Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1258/2024 24.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qаrşı (açar sözlər: Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X6 və X3 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, Cavabdehlər - Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2, Mütəxəssis - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin yerquruluşu üzrə mühəndisi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair” mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tаrixli, 2(014)-19/2024 saylı qətnаməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Cardam kəndində yerləşən 2,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzvüləri olan digər şəxslərin xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır.
2. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-1132/2024 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyində göstərilir ki, İddiaçı **********59 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş Ağdaş rayonu, Cardam kəndi ərazisində yerləşən 2,98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,55 ha hissəsi naturada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən istifadə edilmir.
3. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3012 saylı rəyindən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə **********59 reyestr nömrəli çıxarışla Ağdaş rayonu, Cardam kəndi ərazisində verilmiş 2,98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,52 ha hissəsi naturada cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə edilmir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir.
4. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-2728/2024 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyində göstərilir ki, İddiaçı **********59 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş Ağdaş rayonu, Cardam kəndi ərazisində yerləşən 2,98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,55 ha hissəsi naturada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən istifadə edilir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən məcburi çıxarma və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Ağdaş rayonu Cardam kəndində yerləşən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və həmin çıxarış əsasında verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən 2,98 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini əvvəllər uzun müddət Ağdaşda yaşamadığı üçün cavabdehlər onlardan, yəni mülkiyyətçilərdən razılıq almadan istifadə etmişlər. Lakin Ağdaş rayonuna qayıtdıqdan sonra cavabdehlərdən həmin torpaq sahəsini boşaldaraq ona qaytarmalarını tələb etsə də, cavabdehlər yenə də qanunsuz istifadə edir. Bu da onun mülkiyyət hüquqlarını pozur. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahatında iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən zəbt edilmiş Ağdaş rayonu Cardam kəndində yerləşən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və həmin çıxarış əsasında verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən 2,98 ha torpaq sahəsindən çıxarılmaları və onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 izahat verərək bildirmişlər ki, iddiaçının tələbi əsassızdır. Həqiqətən də həmin torpaq sahəsindən istifadə edirlər. Belə ki, həmin torpaq sahəsi iddiaçının atası tərəfindən onlara satılmışdır. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişlər.
9. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində iddiaçının atası ilə cavabdehlərin öz torpaqlarını dəyişdiyini, daha sonra Taryelin atasının Cavabdeh1 məxsus torpaq sahəsini 175 “Şirvan”a ona satdığını bildirmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində iddiaçının atasının ilə cavabdehlərin öz torpaqlarını dəyişdiyini, daha sonra Taryelin atasının torpaq sahəsinin ona satdığını, alqı-satqı zamanı Taryelin həmin prosesdə iştrak etmədiyini bildirmişdir.
11. Ağdaş Rayon Məhkəməsinin (hakim Cavid Sultanov) 01 avqust 2024-cü il tаrixli, 2(014)-19/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Ağdaş rayonunun Cardam kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış əsasında İddiaçı ümumi birgə mülkiyyətində olan 2,98 hektar torpaq sahəsinin zəbt etmiş olduqları 1,55 hektar hissəsindən məcburi qaydada çıxarılmaları, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 100 (yüz) manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3, 110, 111.1 və 111.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 157.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88,119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Ağdaş Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tаrixli, 2(014)-19/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarları ilə tərəflərə verilmiş pay torpaq sahələrinin faktiki olaraq dəyişdiklərindən və iddiaçı tərəf cavabdehlərin mülkiyyətinə verilmiş torpaq sahələrini başqa şəxsə satdıqlarına görə onun ailə üzvlərinə verilmiş mübahisəli torpaq sahəsi hazırda faktiki olaraq onların mülkiyyətləri hesab olunur və dövlət tərəfindən müdafiə olunmalıdır. İddiaçı tərəf cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsini başqa şəxslərə satmaqla və hazırda faktiki dəyişdikləri torpaq sahəsini onlardan geri tələb etməklə cavabdehləri faktiki olaraq mülkiyyət hüquqlarından məhrum etmişdir. İşə baxan məhkəmə iddiaçı tərəflə mülkiyyətlərində olan torpaq sahələrini faktiki dəyişdirdikdən sonra cavabdehlərin mülkiyyətində olan torpaq sahələrini başqa şəxsə satmalarını, buna baxmayaraq onların mülkiyyətində olmuş torpaq sahələrini geri tələb etmələrini nəzərə almamış, işə baxarkən birtərəfli mövqedə olmuş, yalnız iddiaçının maraqlarını müdafiə etmiş, cavabdehlərin isə hüquqlarını pozmuşdur. İddiaçı tərəflə mülkiyyətlərində olan torpaq sahələrini faktiki olaraq dəyişmələrini təsdiq edən kifayət qədər sübutlarını məhkəməyə təqdim etsələr də, işə baxan məhkəmə həmin sübutlardan demək olar ki, istifadə etməmiş, buna münasibət bildirməmiş, qətnamə qəbul edərkən yalnız iddiaçının adına torpağa mülkiyyət hüququna dair dövlət aktına istinad və istifadə etmişdir. Göründüyü kimi iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün heç bir subyektiv hüquqlarının olmamasını təsdiq edən kifayət qədər sübutlar cavabdehlər tərəfindən məhkəməyə təqdim olunmasına baxmayaraq işə baxan məhkəmə həmin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. İşə baxan Ağdaş Rayon Məhkəməsi qətnaməsini 2005-ci ildə dövlət aktlarına əsasən onlara ayrılmış qeyd olunan torpaq sahələrinin iddiaçının yaşadığı evə, ona və ailə üzvlərinə ayrılmış 2,98 hektar pay torpaq sahəsi isə nisbətən onlara yaxın olduğu üçün mərhum atası X5 ilə aralarındakı razılaşmaya əsasən torpaq sahələrini dəyişdirmələri kimi işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamış, nəticədə düzgün olmayan qənaətə gəlmişdir Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tаrixli, 2(014)-19/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayıtinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdilər.
17. Məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində iştirak edən 17 saylı Yevlax Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin yerquruluşu üzrə mühəndisi X4 hazırkı mülki iş üzrə verdiyi mütəxəssis rəyini müdafiə etdiyini bildirdi.
18. Apellyasiya məhkəməsi iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
22. İş üzrə cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:
23. Maddə 13. Mülkiyyət
İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
24. Maddə 29. Mülkiyyət hüququ
İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...) İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. ...
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
27. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
28. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
32. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
33. Maddə 662. Dəyişdirmə müqaviləsi 662.1. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. 662.2. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 662.3. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
34. Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.
35. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
36. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
37. Maddə 111.2. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır.
38. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
39. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
45. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tаrixli, 2(014)-19/2024 saylı qətnaməsi qismən ləğv edilməlidir.
49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
50. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
51. Müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışına əsasən Ağdaş rayonu, Cardam kəndində yerləşən 2,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzvləri olan digər şəxslərin xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İddiaçı həmin torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qərardadına əsasən iş üzrə ekspertiza təyin edilmiş, lakin mütəxəssis rəyi əsasında verilmiş və məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş rəydə tərəflərin izahatları arasında aşkar ziddiyyətlər olduğundan, məhkəmə tərəfindən 17 saylı Yevlax Ərazi İdarəsinin rəy vermiş mütəxəssisi cəlb edilməklə yerində müayinə aparılmış və müayinə zamanı cavabdehlərin iddiaçıya məxsus 2,98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,55 ha hissəsini naturada istifadə etdikləri müəyyən edilmişdir. Bu səbəbdən də 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən yenidən məhkəməyə düzgün məzmunda mütəxəssis rəyi daxil olmuşdur.
52. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21- 3-35/2-2728/2024 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyi düzgün olduğundan, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Ağdaş rayonunun Cardam kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış əsasında İddiaçı ümumi birgə mülkiyyətində olan 2,98 hektar torpaq sahəsinin zəbt etmiş olduqları 1,55 hektar hissəsindən məcburi qaydada çıxarılmalı, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 100 (yüz) manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir.
53. Məhkəmə kollegiyası işin hallarını və tərəflər arasındakı qarşılıqlı münasibətləri araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı ümumi birgə mülkiyyətində olan 2,98 hektar torpaq sahəsinin 1,55 hektar hissəsinin zəbt olunması barədə düzgün nəticəyə gəlsə də, həmin zəbt olunmuş hissənin Cavabdeh3 və Cavabdeh1 da zəbt etmələri barədə gəldiyi nəticə səhv olmaqla işin hallarına uyğun deyildir.
54. Belə ki, məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 göstərmişdir ki, həqiqətən o, İddiaçı ümumi birgə mülkiyyətində olan 2,98 hektar torpaq sahəsinin 1,55 hektar hissəsindən istifadə edir buna səbəb uzun illər bundan əvvəl özünün və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə iddiaçının mərhum atasının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələrinin dəyişdirmələri olmuşdur. Lakin həmin dəyişmə rəsmi qaydada həyata keçirilməmişdir. Bir daha qeyd edir ki, həmin 1,55 ha torpaq sahəsindən yalnız özü istifadə edir. Həmin torpaq sahəsinin Cavabdeh3 və Cavabdeh1 heç bir aidiyəti yoxdur. Yəni sonuncular sözügedən torpaq sahəsini zəbt etməmişlər.
55. Kollegiyanın iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Cavabdeh2 göstərdiklərini təsdiq edərək torpaq sahəsini zəbt etmədiklərini bildirdilər.
56. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin mühəndisi X4 göstərdi ki, Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyi özü vermişdir. Həmin rəyi müdafiə edir. Məhkəmənin tapşırığına əsasən yerdə ölçmə işləri aparararkən həqiqətən, iddiaçının 2,98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,55 ha hissəsinin zəbt olunduğunu müəyyən etmişdir. Bu barədə torpaq sahəsinin yerquruluşu planını tərtib etmişdir. Həmin vaxt iddiaçı ilə cavabdehlər arasında müəyyən mübahisə olduğunu görmüş və elə güman etmişdir ki, iddiaçının torpaq sahəsi hər üç cavabdeh tərəfindən zəbt olunmuşdur. Bir daha bildirir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsininn 1,55 ha hissəsi zəbt olunmuşdur. Yəni həmin hissədən iddiaçı istifadə edə bilmir. Bu onun əraziyə dair tərtib etdiyi yerququluşu planından aydın görünür. Mübahisəli torpaq sahələrinə dair rəy Torpaqların elektron kadastr uçotu informasiya sistemi”nə əsasən hazırlanmışdır.
57. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar əsasında “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış və naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”ndə mövcud olan məlumat bazasına yerləşdirilmişdir.
58. Apellyasiya şikayətində göstərilmişdir ki, Ağdaş RAİK-nin müvafiq qərarları ilə tərəflərə verilmiş pay torpaq sahələrini faktiki olaraq dəyişdiklərindən və iddiaçı tərəf cavabdehlərin mülkiyyətinə verilmiş torpaq sahələrini başqa şəxsə satdıqlarına görə onun ailə üzvlərinə verilmiş mübahisəli torpaq sahəsi hazırda faktiki olaraq onların mülkiyyətləri hesab olunur və dövlət tərəfindən müdafiə olunmalıdır. İddiaçı tərəf cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsini başqa şəxslərə satmaqla və hazırda faktiki dəyişdikləri torpaq sahəsini onlardan geri tələb etməklə cavabdehləri faktiki olaraq mülkiyyət hüquqlarından məhrum etmişdir.
59. Məhkəmə kollegiyası şikayətin həmin dəliləri ilə əlaqədar qeyd edir ki, tərəflər arasında torpaq sahələrinin dəyişdirilməsi rəsmi qaydada aparılmamışdır.
60. Göründüyü kimi, cavabdehlərin torpaq sahələrinin dəyişdirmələrinə dair bəyanı əsassızdır. Onların göstərdikləri dəyişiklik “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”ndə öz əksini tapmamışdır. Tapa da bilməzdi, ona görə ki, qanunvericiliyin tələblərinə uyğun aparılmadığından cavabdehlər bunu təsdiq edən sübutları təqdim edə bilməmişlər.
61. Eyni zamanda iddiaçıya məxsus torpaq sahəsini Cavabdeh2 zəbt etdiyindən hazırkı iddia Cavabdeh3 və Cavabdeh1 qarşı yönələ bilməzdi.
62. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
63. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
64. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tаrixli, 2(014)-19/2024 saylı qətnaməsi qismən – iddianın cavabdehlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə rədd edilməlidir.. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tаrixli, 2(014)-19/2024 saylı qətnaməsi qismən – iddianın cavabdehlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə təmin edilən hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia cavabdehlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə rədd edilsin. Qətnamə mübahisəlləndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov