Məhkəmə qərarları › İş №2(107)-1285/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1285/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1285/2021 20.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “Kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(051)-42/2021 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(051)-42/2021 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia qismən təmin olunmuş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 5739.44 manat məbləğdə əsas borc, 1845.23 manat məbləğdə faiz borcu və 10 məbləğdə cərimə borcu olmaqla, cəmi 7594.67 manat məbləğdə borcun alınıb "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, həmin borcun ödənilməsinin ipotekaya qoyulmuş, Cavabdeh3 mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən, 1-ci mərtəbəsində yerləşən 83.41 kv.m ümumi, 60.76 kv.m yaşayış və 22.65 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, 26 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 55000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub banka olan borcun ödənilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlərdən tutulub "xxxx" QSC-nə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək: 1.Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 015R********** saylı kredit razılaşması üzrə 5739.44 manat məbləğində kredit borcu, 1845.23 manat məbləğində faiz borcu və 3336.54 məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10921 (on min doqquz yüz iyirmi bir) manat 21 (iyirmi bir) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumununvə 20 manat xidmət haqqının tutulması; 2. ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 1-ci mərtəbədə yerləşən 83.41 m2 ümumi, 60.76 m2 yaşayış, 22.65 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilin açıq hərracdan satılması, 10921 (on min doqquz yüz iyirmi bir) manat 21 (iyirmi bir) qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi; 3.Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi qaydada tutulması; 4. ünvan 3 ünvanında xüsusi mülkiyyətində olan 1-ci mərtəbədə yerləşən 83.41 m2 ümumi, 60.76 m2 yaşayış, 22.65 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X1, Cavabdeh1 həmin mənzilə istifadə hüquqlarının itirilməsinə, onun həmin mənzildən çıxarılmasına, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi teleqram ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 15.12.2014-cü il tarixli 015L**********19 saylı uzunmuüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 16.12.2014- cü il tarixli 015R********** saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 (on yeddi min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 20.02.2015-ci il tarixli 015R**********S saylı, 03.06.2016-cı il tarixli 015R**********SA saylı, 26.02.2018-ci il tarixli 015R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 27.05.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 11260.56 manat ödəmiş, onun 5739.44 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3- cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13.11.2019-cu il tarixə 170 gün üçün hesablanmış faiz borcu 1845.23 manat təşkil edir. Kred razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 13.11.2019-cu il tarixə 170 gün üçün hesablanmış cərimə 3336.54 manat təşkil edir. Lakin, onlara dəfələrlə müraciət edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini vaxtında icra etməmişlər. Cavabdeh3 birinci instansiya məhkəməsinin iclasında izahatında göstərmişdir ki, Cavabdeh1 15.12.2014-cü il tarixli 015L**********19 saylı kredit müqaviləsinə əsasən 120 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olamqla 30000 ABŞ dolları məbləğdə kredit almışdır. İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan özünə məxsus ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 1-ci mərtəbədə yerləşən 83.41 m2 ümumi, 60.76 m2 yaşayış, 22.65 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilini ipotekaya qoymuşlar. Lakin, ödəniş etməkdə çətinlik çəkmiş borcu yaranmışdır. Cərimə məbləği çox hesablanmışdır, cəriməsinin silinməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh3 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hesab edir ki, qətnamə çıxarılarkən hakim tərəfindən bir sıra prosesual və maddi hüquq normaları pozuntulara yol verilmişdir. Belə ki, o, məhkəmədə əmtəşünas ekspertizası keçirilməsini tələb etsə də hakim bu vəsatətini təmin etməmişdi. Müqavilə bağlanandan sonra 17000 ABŞ dolları müqabilində onlar tərəfindən 17000 ABŞ dollarından artıq pul ödənilmişdir, lakin bunların hamısı hesablanmamışdır. Evin qiyməti ilə razı olmasalar da, müstəqil ekspertiza keçirilməmişdir. Onların hesablamalarına görə borc ümumilikdə 4000(dörd min) manat təşkil edir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(051)- 42/2021 nömrəli qətnaməsinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızmdasn 5739,44 manat məbləğində əsas borc, 1845,23 manat məbləğində laiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7594,74 manat məbləğində borc alınıb "xxxx" QSM ödənilməsi hissəsində dəyişdirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh3 izahat verərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 izahat verərək, apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(051)-42/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(051)-42/2021 nömrəli qətnaməsi qətnamənin nəticə hissəsindən əvvəl yazılmış “qət etdi” cümləsindən əvvəlki abzas istisna olmaqla ondan əvvəl gələn 4 abzasda olan yazılar xaric edilməklə dəyişdirilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan 15.12.2014-cü il tarixli, 015L**********19 №li kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" QSC ilə müqavilə bağlayaraq 120 ay müddətinə 30000 ABŞ dollarıməbləğdə kredit xəti açılmışdır. İşdə olan 16.12.2014-cü il tarixli, 015R********** №li kredit razılaşmasından görünür ki, Cavabdeh1 "xxxx" QSC ilə kredit razılaşması müqavilə bağlayaraq 17000 manat məbləğdə kredit almış, aldığı borc məbləğini aylıq 1.8333 faiz əlavəsi ilə 48 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 15 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Məmmədov küçəsində yerləşən 6A saylı evin 26 saylı mənzilini ipotekaya qoymuşdur. İpoteka predmetinin dəyəri 35.0000 ABŞ dollarıməbləğində qiymətləndirilmişdir. İşdə olan 18 noyabr 2019-cu il tarixli borcunun hesablanmasına dair cədvəldən görünür ki, Cavabdeh1 ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin arasında bağlanmış 16.12.2014-cü il tarixli, 015R********** saylı kredit müqaviləsinə əsasən cavabdehin 5739.44 manat kredit borcu, 1845.23 manat kreditdən istifadəyə görə faiz borcu, 3336.54 manat penya olmaqla, cəmi 10921.21 manat borcu yaranmışdır. İşdə olan DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 83.41 kv.m, yaşayış sahəsi 60.76 kv.m, yardımçı sahəsi 22.65 kv.m olan 4 otaqlı mənzil xüsusi mülkiyyət hüququ üzrə X2 adına 20.11.2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 83.41 kv.m, yaşayış sahəsi 60.76 kv.m, yardımçı sahəsi 22.65 kv.m olan olan 4 otaqlı mənzil xüsusi mülkiyyət hüququ üzrə yuxarıda qeyd olunan kredit müqaviləsinin təminatı olaraq yüklü edilməsi 23 noyabr 2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan "xxxx" MMC-nin 24 fevral 2021-ci il tarixli 0413/21/AB saylı rəyindən görünür ki, ünvan 1, mənzil 26 nömrəli mənzilin bazar dəyəri 55000 manat likvid qiyməti 47000 manat məbləğdə qiymətləndirilmişdir. İşdə olan xəbərdarlıq və bildirşlərdən görünür ki, iddiaçı dəfələrlə cavabdehlərə borcun ödənilməsi barədə məlumat vermişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 317.1, 319.3, 319.6, 385, 386.1, 425.1, 439.1, 439.2, 443.1, 448.1, 449, 462.1, 463.2, 739 və 742.1-ci maddələrinə, «İpoteka haqqında» Qanunun 1.0.6, 4, 34.1.1, 39.1, 41.1, 59-cu maddələrinə və «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzil hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələbinə əsasən pul öhdəliyi manatla ifadə olunmalıdır. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. «İpoteka haqqında» Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. «İpoteka haqqında» Qanunun ipoteka ilə təmin edilən tələbin həcmini müəyyən edən 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun əsaslarından biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. Məhkəmədə müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Qanunun 41.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. «İpoteka haqqında» qanunun 59-cu maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, həmin yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilirsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı borcalana krediti ödəmədiyi üçün 3336.54 manat məbləğdə cərimə hesablanmışdır. Lakin məhkəmə borcluya 3336.54 manat məbləğdə dəbbə pulunun artıq hesablandığı qənaətindədir. Belə ki, Azərbaycan Respublikası MMnin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, borcludan 10 manat miqdarda dəbbə pulu alınmalıdır. İş materiallarından görünür ki, ipoteka qoyanın özü və ailə üzvləri mübahisəli mənzilin ipotekaya qoyulmasına və həmin evə tutma yönəldilməsinə, evi qeyd-şərtsiz təhvil verməyə razı olduqları barədə notariat qaydasında təsdiq edilmiş razılıq ərizələri vermişlər. Buna görə də məhkəmə hesab edir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda, cavabdehlər həmin mənzili ən geci bir ay ərzində boşaltmalıdırlar. Sadalanan hallar və hüquq normaları cavabdehdən borcun ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətinin təmin edilməməsinə, qətnamənin isə dəyişdirilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsi Şəki Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(075)-141/2021 nömrəli qətnamənin ilkin variantında, ümumiyyətlə, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyənləşdirməmiş, 18 aprel 2021-ci il tarixli 2(075)-141/2021 nömrəli qərardadı ilə qətnamədə yanlışlıq düzəldilmiş və mənzilin ilkin satış qiyməti 55000 manat müəyyən edilməsi barədə cümlə qətnaməyə əlavə edilmişdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqında» Qanunun ) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı, həmçinin, müəyyən olunmuşdur ki, işdə olan "xxxx" MMC-nin 24 fevral 2021-ci il tarixli 0413/21/AB saylı rəyindən görünür ki, ünvan 1, mənzil 26 nömrəli mənzilin bazar dəyəri 55000 manat, likvid qiyməti 47000 manat məbləğdə qiymətləndirilmişdir. Birinci instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil, real bazar dəyərini əsas götürmüşdür. Halbuki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Həmçinin həmin Qərardadda qeyd edilmişdir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti kimi göstərilmiş 55000 manat məbləği iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, birinci instansiya məhkəməsində işə baxılarkən alınmış qiymətləndirici rəyində isə həmin ipoteka predmetinin likvid qiymətinin 47000 manat olması səbəbindən hazırki apellyasiya şikayəti üzrə qərar qəbul edərkən ilkin satış qiyməti kimi 47000 manatın müəyyən edilməsi apellyatorun apellyasiya şikayətindən kənara çıxma olmaqla apellyatorun maraqlarına zidd olacaqdır. Bununla da, apellyasiya məhkəməsi apellyasiya şikayəti həddlərindən kənar qərar qəbul etmiş olacaqdır. Bu isə Mülki Prosessual Məcəllənin tələblərinə ziddir. Məhkəmə kollegiyası, həmçinin, onu da qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamənin təsviri-əsaslandırıcı hissəsinin sonuncu abzasından əvvəlki ardıcıl olaraq 4 abzasında hazırki işə aidiyyatı olmayan aşağıdakı maddi və prosessual normalara istinad etməklə yuxarıda göstərilən maddələrin tələblərini pozmuşdur: “İddia ərizəsindən göründüyü kimi cavabdehdən alınmalı olan pul xarici valyuta ilə göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələbinə əsasən pul öhdəliyi manatla ifadə olunmalıdır. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilirsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd olunanlara əsasən qətnamənin nəticə hissəsində cavabdehdən alınmalı olan pul məbləğinin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə ödənilməsi göstərilməlidir.” Məhkəmə kollegiyası ümumilikdə apellyasiya şikayətində göstərilənləri nəzərə alaraq hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlsə də, qətnamənin əsaslandırıcı hissəsində hazırki işə aidiyyatı olmayan maddi və prosessual hüquq normalarına istinad etməklə qətnaməni əsaslandırdığından Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(051)-42/2021 nömrəli qətnaməsi qətnamənin nəticə hissəsindən əvvəl yazılmış “qət etdi” cümləsindən əvvəlki abzas istisna olmaqla ondan əvvəl gələn ardıcıl 4 abzasda olan yazılar xaric edilməklə dəyişdirilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.3-ci mаddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(051)-42/2021 nömrəli qətnaməsi qətnamənin nəticə hissəsindən əvvəl yazılmış “qət etdi” cümləsindən əvvəlki abzas istisna olmaqla ondan əvvəl gələn ardıcıl 4 abzasda olan: “İddia ərizəsindən göründüyü kimi cavabdehdən alınmalı olan pul xarici valyuta ilə göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələbinə əsasən pul öhdəliyi manatla ifadə olunmalıdır. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilirsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd olunanlara əsasən qətnamənin nəticə hissəsində cavabdehdən alınmalı olan pul məbləğinin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə ödənilməsi göstərilməlidir.” yazıları xaric edilməklə dəyişdirilsin. Qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar