Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1214/2021 29.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Şəki şəhər Təhsil Şöbəsi cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, cavabdeh 4 saylı Ərazi X1rşı “maneələrin aradan qaldırılması, vəzifə maaşının yenidən hesablanması və ödənilməsi" tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(054)- 38/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki şəhər 14 saylı orta məktəbində rus dili fənnini tədris etməsinə əsassız yaradılmış qanunsuz maneələrin aradan qaldırılması, vəzifə maaşının yenidən hesablanması və ödənilməsi, psixoloq vəzifəsində qalmasına maneə yaradılmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin (hakim K.Süleymanov) 19 mart 2021-ci il tarixli, 2(054)- 38/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1989-cu ildə M.F.Axundov adına Pedaqoji İnstitutunu rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirmişdir. Həmin vaxtdan başlayaraq rus dili müəllimi kimi Şəki şəhərində orta məktəbdə dərs deməyə başlamışdır. 2017-ci ilədək onun rus dili müəllimi işləməsində heç bir problem olmamışdır. O, eyni zamanda, 1991-ci ildə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Praktik psixoloq” kursunu bitirmişdir və hal-hazıradək praktik psixoloq işləyir. Lakin 2017-ci ildən başlayaraq ona rus dili fənnindən dərs demək əsassız olaraq qadağan olunmuşdur. Bununla bağlı o, Şəki şəhərində yerləşən və özünün işlədiyi 14 saylı orta məktəbin rəhbərliyinə ərizə ilə müraciət etmişdir. Lakin Şəki şəhər 14 saylı orta məktəbdən və 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən verilən cavablar qaneedici olmamış və ona əsassız cavablar verilmişdir. Onun 1989-cu ildə universiteti bitirdiyi vaxtdan müəllim işləməyə başlamasına və 2017-ci ilə qədər rus dili fənnini tədris etməsinə baxmayaraq, müraciətlərinə verilən cavabda onun psixoloq olması qeyd edilməklə, dərs saatlarının ayrılması və hesablamanın aparılmasının qanunamüvafiq olmadığı bildirilmişdir. O, müraciətinə verilən həmin cavabı əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasi Təhsil Nazirliyinin 26.01.1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasi Ədliyyə Nazirliyində 05 fevral 1999-cu il tarixdə qeydiyyata alinmiş “Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında” Normaların tələbinə əsasən ümumtəhsil məktəblərində, litsey və gimnaziyalarda, peşə məktəbi və peşə litseylərində inzibatitəsərrüfat, tədris-köməkçi tərkibdən olan işçilərə, metodistlərə, psixoloqlara, uşaq birliyi rəhbərlərinə tam vəzifə maaşı almaqla işlədikləri təhsil müəssisələrində ixtisasları üzrə həftədə 12 saata (ildə 480 saata) qədər, 0,5 ştat üzrə vəzifə maaşı alanlara isə həftədə 18 saata (ildə 720 saata) qədər dərs verilə bilər. Ona görə də o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-38/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Cavabdehlər qanunsuz olaraq məktəbdə rus dili tədrisi üzrə sinifləri bölməməklə vakansiyanı gizlədirlər və onun rus dili tədrisinə maneə göstərirlər. Ona görə də, Oğuz Rayon Məhkəməsinin 2(054)-38/2021 saylı 19 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə düzgün qənaətə gəlməmiş, işi hərtərəfli araşdırmamışdır. Belə ki, onun məktəbdə praktik psixoloq işləməsini və işlədiyi məktəbdə rus dili fənni üzrə dərs saatlarının miqdarının az olmasını əsas kimi göstərilərək ona dərs saatlarının verilməsi mümkünsüz hesab edilmişdir. Əslində isə, işlədiyi məktəbdə rus dili fənni üzrə dərs saatları bölünərsə, bölünmüş siniflər üzrə vakant dərs saatları yarana bilər. Rus dili fənni üzrə dərs saatlarının bölünməsi üçün həmin siniflərdə olan şagirdlərin sayı da kifayət qədərdir. Hesab edir ki, müəllim kimi onun hüquqları cavabdeh tərəfindən pozulur. Ona görə də qətnamənin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. . Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla birlikdə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(054)- 38/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İddiaçıya məxsus 035237 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1989-cu ildə M.F.Axundov adına Pedaqoji İnstitutunu rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirmişdir. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı 1989-cu ildə Şəki rayon Qoxmuq kənd orta məktəbinə ixtisası üzrə rus dili müəllimi təyin edilmişdir. 1994-cü ildə Şəki şəhər 14 saylı tam orta məktəbində praktik psixoloq vəzifəsinə təyin edilməklə hal-hazıradək həmin vəzifədə işləyir. 0175 nömrəli vəsiqənin surətindən görünür ki, . İddiaçı 15.07.1991-ci il tarixdə Bakı Dövlət Universitetinin nəzdində təşkil edilmiş “Xalq təhsilində praktiki psixologiya” kursunu bitirmişdir. Şəki şəhər Təhsil Şöbəsinin 21.09.2020-ci il tarixli Y-46 nömrəli müraciətə cavab məktubundan görünür ki, İddiaçı 2020/2021-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsində də iştirak etmiş və 43 bal toplayaraq Şəki şəhər fizika, riyaziyyat və humanitar təmayüllü liseydə vakant yerə namizədliyi əldə etmişdir. Lakin iddiaçı həmin vakant yer üzrə qeydiyyatdan keçmədiyi üçün qeyd olunan vakant vəzifədən imtina etmiş hesab edilmişdir. 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 22.10.2019-cu il tarixli 630 nömrəli, 06.10.2020-ci il tarixli 547 nömrəli və 12.10.2020-ci il tarixli 568 nömrəli müraciətə cavab məktubundan görünür ki, praktik psixoloq vəzifəsi məktəbin rəhbər, inzibati-təsərrüfat, tədris-yardımçı heyətinin tərkibindəolan vəzifədir. Məktəbdə dərs saatlarının bölünməsində yalnız məktəbin müddətsiz müqavilə əsasında işləyən müəllimləri iştirak edə bilər. İddiaçı praktik psixoloq vəzifəsində işləməklə müəllim kontingentinə aid olmadığından onun bölünən dərs saatları üzrə dərs bölgüsündə iştirakı qanunamüvafiq deyildir. Bu səbəbdən iddiaçı məktəbdə yalnız bölünməyən dərs saatlarını tədris edə bilər. Eyni zamanda, məktəbdə dərs saatlarının bölünməsi yalnız zərurət yarandığı halda həyata keçirilir. Şəki şəhər 14 saylı orta məktəbdə cəmi 16,5 saat rus dili dərsi və yalnız bir ixtisaslı müəllim olduğuna görə siniflərin bölünməsi qanunamüvafiq hesab edilmir. Məhkəmə kollegiyasının araşdırması zamanı işin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçı 1989-cu ildə M.F.Axundov adına Pedaqoji İnstitutunu rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirmiş və həmin ildə Şəki rayon Qoxmuq kənd orta məktəbinə ixtisası üzrə rus dili müəllimi təyin edilmişdir. İddiaçı 15.07.1991-ci il tarixdə Bakı Dövlət Universitetinin nəzdində təşkil edilmiş “Xalq təhsilində praktiki psixologiya” kursunu bitirmiş və 1994-cü ildə Şəki şəhər 14 saylı tam orta məktəbində praktik psixoloq vəzifəsinə təyin edilməklə hal-hazıradək həmin vəzifədə işləyir. İddiaçı 2020/2021-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsində də iştirak etmiş və 43 bal toplayaraq Şəki şəhər fizika, riyaziyyat və humanitar təmayüllü liseydə vakant yerə namizədliyi əldə etmişdir. Lakin iddiaçı həmin vakant yer üzrə qeydiyyatdan keçmədiyi üçün qeyd olunan vakant vəzifədən imtina etmiş hesab edilmişdir. İddiaçının müraciətlərinə cavab olaraq bildirilmişdir ki, praktik psixoloq vəzifəsi məktəbin rəhbər, inzibati-təsərrüfat, tədris-yardımçı heyətinin tərkibindəolan vəzifədir. Məktəbdə dərs saatlarının bölünməsində yalnız məktəbin müddətsiz müqavilə əsasında işləyən müəllimləri iştirak edə bilər. İddiaçı praktik psixoloq vəzifəsində işləməklə müəllim kontingentinə aid olmadığından onun bölünən dərs saatları üzrə dərs bölgüsündə iştirakı qanunamüvafiq deyildir. Bu səbəbdən iddiaçı məktəbdə yalnız bölünməyən dərs saatlarını tədris edə bilər. Eyni zamanda, məktəbdə dərs saatlarının bölünməsi yalnız zərurət yarandığı halda həyata keçirilir. Şəki şəhər 14 saylı orta məktəbdə cəmi 16,5 saat rus dili dərsi və yalnız bir ixtisaslı müəllim olduğuna görə siniflərin bölünməsi qanunamüvafiq hesab edilmir.. Apellyasiya şikayətinin dəlillərinə ümimilikdə hüquqi qiymət verən kollegiya bildirir ki, həmin dəlillər əsassız olduğundan qətnamənin ləğvi üçün əsas ola bilməz. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd edir. Birincisi, kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçı rus dili və ədəbiyyatı fənni üzrə ixtisaslı pedaqoji kadr olsa da, o, 1989-1994-cü illərdə, yəni 10 ildən az müddət ərzində ixtisası üzrə müəllimlik fəaliyyəti göstərmiş və 1994-cü ildən Şəki şəhər 14 saylı orta məktəbində praktik psixoloq işləməklə 26 ildən çoxdur ki, müəllimlik fəaliyyətindən ayrılmışdır. Bu müddət ərzində iddiaçı praktik psixoloq işlədiyi məktəbdə ayrı-ayrı vaxtlarda qısa müddətlərdə əvəzçilik üzrə və ya digər müddətli müqavilə əsasları ilə rus dili fənnini tədris etsə də, bu onun müəllimlik fəaliyyətini fasiləsiz olaraq davam etdirməsi kimi qəbul edilə bilməz. İkinci, işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı 2020-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən keçsə də, vakansiyalara çıxarılmış iş yerlərinin olduğu məktəblər üzrə vakant vəzifələri tutmaq üçün müsahibədə iştirak etməmişdir. İddiaçının işlədiyi məktəbdə hazırda rus dili və ədəbiyyatı fənni üzrə vakant dərs saatları mövcud deyildir. Həmin məktəbdə 2020/2021-ci tədris ilində rus dili və ədəbiyyatı fənni üzrə siniflər iki qrupa bölünmədən cəmi 16,5 saat, yəni bir stavkadan (oklad) da az dərs yükü vardır. Həmin dərsləri də rus dili və ədəbiyyatı fənni üzrə ali təhsilli ixtisaslı kadr olan, 1997-ci ildən həmin məktəbdə öz ixtisası üzrə müəllim işləyən şəxs tədris edir. Azərbaycan Respublikasi Təhsil Nazirliyinin 26.01.1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasi Ədliyyə Nazirliyində 05 fevral 1999-cu il tarixdə qeydiyyata alinmiş “Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədrisköməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında” Normaların tələbinə əsasən ümumtəhsil məktəblərində, litsey və gimnaziyalarda, peşə məktəbi və peşə litseylərində inzibati-təsərrüfat, tədris-köməkçi tərkibdən olan işçilərə, metodistlərə, psixoloqlara, uşaq birliyi rəhbərlərinə tam vəzifə maaşı almaqla işlədikləri təhsil müəssisələrində ixtisasları üzrə həftədə 12 saata (ildə 480 saata) qədər, 0,5 ştat üzrə vəzifə maaşı alanlara isə həftədə 18 saata (ildə 720 saata) qədər dərs verilə bilər. Həmin işçilər əsas iş yerlərində tam vəzifə maaşı almaqla yanaşı başqa təhsil müəssisəsində həftədə 6 saata (ildə 240 saata), 0,5 ştat üzrə vəzifə maaşı alanlar isə həftədə 12 saata (ildə 480 saata) qədər ixtisasları üzrə dərs apara bilərlər. Tədris edilən dərslərin əmək haqqı müvafiq qaydalara uyğun olaraq əvəzçilik və ya saat hesabı ödənilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 2.2.-ci maddəsinə əsasən müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostikqiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir Həmin Qaydaların 4.1 və 5-ci maddələrinin məzmununa görə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir. Həmin Qaydaların 4.6-cı maddəsinə əsasən müəssisələrdə digər kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, praktik psiхоlоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, laborantlar, kitabxana müdiri və kitabхanaçılar) işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Qeyd olunan kateqoriyadan olan işçilərin çalışdıqları və yaxud digər ümumi təhsil müəssisəsinə müəllim vəzifəsinə işə qəbul edilməsi yalnız müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir. Həmin Qaydaların 5.6-cı maddəsinə əsasən ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Qeyd olunan Qaydaların məzmunundan göründüyü kimi, ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq müddətsiz müqavilə ilə 10 ildən daha az müəllimlik fəaliyyəti göstərmiş və ya 3 ildən çox müddətə işdən ayrılmış şəxslər, ixtisaslı pedaqoji kadrlar olsalar da, təhsil müəssisəsinə müəllim vəzifəsinə işə qəbul edilmək üçün ümumi qaydada, yəni digər şəxslər kimi müəllimlərin işə qəbulu üzrə müsabiqədən keçməklə işə qəbul edilə bilərlər İşin faktiki halından da göründüyü kimi iddiaçı rus dili və ədəbiyyatı fənni üzrə ixtisaslı pedaqoji kadr olsa da, o, 1989-1994-cü illərdə, yəni 10 ildən az müddət ərzində ixtisası üzrə müəllimlik fəaliyyəti göstərmiş və 1994-cü ildən Şəki şəhər 14 saylı orta məktəbində praktik psixoloq işləməklə 26 ildən çoxdur ki, ixtisası üzrə müəllimlik fəaliyyətindən ayrılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər . Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləlilkə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(054)-38/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1214/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1214/2021
29.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver