Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-129/2023 07.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı iş üzrə (açar sözlər: Torpaq mübahisələri – çıxarışın etibarsız hesab edilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiаçı - İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “cavabdehə DƏDRX-i tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilməsi və zəbt edilmiş ərazinin müəyyən edilərək cavabdehin zəbt olunmuş ərazidən məcburi qaydada çıxarılması tələbinə dair” mülki iş üzrə Qax Rаyоn Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(024)-270/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I.İşin halları
1. İş materiallarına əlavə edilmiş notariat işində olan **********32-10301 reyestr, ********** qeydiyyat nömrəli və xx.xx.2011-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın (№0081209) təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu İlisu kəndində yerləşən 0,0217 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli, 29,4 kv.m yaşayış, 9,5 kv.m yardımçı, 38, 9 kv.m ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evi X8 mülkiyyətindədir.
2. İş materiallarına əlavə edilmiş notariat işində olan DƏDRX-nin Şəki Ərazi İdarəsinin 31 avqust 2012-ci il tarixli, 1594 saylı daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reystrindən arayışa əsasən hüquq sahibi X8 Qax rayonu İlusu kəndində yerləşən torpaq sahəsinin ölçüsü hüquq müəyyənedici sənəd üzrə 0,025 ha, faktiki isə 0,0217 ha-dır.
3. İş materiallarına əlavə edilmiş notariat işində olan Qax rayon DNK-nin xx.xx.2012ci il tarixli 4Ə-411 saylı bağışlama müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X5 rayonu İlusu kəndində mülkiyyətində olan 0,0217 ha. həyətyanı torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 29,4 kv.m yaşayış, 9,5 kv.m yardımçı, 38, 9 kv.m ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evini nənəsi X2 bağışlamışdır.
4. İş materiallarında olan **********32-10301 reyestr, ********** qeydiyyat nömrəli və xx.xx.2012-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın (№ 0015883) surətindən görünür ki, Qax rayonu İlisu kəndində yerləşən 0,0217 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli, 29,4 kv.m yaşayış, 9,5 kv.m yardımçı, 38,9 kv.m ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evi X1 mülkiyyətindədir.
5. İş materiallarında olan **********32-10301 reyestr nömrəli texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, həmin sənədin verilməsinə əsas Qax rayon DNK-nin xx.xx.2012-ci il tarixli 4Ə-411 saylı bağışlama müqaviləsi olmuşdur.
6. İş materiallarına əlavə edilmiş **********32-10301 reyestr, ********** qeydiyyat nömrəli və xx.xx.2016-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın (№ 0798716) təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu İlisu kəndində yerləşən 0,0217 ha. torpaq sahəsi və üzərindəki 1 mərtəbəli, 29,4 kv.m yaşayış, 9,5 kv.m yardımçı, 38, 9 kv.m ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evi X9, X4 və Cavabdeh1nin ümumi birgə mülkiyyətindədir.
7. İş materiallarında olan DƏDRX-nin Şəki Ərazi İdarəsinin verdiyi **********06-10301 reyestr, ********** qeydiyyat nömrəli və xx.xx.2018-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın (№1177903) təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu İlisu kəndində yerləşən 0.03 ha. torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir
8. İş materiallarında olan **********06-10301 reyestr nömrəli texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, həmin sənədin verilməsinə əsas Qax rayon DNK-nun 2V- 90 saylı, xx.xx.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi olmuşdur və xüsusi qeydlər hissəsindən görünür ki, 0.144 ha torpaq sahəsi zəbt olunmuş, C-D tikililəri zəbt torpaq sahəsində yerləşir.
9. İş materiallarında olan İlisu Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 04 saylı arayışından görünür ki, İddiaçı məxsus 0.03 ha həyətyanı torpaq sahəsinə bitişik istifadəsində olan 0.0144 ha. zəbt torpaq sahəsi vardır.
10. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehə DƏDRX-i tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilməsi və zəbt edilmiş ərazinin müəyyən edilərək cavabdehin zəbt olunmuş ərazidən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
11. İddia ərizəsində göstərilmişdir ki, iddiaçının Qax rayonu İlisu kəndi ərazisində 0.03 ha. həyətyanı torpaq sahəsi və evi vardır. Həmin ev və torpaq sahəsi cavabdehlə qonşuluqdadır. Cavabdehin anası Məryəm Xəlilovaya əmisi X10 202.28 ha torpaq sahəsi bağışlamışdır. Lakin cavabdeh Çıxarış əldə edərkən ona məxsus ərazini zəbt edərək 0.0217 kv.m torpaq sahəsini qeydiyyata aldırmışdır. Faktiki olaraq onun 0.03 ha. torpaq sahəsinin 0.0017 ha. hissəsi cavabdeh tərəfindən qanunsuz mənimsənilmiş və DƏDRX-də öz adına qeydiyyata alınmış və düzgün olmayan sərhəddə hasar barı tikmişdir. Qeyd edilən faktları mərhum əmisi X6 adına olan Torpaq sahəsinin Planı və ölçü sənədindən və Qaytanlanmış kitabdan Çıxarışdan və digər hüquqi sənədlərdən görmək mümkündür. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehə DƏDRX-i tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilməsi və zəbt edilmiş ərazinin müəyyən edilərək cavabdehin zəbt olunmuş ərazidən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək göstərmişdir ki, iddiaçının göstərdikləri əsassızdır. DƏDRX-i tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış Cavabdeh1 anası X2 X10 tərəfindən bağışlama müqaviləsi əsasında verilmiş, həmin Çıxarış tam qanuni əsaslarla alınmışdır. Ona görə də, iddianın rədd edilməsini xahiş etmişdir.
14. Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 14 sentyabr 2022-ci il tarixli, 2(024)-270/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, İddiaçı Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “cavabdehə DƏDRX-i tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilməsi və zəbt edilmiş ərazinin müəyyən edilərək cavabdehin zəbt olunmuş ərazidən məcburi qaydada çıxarılması tələbi”nə dair iddiası rədd edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, DƏDRX-i tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış Qax rayon DNK-nin xx.xx.2012-ci il tarixli 4Ə-411 saylı bağışlama müqaviləsi əsasında verilmiş, iddiaçı həmin sənədin verilməsinə əsas olmuş bağışlama müqaviləsini mübahisələndirmədən həmin Çıxarışın etirbarsız hesab edilməsini tələb etmişdir. Eyni zamanda iddiaçı faktiki olaraq onun 0.03 ha torpaq sahəsinin 0.0017 ha hissəsi cavabdeh tərəfindən qanunsuz mənimsənildiyini göstərsə də. bununla bağlı məhkəməyə əsaslı və mötəbər sübut təqdim etməmişdir. DƏDRX-i tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsızlığı sübuta yetmədiyi üçün iddia tələbinin “zəbt edilmiş ərazinin müəyyən edilərək cavabdehin zəbt olunmuş ərazidən məcburi qaydada çıxarılması”na dair hissəsi də əsassızdır.
16. İddiаçı Qax Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(024)-270/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehə iddiaçının əmisi X10 202.28 ha. torpaq sahəsi bağışlamışdır. Lakin cavabdeh çıxarış əldə edərkən iddiaçıya məxsus ərazini zəbt edərək 0.0217 km torpaq sahəsini qeydiyyata aldırmışdır. Faktiki olaraq onun 0.03 ha torpaq sahəsinin 0.0017 ha. hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, mübahisələndirilmiş çıxarış bağışlama müqaviləsi əsasında verilmişdir. Bağışlama müqaviləsi mübahisələndirilmədiyi üçün çıxarışın etibarsız hesab edilməsi mümkün deyil. Qeyd etdiyi kimi cavabdehə 202.28 ha. torpaq sahəsi bağışlanmışdır. Çıxarış əldə olunarkən isə ona məxsus olan torpaq sahəsi cavabdehin çıxarışına qanunsuz olaraq işlənmişdir. Buna görə də hazırkı iş üzrə bağışlanma müqaviləsinin mübahisələndirilməsinə zərurət yoxdur. Hesab edir ki, məhkəmə cavabdehə nə qədər torpaq sahəsi bağışlandığını, çıxarış əldə olunarkən nə qədər torpaq sahəsinə çıxarış verildiyini və faktiki olaraq cavabdehin nə qədər torpaq sahəsinin növcud olduğu araşdırılmalı idi. Hesab edir ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Ona görə də, Qax Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(024)- 270/2022 saylı qətnaməsinin tamamilə ləğv olunması və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iddiаçı İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Qax Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(024)-270/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının qərardadı ilə X9, X4 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər.
20. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh1 və üçüncü şəxslər X9, X4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 24.Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
25. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
28. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
V. Apellyasiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(024)-270/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
41. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
42. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinin 12 saylı Şəki Ərazi idarəsinin verdiyi **********06-10301 reyestr, ********** qeydiyyat nömrəli və xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu İlisu kəndində yerləşən 0.03 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmiş, həmin sənədin verilməsinə əsas Qax rayon DNK-nun 2V-90 saylı, xx.xx.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi olmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinin verdiyi **********32-10301 reyestr, ********** qeydiyyat nömrəli və xx.xx.2012-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın (№ 0015883) əsasən Qax rayonu İlisu kəndində yerləşən 0.0217 ha. torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi iş üzrə Cavabdeh1 anası X1 mülkiyyətinə verilmiş və həmin sənədin verilməsinə əsas Qax rayon DNK-nin xx.xx.2012-ci il tarixli 4Ə-411 saylı bağışlama müqaviləsi olmuşdur. İddiaçı DƏDRX-i tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilməsi və zəbt edilmiş ərazinin müəyyən edilərək cavabdehin zəbt olunmuş ərazidən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
43. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda qeyd edilən qaydada həll etmiş, iddiaçı bununla razılaşmayaraq apellyasiya şikayəti vermişdir.
44. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, idddiaçının mübahisələndirildiyi xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış hal-hazırda mövcud deyildir. Belə ki, həmin Çıxarışa əsasən X1 mülkiyyətində olmuş 0,0217 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi hazırkı iş üzrə Cavabdeh1 və apellyasiya instansiyası məhkəməsi tərəfindən üçüncü şəxs qismində işə cəlb edilmiş X9, X3 ümumi birgə mülkiyyətinə keçmiş və sonuncuların mülkiyət hüquqları daşınmaz əmlakın dövlət reyesrində qeydə alınmışdır. (bax 6-cı bənd)
45. İkincisi, işə əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, cavabdehin anası X1 bağışlama yolu ilə əldə etdiyi torpaq sahəsinin ölçüsü iddiaçının bəyan etdiyi kimi 202 m2 deyil, 217 m2 olmuşdur.
46. Üçüncüsü, iddiaçının iddia ərizəsində istinad etdiyi və iş materiallarında olan torpaq sahəsinin planı və ölçüsü sənədinin ksero surətindən görünür ki, həmin sənəd səlahiyyətli şəxs tərəfindən imzalanmamış, möhürlə təsdiqlənməmiş və Dövlət kadastr kitabında qeydə alınmamışdır. Ona görə də həmin sənədə ilkin sənəd kimi istinad etmək və onu mötəbər sübut kimi qiymətləndirmək yol verilməzdir.
47. Nəhayət, məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi hal-hazırda cavabdehin anası X1 mülkiyyətində olmuş olsaydı belə, sonuncunun mülkiyyətinə bağışlama müqaviləsi əsasında keçdiyindən, əvvəlcə həmin bağışlama müqaviləsi mübahisələndirilə bilərdi.
48. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə eldiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasmm yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir».
49. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
50. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
51. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.
52. Hazırkı mübahisədə iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Sübutetmə yükü iddiaçının üzərinə düşsə də o, bu barədə sübutları işə baxan məhkəmələrə təqdim edə bilməmişdir. Əksinə, iş materiallarından göründüyü və iddiaçının özünün də məhkəmə kollegiyasının iclasında etiraf etdiyi kimi onun mülkiyyətində olan 0,03 ha. həyətyanı torpaq sahəsindən əlavə 144 m2 zəbt torpaq sahəsi vardır.
53. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı öz tələblərinin qanuni əsasını düzgün müəyyən etməmiş, iddia tələbləri və apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmuşdur.
54. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(024)-270/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiаçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(024)-270/2022 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.