Məhkəmə qərarları › İş №2(107)-1271/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1271/2020

31.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1271/2020 31.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X12 iclas katibliyi və Cavabdeh (bundan sonra cavabdeh) iştirakı ilə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinəaçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Ağsu Rayon Məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehin ünvan 6 nömrəli ünvandan istifadə hüququna xitam verilməklə onun həmin mənzildən pasport qeydiyyatından çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ağsu Rayon Məhkəməsinin (hakim M.Bayramov) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xаhiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2010-ci il tarixli qərardadı ilə iddia tələbinin cavabdehin mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılmasına dair hissəsində iş üzrə icraata xitam verilmişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ünvan 6-də qeydiyyatdadır və onunla birlikdə oğlanları İddiaçı1 və Cavabdeh da həmin ünvanda qeydiyyatdadırlar. Həmin yaşayış evi iddiaçıların adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ******* nömrə ilə qeydə alınmışdır. Yaşayış evinin ümumi sahəsi 88,5 kvmetr olmaqla, bir mərtəbəlidir və həyətyanı torpaq sahəsinin ümumi ölçüsü 0,09 hektardır. Lakin Cavabdeh həmin ünvanda qeydiyyatda qalmışdır. Dəfələrlə ondan həmin ünvandan qeydiyyatdan çıxmasını tələb etsələrdə nəticəsi olmamışdır. Mülkiyyətlərində olan mənzildə əvvəllər qeydiyyatda olan cavabdeh çıxacağını bildirsədə, lakin əsassız olaraq bu günə kimipasport qeydiyyatından çıxmamışdır ki, bu da onların mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda cavabdehin harada yaşaması da onlara məlum deyildir. Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxx 2019-cu il tarixli 1472 saylı arayışından görünür ki, cavabdeh hazırda Ağsu şəhəri, S.Vurğun küçəsi, 1/2 saylı ünvanda qeydiyyatda qalmışdır. Odur ki, Cavabdeh Ağsu şəhəri, S.Vurğun küçəsi, 1/2 saylı ünvandan istifadə hüququna xitam verilməklə, onun həmin mənzildən pasport qeydiyyatından çıxarılmasına dair qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mən 1964-cü ildə Ağsu şəhəri, S.Vurğun küçəsi, 1/2 ünvanında yerləşən evdə anadan olmuşam və həmin evdə böyüyüb başa çatmışam. Həmin evdə evləmişəm və uşaqlarım da həmin evdə dünyaya gəlmişlər. Ailəmi dolandırmaq üçün Rusiya Federasiyasına getmişəm. Rusiya Federasiyasında olduğum müddətdə mütamadi olaraq, ən azı ildə bir dəfə vətənə qayıtmış və Azərbaycana gələrkən mübahisə predmeti olan evdə qalmışam. Həmçinin, həyat yoldaşım X1, uşaqlarım X7 və X2 da həmin evdə qeydiyyatdadırlar və onlar da mənimlə birlikdə Rusiya Federasiyasına gedənədək həmin evdə yaşamışlar. Bütün ev əşyalarınız, eləcə də həyat yoldaşıma məxsus cehiz əşyaları da hazırda həmin evdədir. Məhkəmə tərəfindən Dövlət Sərhəd Xidmətinə ölkədən giriş-çıxışımla bağlı müvafiq sorğu verilmiş olsaydı, mənim hansı müddətlərdə ölkəyə girib-çıxdığım müəyyən edilmiş olardı, lakin birinci instansiya məhkəməsi tərəfindən belə bir sorğu verilməmişdir. Mübahisə predmeti olan evin əvvəllər İddiaçı2 və mənim mülkiyyətimdə olmuşdur, sonradan evdə İddiaçı1 payı müəyyənləşdirilərkən buna razılıq verməməyimə görə, evdən istifadə hüququmun itirilməsi və qeydiyyatdan çıxarılmağım əsaslı hesab edilə bilməz. İkincisi, Ağsu Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2004-cü il tarixli 01 saylı qərarı ilə mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi mənim və atam İddiaçı2 mülkiyyətinə verilmiş və bununla bağlı atamın və mənim adımıza JN-139F nömrəli 40901004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənilmişdir. Lakin sonradan qardaşım İddiaçı1 saxtakarlıq yolu ilə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin onun və atamım adına olmasına dair əvvəlki şəhadətnamə ilə eyni tarixli və eyni nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə almışdır. Mən bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu yanında X11 İdarəsinə müraciət etmişəm. Sözügedən idarədə araşdırma aparılarkən atam Cumulla Qırxlarov və İddiaçı1 adının əks olunduğu 139F nömrəli 40901004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin saxta yolla əldə edildiyi sübuta yetirilmişdir. Bir sözlə mən həmin ünvanın mülkiyyətçilərindən biriyəm. İddiaçı1 isə ümumiyyətlə mənə qarşı belə bir iddianı qaldırmaq üçün subyektiv hüququq yoxdur. Belə ki, prokurorluq araşdırması, həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, DƏDRX-ya etdiyim müraciətlərə cavablardada həmin sənədin saxta olduğu müəyyən edilmişdir. Qətnamənin məzmununda işə baxılarkən ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli çıxarışa istinad edilərkən iddiaçıların ünvanı kimi ünvan 2 qeyd edilsə də, sonda ünvan 3 ünvanında yaşamaq hüququma xitam verilməklə, poasport qeydiyyatından çıxarılmağım qət edilmişdir. Sözügedən çıxarışda həqiqətən ünvan olaraq ünvan 4 qeyd edilmişsə, həmin çıxarışa istinad etməklə iddianın təmin edilməsi, ümumiyyətlə əsaslı deyil, çünki belə olacağı təqdirdə iddiaçıların ünvan 3 ünvanına münasibətdə mənə qarşı iddia qaldırmaq üçün subyektiv hüquqlarının olmasını şübhə altına alır. Ağsu Rayon Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərar qəbul edərək, Ağsu şəhəri, S.Vurğun küçəsi, 1/2 ünvanında yerləşən evdə istifadə hüququma xitam versə də, məhkəmə qətnaməsində bununla bağlı heç bir maddi hüquq normasına istinad etməməklə, həm prosessual hüquq normalarının, həm də maddi hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni məhkəmə qətnaməsi qəbul edilməsini xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edən Cavabdeh əlavə olaraq bildirmişdir ki, mübahisəli evdə 1964-cu ildən qeydiyyatdayam və tez-tez Rusiyaya getsəm də, qayıdanda həmin evdə yaşayırdım. Yoxluğumdan istifadə edərək mənə qarşı iddianı qaldırıblar. 2017-ci ilin fevral ayına qədər ailəmlə birlikdə ünvan 5 ünvanında yaşamışam. Həmin ünvan daimi yaşayış yerimdir. Atam İddiaçı2 xx xxxxxx 2020-ci il tarixdə ölmüşdür. Mən atamın yas mərasiminə Rusiya Federasiyasından gəlmişəm. 2016-cı ilin axırından Rusiya Federasiyasında, oğlumun yanında qalıram, lakin hər il gəlirən. Yoldaşım da mənimlə Rusiya Federasiyasında qalır. Karantinlə bağlı yoldaşım bu dəfə gələ bilmədi. İddiaçı1 iki ildir ki, Rusiya Federasiyasındadır və atamızın yas mərasimində də iştirak etməyib. Mübahisəli evdə nə atam, nə də qardaşım Natiq yaşayırdı. Natiq atamızı qocalar evinə qoyub özü Rusiya Federasiyasına gedib. Bacım atamızı qocalar evindən götürüb ona baxmışdı. Atam, mən, həyat yoldaşım, iki oğlum və qardaşım Natiq mübahisəli evdə qeydiyyatdayıq. Qızım isə ailə quraraq həmin evin qeydiyyatından çıxıb. Mənim 3 qardaşım və 3 bacım var. Atamın vəfatından da əvvəl həmin evdə heç kim yaşamır. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Mülküm həmin evdədir, atamın vəfatından sonra gəlinimiz hal-hazırda mənim orada yaşamağıma maneçilik törədir, məcburiyyətdən Bakı şəhərində qalıram. Ona görə də apelyasiya şikayətimin təmin olunmasını, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş İddiaçı1 Şəki Apelyasiya Məhkəməsinin rəsmi elektron poçtuna (mailto:contakt@shekiappealcourt.gov.azElektron ünvan ) məktub göndərərək, mövcud vəziyyətlə əlaqədar olaraq sərhədlərin bağlı olmasına görə Rusiyadan Azərbaycana gələ bilmədiyini və ona görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1cimaddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində vəona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmetibölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iş üzrə iddiaçı olan atası İddiaçı2 xx xxxxxx 2020-ci il tarixdə ölmüşdür. Bu səbəbdən məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının hüquq varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmış, mərhum İddiaçı2 ailə üzvlərinin tərkibi və yaxın qohumları barədə arayış verilməsi üçün Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, mərhum İddiaçı2 vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı müraciətlərin olub-olmaması haqqında məlumatın verilməsi üçün Ağsu Rayon Notariat Ofisinə sorğu verilmişdir. Ağsu RİH-nin bаşçısının Ağsu şəhər inzibаti ərаzi dаirəsi üzrə nümаyəndəliyindən аlınmış arayışlardan məlum оlmuşdur ki, mərhum İddiaçı2 vаrisləri, övladları X4 (vəfat etmiş),X13, Cavabdeh, İddiaçı1, X9, X10 və X5r. Mərhum İddiaçı2 vəfatından sonra ünvan 6 ünvanında mərhumun gəlini X6 yaşayır. Ağsu Rayon Notariat Ofisinin 10 avqust il tarixli 937 nömrəli məktubundan görünür ki, mərhum İddiaçı2 vəfatından sonra ondan miras qalmış əmlakın qəbul edilməsi və ya vərəsəlik işinin açılması Ağsu Rayon Notariat Ofisində aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli yaşayış evi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, **********97-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli çıxarışa əsasən, İddiaçı2 və İddiaçı1 adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş bir qrup sakinin iştirakı ilə tərtib edilmiş və Ağsu şəhər ərazi dairəsi üzrə icra nümayəndəsi tərəfindən təsdiq edilmiş aktla müəyyən edilmişdir ki, Cavabdeh 2012-ci ildə həmin ünvanda yaşamır və heç bir əmlakı da yoxdur. Odur ki, iddia tələbi təmin edilməklə cavabdehin həmin evdə yaşayış hüququna xitam verilməlidir. Apelyasiya şikayətinin evdən istifadə hüququmun itirilməsi və qeydiyyatdan çıxarılmağımın əsaslı olmaması barədə dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarçılıqlı münasibətlərinə uyğun olmamış, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin mötəbər sübut kimi istinad etdiyi sənədlərdən biri bir qrup Ağsu şəhər sakininin iştirakı ilə xx xxxx 2019-cu il tarixdə tərtib edilmiş və Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi İ.Məmmədov tərəfindən möhürlə təsdiq edilmiş aktdır. Hansıki, həmin şəxslər həmin aktda bildirmişlər ki, ünvan 8 saylı ünvanda qeydiyyatda olan Cavabdeh 2012-ci ildən həmin ünvanda yaşamır və heç bir əmlakı yoxdur. Ancaq birinci instansiya məhkəməsi nəzərə almamışdır mülki işin 08-ci səhifəsində olan və Ağsu RİH başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi İ.Məmmədov tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli 1472 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı2 Ağsu şəhəri, S.Vurğun küçəsi, 1/2 saylı evdə yaşamaqla ailə tərkibi İddiaçı1 və Cavabdeh ibarətdir. Göründüyü kimi, Ağsu RİH başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cavabdeh iddiaçının ailə üzvü olmasını təsdiq etmişdir. Bundan əlavə, cavabdehin izahatından, apelyasiya şikayətindən və ona əlavə edilmiş ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, cavabdehin ailə üzvləri olan arvadı X1, oğlanları X8 və X3 mübahisəli evdə doğulmaqla, hazırda da Ağsu şəhəri, S.Vurğun küçəsi, 1/2 saylı evdə qeydiyyatdadırlar. Digər tərəfdən, cavabdehin keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ünvanladığı müraciətə cavab olaraq həmin Komitənin sədr müavini Azad Nağıyev tərəfindən Cavabdeh xx xxxxxx 2014-cü il tarixli xx-xx/2642 nömrəli məktubla cavab olaraq bidirilmişdir ki, Sizin JN 139F kodlu 40901004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə aydınlıq gətirilməsi barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə baxılmışdır. Məlum olmuşdur ki, Ağsu Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2004-cü il tarixli 01 saylı qərarı ilə 0,09 ha torpaq sahəsi İddiaçı2 və Sizin paylı mülkiyyətinizə verilmişdir. Həmin şəhadətnamədə İddiaçı1 adı qeyd olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikasının Baş prokuroru yanında X11 Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsni icra edən, İ dərəcəli hüquqşünas Aar Nəsibovun cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx xxxx 2016-cı il tarixli qərarının surətindən müəyyən olunur ki, cinayət işinin başlanılması rədd edilmişdir. Ancaq həmin qərarda göstərilmişdir ki, xx xxx 2006-cı il tarixli JN 139F kodlu 40901004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamlərdəki imza və möhür saxtalaşdırılsa da, həmin fakt üzrə Azərbaycan Respublikası CM-in 308.1, 320.1 və 320.2-ci maddələriilə cinayət təqibini istisna edən hal kimi Azərbaycan Respublikası CPMin 39.1.3-cü maddəsinin tələblərinə görə, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin müraciətinə əlavə edilmiş JN 139F kodlu 40901004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin əsilləri Əmlak Məsələləri Dövlət Komitəsinə qaytarılmışdır. Cavabdeh adına verilmiş həmin şəhadətnamənin təsdiq edilmiş surətinin əldə edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X29 müraciət edilməsinə baxmayaraq, İddiaçı1 adı olan şəhadətnamə göndərilmiş, Cavabdeh adına verilmiş həmin şəhadətnamə məhkəmə kollegiyasına göndərilməmişdir. Ancaq cavabdehin məhkəmə kollegiyasına təqdim etdiyi xx xxx 2006-cı il tarixli JN 139F kodlu 40901004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə İddiaçı2 ilə bərabər Cavabdeh da Ağsu RAİK-nın xx.xx.2004-cü il tarixli 01 nömrəli qərarı ilə Ağsu şəhərində mübahisəli evin yerləşdiyi 0,09 ha torpaq sahəsinin mülkiyyətçilərindən biri kimi göstərilmişdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh 1964-cü ildə atası, iş üzrə vəfat etmiş İddiaçı2 yaşadığı Ağsu şəhəri, S.Vurğun küçəsi, 1/2-də anadan olmuş, orada böyümüş, ailə qurmuş və bu gündə də onun həyat yoldaşı və uşaqları həmin ünvanda qeydiyyatdadırlar. xx.xx.2012-ci ildə iddiaçıların adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarış verilmişdir və iddiaçılar həmin çıxarışı əldə etdikdən sonra cavabdehə qarşı hazırki iddia tələbini ilə çıxış etmişlər. İşin mübahisəsiz halıdır ki, Cavabdeh və İddiaçı1 ataları İddiaçı2 gözlənilən mülkiyyət hüququ ilə məxsus olan mübahisəli evdə doğulmuş və həmin evə hüquq əldə etmişlər. Yəni cavabdehin həmin evdən, mənzildən istifadə hüququ həmin vaxtdan yaranmışdır. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli qərarına görə 2000-ci ilin sentyabr ayının 1dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləti ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Bu baxımdan mübahisəli hüquq münasibətlərinə həmin zaman qüvvədə olmuş və xx xxxxxxx 2009-cu ildə qüvvədən düşmüş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq olunmalıdır. Belə ki, həmin maddəyə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli Plenumunun qərarında göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edir. Lakin bu maddədə həmin istifadənin qaydası, o cümlədən onun hansı şərtlər və hüdudlar daxilində həyata keçirilməsi müəyyən olunmamışdır. Həmçinin qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Belə iradə ifadəsi olmadığı bir halda, yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsi məsələsinin həllinin istifadəçinin və ya məhkəmənin mülahizəsinə buraxılması təcrübədə müxtəlif yanaşmalara səbəb ola bilər. Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. X30 Məhkəməsi «O.X18rşı» iş üzrə ərizənin qəbul edilənliyi barədə və «Gillounun Birləşmiş krallığa qarşı» iş üzrə xx xxxxxx 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. İşdən görünür ki, Cavabdeh 1964-cü ildə mübahisəli evdə doğulmuş, böyümüş, ailə qurmuş, həmin evdə uşaqları doğulmuş, ailə üzvləri bu gün də həmin ünvanda qeydiyyatdadır. Onun bu evdən başqa hər hansı bir yaşayış sahəsinə malik olmasına dair heç bir sübut yoxdur. Eyni zamanda, hazırda cavabdehin adına mübahisəli evin yerləşdiyi 0,09 ha torpaq sahəsinə mülkiyyət hüququna dair şəhadətnamə də mövcuddur. Bunlardan əlavə, xüsusən qeyd olunmalıdır ki, iddiaçı mülkiyyətçi kimi cavabdehin həmin evdən heç bir kompensasiya verilmədən istifadə hüququna xitam verilməsini tələb edir ki, bu cür tələbin maddi hüquqi əsası qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından cavabdehin mübahisəli mənzildən istifadə hüququna yaradılmış maneə onun mənzil hüququna müdaxilə kimi qiymətləndirilərək iddia tələbi təmin edilməməlidir. Bundan əlavə, işdən görünür ki, birinci instansiya məhkəməsi MPM-in tələblərini pozaraq, cavabdehi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar etmədən işə baxmışdır. MPM-in tələbinə görə, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir (mad. 135.1-135.5). İş materiallarına nəzər salanda müəyyən olunur ki, Cavabdeh (i. v. 17, 13) xx xxxx 2019-cu il tarixdə, saat 15:40-da və xx xxxx 2019-cu il tarixdə, saat 12:10-da keçiriləcək məhkəmə iclası barədə bildiriş göndərilsə də, həmin bildirişin ona rəsmi qaydada catdırılması barədə iş materiallarında heç bir sübut yoxdur. Yəni, cavabdeh məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmadan və məhkəmə iclasında iştirakı təmin olunmadan işə baxılaraq, onun əleyhinə məhkəmə qətnaməsi qəbul edilmişdir. Halbuki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin (MPMin 9.1 və 9.2-ci maddəsi). Apelyasiya şikayətinin İddiaçı1 ümumiyyətlə mənə qarşı belə bir iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması barədə dəlilinə gəlincə, məhkəmə kollegiyası bununla razılaşa bilmir. Belə ki, iddiaçı hazırda mübahisəli evin mülkiyyətçisidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, subyektiv mənada hüquq normativ - hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, İddiaçı1 hazırki iddia tələbi ilə iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir. Lakin iddia tələbi əsaslı deyil. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.2-ci mad.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci mad.). Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 88-ci mаddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarm Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. MPM-in 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğundan, qəbul etdiyi qətnamə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən apelyasiya şikayəti təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin olunmamalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilsin. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar