli xx xxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx xxx 2015-ci il tarixdən xx xxxxxxx 2016-cı il tarixədək HV və MHM MMC-nin Zaqatala rayon filialında metodist vəzifəsində işləmişdir. Azərbaycan RespublikasınınKonstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Mülki Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinə münasibətdə iş üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 103-cü maddəsinin İİİ hissəsinə əsasən qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Mənzil Məcəlləsinin 104-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Göründüyü kimi sözügedən mənzil hazırki iş üzrə Cavabdeh1 deyil, 2003-cü ildə rayon Hərbi komissarlığında çağırış bölməsinin rəisi vəzifəsində işləmiş X3 istifadəsinə verilmiş və uyğun olaraq cavabdehə yaşayış sahəsində istifadə üçün order verilməmişdir. Bu baxımdan da, məhkəmə kollegiyası bu fikirdədir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93) MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-83/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq və MPM-in384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, qət etdi: Cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-83/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar