Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1305/2021 06.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X14, İddiaçı, Cavabdeh, 3-cü şəxs X8 nümayəndəsi X15 və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(063)-79/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh və üçüncü şəxs X16 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbi barədə iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh ilə 25 dekabr 2003-cü ildə birgə nikahlarından 19 noyabr 2003-cü ildə anadan olmuş X9 və 10 fevral 2014-cü ildə anadan olmuş X10 ilə birlikdə cavabdehin Ucar rayonu, Qarabörk kəndi ərazisində yaşadığı evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(063)-79/2021 nömrəli (hakim H.Xəlilov) qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları-19 noyabr 2003-cü ildə doğulmuş X9 və 10 fevral 2014-cü ildə doğulmuş X10 ilə birlikdə Cavabdeh yaşadığı Ucar rayonu, Qarabörk kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh və 3-cü şəxs X16 apellyasiya şikayəti vermişlər. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırmışdır ki, onun cavabdeh ilə nikahları 25 dekabr 2003cü ildə Ucar rayon qeydiyyat şöbəsində 316 nömrə ilə qeydə alınmışdır. 19 noyabr 2003cü ildə X9, 09 avqust 2005-ci ildə X11 və 10 fevral 2014-cü il tarixdə X10 adlı üç uşaqları anadan olmuşdur. O, cavabdehin qeydiyyatda olduğu Ucar rayonu, Bağman kəndinə gəlin köçdükdən sonra bir müddət orada yaşadıqdan sonra bir neçə illərdir ki, Ucar rayonu, Qarabörk kəndi ərazisində özlərinə məxsus üç otaqdan ibarət fərdi yaşayış evi inşa etmişlər. Mərhum atasının ölümündən sonra ona məxsus evi satmış, həmin pulu Qarabörk kəndində inşa etdikləri tikintiyə xərcləmişlər. Əvvəllər cavabdehlə münasibətləri yaxşı olsa da sonradan cavabdehin təqsiri üzündən aralarında olan münasibət kəskin şəkildə pozulmuşdur. Belə ki, cavabdeh həm ona, həm də uşaqlarına qarşı laqeyid münasibət bəsləmiş, onu uşaqları ilə birlikdə Ucar rayonu, Qarabörk kəndində yerləşən fərdi yaşadıqları evdən qovmuşdur. Bir ildən artıqdır ki, iki uşağı ilə birlikdə kirayəşin yaşayır. Lakin sonradan cavabdeh onunla birgə yaşayan övladı X6 öz yanına aparmış, hal-hazırda X9 və X10 onunla yaşayırlar. Ucar rayonu, Bağman kəndindən köçüb Ucar rayonu, Qarabörk kəndində inşa etdikləri evə köçərkən özünə məxsus bütün cehiz əmlakını da halhazırda cavabdehin Ucar rayonu, Qarabörk kəndində yaşadığı evə yığmışdır. Qarabörk kəndində inşa etdikləri fərdi yaşayış evinə çəkilmiş su sayğacı da onun adındadır. Uşaqları başqa yerdə saxlamaq onun üçün olduqca çətin olduğundan dəfələrlə uşaqları ilə birlikdə Ucar rayonu, Qarabörk kəndində cavabdehlə birlikdə inşa etdikləri evə getsələr də nə onu, nə də uşaqları yaşamaq üçün evə qoymur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: X16 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ucar rayon Məhkəməsi isə mahiyyəti üzrə baxsada, işin faktiki halları tam və hərtərəfli araşdırılmamış, məhkəmə onunla heç bir ailə münasibətlərində olmayan bu şəxsləri evinə köçürməsi, məhkəmə ədalətsizliyidir. Onun mülkiyyəti üzərində Ali qanunla təminat verilən hüquqlarımın pozulmasıdır. Hesab edir ki, məhkəmə iddianı təmin etməkdə əsaslı olmamış mülkiyyət üzərində hüquqlarını pozmuşdur: iddiaçı onun qardaşının həyat yoldaşı olmuşdur. Onlar ailə quran zaman yəni 2002-ci ildə onların ata evinə Ucar rayon Bağman kəndində yerləşən evə köçmüşlər. İddiaçı Qətnamədə qeyd edildiyi kimi Ucar şəhəri, R.Ə.Rəsulzadə küçəsi 4 mənzil 2-də daimi qeydiyyatdadır. qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Ucar rayon Məhkəməsinin 23 fevral 2021 -ci il tarixli, İş № 2(063)-79/2021 saylı, qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni məhkəmə qətnamə çıxarılaraq iddiaçı X2 və uşaqların 19 noyabr 2003-ci il təvəllüdlü X3, 10 fevral 2014-cü il təvəllüdlü X10 ilə birlikdə Ucar rayonu Qarabörk kəndində yerləşən onun mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, məhkəmə iddianı təmin etməkdə əsaslı olmamışdır. iddiaçı onun həyat yoldaşı olmuşdur. onlar ailə quran zaman yəni 2002-ci ildə onların ata evinə Ucar rayon Bağman kəndində yerləşən evə köçmüşdür. iddiaçı Qətnamədə qeyd edildiyi kimi Ucar şəhəri, R.Ə.Rəsulzadə küçəsi 4 mənzil 2-də daimi qeydiyyatdadır. Cavabdeh olaraq o Ucar rayon Bağman kəndində qeydiyyatdadır. onların arasında olan nigah qeydi Ucar rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlardan birinin onun yanında qalması digər ikisinin isə iddiaçının yanında qalması qət edilmişdir. o, iddianı qəbul etmir. Ona aid olmayan bir evə iddiaçının köçürülməyi mümkün deyildir. Məhkəmə başqasının mülkiyyətinə iddiaçının köçürülmə tələbinin onun adı ilə təmin etmişdir. Bütün bunları qəbul etmir, əsassız hesab edir. qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Ucar rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(063)- 79/2021 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni məhkəmə qətnaməsi çıxarılaraq iddiaçı X2 və uşaqların 19 noyabr 2003-cu il təvəllüdlü X3, 10 fevral 2014-cü il təvəllüdlü X10 ilə bilrikdə Ucar rayonu Qarabörük kəndində yerləşən onun mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qeyd olunan mübahisəli evin ona heç bir aidiyyəti yoxdur. Həmin ev qardaşı Əlisəfaya məxsusdur. O, iddiaçı ilə birgə nikahda olarkən bir müddət Bakı şəhərində kirayədə yaşamış, kəndə qayıtdıqda isə qardaşına məxsus evdə yaşamışdır. Əgər iddiaçı istəyirsə uşaqlarına görə öz ata yurdundan bir otaqlı ev verə bilər. Hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayətinin təmin olunmasını kollegiyadan xahiş edir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X8 nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli evin iddiaçıya və qardaşı İldırıma heç bir aidiyyəti yoxdur. Həmin ev digər qardaşı Əlisəfaya məxsusdur. Belə ki, Əlisəfa 2011-ci il tarixdə həmin torpaq sahəsini Kamran adlı şəxsdən almış, üzərində ev inşa etdirmişdir. İddiaçı İldırımla birgə nikahda olarkən bir müddət Bakı şəhərində kirayədə yaşamış, kəndə qayıdanda isə müvəqqəti olaraq Əlisəfaya məxsus evdə yaşamışlar. Çünki Əlisəfa çox vat Rusiyada olurdu. Odur ki, Ucar Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın təmin olunmamasını kollgiyadan xahiş edir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin vəkili X7 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, hazırki qətnaməni qəbul etməklə mülkiyyətçi X8 hüquqlarını pozmuşdur. Belə ki, iş materialları ilə tam sübut olunur ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi 2011-ci il tarixdə Kamran adlı şəxs tərəfindən notarial qaydada Əlisəfaya satılmışdır. İşdə olan texniki pasportdan da görünür ki, torpaq satılarkən üzərində yarımçıq tikililər də olmuş, sonradan sonuncu tərəfindən ev inşa edilərək, hüquq müəyyənedici sənəd verilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayətinin təmin olunmasını kollegiyadan xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək bildirmişdir ki, mübahisəli evi birgə nikah dövründə özləri tikmişdir. O, toyuq-cücə saxlamaqla, əlinin zəhməti ilə həmin evi tikmişdir. Başqa heç bir yerdən yaşayış tələb etmir. Yalnız həmin evdə yaşamaq istəyir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ucar Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(063)-79/2021 nömrəli qətnaməsi ləğv edilməlidir . Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu baxımdan tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Nikahın pozulması haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X4 nikahı ləğv edilmiş və bu barədə 10 avqust 2020-ci ildə Ucar rayon qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 75 nömrə ilə qeyd edilmişdir. Ucar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışlardan görünür ki, ata Cavabdeh və ana X12 olan X9 19 noyabr 2003-cü ildə və X10 10 fevral 2014-cü ildə doğulmuşlar. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 adına Ucar rayonu, Qarabörk kəndində 0.05 ha xüsusi mülkiyyətində olan torpaq sahəsində ümumi sahəsi 83.0 kv.m olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində 16 dekabr 2020-ci ildə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin 27 noyabr 2020-ci il tarixli, **********84 nömrəli məktubundan görünür ki, İsmayılova (Novruzova) Samirə Niyazi qızının və Cavabdeh adlarına Ucar rayonu, Qarabörk kəndində qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 dekabr 2020-ci il tarixli, 1336 nömrəli məktubundan görünür ki, Ucar rayonu, Qarabörk kəndində Cavabdeh ilə X4 birgə yaşadıqları evin kimə məxsus olması barəsində nümayəndəlikdə heç bir qeydiyyat aparılmamış, həmçinin, həmin şəxslərin Qarabörk kəndində qeydiyyatda olmadıqları müəyyən edilmişdir. Evin kimə məxsus torpaq sahəsində inşa edilməsini öyrənmək üçün Qarabörk kənd bələdiyyəsinə müraciət etsələr də onlarda da həmin evin inşa edildiyi torpaq sahəsinin kimə məxsus olması müəyyən edilməmişdir. Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26 yanvar 2021-ci il tarixli, 108 nömrəli arayışından görünür ki, İddiaçı Ucar şəhərində qeydiyyatda olsa da uzun illər Ucar rayonu, Qarabörk kəndində ailəsi ilə birgə yaşamışdır. İş materiallarından görünür ki, 01 noyabr 2014-cü il tarixdə “Azərsu” Açıq Səhdar Cəmiyyətinin 2 nömrəli Regional Sukanal İdarəsinin Ucar sukanal sahəsi ilə Samirə Novruzova arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə bağlanmışdır, müqavilədə xidmət ünvanı kimi Qarabörk kəndi, ev 79/A göstərilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, iddiaçı, Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 4, mənzil 2-də qeydiyyatdadır. AA******* nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, cavabdeh, Ucar rayonu, Bağman kəndində qeydiyyatdadır. AZE seriyalı, 13634706 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 rayonu, Bağman kəndində qeydiyyatdadır. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tələbin qanuni əsasını seçərkən səhvə yol vermişlər. Həmin evə keçmiş gəlinin irəli sürdüyü tələbə kirayədə olan mənzillərin hüquqi rejimini nizama salan maddi hüquq normaları ilə deyil, mülkiyyətdə olan mənzilə dair irəli sürülmüş tələb kimi Mülki Məcəllənin müvafiq normaları tətbiq edilməli idi. Məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh 2003-cü il tarixdə ailə qurmuş, 2020-ci il tarixdə rəsmi qaydada boşanmışlar. İddiaçı boşanan vaxtadək cavabdehlə birlikdə ailə kimi yaşamış və onunla birgə təsərrüfat aparmışdır. Sözügedən yaşayış evinin yerləşdiyi torpaq sahəsi 2011-ci il tarixli notarial qaydada rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Kamran İbrahimov tərəfindən Əlisəfa Novruzova satılmış, həmin vaxtdan da sonuncunun sahiblik və istifadə hüququ olmaqla yanaşı, əmlaka gözlənilən mülkiyyət hüququ yaranmışdır. Sonradan yəni 2020-ci il tarixdə mübahisəli əmlak Ə.Novruzovun mülkiyyətinə keçərək, sonuncunun adına mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) verilmişdir. Göründüyü kimi iddiaçı həmin evdə yaşayarkən qayını Əlisəfa Novruzov və ailənin digər üzvləri tərəfindən yeni ailə üzvü kimi qəbul olunmuş, iddiaçı bu evdə digər ailə üzvləri ilə birgə yaşamış və ümumi təsərrüfatın aparılmasında (idarə olunmasında) iştirak etmişdir. Ailə münasibətləri pozulan iddiaçı 2020-ci ildə azyaşlı uşaqları ilə birlikdə mübahisəli evi tərk edib atası evinə getmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tələbin qanuni əsasını seçərkən səhvə yol vermişdir. Belə ki, mübahisəli fərdi ev X13 məxsus olmuş, iddiaçı həmin evə gəlin gələndə və ya yaşayanda artıq cavabdehin həmin evə gözlənilən mülkiyət hüquqları vardı. İşə baxan birinci instansiya məhkəməsi mübahisəyə 2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsinin normalarını tətbiq etməkdə səhvə yol vermişlər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələbə mülkiyyətin müdafiəsinə dair maddi hüquq normaları tətbiq edilməklə cavabdehin mülkiyyət hüquqları qorunmalı idi. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3. bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4. bənddə isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportların mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 16.12.2020-ci il tarixli çıxarışdan və həmin çıxarışa əlavə edilmiş fərdi yaşayış evinə dair texniki pasportdan müəyyən edilir ki, mübahisəli Ucar rayonu Qarabörk kəndində 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X13 (mülki iş səhifə 41-44) məxsus olmuş, sonda sonuncunun adına mülkiyyət hüququnu təsdiq edən sənəd verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin evdə yaşamış (köçmüş) gəlinin irəli sürdüyü tələbə kirayədə olan mənzillərin hüquqi rejimini nizama salan maddi hüquq normaları tətbiq edilməklə səhvə yol verilmişdir. Belə ki, bu halda mülkiyyət, o cümlədən gözlənilən mülkiyyət hüququna daha üstün mövqedən yanaşılaraq Mülki Məcəllənin müvafiq normaları tətbiq edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. İddiaçı və onun azyaşlı övladı isə mübahisəli evin (mənzilin) hazırkı mülkiyyətçisi olan cavabdeh X8 qeyd olunan ailə üzvləri sırasına daxil deyil və onların istifadə hüququnun tanınması üçün mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Hazırkı işdə isə müəyyən edildi ki, belə razılaşma mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı (Novruzova) və onun yetkinlik yaşına çatmayan uşaqlarının mübahisəli fərdi yaşayış evinə dair istifadə hüququ əmələ gəlməmişdir. Ona görə də, onların mübahisəli evə köçürülməsi tələbləri əsassızdır. İddiaçının istinad etdiyi hallar isə əsassızdır. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh başqa bir yaşayış evindən iddiaçı və uşaqlarına yaşayış otağının ayrılmasına etiraz etmədiyini bildirir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı heç də yaşayış yeri üzə təminatsız deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. . Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh və üçüncü şəxs X16 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Ucar Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(063)-79/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh və 3-cü şəxs X13 qarşı “19 noyabr 2003-cü ildə anadan olmuş X9 və 10 fevral 2014-cü ildə anadan olmuş X10 ilə birlikdə cavabdehin Ucar rayonu, Qarabörk kəndi ərazisində yaşadığı evə köçürülmələri” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1305/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1305/2021
06.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver