Məhkəmə qərarları › İş №2(107)-123/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-123/2021

08.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-123/2021 08.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Qax Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(024)-276/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Səttar qızı, Cavabdeh8 oğlu, Cavabdeh9 və Cavabdeh10 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(024)-276/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Səttar qızı, Cavabdeh8 oğlu, Cavabdeh9 və Cavabdeh10 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-nə təhvil verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 аpelyаsiyа şikаyəti vermişdir. İşə apellyasiya icraatında baxılan zaman Cavabdeh1 məhkəmə kollegiyasına yazılı vəsatətlə müraciət edərək, hazırkı mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.10.2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 vəsatəti təmin edilmiş, Cavabdeh1 İddiaçı ASC-yə və "xxxx" MMC-yə qarşı Bakı Şəhər Yasamal Rayon Məhkəməsində “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə baxılıb yekun məhkəmə aktı qəbul edilənə kimi hazırkı iş üzrə icraat dayandırılmışdır. Bundan sonra məhkəmə kollegiyası Bakı Şəhər Yasamal Rayon Məhkəməsinə və Bakı Şəhər Səbail Rayon Məhkəməsinə sorğu ünvanlayaraq Cavabdeh1 İddiaçı ASCyə və "xxxx" MMC-yə qarşı Bakı Şəhər Yasamal Rayon Məhkəməsində “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə baxılıb yekun məhkəmə aktının qəbul edilib-edilmədiyini aydınlaşdırmağa çalışmışdır. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin və Bakı Şəhər Səbail Rayon Məhkəməsinin cavab məktublarından məlum olmuşdur ki, 08 oktyabr 2020-ci il tarixli və 26 fevral 2021-ci il tarixli qərardadlar əsasında iddia ərizəsi hər iki məhkəmə tərəfindən geri qaytarılmış və qəbul edilmiş məhkəmə aktları qanuni qüvvəyə minmişdir. Bundan sonar məhkəmə kollegiyası iş üzrə icraatı təzələyərək məhkəmə baxışına təyin etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qax Rayon Məhkəməsinin 16.07.2018-ci il tarixli 2(024)-36/2018 saylı icra vərəqəsinə uyğun olaraq Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 13.12.2019-cu il tarixdə hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq 19.02.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi ünvan 1 ünvanda yeləşən yaşayış sahəsində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, cavabdeh X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 oğlu, Cavabdeh9 və Cavabdeh10 yaşayış sahəsini 1 (bir) ay ərzində boşaltmalı olduqları halda bu günədək vəzifələrini icra etməmişlər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Səttar qızı, Cavabdeh8 oğlu, Cavabdeh9 və Cavabdeh10 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında bağlanmış 04 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə ayrılmış 19.000 ABŞ dolları məbləğindəki kredit vəsaitini valyuta ilə deyil, həmin pul məbləğinin o dövrdəki Azərbaycan manatında ifadə olunmuş kursla yəni cəmi 14.896 manat konvertasiya edilərək vermişlər. Başqa sözlə o hələ kredit məbləğini heç almadığı halda, bank rəsmiləri vəzifə saxtakarlığı edərək sonrakı dövrlərdə manatın valyutaya nisbətində devalivasiyalara uğrayacağını bildikləri səbəbli krediti məhz ABŞ dolları ilə sənədləşdirmişlər. Bu faktlar ona dəlalət edir ki, kredit müqaviləsində verilmiş kredit valyuta ilə rəsmiləşdiyi halda girov müqaviləsindəki girovun dəyəri manatla ifadə olunmaqla qarşıdan gələn devalivasiyalarda onun bankdan asılılığı təmin edilsin. Belə ki, 21 fevral 2015-ci il devalivasiyasından sonra bank əvvəlki 22%-lik ödənişi devalivasiyadan sonra 34% artım ilə tələb etmişdir. Həmin dövrdə bank filialının müdiri Amin Quliyev ona “bir daha belə oyunun, növbəti belə bir devalivasiyanin olmayacağını bildirərək, sözügedən kredit məbləğini ödəməkdə çətinlik çəkdiyi halda guya onun mənafeyini müdafiə etdiyini göstərərək daha aşağı faizli, güzəştli Sahibkarlığa Kömək Milli Fonfundan ayrılan həm də manatla verilən 2-ci kredit verə biləcəyini təklif etmişdir. Əvəzində hazırda yaşadığı fərdi yaşayış evini mülkiyyət kimi dövlət qeydiyyatından keçirməyi və Çıxarışı” girov müqaviləsinin təminatı kimi rəsmiləşdirməyi təklif etmişdir. Çarəsiz qalıb onunla razılaşmış, evin çıxarışını aldıqdan sonra sözügedən fondun 6%-lik kreditini əslində 12%-lə rəsmiləşdirərək hasil olan 15.000 manatlıq kreditdən cəmi 6000 manat şəxsən verilib, qalan 9000 manatı ABŞ dollarına konventasiya edərək birinci kredit üzrə «borcunu 1.05 manat hesabı ilə bağlayıb maliyə vəziyyətini daha ağır duruma salmışdır. Bütün bu xüsusatlar işin həqiqi halları kimi hazırdakı iş materiallarındakı etirazında öz əksini tapıb. Lakin, işi başdan sovdu “araşdıran” məhkəmə özündə cəsarət tapmayaraq rədd edilməli iddanı rədd etməyərək yuxanda sadalanan cinayət əməllərinin əsl həqiqətdə mütəşəkkil korrupsiya cinayətinin əlamətlərinə göz yummuş və bu barədə ibtidai araşdırmanın aparılmasına dair xüsusi qərardad çıxarıb prokurorluq orqanına göndərməkdən bilərəkdən yayınmışdır. Digər tərəfdən sözügedən mülki işlə əlaqədar məhkəmə baxışında hakim, prosessual normalara zidd olaraq, çəkişmə prinsipi əsasında iddiaçı ilə cavabdehin çarpaz dinləmələrinə şərait yaratmamış, mülki işin yazılı protokolunu məhkəmə katibi tərəfindən belə saxtalaşdırmasına rəvac vermişdir. Ümid edir ki, prosessual hüquqlarımın kobud pozuntusu ilə müəyyən edilmiş məhkəmə aktı ləğv olunacaq, təqdim edəcəyim subutlar əsasında , ədalətli məhkəmə araşdırılması yolu ilə yeni qətnamə qəbul ediləcəkdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, öhdəliyi üzrə cədvələ uyğun xeyli müddət vaxtlı-vaxtında borcunu ödəmişdir. Eyni zamanda işin həqiqi hallarını iddiaçının sübut etməsi üçün filialın məsul şəxslərinin məhkəmə baxışında iştirakı təmin edilməsinə dair şifahi vəsatətləri də təmin edilməmiş və bu barədə xüsusat iclas protokoluna işlənməmişdir.( Bu barədə vəsatətini məhkəməyə təqdim edəcək) Mübahisə predmetinin hüquqi əsasının olmadığını isə aşağıda göstərdiyi xüsusatlar sübut edir. Devalivasiyalardan sonrakı ödəmə cədvəli üzrə ödədiyi məbləğləri bank öncə qəbul etmirdi, AR Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına qədər davamlı olaraq hər ay 400 manat ödəniş edirdi. Bundan sonra isə maddi imkanı olmadığı səbəbindən əvvəlcə 200 daha sonra 300 manat ödəniş etmək istədiyini bank qəbul etmədi və bankın məsul işçilərinin təqsirli hərəkətləri səbəbindən ödənişə imkan verilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə görə , borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə , əgər kreditor digər əsaslardan çıxış edərək, daha böyük məbləğ tələb edə bilmirsə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Normanın mənasına görə onun banlka girov müqaviləm olduğu halda 15.500 manatın ödənişi üçün onun da Sahibkarlığa Kömək Milli Fondundan ayrılan güzəştli kreditlə yanaşı “İpoteka müqavilə"sinin bağlanması tamamilə qanunsuzdur. Halbuki həmin kredit məbləğinin ona ipoteka yolu ilə verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, İddiaçı ASC-nin iddiasında yeganə istinad etdiyi “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin 2-ci hissəsinə əsasən, məhkəmə idda ərizəsində və onun təqdim etdiyi ailə tərkibi haqqında arayışda göstərilən, ondan savayı digər ailə üzvlərinin heç birinin yaşayış sahəsinin boşaldılması barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmədiklərinə görə, iddianın rədd edilməsi barədə qətnamə çıxarmalıdır. Üstəlik də, həmin qanunun 59.1-ci maddəsində göstərilir ki, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Ona görə də birinci instаnsiyа məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiаnın rədd оlunmаsını xаhiş edir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cavabdehin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(024)-276/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 13.12.2019-cu il tarixli "xxxx"nin Hərracın nəticələri haqqında Y-249 №-li protokolun surətindən görünür ki, Cavabdeh1 məxsus olmuş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi ilə birlikdə hərrac vasitəsi ilə 28688 (iyirmi səkkiz min altı yüz səksən səkkiz) manata İddiaçı ASC-nə satılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********03-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 19.02.2020-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı ASC-nin mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Səttar qızı, Cavabdeh8 oğlu, Cavabdeh9 və Cavabdeh10 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Cavabdeh1 məhkəməyə təqdim etdiyi etiraz ərizəsindən və ona əlavədən görünür ki, Cavabdeh1 göstərmişdir ki, Qax Rayon Məhkəməsinin qüvvəyə minmiş qətnaməsinə əsasən bankın iddiası qismən təmin edilmiş, qanunsuz olaraq bank tərəfindən onun üzərinə yüklənmiş cərimə silinmiş, kredit müqaviləsi ləğv edilmiş, lakin iddia tələbinin fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan cavabdehlərin fərdi yaşayış evini 01 (bir) ay ərizndə tərk etmədikləri halda həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasına dair hissəsi isə rədd edilmişdir. Cavabdeh1 həmçinin etiraza əlavəsində göstərmişdir ki, İddiaçı ASC-nin məhz bu iddiası icraata qəbul edilməməli, iddia ərizəsi geri qaytarılmalı idi. Çünki eyni tələb üzrə bir dəfə baxılmış məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Ona görə də, İddiaçı ASC-nin onlara qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və həmin yaşayış sahəsinin boşaldılması tələbi”nə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 16.07.2018-ci il tarixli 2(024)-36/2018 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən iddia qismən təmin edilərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 04 fevral 2015-ci il tarixli 037CASA155158 saylı kredit müqaviləsi ləğv edilməsi, Cavabdeh1, X5 və X1 müştərək qaydada 8488.13 ABŞ dolları kredit borcu, 2056.44 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 30.00 ABŞ dolları penya borcu olmaqla cəmi 10574.57 ABŞ dolları borc ödəniş günü Azərbaycan Respublikası manatın məzənnəsi ilə, həmçinin 30 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi və Cavabdeh1 məxsus ünvan 4 ünvanında xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 152.1 kv.m., yaşayış sahəsi 40 kv.m., yardımçı sahəsi 112.1 kv.m-dən ibarət 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə tutma yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi qət edilmişdir. Məhkəmə kоllegiyаsı, birinci instаnsiyа məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" tərəfindən 13.12.2019-cu il tarixdə keçirilən Hərracda Cavabdeh1 məxsus olmuş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi ilə birlikdə hərrac vasitəsi ilə 28688 (iyirmi səkkiz min altı yüz səksən səkkiz) manata İddiaçı ASC-nə satılmış, alqısatqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq 19.02.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Səttar qızı, Cavabdeh8 oğlu, Cavabdeh9 və Cavabdeh10 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-nə təhvil verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, "xxxx"nin Hərracın nəticələri haqqında 13.12.2019-cu il tarixli, Y-249 №-li protokolun görünür ki, hərracın keçirlməsinə əsas kimi, Qax Rayon Məhkəməsinin 16.07.2018-ci il tarixli 2(024)-36/2018 saylı qətnaməsi üzrə icra vərəqəsi olmuşdur. Qax Rayon Məhkəməsinin 16.07.2018-ci il tarixli 2(024)-36/2018 saylı qətnaməsindən isə görünür ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, X5 və X3 qarşı yönəldilmişdir və “Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 04 fevral 2015-ci il tarixli 037CASA155158 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, X5 və X1 müştərək qaydada 8488.13 ABŞ dolları kredit borcu, 2056.44 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 530.00 ABŞ dolları penya borcu olmaqla cəmi 11074.57 ABŞ dolları borcun, həmçinin 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh1 məxsus ünvan 4 ünvanında xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 152.1 kv.m., yaşayış sahəsi 40 kv.m., yardımçı sahəsi 112.1 kv.m-dən ibarət 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə tutma yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus ünvan 4 ünvanında xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 152.1 kv.m., yaşayış sahəsi 40 kv.m., yardımçı sahəsi 112.1 kv.m-dən ibarət 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci cavabdehlər tərəfindən bir ay ərzində boşaldılması və ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə Cavabdeh1 tərəfindən ümumi qaydada icra edilməsi ilə bağlıdır. Göründüyü kimi, həmin tələblə hazırki tələbdə tərəflər və iddianın əsası fərqlidir. Bundan əlavə həmin vaxtı iddiaçı fərdi yaşayış evinin mülkiyyətçisi olmamışdır. Hazırki iddiada isə iddiaçı fərdi yaşayış evinin mülkiyyətçisidir. Bundan əlavə cavabdeh apellyasiya şikayətində iddiaçının əməkdaşlarının korrupsiya cinayətinə yol verdiyini qeyd etsə də, məhkəmə kollegiyası iş materiallarında hər hansı bir cinayətin əlamətlərin müəyyən etməmişdir. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətin dəlilləri əsassızdır və şikayətlərdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları namınə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən “Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.” Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda və ipoteka qoyulmuş ev satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(024)- 276/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(024)-276/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar