Məhkəmə qərarları › İş №2(107)-1246/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1246/2022

22.11.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1246/2022 22.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tаrixli qətnaməsindən iddiaçı Bank və Cavabdeh1 nümayəndəsi Nümayəndə2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları "xxxx" İKB ASC ilə Cavabdeh1 (bundan sonra - borcalan) arasında 19 mart 2013-cü il tarixli, 5-G-1-0-911-14 nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən borcalana illik 25 % dərəcəsi ilə 36 ay müddətinə 28.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin icrasının təminatı üsulu kimi "xxxx" İKB ASC ilə ipoteka qoyanlar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 19 mart 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyanların birgə mülkiyyətində olan Qəbələ rayonu Vəndam kəndində yerləşən 0,56 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 112,0 kv.m olan və ipoteka qoyan Cavabdeh1 tam mülkiyyətində olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 72.000 manat məbləğində qiymətləndirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı ******* nömrəli “Çıxarışdan” görünür ki, ipoteka ilə yüklülük xx.xx.2014-cü il tarixdə reyestrdə qeydiyyata alınmışdır. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarış ilə müəyyən olunur ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC olmuşdur. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcalanın 12 yanvar 2021-ci il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 14.300,39 manat, kreditin bitmə tarixinə əsas borc məbləğinə hesablanmış faiz borcu 5.585,21 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 3.925,28 manat, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcu 2.762,35 manat təşkil edir. xx.xx.2014-cü il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasıbnda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Birinci instansiya məhkəməsində icraat Bank, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcalandan xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas kredit borcunun ödənilməsi məqsədilə 14.300.39 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 5.585.21 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 3.925,28 manat, xx.xx.2017-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 2.762,35 manat olmaqla, cəmi 26.573,23 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutularaq Banka ödənilməsi, tutmanın Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məxsus olan Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 61,6 kv.m yaşayış, 50,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,56 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka ilə yüklü edilmiş əmlak hərracda satıldıqdan 1 ay sonra cavabdehlərin ipoteka predmetinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar ona xəbərdarlıq edilmiş, lakin borcalan bundan heç bir nəticə çıxarmamışdır. Bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə ipoteka qoyanlara bildiriş göndərilmişdir. Borcalan öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, Bankın ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Borcalanın Banka 12 yanvar 2021-ci il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 14.300,39 manat, kreditin bitmə tarixinə əsas borc məbləğinə hesablanmış faiz borcu 5.585,21 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 3.925,28 manat, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcu 2.762,35 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021- ci il tarixli, 9/2680 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 19 mart 2014-cü il tarixdə bağlanmış 5-G-1-0-911-14 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu da nəzərə alınmaqla Cavabdeh1 banka olan borcu aşağdakı kimi müəyyən olunur: əsas borc üzrə - 14.243,19 manat, faiz borcu üzrə - 7.894,54 manat. “X1” MMC-nin xx.xx.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi nəticələri haqqında rəyində qeyd olunmuşdur ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 3 otaqlı, 112 kv.m ümumi, 62,6 kv.m yaşayış, 50,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0,56 ha torpaq sahəsinin likvid dəyəri isə 139.500 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsi nəticələri haqqında rəyində qeyd olunmuşdur ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 3 otaqlı, 112 kv.m ümumi, 62,6 kv.m yaşayış, 50,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0,56 ha torpaq sahəsinin likvid dəyəri isə 179.500 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsi nəticələri haqqında rəyində qeyd olunmuşdur ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 3 otaqlı, 112 kv.m ümumi, 62,6 kv.m yaşayış, 50,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0,56 ha torpaq sahəsinin likvid dəyəri isə 180.500 manat təşkil edir. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(025)-12/2022 nömrəli iş üzrə qəbul etdiyi 03 avqust 2022-ci il tarixli qətnamə ilə (hakim E.İsayev) iddia qismən təmin edilmiş, borcalandan Bankın xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 14.243,19 manat əsas borc, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək kredit borcu üzrə illik 5 (beş) faiz dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla 7.894,54 manat faiz borcu, 1.430 manat cərimə borcu, cəmi 23.567,73 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 180.500 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satışından əldə ediləcək vəsaitin borcalanın Banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 paylarına uyğun olaraq qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 3 otaqlı, 112 kv.m ümumi, 61,6 kv.m yaşayış, 50,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,56 ha torpaq sahəsinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlərin həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, ekspertiza tədqiqatının dəyəri olan 145 manatın Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas, faiz borcun və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda üzrə borcun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixə Cavabdeh1 14.300,39 manat əsas borc, 13.104,72 manat faiz və 2.762,35 manat əldən çıxmış fayda üzrə borcunun olduğu müəyyən edilmişdir. Lakin məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/2680 saylı rəyindən görünür ki, xx.xx.2021-ci il tarixə Cavabdeh1nin əsas borcunun 14.243,19 manat və kredit borcu üzrə illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu da nəzərə alınmaqla faiz borcunun 7.894,54 manat olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borcu üzrə 14.243,19 manat və illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu da nəzərə alınmaqla faiz borcu üzrə isə 7.894,54 manat borcun tutulmasını əsaslı hesab etmişdir. Rayon Məhkəməsi iddia tələbinin dəbbə pulunun tutulması hisəsi ilə bağlı qeyd etmişdir ki, 1430 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmak mənafelərini, həm də bütün əsaslı mənafelərini qorumuş olur. Fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin təhvil verilməsinə dair iddia tələbi mübahisəyə baxılmasının hazırki mərhələsində təmin edilə bilməz. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 319.1, 385.1, 386.1, 442, 445, 448.1, 449.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.1, 34.1.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Bank Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin qismən –ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsinin ləğv olunmasını, ipoteka predmetinin dəyərinin 139.500 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi Nümayəndə2 Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Bankın apellyasiya şikayətinin dəlilləri İpoteka predmetinin qiymətləndirilməsi ilə bağlı 3 dəfə ekspertiza keçirilmiş və əmlakın qiyməti ilə razı olmayan iddiaçı tərəf olmuş, onun vəsatəti əsasında 2 dəfə tərkrar ekspertiza keçirilmişdir. Məhkəmə nəzərə almamışdır ki, verilmiş qiymətlərlə cavabdeh tərəf narazı qalmamışdır. Əgər belə olsaydı cavabdeh tərəf vəsatət verərək öz fikrini bəyan edərdi. İddiaçının təşəbbüsü ilə ekspertiza keçirilib və qiymətlər iddiaçının ziyanına müəyyən olunmuşdursa, cavabdeh də 1-ci və 2-ci ekspert rəyindən narazı qalmamışdırsa, onda 3-cü ekspert rəyi ilə yekun nəticəyə gəlmək düzgün deyildir. Məhkəmə ən azından 1ci və 2-ci rəylər arasında araşdırma aparmaqla əmlakın dəyərini bu rəylər arasında müəyyənləşdirməli idi. b) Cavabdeh1 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri Cavabdeh tərəfin mübahisələndirdiyi hal, məhkəmənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlıdır. Məhkəmə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı halları tam aydınlaşdırmamış, əmlak kompleksi ilə bağlı tədim edilmiş 2014-cü il üçün qiyməti, qətnamənin qəbul edildiyi 2022-ci il üçün müəyyən olunan bazar dəyəri ilə düzgün şərh etməmişdir. c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Bankın nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə ipoteka predmetinin ilkin satış qiymətinin 139.000 manat olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, cavabdeh tərəf əsas borc məbləği ilə razılaşır və həmin borcu aylara bölündüyü halda ödəməyə imkanı vardır. Bununla yanaşı hesab edir ki, Bank tərəfindən cavabdehə faiz və cərimə borcunun hesablanması əsassızdır. Nümayəndə həmçinin bildirmişdir ki, ipoteka predmetinin qətnamə ilə müəyyən edilmiş likvid dəyərinin azaldılması üçün əsas yoxdur. Apellyasiya baxışının hədləri Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddiaçı Bank qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsini mübahisələndirmişdir. Cavabdeh1 nümayəndəsi isə apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunaraq iddianın rədd edilməsini xahiş etsə də, həm apellyasiya şikayətinin məzmunundan, həm də apellyatorun nümayəndəsinin apellyasiya instansiyası məhkəməsində verdiyi izahatından məlum olur ki, o, qətnaməni yalnız faiz və cərimə borcunun tutulması hissəsində mübahisələndirir. Odur ki, Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin apellyatorlar tərəfindən mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 39.3.3. məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanı

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.

3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.

5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.

6. Banklara tövsiyə edilsin ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. 8.6. Vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM)

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi cavabdehdən faiz və cərimə borclarının tutulması hissəsində ləğv edilməlidir. Belə ki, işdə olan sənədlərdən və tərəflərin məhkəmələrə bildirdikləri məlumatlardan müəyyən edilir ki, Cavabdeh1, onunla iddiaçı Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş, Banka olan borcunu Banka qaytarmamışdır. Bank tərəfindən Cavabdeh1 dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq o, Banka olan borcunu ödəməmişdir. Bu səbəbdən Bank borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başlamış və bundan sonra iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Bank qarşısında icra edilməmiş öhdəliyi mövcuddur. O, həmin müqavilə üzrə Bankdan aldığı kreditin bir hissəsini Banka qaytarmış, qalan hissəsini isə qaytarmaqdan yayınmışdır. Cavabdeh1 də Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin lazımınca yerinə yetirmədiyini, habelə bu öhdəliklərin yerinə yetirilməməsi nəticəsində Bank tərəfindən hesablanmış əsas borc məbləğini mübahisələndirmir. Cavabdeh1 bildirir ki, Bank və Rayon Məhkəməsi tərəfindən əsassız olaraq ona faiz və cərimə borcu hesablanmışdır. Məhkəmə cavabdehin bu dəlili ilə bağlı bildirir ki, işdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2021-ci il tarixə faiz borcu - 13.104,72 manat, cərimə borcu -3.925,28 manat, müqavilə müddəti bitdikdən sonra 5% hesablanmış faiz borcu - 2.762,35 manat təşkil edir. Rayon Məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq eksipertizası tədqiqatının nəticəsi olaraq verilmiş xx.xx.2021- ci il tarixli, 9/2680 saylı rəyə əsasən Cavabdeh1 Banka əsas borcu – 14.243,19 manat, faiz borcu – 7.894,54 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı Bank və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014cü il tarixli kredit müqaviləsi "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixdə 551 nömrəli Fərmanın təsiri altına düşür. Bu səbəbdən Məhkəmə cavabdehdən tutulması qət olunmuş faiz və cərimə borcunun məbləğinin düzgün hesablanıb-hesablanmamasına hüquqi qiymət verilməsinə zərurət görmür. Belə ki, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Həmin Fərmanın 5-ci bəndinə görə, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın 6.2-ci bəndində görə, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəmədən kənar həlli qaydasını müəyyənləşdirmiş, fiziki şəxslərin borclarının bir hissəsinin dövlət tərəfindən qarşılanması, problemli kreditlərin qalıq hissəsinin restrukturizasiyası nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı Bankın nümayəndəsi Nümayəndə1 ərizə təqdim edərək bildirmişdir ki, hazırkı iş üzrə tələbin əsasını təşkil edən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 28 fevral tarixdə 551 nömrəli Fərmanın təsiri altına düşür. Bununla bağlı Məhkəmə bildirir ki, sözügedən Fərmanın qəbulundan 3 ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyə qədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Fərman hazırkı iş üzrə borcalana münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, iddiaçı Fərmanının tələblərinə riayət etməsini və bununla bağlı cavabdehə müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən Məhkəmə hesab edir ki, iddiaçı Fərmanın tələblərini yerinə yetirməmiş və hərəkəsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləyərək məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddia tələbi müqavilə müddəti üçün hesablanmış 5.585,21 manat faiz borcu, 3.925,28 manat cərimə borcu və borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış 2.762,35 manat faiz məbləğinin ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə hesab edir ki, müzakirə olunan hissədə iddianı qismən təmin etmiş Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə bildirir ki, Rayon Məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında mübahisələnldirilən digər hissəsi - ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlıdır. Belə ki, iddiaçı Bank, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı bir neçə rəyin və bu rəylər arasında ziddiyyətlərin olmasını irəli sürərək, ipoteka predmetinin ilkin satış qiymətinin 139.500 manat məbləğində müəyyən edilməli olmasını bildirir. Məhkəmə, iddiaçının apelyasiya şikayətinin bu dəlili ilə bağlı bildirir ki, işə Rayon Məhkəməsində baxılması zamanı iddiaçı Bankın təşəbbüsü ilə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə müvafiq ekspertiza təyin edilmişdir. “X1” MMC-nin xx.xx.2021-ci il tarixli, 021-21 saylı rəyinə əsasən ipoteka predmeti olan ev və torpaq sahəsinin likvid dəyəri isə 139.500 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 002-12/03-MT/22 saylı ekspertiza rəyinə əsasən ipoteka predmeti olan fərdi yaşayış evinin və torpaq sahəsinin likvid dəyəri 179.000 manat müəyyən edilmişdir. Mübahisəli mənzilin qiymətləndirilməsinə dair bir-birindən kəskin şəkildə fərqlənən iki rəy mövcud olduğu üçün Rayon Məhkəməsi ipoteka predmetinin yenidən qiymətləndirilməsi barədə iddiaçı Bankın vəsatətini təmin etmiş və qəbul etdiyi xx.xx.2022ci il tarixli qərardad ilə iş üzrə təkrar ekspertizası təyin etmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə həvalə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin xx.xx.2022-ci il tarixli, **********02 saylı qiymətləndirmə rəyindən görünür ki, ipoteka predmetinin likvid dəyəri 180.500 manat təşkil edir. İş üzrə təyin edilmiş təkrar ekspertiza tədqiqatının nəticəsi olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin müəyyən etdiyi likvid qiyməti (180.500 manat) ilə "xxxx" MMC-nin müəyyən etdiyi likvid qiyməti (179.000 manat) ilə demək olar ki, eynilik təşkil etmişdir. Bu səbəbdən, Rayon Məhkəməsi hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti 180.500 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi müzakirə olurnan hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçı Bankın apelyasiya şikayətinin dəlilləri əsassızdır. Şərh olunanlara və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə, hesab edir ki, iddiaçı Bankın apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 nümayəndəsinin apellyasiya şikayəti isə təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni Cavabdeh1 iddiaçı Bankın xeyrinə tutulacaq faiz və cərimə borcunun məbləğinin müəyyən edilməsi hissələrində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanmalıdır. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları MPM-nin 119.1ci maddəsinin tələbinə görə onları ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏT ETDİ:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Qəbələ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 avqust 2022ci il tarixli qətnamə apellyasiya baxışını təşkil edən hissədə qismən, yəni tutulmalı olan faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni ipoteka predmetinin ilkin satış qiymətinin 180.500 manat məbləğində müəyyən edilməsi hisəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar