Məhkəmə qərarları › İş №2(107)-1289/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1289/2024

20.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1289/2024 20.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X7 qarşı “Oğuz rayonu Filfilli kəndində yerləşən mülkiyyətində olan 0,16 ha torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsi” tələbinə dair ilk, X5 cavabdeh İddiaçı qarşı “cavabdehdən 24000 manat pulun tutulmasına” dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaqdan çıxarılma, zərər) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X8 iclas katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh X10 və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Oğuz Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(054)-333/2024 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları Oğuz rayonu Filfilli kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının anası mərhum anası X6 məxsus olmuşdur. Daha sonra, qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli, 2V-488 saylı şəhadətnaməyə əsasən Oğuz rayon Filfilli kəndində yerləşən 0,16 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən tərtib edilmiş qəbzə əsasən Oğuz rayonu Filfilli kəndində yerləşən şəxsi evini və həyətyanı torpaq sahəsini kənd sakini X7 13500000 manata satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Filfilli kəndində yerləşən, xx.xx.2024-cü il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0,16 ha torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Cavabdeh X10 İddiaçı qarşı 24000 manat pulun, 164 manat dövlət rüsumunun və hüquqi xidmət haqqı kimi vəkilə ödənilmiş 500 manat məbləğin tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 2-1(116)- 650/2023 saylı qərarından görünür ki, iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz rayon Filfilli kəndində yerləşən 0,1466 ha torpaq sahəsinin mərhum X6 məxsusluğu haqqında elektron arayışın verilməsi öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və B 192737 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Filfilli kəndində yerləşən 0,16 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi hüquq sahibi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və B 194498 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Filfilli kəndində yerləşən 0,16 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli, 2V-488 saylı şəhadətnaməyə əsasən hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 166 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən tərtib edilmiş qəbzdən görünür ki, həmin şəxs Oğuz rayonu Filfilli kəndində yerləşən şəxsi evini və həyətyanı torpaq sahəsini kənd sakini X7 13500000 manata satmış, həmin alqısatqı əməliyyatı xx.xx.1998-ci ildə öz aralarında olmuş, satıcı evlərin dəyərindən xx.xx.1999-cu il tarixədək 2 baş mal (iki milyon iki yüz min manat), 4 ədəd çek (bir milyon bir yüz iyirmi min manat), ******* manat yeməkxanada Tarıverdidən, 450000 manat Fətullahdan, 320000 manat 160 kq qoz, 110000 manat 220 ədəd pres, ******* manat Bəhramın toyunda, ******* manat evdə, ******* manat (Füzuli gətirib) olmaqla cəmi ******* manat almışdır. xx.xx.2004-cü il tarixli, 177498 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Oğuz rayonu Filfilli kəndində 829 kv.m torpaq sahəsində yerləşən 1960-cı ildə tikilən 80,8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evini 13500000 manata X1. Oğuz rayon Ev-torpaq alqı-satqı mərkəzinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, arayışından görünür ki, Oğuz rayonu Filfilli kənd ərazisində 0,16 ha həyətyanı torpaq sahəsinin real satış qiyməti 24000 manatdır. Oğuz Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(054)-333/2024 nömrəli qətnaməsi (hakim Səadət Zeynalova) ilə, ilkin iddia tələbi təmin edilərək, cavabdeh X5 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və B 194498 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan yaşayış məntəqəsi təyinatlı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qarşılıqlı iddiaçı uzun illər ərzində mübahisəli torpaq sahəsini adına sənədləşdirməsi üçün səy göstərməmiş, deməli torpaq sahəsinin onun mülkiyyətində olmadığını bilərək həmin torpaq sahəsindən istifadə edilməsini davam etdirmişdir. Bundan əlavə həm İddiaçı verdiyi qəbz, həm də 2004-cü ildə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi məhkəməyə Tarıverdi Eldarov tərəfindən təqdim edilmişdir. Həmin sənədlərdən göründüyü kimi İddiaçı tərəfindən Tarıverdi Eldarova satılmış əmlak 829 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət olmuşdur. Qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş şahidlərin ziddiyyətli izahatları ilə isə onların 0,16 ha torpaq sahəsinin satılması və pulun verilməsi ilə bağlı məlumatı Tarıverdi Eldarovdan aldıqları müəyyən edilmişdir. Qarşılıqlı iddiaçının torpaq sahəsindən çıxmaq üçün 24000 manat pulun ona verilməsi barədə tələbinə münasibətdə isə məhkəmə bildirmişdir ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalı olduğundan, habelə ilk iddiaçının onun mülkiyyətində olan torpaq sahəsinə görə qarşılıqlı iddiaçıya hər hansı məbləğ ödəmək öhdəliyi yaranmadığından qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün – Mülki Məcəllənin 21, 152, 157, 1096, 1097, Torpaq Məcəlləsinin 111, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, keçən 26 il ərzində hər il qeyd edilən 0,16 hektar torpaq sahəsinin kənarlarını bağlamış, torpaq sahəsində müxtəlif ağaclar əkmiş, həmin torpaq sahəsini münbitləşdirmiş, istifadə üçün daha yaxşı vəziyyətə gətirmişdir. Bu işlərə xeyli əmək və vəsait sərf etmişdir. O, hazırda qeyd edilən məsələlərlə bağlı hələlik İddiaçı hər hansı bir məbləğ tələb etmir. İddiaçı qeyd edilən hərəkətləri nəticəsində ona maddi mənafeyinə cəmi 24000 (iyirmi dörd min) manat maddi zərər dəymişdir. İş materiallarından da göründüyü kimi iş üzrə iş üzrə İddiaçı torpaq sahəsinin pulunu ona qaytarmaqla ona həmin torpaq sahəsindən çıxara bilər. Kəndin bütün camaatı həmin torpaq sahəsinin ona satılmasından xəbərdardır və bu halı təsdiq edir. İddiaçı isə bunu müxtəlif bəhanələrlə inkar edir. Hazırda iddiaçı torpaq sahəsinin indiki dəyərini ona qaytarmaqdan yayınır. Məhkəmə işin bu halını tam aydınlaşdırmamışdır. Hazırkı iş üzrə məhkəmənin qətnaməsi işin hallarına uyğun deyildir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh X10 və onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirdilər ki, mübahisəli torpaq sahəsini o, 1998-ci ildə almışdır. O, mübahisəli torpaq sahəsilə bərabər ev və onun altında yerləşən həyətyanı torpaq sahəsini də almışdır. İddiaçıya verilmiş 13500000 pul hər iki torpağa və evə görə verilmişdir. Mübahisəli torpağın sənədi olmadığı üçün qəbz və notarial müqavilədə ondan bəhs edilməmişdir. Mübahisəli torpaqda heç bir tikili tikilməmişdir. Yalnız ağac əkilmişdir. Mübahisəli torpaq digər torpaqlardan aralıda (kənarda) yerləşir. Şəki İnzibati Məhkəməsinin qətnaməsi və iddiaçının adına olan çıxarışın etibarlılığı mübahisələndirilməmişdir. Apellyasiya şikayəti verməkdə hüquqi mövqeləri ilkin iddianın rədd edilməsi yox, qarşılıqlı iddianın təmin edilməsi olmuşdur. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin edilərək qarşılıqlı iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirdilər ki, anası Nazilə 1997-ci ildə vəfat etmişdir. Anası vəfat etməmişdən bir müddət əvvəl onlar yaşamaq üçün Oğuz şəhərinə köçmüşlər. Bu səbəbdən də kənddə olan öz evini və evin yerləşdiyi torpaq sahəsini cavabdehə satmışdır. Ev və torpaq 1998-ci ildə cavabdehə satılmışdır. Mübahisəli 0.16 ha torpaq isə satılmamışdır. Müqavilədə qeyd edilmiş ev və onun altında yerləşən torpaq sahəsi ona məxsus olmuşdur. Mübahisəli torpaq sahəsi isə anasına məxsus olmuşdur. Bu səbəbdən də torpağı satmamışdır. Mübahisəli torpağa baxmaq və əvəzsiz istifadə etmək üçün kənd sakinlərindən birinə vermək fikri olmuşdur. Həmin vaxt cavabdehi qardaşı mübahisəli torpağı istifadə üçün cavabdehə verməsini xahiş etmişdir. O da razılaşaraq torpağa baxımsız qalmaması məqsədilə əvəzsiz istifadə etmək üçün cavabdehə vermişdir. Mübahisəli torpaqda heç bir tikili tikilməmişdir. Yalnız ağaclar vardır. Həmin ərazi əslində bağ sahəsidir. Cavabdeh hər il həmin bağdan tonlarla meyvə götürmüşdür. Odur ki, məhkəmədən birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. M a d d ə 2 9 . Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.https://eqanun.az/framework/46944 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 242.2. İstifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 736.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. 736.2. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. 736.3. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. 736.4. Əgər kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı üçüncü şəxslərin istifadəsinə verirsə, şübhə halında kirayəyə verən əşyanın qaytarılmasını üçüncü şəxslərdən də istənilən vaxt tələb edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 49.1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 49.2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar: torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirmək; torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək; torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etmək; torpaq vergisini və ya icarə haqqını vaxtında ödəmək; başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq; torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziya-istinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq; torpağın istifadəsi vəziyyətinə dair müəyyən edilmiş məlumatları müvafiq orqanlara vaxtında vermək; qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu

17. Torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Torpaq mülkiyyətçilərinin hüquqları Azərbaycan Respublikasının Mülki məcəlləsi, Azərbaycan Respublikasının Torpaq məcəlləsi və digər normativ hüquqi aktlar ilə tənzimlənir.

“Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”

17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

“S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 3 iyul 2015-ci il Qərarında qeyd edilmişdir ki: “ ......... Azərbaycan Respublikasında torpaq münasibətlərini, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsini və torpaq üzərində hüquqların müdafiəsini, torpaqlardan səmərəli istifadə və onların mühafizəsini tənzimləyən əsas qanunvericilik aktlarından biri Torpaq Məcəlləsidir. Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinəmüvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin, qarşılıqlı iddia tələbini rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında olan mübahisə Oğuz rayonu Filfilli kəndində yerləşən 0.16 ha torpaq sahəsi ilə bağlıdır. Cavabdeh X11 iş üzrə qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilib, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin, apellyasiya şikayətinin əsaslandırma hissəsi də, yalnız qarşılıqlı iddia ilə bağlıdır. Göründüyü kimi, apellyator birinci instansiya məhkəməsinin qətnaməsini bütünlükdə mübahisələndirsədə, faktiki olaraq yalnız qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətindəki mövqeyi (tələbinin nədən ibarət olması) dəqiqləşdirilən zaman cavabdeh və onun vəkili bildirmişdir ki, o, yalnız qarşılıqlı iddianın da təmin edilməsini tələb edir. Yəni, cavabdeh tərəf iş üzrə qətnaməni ilkin iddianın təmin edilmiş hissəsini mübahisələndirməmiş, yalnız qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Həmçinin, “Akimovanın Azərbaycana qarşı” işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. İddia tələbindən görünür ki, İddiaçı cavabdeh X5 mülkiyyətində olan Oğuz rayonu, Filfilli kəndində yerləşən 0,16 ha torpaq sahəsindən çıxarılmasını tələb edir. Cavabdeh X10 isə İddiaçı torpağın hazırki dəyəri olan 24000 manat pulun alınaraq ona verilməsini tələb edir. Göründüyü kimi, cavabdeh X2 rayonu, Filfilli kəndində yerləşən 0,16 ha mübahisəli torpaq sahəsinin onda olduğunu, hal-hazırda istifadə etdiyini, lakin torpaq sahəsin İddiaçı alğı-satqı əsasında aldığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınırvə həmin reyestrdən çıxarışla rəsmiləşdirilir (Torpaq Məcəlləsi 66). Eyni zamanda, Mülki Məcəllənin 139-1.1.3-cü maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və B 192737 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Filfilli kəndində yerləşən 0,16 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi hüquq sahibi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və B 194498 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Filfilli kəndində yerləşən 0,16 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli, 2V-488 saylı şəhadətnaməyə əsasən hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 166 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən isə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göründüyü kimi, torpaq və mülki qanunvericiliyə əsasən torpaq üzərində mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatından keçirildikdən sonra yaranır. Məhkəmə kollegiyası izah edir ki, hər hansı əmlakın, o cümlədən torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən alınması tələblərinə baxılarkən aşağıdakı halların mövcudluğu araşdırmalıdır: a) əmlakın iddiaçıya mülkiyyət və ya başqa əşya hüququ ilə məxsus olması; b) əmlakın cavabdehin faktiki sahibliyində və istifadəsində olması; c) cavabdehin sahibliyinin (istifadəsinin) qanunsuz olması. Hazırki iş üzrə isə hər üç hal tamamililə araşdırılmışdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Oğuz rayonu, Filfilli kəndində yerləşən şəxsi evini və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsini kənd sakini X7 13500000 manata satmış, həmin alğı-satqı əməliyyatı xx.xx.1998-ci ildə öz aralarında olmuş, satıcı evlərin dəyərindən xx.xx.1999-cu il tarixədək 2 baş mal (iki milyon iki yüz min manat), 4 ədəd çek (bir milyon bir yüz iyirmi min manat), ******* manat yeməkxanada Tarıverdidən, 450000 manat Fətullahdan, 320000 manat 160 kq qoz, 110000 manat 220 ədəd pres, ******* manat Bəhramın toyunda, ******* manat evdə, ******* manat (Füzuli gətirib) olmaqla cəmi ******* manat almışdır. Daha sonra, tərəflər aralarında bağlanmış müqaviləni rəsmiləşdirərək xx.xx.2004-cü il tarixli, 177498 saylı müqaviləsi ilə, İddiaçı Oğuz rayonu Filfilli kəndində 829 kv.metr torpaq sahəsində yerləşən 1960-cı ildə tikilən 80,8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evini 13500000 manata X1. Beləliklə, həm xx.xx.1999-cu il tarixli “Qəbzdə”, həm də xx.xx.2004-cü il tarixli, 177498 saylı alğı-satqı müqaviləsinin predmeti İddiaçı mülkiyyətində olan Oğuz rayonu, Filfilli kəndində yerləşən 829 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində olan 80,8 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi olmuşdur. Cavabdeh X5 isə iddiasına görə, alğı-satqı zamanı ona 829 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində olan 80,8 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi ilə yanaşı ona iddiaçının anası mərhum X3 mülkiyyətində olmuş Oğuz rayonu, Filfilli kəndində yerləşən 0,16 ha torpaq sahəsi də satılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X10 həmin dövrdə iddiaçıya verilmiş 13500000 manat pulun iddiaçının mülkiyyətində olan ev, həyətyanı torpaq sahəsi və iddiaçının anasına məxsus olan mübahisəli 0.16 ha torpaq sahənə görə verildiyini bildirsə də, verilmiş pulun məhz 0.16 ha torpaq sahənə görə verilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası sübut etmə ilə bağlı qeyd edir ki, tərəf (və/və ya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Həmçinin, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Bundan başqa, iş materiallarından və qarşılıqlı iddia ərizəsindən də müəyyən edilir ki, cavabdeh X10 oğlu mübahisəli 0.16 ha torpaq sahəsinin onun mülkiyyətində olmadığını anlayır və qaytarmağa etiraz etmir. Eyni zamanda, cavabdeh X10 oğlu bugünədək mübahisəli 0.16 ha torpaq sahəsi ilə bağlı 1999-cu ildəki müqavilənin bağlanmış hesab edilməsi və ya başqa bir tələblə məhkəmədə iddia da qaldırmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin edərək mübahisəli torpaq sahəsini cavabdeh X4 alaraq iddiaçıya qaytarmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 bildirdilər ki, mübahisəli 0.16 ha torpaq isə satılmamışdır. Mübahisəli torpaq sahəsi isə anasına məxsus olmuşdur. Bu səbəbdən də torpağı satmamışdır. Mübahisəli torpağa baxmaq və əvəzsiz istifadə etmək üçün kənd sakinlərindən birinə vermək fikri olmuşdur. Həmin vaxt cavabdehi qardaşı mübahisəli torpağı istifadə üçün cavabdehə verməsini xahiş etmişdir. O da razılaşaraq torpağa baxılması məqsədilə əvəzsiz istifadə etmək üçün cavabdehə vermişdir. Kollegiya xüsusilə qeyd edir ki, mübahisəli torpaq sahəsi cavabdehə hətda iddiaçı və ya hansısa ailə üzvü tərəfindən verilmiş olsa belə (əvəzsiz istifadə üçün) cavabdeh X5 mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ yaranmamışdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi xx.xx.1999-cu il tarixli “Qəbzdə” mübahisəli 0.16 ha torpaq sahə ilə bağlı hər hansı qeydiyyat aparılmamışdır. Məhkəmə kollegiya eyni zamanda qeyd edir ki, xx.xx.2004-cü il tarixli, 177498 saylı alğı-satqı müqaviləsi ilə ev və həyətyanı torpaq sahəsi hazırki iş üzrə cavabvdehin adına rəsmiləşdirilən zaman və həmin vaxtdan keçən 20 illik dövr ərzində cavabdehin mübahisəli 0.16 ha torpaq sahəsi ilə bağlı hər hansı tələbi olmamışdır (etiraz verməmiş və məhkəmədə iddia qaldırmamışdır). Həmin məqamla bağlı birinci instansiya məhkəməsidə haqlı olaraq qeyd etmişdir ki, cavabdeh uzun illər ərzində mübahisəli torpaq sahəsini adına sənədləşdirməsi üçün səy göstərməmiş, deməli torpaq sahəsinin onun mülkiyyətində olmadığını bilərək həmin torpaq sahəsindən istifadə edilməsini davam etdirmişdir. Bundan başqa, cavabdeh X10 həmin dövrdə verilmiş 13500000 manat pulun həmçinin mübahisəli 0.16 ha torpaq sahəsi ilə bağlı verilməsindən müəyyən şəxslərin məlumatlı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası həmin halla bağlı qeyd edir ki, iş materiallarının 41 vərəqində olan “Qəbz” yalnız İddiaçı tərəfindən imzalanmışdır və həmin qəbzin tərtib edilməsində hansısa kənd sakininin və ya icra nümayəndəsinin iştirakı müəyyən edilmir. Eyni zamanda, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrindən də müəyyən edilir ki, həmiş şahidlər cavabdehin qohumu və yaxını olmuşlar. Eyni zamanda, şahidlər pulun və digər əmlakların verilməsini eşitdiklərini bildirmişlər. Xüsusən də, işdən alğı-satqıya görə pulun və digər əmlakların cavabdeh tərəfindən iddiaçıya müəyyən vaxtlarda verilməsi müəyyən olunur. Belə olan halda, həmin dövrdə verilmiş 13500000 manat pulun, eyni zamanda məhz mübahisəli 0.16 ha torpaq sahəsi ilə bağlı verilməsindən kimlərinsə məlumatlı olması da sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qarşılıqlı iddia tələbi ilə bağlı digər dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, cavabdeh X10 qarşılıqlı iddia ərizəsi verərək iddiaçıdan torpağın indiki dəyərini tələb etmişdir. Yəni, cavabdeh torpağa çəkilmiş hansısa xərci deyil, mübahisəli 0.16 ha torpaq sahəsinin məhz hazırki dəyəri olan 24000 manat pulu tələb etmişdir. Məhkəmə kollegiyası bununla bağlı ilkin olaraq qeyd edir ki, cavabdeh X10 mübahisəli 0.16 ha torpaq sahəsinin hazırki dəyərini tələb edirsə onda sübut etməlidir ki o, həmin torpağa (0.16 ha) görə iddiaçıya hər hansı pul ödəmişdir. xx.xx.1999-cu il tarixli “Qəbzdən” isə görünür ki, 13500000 manat pul Oğuz rayonu, Filfilli kəndində yerləşən 829 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində olan 80,8 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinə görə verilmişdir. Bundan başqa, xx.xx.2004-cü il tarixli alğı-satqı müqaviləsindən də müəyyən edilir ki, 13500000 manat pul iddiaçıya məxsus fərdi yaşayış evi və 829 kv.metr torpaq sahəsinə görə verilmişdir. Göründüyü kimi, cavabdeh X10 13500000 manat pulun digərləri ilə yanaşı məhz 0.16 ha torpaq sahəsi ilə bağlı verilməsini sübuta yetirə bilməmişdir. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini də təmin etməməkdə haqlı olmuşdur. Digər bir mühüm məqam isə ondan ibarətdir ki, ola bilsinki xx.xx.1999-cu il tarixli “Qəbz” tərtib edilən zaman cavabdeh tərəfindən mübahisəli 0.16 ha torpaq sahəsinin pulu tam olaraq ödənilmədiyindən iddiaçı “Qəbzdə” həmin torpaqla bağlı heç bir qeyd aparmamışdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, əmlakın pulu hissə-hissə və müəyyən vaxtlarda ödənmişdir. Lakin, iş üzrə tərəflər 2004-cü ildə notariat orqanında rəsmi alğı-satqı müqaviləsi bağlamışlar və cavabdeh tərəf əgər doğrudanda digərləri ilə yanaşı 0.16 ha torpaq sahəsinin də pulunu ödəmişdirsə onda həmin anda mübahisəli torpağında rəsmiləşdirilməsini tələb edə bilər. Kollegiya xüsusilə qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllə 404.2). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019 və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021ci il tarixli qərarlar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Bundan başqa, əgər nəzərə alınsaki 1998-1999-cu illərdə mübahisəli torpaq sahəsinin hüquqmüəyyəneddici sənədləri olmamışdır. Onda cavabdeh 1999-cu ildə tərtib edilmiş “Qəbzdə” heç olmasa mübahisəli torpağı adını qeyd edilməsini tələb edə bilərdi. Belə ki, həmin “Qəbz” tərəflər arasında əllə tərtib edilmiş və tərəflər istədikləri torpağın adını (hətta torpağın hüquqmüəyyəneddici sənədləri olmasa belə) qəbzə əlavə edə bilərdilər. Lakin göründüyü kimi, tərəflər arasında mübahisəli torpaqla bağlı hər hansı razılaşma olmadığandan həmin torpağın adı “Qəbzə” əlavə edilməmişdir. Bu kontekstdə, apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, ümumiyyətlə mübahisəli 0.16 ha torpağın alğı-satqının predmeti olması və həmin torpağın qarşılığı olaraq da pulun iddiaçıya ödənilməsi iş materialları ilə müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli 0.16 ha torpaq sahəsinin xx.xx.2024-cü il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışı hal-hazırda qüvvədədir və cavabdehin torpaq sahəsi üzərində heç bir hüququ yoxdur. Bundan başqa, Şəki İnzibati Məhkəməsinin müvafiq qətnaməsi də cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, yalnız cavabdeh tərəfin şifahi qaydada bildirdikləri əsasında onun hazırki iş üzrə qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlərdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(054)-333/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar