Məhkəmə qərarları › İş №2(107)-1306/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1306/2021

09.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1306/2021 09.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı "mərhum atası X2 miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən fərdi yaşayış evində və digər əmlakda mirasın qəbul edilməsi faktının tanınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- mirasın qəbul edilməsi faktının tanınması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2 və Hacımuradova (Əhmədova) Gülbahar Hacımurad qızının iştirakları ilə, Qax Rayon Məhkəməsinin 17 mart 2021-ci il tаrixli, 2(024)-112/2021 saylı qətnaməsindən iş üzrə İddiaçı verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum atası X2 miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən fərdi yaşayış evində və digər əmlakda mirasın qəbul edilməsi faktının tanınması və həmin əmlaklarda onun payının tam olaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılıb qətnamə qəbul edilənədək İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək mərhum atası X2 miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən fərdi yaşayış evində və digər əmlakda mirasın qəbul edilməsi faktının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X4 mülkiyyətində Qax rayonu Əmircan kəndində yerləşən mənzil vardır. X1 03.01.1994-cü il tarixdə vəfat etmişdir. X4 7 vərəsəsi vardır. 03.01.1994-cü il tarixdən bu günə kimi mirasla bağlı ondan başqa heç kim notariusa müraciət etməmiş, mirası faktiki qəbul və idarə etməmişdir. O, miras əmlaka sahiblik edərək əmlakı idarə etmişdir. Yəni mirası faktiki olaraq qəbul etmişdir. Gülbahar və Zöhrə 1991-1993-cü il tarixlərdə ərə getmişlər və ər evində yaşamışlar. Hürü isə 2000-ci il tarixdə ərə getmiş və ər evində yaşamışdır. X18 isə 2003-cü ildən sonra Rusiya Federasiyasına getmişdir. Hazırda Rusiya Federasiyasının Tolyatti şəhərində yaşayır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən mərhum atası X2 miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən fərdi yaşayış evində və digər əmlakda mirasın qəbul edilməsi faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Qax Rayon Məhkəməsinin 17 mart 2021-ci il tаrixli, 2(024)-112/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Hacımuradova Zöhrə Hacımurad qızı, X10, Cavabdeh2 və Hacımuradova (Əhmədova) Gülbahar Hacımurad qızına qarşı “mərhum atası Hacımuradov Hacımurad Qədir oğlundan miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən fərdi yaşayış evində və digər əmlakda mirasın qəbul edilməsi faktının tannıması” barədə iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Qax rayonu Əmircan kəndində qeydiyyatdadır. Qax rayonu Əmircan kəndində 0.15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 60.50 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qax rayonu Əmircan kəndində yerləşən fərdi yaşayış evinin hüququ subyekti X5r., İddiaçı Hcımurad oğlunun atası X9, anası isə X8r. X11 31.03.2020-ci il tarixdə vəfat etmişdir. X11 vəfat etdikdən sonra həmin təsərrüfata İddiaçı Hacımurad oğlu nəzarət edir. Qax rayon Əmircan Bələdiyyəsinin verdiyi arayışdan görünür ki, mərhum Hacımurad Hacımuradovun vergilərinin elektron qeydiyyatı onun oğlu Cavabdeh5 adına aparılsa da, həmin vergilərin ödənişini İddiaçı aparır. Qax rayon Notariat ofisinin 13 sentyabr 2020-ci il tarixli № 621 saylı məktubu ilə müəyyən edilir ki, mərhum Hacımuradova Gülüzar Mamaş qızının adına olan torpaq sahəsinin hüquq müəyyənedici sənədi olmadığına görə, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Notariat Ofisinə təqdim edilən 16.12.1964-cü il tarixli AZ-0786412 saylı doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı X6 qanun üzrə vərəsələrindən biridir. Göstərilənlərə əsasən İddiaçı hüquqi xidmət göstərilməsi üçün mərhum anası X6 qanun üzrə vərəsəsi olması nəzərə alınaraq ona vərəslik hüququ haqqında şəhadətnamə verilməsi üçün Çıxarış və texniki pasportun verilməsi xahiş edilmişdir. Qax rayon İHB-nın Əmircan kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi arayışla müəyyən edliri ki, X1 öldüyü günədək, yəni 03.01.1994-cü il tarixədək Qax rayonunun Əmircan kəndində yaşamışdır. Mərhum ölən günə kimi və öləndən sonra onunla birlikdə həmin ünvanda Cavabdeh1, Cavabdeh5, Hacımuradova Zöhrə Hacımurad qızı, İddiaçı, X10, Cavabdeh2 və Hacımuradova (Əhmədova) Gülbahar Hacımurad qızından ibarət vərəsəsi qalmışdır. Cavabdeh2 Qax rayonu Qaradolaq kəndində pasport qeydiyyatındadır. Cavabdeh3 Qax rayonu Qax-İngiloy kəndində pasport qeydiyyatındadır. Cavabdeh4 Qax rayonu Qorağan kəndində pasport qeydiyyatındadır. Cavabdeh5 Qax rayonu Əmircan kəndində pasport qeydiyyatındadır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Tərəflərin mərhum atası Hacımuradov Hacımurad Qədir oğlu öldüyü günədək, yəni 03.01.1994-cü il tarixədək Qax rayonunun Əmircan kəndində yaşamışdır. Mərhum ölən günə kimi və öləndən sonra onunla birlikdə həmin ünvanda Cavabdeh1, Cavabdeh5, İddiaçı, X7, X10, Cavabdeh2 və Hacımuradova (Əhmədova) Gülbahar Hacımurad qızından ibarət vərəsələri qalmışdır. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, Hacımurad Hacımuradovun ölümündən sonra miras qalmış evdə arvadı Gülüzar Hacımuradova öldüyü günə qədər, yəni 2020-ci ilədək yaşamış, iddiaçı anasının ölümündən sonra miras əmlakda yaşamağa başlamış, digər vərəslər isə miras əmlakla daimi əlaqələri olmuş, həmin evə gedib-gəlmişlər. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab etmişdir ki, İddiaçı X13 Qədir oğlundan miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı faktiki qəbul etməsi sübuta yetirilmədiyindən iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci, 1243.2-ci, 1243.3-cü, 1245-ci, 1246-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə hakim tərəfindən qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamışdır. Qax rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli, 2(024)- 112/2021 saylı qətnaməsi əsassız və qanunsuzdur. Qətnamə qəbul edilərkən iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki,apelyator cavabdehlərin mirası qəbul etmədiklərini, onun isə miras əmlakını faktiki qəbul etdiyini sübut etsə də, məhkəmə sübutları nəzərə almamışdır. Məhkəmə iclasında Cavabdeh1 izahatnda mübahisəli evdə mənim və digər cavabdehlər İslam və Hürünün 4 il yaşadığını, sonra isə cavabdehlərin evi tərk etdiyini bildirmişdir. Eyni zamanda digər cavabdehlər eyni məzmunlu izahat vermişdir. Bundan əlavə məhkəmə iclasında cavabdeh Zöhrə Hacımuradova, məhkəmə iclasında dindirilərkən qeyd etmişdir ki, o və Gülbahar 1991- 1993-cü illərdə ərə getmişlər və ər evində yaşamışlar. Cavabdeh2 isə 2000-ci ildə ərə getmiş və miras əmlakla faktiki olaraq əlaqələri kəsilmişdir. Bundan əlavə olaraq onun tərəfindən məhkəməyə təqdim edilmiş Əmircan kənd bələdiyyəsi tərəfindən və Əmircan kənd İ.Ə.N-si tətəfindən verilmiş müvafiq arayışlarla onun miras əmlakı faktiki olaraq qəbul etməyi tam sübuta yetirilmişdir. Lakin, məhkəmə qətnamə qəbul edərkən qeyd olunan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Odur ki, o, Qax rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli, 2(024)-l 12/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak edərək əvvəlki məhkəmə iclasında dediklərini müdafiə etdiyini bildirmiş və Qax Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli, 2(024)-l 12/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, X7, Cavabdeh2 və Hacımuradova (Əhmədova) Gülbahar Hacımurad qızı məhkəmə kollegiyasının iclasında iştirak etmiş və ədalətli qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh5 əvvəlki məhkəmə iclasında iştirak etsə də, 09 avqust tarixli məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Qax Rayon Notariat Ofisinin nümayəndəsi və X10 məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 2000-ci ilin sentyаbr аyının 1-dək qüvvədə оlmuş Аzərbаycаn Respublikаsı (keçmiş Аzərbаycаn SSR) Mülki Məcəlləsinin 527-ci mаddəsinə əsаsən vərəsəlik qаnun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qаnun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci mаddəsinə görə vərəsəlik mirаs qоyаn şəxsin ölməsi ilə, yаxud оnun ölmüş elаn edilməsi ilə аçılır. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmələr mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair işlərə baxırlar. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Qax Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli, 2(024)-l 12/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etmişdir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq tam rədd etmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 17 mart 2021-ci il tаrixli, 2(024)-112/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Qax rayonu Əmircan kəndində 0.15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 60.50 kv.m olan fərdi yaşayış evi 1960-cı ildə inşa edilmiş və təsərrüfatbaşına kitabda X4 adına qeyd edilmişdir. Daha sonra Qax rayonu Əmircan kəndində 0.15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 60.50 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qax rayonu Əmircan kəndində yerləşən fərdi yaşayış evinin hüququ subyekti X5r. X1 ilə X11 nikahlarını 14 dekabr 1957-ci il tarixdə qeyd etdirmişlər. X1 03.01.1994-cü il tarixdə Qax rayonunun Əmircan kəndində ölmüşdür. Onun ölümündən sonra Cavabdeh1, Cavabdeh5, İddiaçı, X7, X10, Cavabdeh2 və Hacımuradova (Əhmədova) Gülbahar Hacımurad qızından ibarət vərəsələri qalmışdır. Eyni zamanda arvadı X11 31.03.2020-ci il tarixdə vəfat etmişdir. Eyni zamanda məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, X1 03.01.1994-cü il tarixdə Qax rayonunun Əmircan kəndində öldükdən sonra vərəsəsi İddiaçı mübahisəli miras evdə yaşamış, mirası faktiki olaraq qəbul etmiş, 2003-cü ilə kimi orada yaşamışdır. İşin bu halı iş materialları və tərəflərin izahatları ilə müəyyən edilir. Kollegiyanın iclasında iştirak edən cavabdehlər həqiqətən iddiaçının mübahisəli evdə 2003-cü ilə kimi yaşadığını etiraf etmişlər. Eyni zamanda iddiaçının miras əmlakdan pay almasına etiraz etmədiklərini bildirmişlər. Miras əmlakın bütün vərəsələr arasında bölünməsini istədiklərini qeyd etmişlər. Miras qoyanın öldüyü tarixdə qüvvədə olmuş Mülki Məcəlləyə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Göründüyü kimi fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Beləliklə kollegiya hesab edir ki, iddiaçı miras əmlakı faktiki olaraq qəbul etdiyindən iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin digər əmlakda mirasın qəbul edilməsi faktının tanınması barə hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı digər əmlakların nədən ibarət olması və ya həmin əmlakın mövcud olması barədə hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə iştirak edən tərəflərin izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 17 mart 2021-ci il tаrixli, 2(024)-112/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin 17 mart 2021-ci il tаrixli, 2(024)-112/2021 saylı saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı iddia ərizəsi qismən təmin edilsin. İddiaçı X1ndan miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən fərdi yaşayış evinə dair mirasın qəbul edilməsi faktı tanınsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar