Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1231/2022 22.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh(bundan sonra - cavabdeh) qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tаrixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdeh xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ər-arvad olmuşlar. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah qeydi pozulmuş və tərəflərin birgə nikahdan olan uşaqları iddiaçının himayəsinə verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 iyun 2012-ci il təvəllüdlü X1 və 24 may 2015-ci il təvəllüdlü X2 ilə birlikdə Cavabdeh ilə birgə yaşadıqları və Qəbələ rayon Həmzəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməkləri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 20 iyun 2012-ci il tarixdə rəsmi qeyd edilmiş nikaha daxil olmuşdur. Birgə nikahdan 30 iyun 2012-ci il tarixdə X1 və 24 may 2015-ci il tarixdə X2 adlı övladları doğulmuşlar. 2013-cü ildə Qəbələ rayonunun Həmzəli kəndində fərdi yaşayış evi inşa edilmiş və onlar həmin evə köçərək Cavabdehla münasibəti pozulana qədər birlikdə sözügedən evdə yaşamışlar. Cavabdeh ilə aralarında olan nikah Qəbələ Rayon Məhkəməsinin 2(025)-107/2020 nömrəli 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və həmin qətnaməyə əsasən uşaqlar onun yanında saxlanılmış, eyni zamanda hər bir uşağın saxlanılması üçün sabit aliment məbləğinin cavabdehdən tutulub ona ödənilməsi qət edilmişdir. Cavabdeh Qəbələ rayonunun Həmzəli kəndində birgə yaşadıqları fərdi yaşayış evindən onu qovduğu üçün, o, övladları ilə birlikdə kirayələrdə yaşamağa məcbur olur. Bu hal isə onun, xüsusilə övladlarının dolanışığına olduqca mənfi təsir göstərir və maddi vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olur. Hazırda yaşamaq üçün başqa evi yoxdur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(025)- 691/2022 nömrəli iş üzrə qəbul etdiyi 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.İsayev) iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, mübahisəli ev və onun üzərində hər hansı şəxsin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və mübahisəli evə dair heç bir hüquqverici sənəd yoxdur, mübahisəli ev özbaşına tikilidir. Tərəflər mübahisəli evə dair hüquqverici sənədləri məhkəməyə təqdim edə bilməmişlər. Mübahisəli yaşayış evi özbaşına tikinti olduğundan və iddiaçının həmin evə istifadə hüququ olmadığından, eləcə də iddiaçı həmin evin cavabdehə məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3, 139.1, 178.1, 180.1, 180.2, 180.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Mübahisəli evə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev mübahisəsiz halda onların vəsaiti hesabına tikildiyindən onların əmlakı hesab olunur və həmin evə mülkiyyət hüququ olmasa da əmlak hüququnun olması danılmazdır. Qarşı tərəf isə iddiaçını əmlakdan faktiki olaraq məhrum etmişdir. Rayon Məhkəməsi göstərilən hüquqi xüsusiyyətlərə heç bir hüquqi qiymət verməmiş və müvafiq maddi hüquq normalarını iddiaya münasibətdə tətbiq etməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi Nümayəndə izahatında bildirmişdirlər ki, iddia tələbi əsassızdır. Belə ki, mübahisəli ev iddiaçının və cavabdehin vəsaiti hesabına deyil, cavabdehin atası Nümayəndə tərəfindən tikilmişdir. İddiaçı apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Həmin ev cavabdehin atasının və onun ailə üzvlərinin birgə mülkiyyətində olan 0,23 ha torpaq sahəsində inşa edilmişdir. Bunu tərəflərin heç biri mübahisələndirmir. Mübahisələndirilən hal həmin evə (özbaşına tikiliyə) iddiaçının yaxud onunla rəsmi nikahda olmuş cavabdehin hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Belə ki, iddiaçı apellyasiya şikayətində həmin evin onlar tərəfindən inşa edildiyini, apellyasiya instansiyası məhkəməsinə göndərdiyi yazılı izahatda isə evin inşasında atasının və qardaşının iştirak etdiyini(həm pul, həm usta baxımından) qeyd etmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş üzrə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Lakin iddiaçı istinad etdiyi dəlilləri, yəni evin nə özü və cavabdeh tərəfindən, nə də ki, yaxın qohumlarının iştirakı ilə inşa edilməsinə dair məhkəmələrə hər hansı bir sübut təqdim etməmişdir. Göründüyü kimi, iddiaçının mübahisəli evin tikintisi yaxud təmiri (yaxşılaşdırması) ilə bağlı cavabdeh ilə birgə yaxud şəxsi vəsaiti hesabına hər hansı bir formada iştirak etməsi təsdiq edilmir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının iddiası və apellyasiya şikayəti əsassız, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə isə əsaslıdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Qəbələ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 iyul 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1231/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1231/2022
22.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver