Məhkəmə qərarları › İş №2(107)-124/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-124/2023

23.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-124/2023 23.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: ilk iddia -kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi, qarşılıqlı iddia -mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə, maddi və prosesual hüquq normalarının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X5 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(051)-1470/2022 nömrəli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi, həmçinin vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İlkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin onun xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, Ə.Vahid küçəsi, 2 saylı evin, 21 saylı mənzilinin tərkib hissəsindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1974-cü il tarixdə Ermənistan Respublikasının Tumanyan rayonunda doğulmuşdur. 1988-ci ildə məlum hadisələrdən sonra, ermənilər onları ata-baba yurdundan didərgin salmışlar. Qaçqın olaraq Mingəçevir şəhərinə gəlmişlər. Atası X2 şəhəri, Ə.Vahid küçəsi 4 saylı evin 42 saylı mənzilini satın almışdır. 1998-ci ildə həmin mənzil satılmışdır. Hazırki iş üzrə Cavabdeh 1996-cı ildə ailə quraraq, Bakı şəhərinə köçmüşdür. Ancaq o bildiyinə görə rəsmi nikahı olmamışdır. 1998-ci il mənzil satılanda mənzildə o, mərhum anası Gülü və mərhum atası Qurban yaşamışlar. Mənzil satıldıqdan sonra onlar İsmayıllı rayonuna köçmüş və müəyyən müddət orada yaşamışlar. 2001-ci ildə onlar İsmayıllı rayonundan Mingəçevir şəhərinə gəlmişlər və atası Mingəçevir şəhəri, Əliağa Vahid küçəsi 2 saylı evin 21 saylı mənzilini almışdır. Yenə də həmin mənzildə o, atası və anası ilə birlikdə yaşamışdır. Cavabdeh əvvəlki ailəsindən faktiki ayrılaraq, 1999-cu ildə başqa şəxslə ailə münasibətlərinə daxil olmuşdur. Həmin evlilikdən 2001-ci tarixdə Pərviz adlı uşaqları doğulmuşdur. Bundan sonra da cavabdeh Bakı şəhərində yaşamaqda davam etmiş, Mingəçevir şəhərinə gəlməmişdir. Yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindəki evin sənədləri olmadığı üçün 2009-cu ildə atasının razılığı ilə cavabdeh atasının mülkiyyətində olmuş, Mingəçevir şəhəri, Əliağa Vahid küçəsi 2 saylı evin 21 saylı mənzilinə qeydiyyata düşmüşdür. Ümumiyyətlə, Zinqirova X9 şəhəri, Əliağa Vahid küçəsi 2 saylı evin 21 saylı mənzilində yaşamamışdır. Lakin o, atası və anası ilə birgə təsərrüfat idarə edərək onlara qulluq etmişdir. X4 mülkiyyətində olan Mingəçevir şəhəri, Əliağa Vahid küçəsi 2 saylı evin 21 saylı mənzilini 04 fevral 2015-ci ildə bağışlama müqaviləsi əsasında ona bağışlamışdır. 06 fevral 2015-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** saylı Qeydiyyat nömrəsinə əsasən adına Çıxarış almışdır. Atası 29 oktyabr 2016-cı il tarixdə vəfat etmiş və mülkiyyətində olan mənzildə anası ilə birlikdə yaşamışdır. Anası isə 14 iyun 2018-ci il tarixdə vəfat etmişdir. Hər iki valideynin yas mərasimini o, vermişdir. Valideynləri vəfat etdikdən sonra Mingəçevir şəhəri, Əliağa Vahid küçəsi 2 saylı evin 21 saylı mənzilində tək yaşamış və ailə həyatı qurmamışdır. Cavabdeh olan bacısı Cavabdeh atası 2009-cu ildə onu bu mənzilə sadəcə qeydiyyata saldığını, hazırda mənzilin onun mülkiyyətində olduğunu bildirərək mənzilindən qeydiyyatdan çıxmasını və 26 il yaşadığı Bakı şəhərində qeydiyyata düşməsini tələb etmişdir. Lakin cavabdeh onunla razılaşmayaraq, qeydiyyatdan çıxmağa etiraz etmişdir. O da məcbur olub, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Zinqirova X9 şəhəri, Əliağa Vahid küçəsi 2 saylı evin 21 saylı mənzilində, həmin mənzilin mərhum X4nun mülkiyyətində olan zaman yaşamamışdır. Həmin mənzil xx.xx.2015-ci il tarixdən onun mülkiyyətindədir. Cavabdeh isə bir gün olsa belə onunla birlikdə həmin mənzildə yaşamamışdır. Odur ki, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, onun hazırda yaşadığı və iddia etdiyi ünvan 1 ünvanında yerləşən mənzil mərhum atası X7 mülkiyyətində olmuş və atasının xəstəliyindən istifadə edən cavabdeh İddiaçı 04 fevral 2015-ci il tarixdə bağışlanma müqaviləsi ilə həmin evi öz adına rəsmiləşdirmişdir. Lakin mərhum atası X1 onun razılığı ilə həmin mənzildə onun daimi pasport qeydiyyatı və istifadə huququ vardır. Atasının sağlığında o da digər uşaqlar kimi həmin mənzildə yaşamış və valideynlərinə qulluq etmişdir. Müvəqqəti yaşamaq və işləmək üçün Bakı şəhərinə köçəndən sonra da gəlib-getmiş , atasının qulluğunda durmuşdur. Hal-hazırda cavabdeh İddiaçı digər bacısı olan Yasəmənin və onun əri İslamın öyrətməsi ilə ona qarşı əsassız iddia irəli sürərək, onu mübahisəli mənzilə dair hüquqlardan məhrum etmək istəyir. ünvan 1 ünvanında yerləşən mənzilin əsil mülkiyyətçisi mərhum atası Qurban Zinqirov olmuşdur və atasının sağlığından onun həmin mənzildə daimi pasport qeydiyyatı və istifadə huququ olmuşdur. Mərhum atası həmin mənzildən istifadə etməyinə sağlığında razılıq vermişdir. Lakin cavabdeh ilə ailə münasibətlərindən yaranmış münasibətlər nəticəsində sözügedən mənzildən lazımı qaydada istifadə edə bilməmişdir. Cavabdeh həmin mübahisəli mənzildə yaşamağına problem yaradır və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, mərhum atası X7 mülkiyyətində olmuş və ondan miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüquqları vardır və məhkəmə qaydasında bu huquqları rəsmiləşdirmək istəyir. Odur ki, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(051)-1470/2022 saylı (sədrlik edən hakim N.Paşayev) qətnaməsi ilə ilk iddia təmin edilmiş, cavabdeh (qaşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh mülkiyyət hüququ ilə iddiaçı (qaşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi, qarşılıqlı iddianın rədd edilməsi, cavabdeh (qaşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qaşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Mübahisəli mənzil tərəflərin mərhum X4nun mülkiyyətində olmuşdur. Cavabdeh ailə qurduğundan, 1996-cı ildən Bakı şəhərinə köçərək orada yaşamışdır. X3 cavabdehin əldə etdiyi fərdi yaşayış evinin hüquq verici sənədləri olmadığına görə 2009-cu ildə cavabdehin mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmasınmasına razılıq vermişdir. Bununla belə cavabdeh daima Bakı şəhərində yaşamış və işləmişdir. X3 mülkiyyətində olan mübahisəli mənzili xx.xx.2015-ci il tarixdə notariusda bağlanmış müqavilə əsasında ilkin iddiaçıya bağışlamışdır. Mübahisəli mənzil üzərində ilkin iddiaçının mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdən daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) iddiaçıya məxsus mübahisəli mənzildə deyil, əri və uşağı ilə birlikdə istifadəsində olan, Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. Mübahisəli mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdeh) məxsusdur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab edir ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş bu hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Ona görə də məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ilkin iddiaçının cavabdehə qarşı ilkin iddiası əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, həmçinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddiasına qiymət verərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ilkin iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun malik olmasını inkar etməmişdir. Elə məhz ona görə də kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmədə ona qarşı iddia qaldırmışdır. Məhkəmə ilkin iddianı əsaslıolduğundan təmin etmişdir. Göründüyü kimi Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququna mülkiyyətçinin iddiası əsasında xitam verilmişdir. Belə olan halda Cavabdeh mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınması hissəsində qarşılıqlı iddia tələbi əsassızdır. Məhkəmə, həmçinin Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi hissəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə də əsasızdır. Belə ki, məhkəmə ilkin iddiaya münasibət bildirilmiş və Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi qənaətinə gəlmişdir. İstifadə hüququna xitam verildiyi halda, cavabdehin mübahisəli mənzilə köçürülməsi tələbi təmin edilə bilməz. Ona görə də qarşılıqlı iddia tələbi həmin hissədə də əsasızdır. Məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün qeyd edir ki, cavabdehin mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü olub–olmaması məsələsinin də müəyyən edilməsi iş üçün mühüm əhəmiyyəti kəsb edir. Ona görə də cavabdehin hazırkı mülkiyyətçinin bacısı kimi özünün saxlanmasını ondan tələb etmək hüququnun, iddiaçının da cavabdehi saxlamaq vəzifəsinin olub-olmaması müəyyən edilməlidir. Beləliklə, məhkəmə çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdeh (qaşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh mülkiyyət hüququ ilə iddiaçı (qaşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməli, cavabdeh (qaşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qaşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiasıisə əsassız olduğundan təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 152.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)- İddiaçı cavabdeh (qarşlıqlı iddia üzrə iddiaçı) ona qarşı “kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi tələbinə” dair və cavabdeh (qarşlıqlı iddia üzrə iddiaçı)- o iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)- İddiaçı qarşı “mənzildən istifadə huququnun tanınması və mənzilə köçürülmə tələbinə” dair iddialarla bağlı araşdırma apararkən, əsassız, qanunsuz, qeyri-obyektiv və qərəzli olaraq, işin hallarını dəqiq araşdırmadan bir tərəfli qaydada iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)- İddiaçı iddiasının təmin edilməsini və onun qarşılıqlı iddiasının isə təmin edilməməsi barədə xx.xx.2022-ci il tarixli, iş № 2(051)-1470/2022 saylı qətnamə qəbul etmişdir. İşə baxan Mingəçevir şəhər Məhkəməsi məhkəmə iclaslarında, araşdırma apararaq, bu hala diqqət yetirməmişdir ki, mübahisə olunan- Mingəçevir şəhər Ə.Vahid küşəsi ev-2, mənzil-21 ünvanda yerləşən mənzil mərhum atası –X7 mülkiyyətində olmuş və mərhum atası – X7 xəstəliyindən istifadə edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)- İddiaçı 4 fevral 2015-ci i tarixdə bağışlanma müqaviləsi ilə həmin mənzili öz adına qanunsuz olaraq rəsmiləşdirmişdir. Mingəçevir şəhər Məhkəməsi mülki iş üzrə araşdırma apararkən, düzgün nəticəyə gəlməyərək, qiymət verməmişdir ki, o mərhum atası– mülkiyyətçi Qurban Zingirovun həmin mübahisə olunan mənzil mülkiyyətində olarkən, onun özünün razılığı və icazəsi ilə 2009-cu ildən həmin mənzilə daimi pasport qeydiyyatına alınmış və həmin vaxt mülkiyyətçi olmuş şəxsin icazəsi ilə mənzilə istifadə huququ yaranmış və bu günə qədər davam edir. Məhkəmə iclasında ifadə verərkən, həmin mübahisə olunan mənzil alınarkən o da mərhum atası Qurban Zingirova maddi koməklik göstərdiyini deməyinə baxmayaraq, məhkəmə qətnaməsində nədənsə dediklərim təhrif olunmuş və qeyri-obyektiv olaraq məhkəmə qətnaməsinin təsviri hissəsində göstərilmişdir. Bundan başqa, qeyd edir ki, AR Mülki Məcəlləsinin 666.1-ci maddəsində göstərilmişdir ki, “Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir.” AR Mülki Məcəlləsinin bu müddəalarından da konkret olaraq görünür ki, bağışlanma müqaviləsi yalnız həddiyə verənə öz əmlakının bir hissəsini bağışlayaraq, hədiyyə verəni zənginləşdirir. Mingəçevir şəhər məhkəməsi bu mülki işi araşdırarkən diqqət yetirməmişdir ki, o mübahisə olunan- Mingəçevir şəhər Ə.Vahid küşəsi ev-2, mənzil-21 ünvanda yerləşən mənzildə onun daimi pasport qeydiyyatında və istifadə huququ olduğu halda onun imzası və razılığı olmadan mübahisə olunan mənzili bütünlüklə necə bağışlaya bilərdi. Eyni zamanda, əgər doğurudan da, həmin vaxt mülkiyyətçi olmuş, mərhum atası Qurban Zingirov onun mənzildən istifadə huququndan məhrum etmək istəyirdisə, niyə onda heç bir dəfə də olsun bu barədə ona bildirməmiş və yaxud bu barədə məhkəməyə müraciə etməmişdir. O, mərhum atası Qurban Zingirovun sağlığında və ondan sonra həmin mənzildə yaşamış və valideynlərinə qulluq etmişdir. Sonradan, işləmək üçün Bakı şəhərinə müvəqqəti köçmüş və tez-tez mübahisə olunan mənzilə getmiş və həmin mənzilin bir otağına yığşdığı ev əşyalarından istifadə etmişdir. Son vaxtlar isə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)- İddiaçı ilə aralarında ailə münasibətləri zəminində baş verən mübahisə ilə əlaqədar gedib-gələ bilməmişdir. Ona görə də, mənzilə istifadə huququnun məhkəmə qaydasında təsdiq olunması və rəsmi qaydada köçürülməyi məqsədi ilə qarşlıqlı iddia ərizəsi ilə müraciə etmişdir. Mingəçevir şəhər Məhkəməsi göstərdiyi bu faktları araşdırmadan qeyri-obyektib, qərəzli və qanunsuz qətnamə qəbul edərək onun huquqları kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin plenimumunun 29 mart 2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” qərarında göstərilmişdir ki, “belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.” Bundan başqa, Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin plenimumunun qərarının mətnində göstərilir ki, “Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz.” Həmçinin, Konistitusiya Məhkəməsinin sözügedən plenimumunun qərarında göstərilir ki, “Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.” Lakin, nədənsə Mingəçevir şəhər Məhkəməsi bu mülki işi araşdırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2ci və 228.5-ci maddəsinin tələblərini kobud surətdə pozmaqla və hətta Mülki Qanunvericiliyin tələblərində göstərildiyi halda konpensasiya ödənilmədən onun huquqları kobud surətdə pozulmaqla onun mübahisə olunan mənzilə istifadə huququna konpensassiya ödənilmədən xitam verilməsi barədə əsassız, qeyri-obyektiv və qanunsuz qərar qəbul etmişdir. Eyni zamanda, Mingəçevir şəhər Məhkəməsi Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin plenimumunun 29 mart 2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsini 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” qərarından irəli gələn tələbləri də pozmaqla qanunsuz qətnamə qəbul etmişdir. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1470/2022 saylı qətnaməsi əsassız və saxtalaşdırılmış sübutlara əsaslandığından və reallığı əks etdirmədiyindən qətnaməsi tam ləğv olunmalı və yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(051)-1470/2022 saylı qətnaməsinin ləğv edilməsini ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edə İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(051)-1470/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı və cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyası Konstitusiya Məhkəməsinin qərarları; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlər uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir–birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(051)-1470/2022 saylı qətnaməsi ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(051)-1470/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, ilk iddia və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi ilk iddia tələbinə münasibətdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, cavabdehin iddiaçıya məxsus mənzilin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxdığından, yənin hazırda onun yaşayış sahəsinə ehtiyacı olmadığından, cavabdehin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququna müvafiq məbləğdə kompensasiya ödənilmədən xitam verilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi iddianı təmin etmək üçün servitutdan bəhs edən Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, mübahisəli mənzil tərəflərin mərhum X4nun mülkiyyətində olmuşdur. Cavabdeh ailə qurduğundan, 1996-cı ildən Bakı şəhərinə köçərək orada yaşamışdır. X3 cavabdehin əldə etdiyi fərdi yaşayış evinin hüquq verici sənədləri olmadığına görə 2009-cu ildə cavabdehin mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmasına razılıq vermişdir. Bununla belə cavabdeh daima Bakı şəhərində yaşamış və işləmişdir. X3 mülkiyyətində olan mübahisəli mənzili xx.xx.2015-ci il tarixdə notariusda bağlanmış müqavilə əsasında ilkin iddiaçıya bağışlamışdır. Mübahisəli mənzil üzərində ilkin iddiaçının mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdən daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) iddiaçıya məxsus mübahisəli mənzildə deyil, əri və uşağı ilə birlikdə istifadəsində olan, Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. Mübahisəli mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdeh) məxsusdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisəli mənzillə bağlı istifadə hüququ yaranmadığından iddia tələbi təmin edilə bilməz. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilməsi məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh mübahisəli mənzilə 25 sentyabr 2009-cu il tarxdə qeydiyyata düşmüşdür. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh ailə quraraq 1996-cı ildən Bakı şəhərinə köçərək orada yaşamışdır. Hazırkı mübahisə, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzillə bağlı olub, cavabdehin istifadə hüuquna kompensasiya verilmədən xitam verilməsi ilə bağlıdır. Tərəflər arasında mübahisəli mənzillə bağlı mübahisəli hüquq münasibətləri 2009cu ildə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının tətbiq edilməsi və mübahisənin 1 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, cavabdehin mübahisəli mənzilə dair iddiaçı yaxud hər hansı şəxslə müqavilə bağlaması, mübahisəli mənzilə hər hansı bir formada aidiyyəti, yəni həmin mənzilin hansısa hüquqla ona məxsusluğu təsdiq olunmamışdır. Qeyd olunan mənzildə faktiki qeydiyyatda olsa belə, bu hallar da cavabdehin mübahisəli mənzillə bağlı hansısa subyektiv hüquqlarının yaranması demək deyildir. Cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması da iddiaçının mənafeyinə zərər vura biləcək hallardır. Çünki, bu hal mübahisəli mənzilın mülkiyyətçisi, cavabdehin bacısı olan iddiaçının mənzil üzərindəki mülkiyyət hüquqlarını poza bilər. Cavabdehin mübahisəli mənzildə heç vaxt yaşamaması ilə yanaşı, onun mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Hüquqi nəticə etibarı ilə cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Eyni zamanda, cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun həmin mənzil üzrə pasport qeydiyyatına alınması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. İddiaçı tələbində istinad etdiyi halı, yəni cavabdehin onun mülkiyyətində olan mənzilə istifadə hüququnun yaranmasını sübuta yetirə bilmədiyindən, habelə cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması onun həmin mənzilə istifadə hüququnun yaranması üçün əsas olmadığından cavabdehin həmin mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Mövcud olmayan hüququn itirilməsi də mümkünsüz olduğundan iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Eyni zamanda, cavabdeh mübahisəli mənzildən istifadə hüququnun yaranmamasına, həmin mənzillə hər hansı fiziki və hüquqi bağlılığının olmamasına baxmayaraq, cavabdeh həmin mənzildə pasport qeydiyyatında olmaqda davam edir və onun həmin mənzildə pasport qeydiyyatında olması formal xarakter daşısa da, hər bir halda iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə pasport qeydiyyatında olması məsələsinə də hüquqi qiymət verilməli və hazırki qətnamə onun mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsas olmalıdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya hesab edir ki, ilk iddia tələbi əsassızı olduğundan təmin edilə bilməz. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi tələbi əsasızdır. Məhkəmə kollegiyası ilkin iddiaya münasibət bildirilmiş və Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququ olmadığından iddianın rədd edilməsi qənaətinə gəlmişdir. İstifadə hüququ olmadığı halda, cavabdehin mübahisəli mənzilə köçürülməsi tələbi təmin edilə bilməz. Ona görə də qarşılıqlı iddia tələbi əsasızdır. Məhkəmə kollegiyası mübahisənin düzgün həll edilməsi üçün qeyd edir ki, cavabdehin mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü olub–olmaması məsələsinin də müəyyən edilməsi iş üçün mühüm əhəmiyyəti kəsb edir. Ona görə də cavabdehin hazırkı mülkiyyətçinin bacısı kimi özünün saxlanmasını ondan tələb etmək hüququnun, iddiaçının da cavabdehi saxlamaq vəzifəsinin olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlər uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir–birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında bacının əmək qabiliyyəti olan bacını saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə kollegiyasıhesab edir ki, hazırkı vəziyyətdə cavabdehin, həmçinin ailə qanunvericiliyi əsasında da yaşayış sahəsinin tam mülkiyyətçisi olan iddiaçı ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ da yaranmamışdır. Belə olan halda cavabdehin mübahisəli mənzilə köçürülməsi tələbi də əsaslı deyildir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(051)-1470/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, ilk iddia və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(051)- 1470/2022 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. ilk iddia və qarşılıqlı iddia tələbləri təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar