Məhkəmə qərarları › İş №2(107)-1277/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1277/2020

28.07.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1277/2020 28.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, İddiaçı (bundan sonra iddiaçı), onun vəkili və nümayəndəsi X3 və cavabdeh «Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin (bundan sonra cavabdeh) nümayəndəsi X1 iştirakı ilə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçıtərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı Göyçay Rayon Məhkəməsində cаvаbdehə qаrşı iddiа qaldıraraq, onun işdən azad olunmasını qanunsuz hesab edərək, əvvəlki iş yeri olan Göyçay Rayon Mərkəzi Xəstəxanasının təsərrüfat heyətinin kompyuteri üzrə operatoru vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim Z.Quliyev) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx xxxxx 1987-ci ildə Göyçay rayonunun Çərəcə kəndində anadan olmuşdur. Həyat yoldaşı 2017-ci ilin oktyabr ayında vəfat etmişdir. Bir azyaşlı uşağı var. Rəsmi olaraq xx.xx.2015-ci ildən Göyçay Rayon Mərkəzi Xəstəxanasında kompyuter üzrə operator vəzifəsində işləmişdir. Lakin Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin baş direktoru Elçin Bilalovun xx.xx.2020-ci il tarixli 29-KA nomrəli əmrinə əsasən, əmək müqaviləsinə xitam verilmişdir. O, öz ərizəsinə əsasən işdən azad olmuşdur. Evində vəziyyət və xəstəxanada xəstələrin sayının artması, iş həcminin çoxalması ilə əlaqədar ərizə yazmışdır. Göyçay RMX-nın müdiriyyəti ona təzyiq göstərməmişdir. Əmək kitabçası xx.xx.2020-ci ildə poçt vasitəsi ilə göndərilsə də, xx.xx.2020-ci ildən işləmir. Hazırda ailə vəziyyəti ağırdır, çünki o, ailəyə yeganə qazanc gətirən şəxsdir. Bununla əlaqədar o, tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, mən xx xxxxxx 2020-ci ildə “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik şəxsin baş direktoru Elçin Bilalova tutduğum vəzifədən azad olunmağım barədə ərizə ilə müraciət etdiyimi bildirmiş, xx xxxxxx 2020-ci ildə yenidən baş direktora ərizə ilə müraciət edərək işdən azad olunmağım barədə yazdığım ərizəni geri götürməyimi və əvvəlki işimə bərpa olunmağımı xahiş etsəm də, baş direktor mənim sonuncu ərizəmə əhəmiyyət verməyərək işdən azad olunmağım barədə xx.xx.2020-ci il tarixli 29-KA nömrəli əmrlə əmək müqaviləmə xitam verməklə mənim əmək hüququmu kobud şəkildə pozmuşdur. Bununla bağlı məhkəmə nə mənim iradımı, nə də xx xxxxxx 2020-ci ildə “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik şəxsin baş direktoru Elçin Bilalova yazdığım ərizəmə hüquqi qiymət vermədən səhv qətnamə çıxarmışdır. Halbuki, Əmək Məcəlləsinin 69-cu maddəsində əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsinin əsasları göstərilmişdir. “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin baş direktoru Elçin Bilalov işdən azad olunmağım barədə yazdığım ərizəni geri götürməyimi və əvvəlki işimə bərpa olunmağım barədə yazdığım ərizəyə əhəmiyyət verməyərək işdən azad olunmağım barədə xx.xx.2020-ci il tarixli 29-KA nömrəli əmrlə əmək müqaviləmə xitam verməklə Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinə rəayət etməyərək, əmək hüququmu kobud şəkildə pozmuşdur. Ona görə də Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-326/2020 saylı qətnaməsi ləğv edilsin və İddiaçı cavabdeh “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı işə bərpa tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qətnamə çıxarılsın. Apelyasiya şikayətinə əlavə isə onunla əsaslandırılmışdır ki, apelyasiya şikayətimin xahiş etdi hissəsində səhvən iddia tələbimin təmin edilməməsini xahiş etmişəm. Göyçay Rayon Məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, evimdə vəziyyət və xəstəxanada xəstələrin sayının artması, iş həcminin çoxaldılması ilə əlaqədar ərizə yazmışam və Göçay Rayon Mərkəzi Xəstəxanasının müdiriyyəti mənə təzyiq göstərməyib, əmək kitabçam isə xx.xx.2020-ci il də poçt vasitəsi ilə mənə göndərilsə də, xx.xx.2020-ci ildən işləmirəm. Bildirirəm ki, məhkəmə iclasında 5 dəqiqə işə gecikdiyim üçün xx.xx.2020-ci ildən işdən azad olunmağım barədə ərizənin təzyiq altında yazdırıldığını bildirsəm də, məhkəmə bu dəlillərimi qəbul etməmişdir. Bildirim ki, işimdən azad olunmağıma əsas olmuş əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə uyğun tərtib edilməmişdir. Bundan başqa, həmin maddənin 2-ci bəndində göstərilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edn məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Lakin işə götürən tərəfindən tərtib edilmiş və iddiaçının vəzifədən azad edilməsinə əsas olmuş əmrdə müəssisənin hüquqi ünvanı, onu imzalayan işəgötürənin soy adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hisəsi və bəndi göstərilməmişdir. Şərh olunan maddənin ikinci hissəsinə görə əmək müqaviləsdinin ləğv edilməsi barədə əmrdə (sərəncamda, qərarda) bu maddənin birinci hissəsində göstərilən məlumatlar qeyd olunmalıdır, əks halda, əmək müqaviləsinin ləğv olunması ilə bağlı tərəflər arasında fərdi əmək mübahisəsi yaranarsa, digər əlavə araşdırma aparılmadan işə baxan məhkəmə tərəfindən əmrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmalıdır Göründüyü kimi, birinci instansiya tərəfindən fərdi əmək mübahisəsi üzrə işə baxılarkən verilən əmrin məzmununa, habelə əmrin məzmununda Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndin hökmən gösətrilməli olmasına diqqət yetirməmiş, sübutlara obyektiv qiymət verilməmiş və nətəcədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Əmri tərtib edən işəgötürən tərəfindən ƏM-in 83-cü maddəsinin 2-ci bəndinin tələbləri də pozulmuşdur. Belə ki, həmin maddədə göstərilir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşəgötürən nəinki son iş günü iddiaçıya son haqq-hesabı, hətta əmrin surəti, əmək kitabçası belə verilməmişdir. xx.xx.2020-ci il tarixə kimi işimi icra etmişəm. Qətnamədə isə qeyd edilir ki, əmək kitabçam xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə mənə göndərilib. Əgər əmək müqaviləmə xitam verildiyi gün işə gəlmişəmsə, nədən əmək kitabçam poçt vasitəsi ilə mənə göndərilirdi. İşə gəlmədiyim halda işəgötürən əmək kitabçasının götürülməsinin zəruriliyi barədə poçt vasitəsi ilə işçini məlumatlandırma və yaxud əmək kitabçasının poçt vasitəsi ilə göndərilməsinə razılıq verməsini ona bildirməlidir. Əmək kitabçasının işçinin ünvanına poçt vasitəsi ilə göndərilməsinə yalnız onun razılığı olduğu təqdirdə yol verilir. Lakin razılığımın alınması, habelə əmək kitabçamın poçt vasitəsi ilə mənə göndərilməsi barədə məhkəməyə rəsmi sübut təqdim edilməmişdir. Odur ki, işdən çıxmış işçiyə əmək kitabçasının verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Bundan başqa, ərizəyə nəzər salsaq ərizənin məzmununda “sizdən xahiş edirəm ki, xx.xx.2020-ci il tarixdən məni öz xahişimlə işdən azad olunmağı barədə sərəncam verəsiniz” İmza Səmədova.A xx.xx.2020” qeyd olunmuşdur. Buradan sual yaranır. Ərizəni İddiaçı öz istəyi ilə yazmış və xx.xx.2020-ci il tarixdən işdən azad olunmasını arzu etmişdirsə, nədən iddiaçının əmək müqaviləsi ərizəsində göstərildiyi gün işəgötürən tərəfindən ləğv edilməmişdir? İddiaçı işdən azad olunması barədə ərizədə qeyd etdiyi xx.xx.2020-ci il tarixin növbəti günü işə gələrək, xx.xx.2020-ci il tarixli ərizənin məcburiyyət qarşısında yazması barədə evdə yazdığı xx.xx.2020-ci il tarixli ərizəsini baş direktor Elçin Bilalova təqdim etmək istəsə də, ona məlum olmayan səbəbdən direktorun onu qəbul etmək istəməməsi bildirilərək, ərizəsini rəsmən qəbul edilməsindən imtina edilərək, işinə davam etməyi bildirilmişdir. Artıq olanlardan qorxduğu və tabelə imza ataraq işinə davam etmək təklif olunduğu üçün ona yazdırılmış ərizənin əhəmiyyətsiz olduğunu düşündüynü, habelə iş yerini tərk edərək hörmətli direktoru Elçin Bilalovun adına yazdığı ərizəni poçt vasitəsi ilə göndərmək və ya onlar barədə direktora teleqram vurmaq imkanından məhrum olmuşdur. Ərizədə olan əl yazmanın iddiaçının qeyri-adi psixiofizioloji vəziyyətdə, təzyiq altında həyacanla icra etməsi (əri, taridən və ya olunmağ) ərizədə olan sözlərin natamam və diktə olunmaqla yazılmasının bariz sübutudur. Odur ki, şikayətdə qeyd olunanları nəzərə alaraq şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini apelyasiya instansiyasından xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iddiаçı AynurəSəmədova bildirmişdir ki, həyat yoldaşım 2017-ci ilin oktyabr ayında vəfat edib. Bir azyaşlı uşağım var. Özüm də kirayədə qalıram. Rəsmi olaraq xx.xx.2015-ci ildən Göyçay Rayon Mərkəzi Xəstəxanasında kompyuter üzrə operator vəzifəsində işləmişdim. Uşağımın xəstəliyi ilə bağlı xx xxxxxx 2020-ci il tarixdə işə gecikdim. Bu səbəbdən kadrlar şöbəsində mənə könüllü işdən çıxma ərizəsi yazdırdılar. Mənə dedilər ki, sən hər dəfə uşağını bəhanə gətirərək işə gecikirsən. Uşağımı təkbaşıma böyütdüyüm üçün həqiqətən hərdən işə gecikirdim. Bundan sonra məcburiyyət qarşısında ərizə yazdığımı izah etmək üçün dəfələrlə baş həkimin qəbuluna düşmək istdədim, ancaq o, məni qəbul etmədi. Həmin ərizəni yazdığım üçün peşmanam. Bundan sonra mən xəstəxanaya müraciət etsəm də, ərizə yazsam da, baş həkim məni qəbul etmədi. Ona görə də apelyasiya şikayətimin təmin olunmasını və işə bərpa olunmağımı xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi Səbuhi Rəcəbov apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavəyə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdehin nümayəndəsi Ülkər Kərimova bildirmişdir ki, iddiaçıya əmək kitabçası və son haqq-hesab da verilmişdir. İddiaçı xx.xx.2019-cu ilin noyabr ayında məzuniyyətə olmasına və bundan cəmi 2 ay sonra işdən çıxmasına görə onun yenidən məzuniyyətə çıxmaq hüququ yaranmamışdır. Ona görə yanvar ayında olan bayramları nəzərə alaraq, işlədiyi 5 iş gününə görə 62,19 manat əmək haqqı iddiaçının hesabına köçürülmüşdür. İddiaçı işdən çıxdığı gün polis vasitəsi ilə aparılmış, ona görə də əmək kitabçasını ona xəbərnamə olmadan poçt vasitəsi ilə göndərmişik. Bundan başqa, iddiaçının hərəkətlərinə görə iddiaçı ilə barışıq əldə edilməsi, onun işə bərpa edilməsi mümkün deyil. O, sosial şəbəkələrdə xəstəxanın rəhbərliyinə qarşı nalayiq sözlər işlətmişdir. Bundan başqa, təqdim etdiyim sənədlərdən görünür ki, iddiaçının hərəkətlərində inzibati xəta müəyyən edilmişdir. Cinayət təqibinə isə şikayət edən şəxs onunla barışdığı üçün xitam verilmişdir. Apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan sübutlardan, yəni: xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin təsərrüfat heyətinin kompyuteri üzrə operatoru vəzifəsinə qəbul edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, həmin gün ərizə ilə “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru E.Bilalova müraciət edərək xx.xx.2020-ci il tarixdən onu öz xahişi ilə işindən azad olunmasına sərəncam verməyi xahiş etmişdir. “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli 29-K nömrəli əmrindən görünür ki, İddiaçı ərizəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən, öz xahişi ilə “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin təsərrüfat heyətinin kompyuteri üzrə operatoru İddiaçı ilə bağlanmış 51 nömrəli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmiş və İddiaçı ilə “Göyçay Rayon Mərkəzi Xəstəxanası” arasında bağlanmış 51 nömrəli əmək müqaviləsi bildirişi ləğv edilmişdir (əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişi). Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2018-ci ildən “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin təsərrüfat heyətinin kompyuteri üzrə operatoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci ildə həmin hüquqi şəxsin baş direktoruna ərizə ilə müraciət edərək öz xahişi ilə işindən azad olunmasına dair sərəncam verməyi xahiş etmiş, “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktorunun xx.xx.2020-ci il tarixli 29-K nömrəli əmri ilə ərizəsinə onunla bağlanmış 51 nömrəli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmiş və tərəflər arasında bağlanmış 51 nömrəli əmək müqaviləsinə dair bildiriş ləğv edilmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edilmişdir. İddiaçı iddia ərizəsində xəstəxananın rəhbərliyinin qanunsuz təzyiqi və hərəkətləri nəticəsində xx.xx.2020-ci il tarixli ərizəni yazmasını göstərsə də, məhkəmə baxışında o, evindəki vəziyyət və xəstəxanada xəstələrin sayının artması, iş həcminin çoxalması ilə əlaqədar ərizə yazdığını bildirmişdir. Apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmaması barədə nəticəyə gələrkən haqlı olmuş, mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün qərar qəbul etmişdir. İddiaçı apelyasiya şikayətində göstərmişdir ki, məhkəmə xx xxxxxx 2020-ci ildə baş direktoru Elçin Bilalova əvvəlki işimə bərpa olunmağım barədə yazdığım ərizəyə əhəmiyyət verməmiş, Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinə rəayət etməyərək, mənim əmək hüququmu kobud şəkildə pozmuş, xx.xx.2020-ci ildən işdən azad olunmağım barədə ərizənin təzyiq altında yazdırıldığını bildirsəm də məhkəmə mənim bu dəlillərimi qəbul etməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra ƏM) 69-cu (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddənin məzmunundan göründüyü kimi, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Lakin iddiaçı əmək müqaviləsini ləğv etmək barədə cavabdehə ərizə verdiyini və işdən çıxması barədə ərizəni təzyiq altında yazdığını iddia etsə də, bu barədə məhkəmələrə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsi tələb edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etsin. İstinad olunan maddədə o da göstərilmişdir ki, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İşdən görünür ki, iddiaçı işdən azad olunması barədə ərizəsini xx xxxxxx 2020-ci ildə cavabdehə təqdim etmiş, xx xxxxxx 2020-ci ildə isə işdən azad edilmişdir. Yəni iş üzrə yuxarıda qeyd olunan şərtlərin heç biri olmadığı üçün onun işdən çıxmaq barədə ərizə verdiyi gündən iki gün sonra işdən azad edilməsi qanunsuz olmamışdır. Apelyasiya şikayətinin daha bir dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi əmrin məzmununda ƏM-in müvafiq maddəsi, hissəsi və bəndin hökmən göstərilməli olmasına diqqət yetirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ƏM-in 84-cü (Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu) maddəsində göstərilir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Apelyasiya tələbini və iddiaçının işdən azad olunması barədə xx.xx.2020-ci il tarixli əmri istinad olunan maddi hüquq normasının tələbi ilə təhlil etdikdə müəyyən olunur ki, mübahisəli əmrdə göstərilmişdir ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi, əmr № 29-K. Göyçay rayonu xx.xx.2020. İddiaçı vəzifədən azad etmə barədə “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin təsərrüfat heyətinin kompüter üzrə operatoru İddiaçı ilə bağlanmış 51 nömrəli əmək müqaviləsinə xx.xx.2020ci il tarixdən xitam verilsin. İddiaçı son haq-hesabı, əmək kitabçası və həmin əmrin surəti ƏM-in 83-cü maddəsinin 2-ci bəndinin a) yarımbəndinə əsasən öz xahişi ilə. Baş direktor (imza) Bilalov Elçin. Göründüyü kimi, mübahisəli əmrin məzmunu ƏM-in 84-cü maddəsinin tələblərinə uyğun tərtib edilmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlilini də əsaslı hesab etmir. Apelyasiya şikayətinin daha bir tələbi ondan ibarətdir ki, əmri tərtib edən işəgötürən tərəfndən ƏM-in 83-cü maddəsinin 2-ci bəndinin tələbləri də pozulmuş, işəgötürən nəinki son iş günü iddiaçıya son haqq-hesabı, hətta əmrin surəti, əmək kitabçası belə verilməmiş, xx.xx.2020-ci il tarixə kimi işini icra etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsində göstərmişdir ki, hal-hazırda mənim əmək kitabçam mənə xx.xx.2020-ci ildə poçt vasitəsi ilə göndərilmişdir, lakin mən xx.xx.2020-ci il tarixdən işləmirəm. Digər tərəfdən, cavabdehin nümayəndəsi izahatında iddiaçıya əmək kitabçası və son haqq-hesabının iddiaçının hesabına köçürüldüyünü, iddiaçının işdən çıxdığı gün polis vasitəsi ilə aparıldığını, ona görə də əmək kitabçasını ona xəbərnamə olmadan poçt vasitəsi ilə göndərildiyini bildirmiş və bununla bağlı “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin texniki və həyət işçilərinin tabelindən çıxarışı və İddiaçı işdənçıxma ilə bağlı son haq-hesabına dair cədvəli məhkəmə kollegiyasına təqdim etmişdir. Həmin sübutlardan da iddiaçının xx xxxxxx 2020-ci ildən sonra işə gəlməməsi və işdən azad edilməsi və son haq-hesabının ödənilməsi müəyyən edilir. Bu səbəbdən məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlili ilə də razılaşa bilmir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası apelyasiya şikayətinin artıq olanlardan qorxduğu və tabelə imza ataraq işinə davam etmək təklif olunduğu üçün ona yazdırılmış ərizənin əhəmiyyətsiz olduğunu düşündüyünü, habelə iş yerini tərk edərək hörmətli direktor Elçin Bilalovun adına yazdığı ərizəni poçt vasitəsi ilə göndərmək və ya onlar barədə direktora teleqram vurmaq imkanından məhrum olunması, habelə iddiaçının ərizəni qeyri-adi psixiofizioloji vəziyyətdə, təzyiq altında, həyacanla icra etməsi (əri, taridən və ya olunmağ) ərizədə olan sözlərin natamam və diktə olunmaqla yazılmasının bariz sübutu olması barədə dəlillərini də əsaslı hesab etmir. Belə ki, iddiaçının işdən çıxma barədə ərizə verdikdən sonra peşman olaraq cavabdehə işinə davam etmək istəməsini bildirmək üçün ərizə təqdim etmək və ya teleqram vurmaq imkanından necə məhrum olduğunu, niyə bu barədə hər hansı bir hüquqşünasa, vəkilə müraciət etmədiyini (o, məhkəmədə vəkillə iştirak etmişdir) ağlabatan formada izah edə bilməmişdir. Bundan əlavə, cavabdehin nümayəndəsinin izahatından və məhkəmə kollegiyasına təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı cavabdehin baş direktoruna qarşı nalayiq sözlər işlətmiş, xx xxxxxx 2020-ci ildə xəstəxananada narazılıq yaratmış, özünü və uşağını neftlə yandırmaq istəmiş, onu sakitləşdirmək üçün polis çağırılmış, mühafizə əməkdaşlarına xəsarət yetirmiş və “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə ziyan yetirmişdir. Belə olan halda iddiaçının təzyiq altında işdən çıxması barədə ərizəni təzyiq altında, diktə olunmaqla yazılması barədə dəlillər ağlabatan görünmür və məhkəmə kollegiyası bunu əsaslı hesab etmir. Beləliklə, tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırma aparan və onlardan istifadə edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur, apelyasiya şikayətinin dəlilləri əsaslı deyil. MPM-in əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad. 14.2). Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (mad. 88). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarm Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinciinstansiyaməhkəməsi iddia tələbinin təmin edilməməsini qət etməklə düzgünnəticəyəgəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iddiaçının apelyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar