Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1251/2023 16.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X7 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Kərimli Tunar Mübariz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(051)-1324/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh çıxarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 28/1 saylı evin 33 saylı mənzilinin xx.xx.2023-cü ildən xüsusi mülkiyyətçisidir. Əvvəllər mənzilin sahibi X4 olmuşdur. Onun xalası Almaz Məmmədova xx.xx.2018-ci ildə vəfat etmiş, xalası vəfat edənə qədər həmin mənzildə yaşamışdır. Cavabdeh onun xəstəliyindən istifadə edib, qeyri-qanuni yolla mənzilə daxil olmuşdur. Xalası vəfat etdikdən sonra Almaz Məmmədovanın mənzilinə daxil olmuşdur. Cavabdeh 2021-ci ilin may ayından ona məxsus mənzildə qeyri-qanuni olaraq yaşayır. Onu da qeyd edir ki, xalasının və onun cavabdehlə heç bir qohumluq münasibətləri olmamışdır. O, mənzilini aldıqdan sonra mənzilə mülkiyyət hüququnu təsdiq edən Çıxarış və Texniki Pasport da almışdır. Cavabdeh onun mülkiyyət hüquqlarını pozur və bu vaxta kimi mənzildən çıxmamış və o, təkid etsə də mənzili boşaltmamışdır. Dəfələrlə, mənzilin boşaldılmasını xahiş etsə də, cavabdeh hər dəfə bir bahənə edərək mənzildən çıxmaqdan, mənzili boşaltmaqdan boyun qaçırır. Buna görə də o, bir mülkiyyətçi kimi mənzilinə köçüb yaşaya bilmir. Onun mülkiyyət hüquqlarını pozur. Odur ki, onun xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən mənzildən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin (hakim: Ə.Hüseynov) 07 avqust 2023-cü il tarixli, 2(051)-1324/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı ilə cavabdeh arasında ailə qanunvericiliyi əsasında heç bir yaxın qohumluq münasibəti olmadığından, cavabdehin mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli mənzilin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, onun iddiaçı ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və yaxud özünün saxlanılmasını tələb etmək, həmçinin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməasi, öz qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında ailə qanunvericiliyi əsasında heç bir yaxın qohumluq münasibəti olmadığından, cavabdehin mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli mənzilin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, onun iddiaçı ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və yaxud özünün saxlanılmasını tələb etmək, həmçinin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Həmçinin birinci instansitya məhkəməsinin baxışı zamanı məlum olumuşdur ki, Cavabdeh əvvəllər də məhkəməyə müraciət edərək X5 adına verilmş xx.xx.2006-cı l tarixli qanunu üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, X1 adına verilmiş Mingəçevir şəhəri N.Nərimanov küçəsi 28/1 saylı evin 33 saylı mənzilə dair çıxarışın ləğv edilməsini, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 28/1 saylı evin 33 saylı mənzilə ½ hissədə onun, ½ hissədə X2 paylarının müəyyən olunması və paylara mütənasib surətdə bölünməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 2675/2018 saylı 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və X5 adına verilmş xx.xx.2006-cı il tarixli qanunu üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, X1 adına verilmiş Mingəçevir şəhəri N.Nərimanov küçəsi 28/1 saylı evin 33 saylı mənzilə dair çıxarışın ləğv edilməsi, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 28/1 saylı evin 33 saylı mənzilə ½ hissədə Cavabdeh, ½ hissədə X2 paylarının müəyyən olunması və paylara mütənasib surətə bölünməsi qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxs hal-hazırki iş üzrə iddiaçı X6 narazı qalaraq apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2069/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2675/2018 saylı 12 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2069/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2582/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2069/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxalınmışdır. Həmin qanuni qüvvəsinə almış məhkəmə qətnamələri və qararları ilə cavabdehin istifadə hüququnun olub-olmaması araşdırılmış və hüquqi qiymət verilmişdir. Həmin məhkəmə qəraları ona əsas verir ki, cavabdehin mübahisəli mənzilə heç bir istifadə hüququ yoxdur və onun mübahisəli mənzilə istifadə hüququnun olubolmamasının yenidən araşdırılmasına zəruryyət yoxdur. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququ heç bir hüquqi əsas olmadan cavabdeh tərəfindən pozulmuşdur. Birinci instansiya məhkəməsi mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlmişdir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2 və 157.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsi, 29–cu maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 1-ci bəndi, Ailə Məcəlləsinin 13 və 15–ci fəsillərinin müvafiq müddəaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1, 82.3-cü maddələri, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2, 9.4, 8.1.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, sözügedən mülkiyyət valideynlərindən ona miras qalmışdır. Mərhum valideyinlərinin birgə nikah dövründə əldə etdikləri mülkiyyətdir. O, 1969-cu il tarixdən 1995-ci il tarixədək həmin ünvanda valideynləri ilə birlikdə yaşamışdır. Atası 1994-cü il tarixdə evi adına sənədləşdirmişdir. 2006-cı ildə isə vəfat etmişdir. O, hal-hazırda həmin mənzildə qeydiyyatdadır və yaşayır. İddiaçı isə bir dəfə də olsun mübahisəli mənzilə gəlməmiş və orada yaşamamışdır. Sаdаlаnаn xüsusаtlаrdаn və istinаd оlunаn hüquq nоrmаlаrındаn göründüyü kimi, hаzırki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnаmə mаddi və prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı, düzgün tətbiq və təfsir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli оlаn bütün fаktiki hаllаrın аydınlаşdırılmаmаsı ilə qəbul edilmiş və birinci instаnsiyа məhkəməsinin qətnаmədə göstərilmiş nəticələr isə işin hаllаrınа uyğun deyildir. Qeyd edilənləri nəzərə alaraq, Аzərbаycаn Respublikаsı MPM-nin 357-362-ci, 384-cü, 385-390-cı mаddələrini rəhbər tutаrаq, hаzırki iş üzrə оlаn Mingəçevir Şəhər Məhkəməsinin 07 avqust 2023-cü il tаrixli, 2(051)-1324/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Cavabdeh məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: (2009-cu ilədək qüvvədə olan) Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Həmin Məcəllənin 60-cı maddəsinə görə, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı; “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: (Yeni) Maddə 8. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər, mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları və s. təşkil edir. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 1-ci bəndində göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(051)-1324/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(051)-1324/2023 saylı qətnaməsini apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(051)-1324/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 21 dekabr 1991-ci ildə Cavabdeh el adəti ilə Oğuz rayonunun Padar kəndinə ailə qurub ərə getmişdir. xx.xx.1994-cü il tarixdə mübahisəli mənzil atası X5 adına özəlləşdirilmişdir. xx.xx.2006-cı il tarixdə Cavabdeh atası X9 dünyasını dəyişmişdir. 12 oktyabr 2006-cı il tarixli şəhadətnamə ilə Mingəçevir şəhəri N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzili X5 qanun üzrə vərəsəsi X3 adına keçmişdir. Məmmədova (Rəfiyeva) Almaz Ramazan qızı vəsiyyətnamə əsasında adı çəkilən mənzili xx.xx.2006-cı il qeydiyyat tarixli ******* seriya nömrəli Çıxarışla mülkiyyət hüququ əsasında adına qeydiyyata aldırmış və 30 aprel 2008-ci il tarixli,7E-09-6254 reyestr nömrəli vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakla bərabər İddiaçı vəsiyyət etmişdir. Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən 28/1 saylı evin 33 saylı mənzili tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Daha sonra müəyyən edilmişdir ki, cavabdeh 2021-ci ilin may ayından iddiaçıya məxsus mənzilə mülkiyyətçinin razılığı olmadan daxıl olaraq orada yaşayır. Kollegiya ilk olaraq qeyd etməyi lazım bilir ki, cavabdeh ilk dəfə mübahisəli mənzili tərk edərək daimi olaraq ər evinə köçdüyü vaxtdan mübahisəli mənzilə dair istifadə hüququnu itirmişdir. Cavabdehin mübahisəli evi daimi olaraq tərk etdiyi vaxt, yəni 1991-ci ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Həmin Məcəllənin 60-cı maddəsinə görə, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Kollegiya qeyd edir ki, cavabdeh mübahisəli evi daimi olaraq tərk etdiyindən istifadə hüuqunu itirmişdir. Daha sonra kollegiya qeyd edir ki, cavabdehin 2021-ci ilin may ayından iddiaçıya məxsus mənzilə mülkiyyətçinin razılığı olmadan daxil olaraq orada yaşaması onun mübahisəli mənzilə istifadə hüququnun yaranması anlamına gəlmir. Yeni Mənzil Məcəlləsinə görə maddə 8: Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər, mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları və s. təşkil edir. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzildə yaşamağa dair hər hansı bir razılaşma olmamışdır. Cavabdeh iddiaçının razılığı olmadan mübahisəli mənzili zəbt etməklə orada yaşayır. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, sözügedən mülkiyyət valideynlərindən ona miras qalmışdır. Mərhum valideyinlərinin birgə nikah dövründə əldə etdikləri mülkiyyətdir. O, 1969-cu il tarixdən 1995-ci il tarixədək həmin ünvanda valideynləri ilə birlikdə yaşamışdır. Atası 1994-cü il tarixdə evi adına sənədləşdirdi. 2006-cı ildə isə vəfat etdi. O, hal-hazırda həmin mənzildə qeydiyyatdadır və yaşayır. İddiaçı isə bir dəfə də olsun mübahisəli mənzilə gəlməmiş və orada yaşamamışdır. Kollegiya şikayətin bu hissəsi ilə də razı deyildir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən 28/1 saylı evin 33 saylı mənzili tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Kollegiya qeyd edir ki, Cavabdeh məhkəməyə müraciət edərək X5 adına verilmş xx.xx.2006-cı il tarixli qanunu üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsini, X1 adına verilmiş Mingəçevir şəhəri N.Nərimanov küçəsi 28/1 saylı evin 33 saylı mənzilə dair çıxarışın ləğv edilməsini, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 28/1 saylı evin 33 saylı mənzilə ½ hissədə ounun, ½ hissədə X2 paylarının müəyyən olunması və paylara mütənasib surətə bölünməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2675/2018 saylı 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və X8 adına verilmş xx.xx.2006-cı l tarixli qanunu üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, X1 adına verilmiş Mingəçevir şəhəri N.Nərimanov küçəsi 28/1 saylı evin 33 saylı mənzilə dair çıxarışın ləğv edilməsi, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 28/1 saylı evin 33 saylı mənzilə ½ hissədə Cavabdeh, ½ hissədə X2 paylarının müəyyən olunması və paylara mütənasib surətə bölünməsi qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxs hal-hazırki iş üzrə iddiaçı X6 narazı qalaraq apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 2069/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellypsiya şikayəti təmin edilərək Mingəçevir şəhər məhkəməsinin 2(051)-2675/2018 saylı 12 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2069/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2582/2022 saylı, xx.xx.2022-ci ilğ tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2069/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxalınmışdır. Göründüyü kimi iddiaçının sözügedən mülkiyyətin valideynlərindən ona miras qalması barədə şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçının mübahisəli mənzildə qeydiyyatda olması onun həmin mənzildə istifadə hüququnun olması anlamına gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında hüquqi mövqe ondan ibarət olmuşdur Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Şikayətin sonuncu dəlili ondan ibarətdir ki, sаdаlаnаn xüsusаtlаrdаn və istinаd оlunаn hüquq nоrmаlаrındаn göründüyü kimi, hаzırki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnаmə mаddi və prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı, düzgün tətbiq və təfsir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli оlаn bütün fаktiki hаllаr аydınlаşdırılmаmаsı ilə qəbul edilmiş və birinci instаnsiyа məhkəməsinin qətnаmədə göstərilmiş nəticələr isə işin hаllаrınа uyğun deyildir. Kollegiya şikayətin bu hissəsi ilə də razı deyildir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Beləliklə məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində qeyd edilən dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(051)- 1324/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(051)-1324/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1251/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1251/2023
16.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver