Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1226/2020 25.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-188/2020 saylı qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarma, mənzilin satış dəyərinin tam ödənilməsi barədə arayışın verilməsi, mənzilə köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, sonra məhkəmə iclasında iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək cavabdehin mənzildən çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-188/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Əzizova X1 şəhəri Nizami küçəsi 14 saylı binanın arxa hissəsindəki 126-cı məhəllə ərazisində tikilmiş yaşayış binasının “B” blokunda yerləşən 1 otaqlı 2 saylı mənzildən əmlakı ilə birlikdə çıxarılması qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iş üzrə cavabdeh X2 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, İddiaçı onun xalasıdır. İddiaçı Rusiyada yaşayır. İddiaçının razılığı ilə o, qeyd edilən mənzilə köçmüşdür. O, köçən zaman mənzil tam təmirsiz idi, yaşayış üçün yararlı deyildi. Onun yaşamaq üçün mənzili yoxdur. İddiaçı ilə razılığa gəlmişlər ki, o, həmin mənzilə köçüb orada yaşasın, qayıdandan sonra iddiaçı təmir xərcini ona ödəyər, o da mənzildən çıxar. İddiaçı Azərbaycana qayıtdıqdan sonra onun yanına gələrək şərtləşdikləri kimi mənzilin təmir xərcini də öyrənib ödəyəcəyini bildirib getmişdir. Lakin iddiaçı sonra təmir xərcini ödəmək istəməmişdir. Ona görə də o, mənzildən çıxmamışdır. Bundan əlavə o birinci instansiya məhkəməsinə qarşılıqlı iddia ərizəsi vermiş, həmçinin iş üzrə ekspertizanın təyin edilməsi üçün vəsatətlə müraciət etmişdir. Lakin birinci instansiya məhkəməsi nə qarşılıqlı iddia ərizəsini, nə də vəsatəti nəzərə almamışdır. Göstərilmiş əsaslara görə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-188/2020 saylı qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarıına baxmayaraq tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-188/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Mingəçevir şəhəri Nizami küçəsi 14 saylı binanın arxasında 126-cı məhəllə ərazisində 12 “A” ünvanda tikilmiş yaşayış binasının “B” blokunda yerləşən 1 otaqlı 2 №li mənzil iddiaçının sifarişi əsasında tikilmişdir. Mənzilin dəyəri olan 27.000 manat da iddiaçı tərəfindən ödənilmişdir. Lakin qeyd edilən mənzildə Cavabdeh1 yaşayır. Cavabdeh1 mənzilə hər hansı bir hüququnun olması müəyyən edilməmişdir. Cavabdehin iddiaçıya məxsus mənzildə yaşaması isə iddiaçının hüquqlarını pozur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxxxx 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, işdə olan podratçı “xxxxxxxxxxxxx” MMC-nin direktoru ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”dən göstərilir ki, “sifarişçi” bu müqaviləni əsas tutaraq sifariş edir, “podratçı” Mingəçevir şəhəri Nizami küçəsi 14 saylı yaşayış binasının arxa hissəsindəki ərazidə 126-cı məhəllədə yaşayış binasının “B” blokunda 1 otaqlı 2 №li mənzilin tikintisini öhdəsinə götürür, mənzilin ümumi sahəsi 62.83 kvm, müqavilənin qiyməti 27000 manatdır. İşə əlavə olunmuş “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş kassa-mədaxil orderlərindən görünür ki, İddiaçı mənzil sahəsi üçün ayrı-ayrı vaxtlarda ödənişlər etmişdir. İşə əlavə edilmiş “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışda göstərilir ki, “xxxxxxxxxxxxx” MMC tərəfindən ünvan 1 “A” ünvanda inşa edilmiş A və B bloklu yaşayış binasının B blokunun 1-ci mərtəbəsində sahəsi 62.83 kvm olan 1 otaqlı 2 №li mənzilin dəyəri olan 27000 manat İddiaçı tərəfindən tam ödənilmişdir. Borcu qalmamışdır. Qeyd olunan mənzil İddiaçı mülkiyyətindədir. Həmçinin cavabdeh apelyasiya şikayətində qeyd etdiyi halları təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Bundan əlavə cavabdehin mənzildə yaşamaqda davam etməsi mülkiyyətçinin mülkiyyətindən dinc istifadəsinə maneə törədəcəkdir. Həmçinin iddia tələbi mülkiyyət hüququ ilə bağlı qanunvericiliyin müddəaları baxımından əsaslıdır. V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilir; Mülki qanunvericiliyin göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə etdiyi hüquqi mövqeyini bir daha təsdiq edir ki, daşınmaz əşyaların alqısatqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə. Hüseynovun və A.Ə. Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2004-cü il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Belə olduğu halda məhkmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti formal mülahizələr əsasında hazırlandığından əsassızdır və birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-188/2020 saylıqətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 404-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-188/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1226/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1226/2020
25.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver