Məhkəmə qərarları › İş №2(107)-1311/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1311/2022

31.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1311/2022 31.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın istifadə olunması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: daşınmaz əmlakın istifadə olunması faktının müəyyən edilməsi, ixraata xitam, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın istifadə olunması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 2(051)-1604/2022 saylı qərardadından Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri İslamzadə küçəsində yerləşən 5/35 saylı evin və onun yerləşdiyi həyətyanı torpaq sahəsinin onun istifadəısində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışına hazırlanması zamanı Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, ərizəçi mərhum əri X4 ilə 1986-cı ildə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra onun valideynlərinin yaşadığı Mingəçevir şəhəri İslamzadə küçəsində yerləşən 5\35 nömrəli evə gəlin köçmüş. Kv 1 mərtəbə və 2 otaqdan ibarət olmaqla yaşayış sahəsi 28.0 kv.metrdir və yerləşdiyi həyətyanı torpaq sahəsi də onların istifadəsindədir. 1987-ci ildə həmin evə qeydiyyata düşmüş və hal-hazırdada qeydiyyatda olmaqla həmin evdə yaşayır. X3 və Umarov Tural da həmin evdə qeydiyyatdadırlar. Həmin ev 1957-ei ildə ərinin atası X1 verilmişdir və ailəsi ilə birlikdə həmin evdə rəhmətə gedənə kimi yaşamışdır. Evin hansı sənədə əsasən ona verilməsi barədə heç bir məlumatı yoxdur. O, mənzilin özəlləşdrilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etdi. İdarənin 05 mart 2022-ci il tarixli imtina məktubu ilə ərizənin icrasında imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.1 1- ei maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığı qeyd edilmişdir. Evin və yerləşdiyi torpaq sahəsinin özəlləşdrilməsi ilə bağlı Şəki İnzibati Məhkəməyə müraciət edərkən ona bildirildi ki, həmin evin və yerləşdiyi torpaq sahəsinin istifadədə olma faktının müəyyən edilməsi ııçün Mingəçevir şəhər məhkəməsinə müraciət etmək lazımdır. Məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, qeyd edilən ev və onun yerləşdiyi həyətyanı torpaq sahəsi 1957-ci ildən bu ailənin isti fadəsindədir. Həmin vaxtdan evdən və həyətyanı torpaq sahəsindən istifadə edirlər. Ona görə də Mingəçevir şəhəri İslamzadə Küçəsində yerləşən 5/35 saylı evin və onun yerləşdiyi həyətyanı torpaq sahəsinin onun istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mingəçevir Şəhər Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 2(051)-1604/2022 saylı qərardadı ilə Ərizəçi Mingəçevir şəhəri İslamzadə küçəsində yerləşən 5/35 saylı evin və onun yerləşdiyi həyətyanı torpaq sahəsinin onun istifadəsində olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş məhkəmədə baxılmalı olmaması əsasları ilə iş üzrə icraata xitam verilmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2(051)-1604/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 2(051)-1604/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri İslamzadə Küçəsində yerləşən 5/35 saylı evin və onun yerləşdiyi həyətyanı torpaq sahəsinin onun istifadəısində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan mübahisəli ev sahəsi 1957-ci ildə ətizəçinin əri X2 atasına verilmişdir. Lakin həmin evin X2 atasına məxsus olmasına təsdiq edən hər hansı mülkiyyət sənədi mövcud olmamışdır. İş materiallarını araşdırırkən məlum olur ki, ərizəçi artıq uzun müddətdir ailəsi ilə birlikdə həmin evdə yaşayır və faktiki olaraq istifadə hüququnun əldə etmişlər. Ərizəçi qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət edərkən 5 saylı mənzil istismar sahəsi tərəfindən təsdiq edilmiş aktı mülkiyyəti təsdiq edən sənəd kimi məhkəməyə qədim etmişdir. Lakin qeyd olunan aktı daşınmaz əmlakın istifadə olunması faktının müəyyən edilməsi üçün əsas ola bilməz. Ərizəçi həmin evin özəlləşdirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlkaın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi idarəsinə müraciət etmiş, lakin Daşınmaz Əmlkaın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi idarəsi 5 saylı mənzil istismar sahəsi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab etməmişdir. Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 12 avqust 2022ci il tarixli 2(051)-1604/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 2(051)-1604/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Ərizəçi nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 2(051)-1604/2022 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Ayaz Mahmudov Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar