Məhkəmə qərarları › İş №2(107)-1287/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1287/2020

18.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1287/2020 18.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi və İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğuna qarşı evdən çıxarılma, onun evə köçürülməsi və maddi zərər tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-69/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 mənzil 2 ünvanında yerləşən mənzilə vurduğu 10000 manat maddi ziyan ödəməklə cavabdehin həmin mənzildən çıxarılması, onun həmin mənzilə köçürülməsi və həmin mənzilin ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-69/2020 nömrəli (hakim T.Həsənov) qətnaməsi ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğuna qarşı evdən çıxarılma, onun evə köçürülməsi və maddi zərər tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Zaqatala Dövlət Təbiət Qoruğunda xadimə işləyir və Uzuntala kəndində qeydiyyatda olsa da, 2002-ci ildən Qoruğun balansında olan Car küçəsi 40, mənzil 2 ünvanında yaşayır. Həmin mənzil ona xidməti mənzil kimi verilmişdir. 17 ildir ki, həmin mənzildən istifadə edir və indiyə qədər bütün kommunal xərcləri ödəmişdir. Həmin mənzil şəraitini öz hesabına yaxşılaşdırmış, əlavə tikinti apararaq yaşayış sahəsini genişləndirmişdir. Onun orada qanuni olaraq yaşadığını Dövlət Qoruğunun rəhbərliyi də təsdiq edə bilər. Cavabdeh onun yaşadığı mənzilə icazəsiz girərək, döşəməni sökərək, pəncərə və qapıları sındıraraq evə külli miqdarda ziyan vurmuşdur. Bununla da, onun hüquqları pozulmuşdur. Cavabdeh həmin mənzilə qanunsuz olaraq girərək onu mənzildən çıxarmışdır. Cavabdehin həmin mənzildən heç bir istifadə hüququ yoxdur. Ona görə də, o məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 mənzil 2 ünvanında yerləşən mənzilə vurduğu 10000 manat maddi ziyan ödəməklə cavabdehin həmin mənzildən çıxarılmasını və onun həmin mənzilə köçürülməsini xahiş edir. Cavabdehin həmin mənzilə qanunsuz olaraq soxulmasına dair polisə şikayət də etmiş, polis tərəfindən müvafiq tədbir görülmüşdür. Bundan başqa, qoruğun rəhbərliyi cavabdehə qanunsuz hərəkətlərinə son qoymasını tələb etmişdir. Lakin cavabdeh heç bir nəticə çıxarmayaraq onu xidməti mənzilindən istifadə etməyə qoymur. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallan aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-69/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qeyd olunan yaşayış evi Zaqatala Dövlət Qoruğunun balansında olmasına baxmayaraq həmin evdə neçə illərdir ki, o yaşayır. Lakin son vaxtlar hərdənbir cavabdeh də həmin evdə qalır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-69/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)968/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh ünvan 2 mənzil 2 ünvanında yerləşən evdən istifadə hüququnun tanınmasına dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-3092/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-968/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun xx xxxx 2018-ci il tarixli, 128 nömrəli arayışından görünür ki, Qarayeva X2 Dövlət Təbiət Qoruğunun balansında olan Car küçəsi 40, mənzil 2 ünvanında 2002-ci ildən qeydiyyatsız yaşayır və Qoruqda xadimə vəzifəsində işləyir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun xx xxxxxxxx 2019-cu il tarixli, 228 nömrəli arayışından görünür ki, Zaqatala Dövlət Təbiət Qoruğunun balansında olan 1966-cı ildə tikilmiş 2 mərtəbəli 8 mənzilli yaşayış binasının 1-ci mərtəbədəki 2 otaqlı mənzili qoruğun xx xxxxxx 1966-cı il tarixli 111 saylı əmrinə əsasən xidməti istifadə üçün qoruqda yeger vəzifəsində çalışan Nəcməddin Qazıxanova verilmişdir. 1972-ci ildə həmin mənzilə onun oğlu Əliasab Qazıxanov pasport qeydiyyatına düşmüş və birinci ailəsi ilə birlikdə orada yaşamışdır. 2002-ci ildə X3 Ayşa Ramazan qızı ilə evlənmiş və həmin mənzildə rəsmi nikahı və pasport qeydiyyatı olmayan İddiaçı ilə yaşamışdır. İddiaçı 2009-cu ildən etibarən qoruqda xadimə vəzifəsində çalışır. Həmin binanın qalan yeddi mənzilində də əvvəllər qoruqda müxtəlif vəzifələrdə işləmiş şəxslərin ailə üzvləri yaşayırlar. Binanın qoruğun balansında saxlanılmasının iqtisadi cəhətdən səmərəsiz olduğu üçün qoruq tərəfindən həmin binanın balanslarından silinməsi üçün müvafiq orqanlara və Departamentə müraciət olunmuşdur. Zaqatala rayon İcra Hakimiyyəti Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş 1220 nömrəli arayışdan görünür ki, Cavabdeh 12 saylı ev təsərrüfatının uçotu kitabının 6-cı səhifəsinə əsasən ünvan 1 mənzil 2 saylı evdə yaşayır. Zaqatala rayon İcra Hakimiyyəti Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 397 nömrəli arayışdan görünür ki, İddiaçı 12 saylı ev təsərrüfatının uçotu kitabının 6-cı səhifəsinə əsasən ünvan 1 mənzil 2 saylı evdə yaşayır. Azərbaycan Repsublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 037/307 nömrəli arayışından görünür ki, xx xxxx 1962-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş İddiaçı xx xxxxxx 2020-ci il tarixdən ünvan 1 mənzil 2 ünvanında qeydiyyatdadır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, Zaqatala Dövlət Təbiət Qoruğunun balansında olan 1966cı ildə tikilmiş 2 mərtəbəli 8 mənzilli yaşayış binasının 1-ci mərtəbədəki 2 otaqlı mənzili qoruğun xx xxxxxx 1966-cı il tarixli 111 saylı əmrinə əsasən xidməti istifadə üçün qoruqda yeger vəzifəsində çalışan Nəcməddin Qazıxanova verilmişdir. 1972-ci ildə həmin mənzilə onun oğlu Əliasab Qazıxanov pasport qeydiyyatına düşmüş və birinci ailəsi ilə birlikdə orada yaşamışdır. 2002-ci ildə X3 Ayşa Ramazan qızı ilə evlənmiş və həmin mənzildə rəsmi nikahı və pasport qeydiyyatı olmayan İddiaçı ilə yaşamışdır. İddiaçı 2009-cu ildən etibarən qoruqda xadimə vəzifəsində çalışır. Cavabdeh Əliasab Qazıxanovun doğma oğludur. Həmin mənzildə qeydiyyatdadır. İddiaçı isə xx xxxxxx 2020-ci il tarixdən həmin ünvanda qeydiyyatdadır və orada yaşayır. Cavabdeh isə yalnız həmin mənzildə qeydiyyatdadır, orada yaşamır. İddiaçının bildirdiyinə görə hərdənbir orada qalır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi ona görə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, iş üzrə nə iddiaçı, nə də ki, cavabdeh mübahisəli evin mülkiyyətçisidir. Qeyd olunan mənzil qoruğun balansında olmaqla, son vaxtlar saxlanılmasının iqtisadi cəhətdən səmərəsiz olduğu üçün qoruq tərəfindən həmin binanın balanslarından silinməsi üçün müvafiq orqanlara və Departamentə müraciət olunmuşdur. İddiaçı da mülkiyyətçisi olmadığı, həmçinin mülkiyyətçi olmayan cavabdehə qarşı evə köçürülməsini, evin ona təhvil verilməsini və cavabdehin evdən çıxarılmasını, eləcə də dəymiş zərəri tələb edir. Halbuki həmin mənzilin hər hansı hüquqmüəyyənedici sənədlərlə iddiaçıya aid olması da iş materiallarından görünmür. İkinci, mülki işin materiallarında olan məhkəmə qətnamələrindən görünür ki, iddiaçı əvvəllər də həmin yaşayış sahəsi ilə bağlı cavabdehə qarşı məhkəmədə iddia qaldırmış və iddiaçının iddiası təmin olunmamaqla yanaşı, onun həmin evə dair subyektiv hüququnun olmamasına dair hüquqi qiymət verilmişdir. Ona görə də apelyasiya instansiya məhkəməsi apelyasiya şikayəinin bu dəlilləri ilə də razılaşmır. Üçüncü, iddiaçı nə birinci instansiya məhkəməsində, nə də ki, apelyasiya məhkəməsində vurulmuş ziyanla bağlı, ziyan vurulmuşdursa belə onun cavabdehlə səbəbli əlaqəsi barədə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-69/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar