Məhkəmə qərarları › İş №2(107)-1314/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1314/2021

06.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1314/2021 06.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, Ərizəçi və hüquqlarına toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi (vəkili) X4 iştirakı ilə Ərizəçi maraqlı şəxs Göyçay rayon Notariat Kontoruna qarşı “mirasın qəbulu faktının müəyyən edilməsi, miras əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(046)-2519/2017 nömrəli qətnaməsindən hüquqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Ərizəçi maraqlı şəxs Göyçay rayon Notariat Kontoruna qarşı ərizə ilə məhkəməyə müraciət edərək Göyçay şəhər Ü.Hacıbəyov küçəsi ev 38, 38 saylı mənzildən ibarət miras əmlakın onun tərəfindən qəbul etmə faktının müəyyən edilməsi və həmin mənzilə dair mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim Z.Quliyev) 28 avqust 2017-ci il tarixli, 2(046)- 2519/2017 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, Göyçay şəhər Ü.Hacıbəyov küçəsi ev 38, 38 saylı mənzildən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul etmə faktının müəyyən edilməsi, həmin mənzilə dair Ərizəçi mülkiyyət hüququnun tanınması qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(046)-2519/2017 nömrəli qətnaməsindən hüquqlarına toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız qəbul edilməklə onun hüquq və vəzifələrinə toxunur. Göyçay Rayon Məhkəməsinin hakimi Ərizəçi maraqlı şəxs Göyçay rayon Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka mülkiyyət hüququnun tanınması barədə ərizəsini təmin etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci, 1134.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cı maddələrinin tələblərini pozmuşdur. Belə ki, ərizənin predmeti mərhum atası X1mış miras əmlak olsa da nə mərhum atasının qanun üzrə birinci növbə vərəsələri kimi onunla bacısı, nə də məhkəməyədək mübahisəni həll etməli olan notarius məhkəməyə dəvət edilməmiş, ümumiyyətlə ərizəçi mirasın qəbulu üçün notariusa müraciət etməmişdir. Əgər ərizəçi mirasın qəbulu üçün notariusa müraciət etsəydi və ya işə baxan məhkəmə notariusu məhkəməyə dəvət etsəydi məlum olardı ki, işə baxılan zaman miras əmlak artıq onun mülkiyyətində idi. Belə ki, miras qoyan məhrum atası X3 06 dekabr 2012-ci il tarixdə Göyçay rayon Notariat Kontorunda vəsiyyətnamə qeydə aldırmaqla əmlakını ona vəsiyyət etmişdir. 23 fevral 2017-ci il tarixdə mərhum atası X2 miras qalmış əmlaka dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ona verilmişdir. Hazırki iş üzrə ərizənin predmeti olan miras əmlak 01 mart 2017-ci il tarixdə onun xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə şikayət etdiyi qətnamə qəbul edilərkən, yəni 28 avqust 2017-ci il tarixdə miras əmlak mövcud deyildi və ərizəçinin vərəsəlik hüququnun tanındığı əmlak, ərizəçinin hüququ tanınarkən onun mülkiyyətində idi. Ərizəçi onunla bacısı nəinki iş üzrə tərəf kimi cəlb etməmiş, hətta onların mövcudluğu məhkəmədən gizlədərək qanunsuz qətnamə çıxarılmasına səbəb olmuşdur. Məhkəmə notariat ofisinə və digər orqanlara mərhum atasının qanun üzrə birinci növbə vərəsələrini müəyyən etmək üçün müraciətlər etməmiş, işin faktiki hallarını tam araşdırmadan yalnız ərizəçinin təqdim etdiyi sənədlərə və dindirilmiş şahid ifadələrinə əsaslanaraq ərizəni qanunsuz olaraq təmin etmişdir. Qanun üzrə birinci növbə vərəsə olan onun bacısı Esmira məhkəməyə dəvət edilsəydilər məhkəmə hüquqa dair mübahisə olduğu üçün ərizəni baxılmamış saxlayar, qanunsuz qətnamə çıxarmazdı. Qeyd edilənlərə əsasən Göyçay Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli 2(046)-2519/2017 saylı qətnaməsinin ləğv edilməsini, ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən hüquqlarına toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi (vəkili) X5 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Ərizəçi miras qoyanın ikinci arvadı olmuşdur. Mübahisəli əmlak X2 miras qalmışdır. Hansıki, miras qoyanın ərizəçidən başqa digər vərəsələri də var. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərkən Elviraya heç bir məlumat verməmiş, ümumiyyətlə sonuncu bu işdən məlumatsız olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi də tam və ətraflı araşdırma aparmamışdır. Belə ki, işə məhkəmədə baxılan zaman miras əmlak artıq Maraqlı şəxs2 mülkiyyətinə keçmişdir. Məhkəmə bütün bunlara əhəmiyyət verməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi sözügedən qətnaməni qəbul etməklə Maraqlı şəxs2 hüququnu pozmuşdur. Ona görə də Göyçay Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(046)-2519/2017 nömrəli qətnaməsinin ləğv edilərək, ərizənin baxılmamış saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o mübahisəli miras əmlakı faktiki qəbul etməklə idarə etmiş, orada yaşamışdır. Onun da həmin evdə payı vardır. Hesab edir ki, apellyasiya şikayəti əsassız olmaqla yanaşı, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı deyildir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Göyçay rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümükünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Göyçay rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə əlaqəli şəkildə yoxlayıb, toplanmış sübutları məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilərək, qətnamə tamamilə ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllədə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin siyahısı dəqiq müəyyən olunub. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi haqqında ərizəni aşağıdakı dörd şərt olduqda icraata qəbul edib xüsusi icraat qaydasında baxıla bilər;1) əgər həmin fakt qanuna əsasən hüquqi nəticələr doğurursa;2) faktın müəyyən edilməsi sonradan məhkəməyə aid olan hüquq haqqında mübahisənin məhkəmədə baxılması ilə əlaqəli olmamalıdır; 3) ərizəçinin hüquqi əhəmiyyəti olan faktı başqa qaydada almaq qeyri-mümkün olmalıdır; konkret fakta münasibətdə mövcud qanunvericilik onun müəyyən edilməsinin digər (qeyri-məhkəmə) qaydasında müəyyən etməməlidir. Göründüyü kimi xüsusi icraat məhkəmədə mülki işlərə baxılmasının hüquq haqqında mübahisənin olmaması, xüsusi müdafiə üsul və vasitələrinin tətbiqi ilə xarakterizə olunan qaydasıdır. Başqa sözlə, xüsusi icraat məhkəmənin hüquq haqqında mübahisənin həlli ilə əlaqədar olmayan hüquqi faktların və ya halların müəyyənləşdirilməsi, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının hərəkətlərinin qanuniliyinin təmin edilməsi ilə bağlı fəaliyyətdir. Xüsusi icraat qaydasında işə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edildikdə isə, hakim ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarmalı və maraqlı şəxslərə (ərizəçilərə) onların ümumi əsaslarla iddia vermək hüququnu izah edilməlidir. Deməli, iddia icraatı çərçivəsində xüsusi icraat qaydasında həll edilməli olan fakt haqqında məsələ həll oluna bildiyi halda, xüsusi icraat çərçivəsində iddia icraatında həll edilməli olan hüquq haqqında məsələ həll edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Qeyd olunan Qərarın 10.2-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. İş materiallarına əlavə edilmiş 01.03.2017-ci il tarixli, RX ******* seriya nömrəli çıxarışdan müəyyən edilir ki, Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi ev 38, mənzil 38 xüsusi mülkiyyət hüququ ilə Maraqlı şəxs2 məxsusdur. Həmin əmlak sonuncuya vəsiyyət üzrə vərəsəlik hüququ haqında şəhadətnaməsi əsasında keçmişdir. Beləliklə məhkmə kollegiyasının araşdırması zamanı iş materiallarından müəyyən edilmişdir ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Göyçay şəhər Ü.Hacıbəyov küçəsi ev 38, 38 saylı mənzildən ibarət miras əmlakın onun tərəfindən qəbul etmə faktının müəyyən edilməsi və həmin mənzilə dair mülkiyyət hüququnun tanınmasını xahiş etmiş və birinci instansiya məhkəməsi tərəfindən tələbi təmin edilmişdir. Lakin işin faktiki hallarından müəyyən edilir ki, ərizəçi məhkəməyə müraciət edərkən digər vərəslərin olub-olmaması, onlar arasında mübahisənin (ixtilafın) olub-olmaması barədə məhkəməyə məlumat verməmiş, işə baxan birinci instansiya məhkəməsi də bununla bağlı ətraflı araşdırma aparmamışdır. Bundan əlavə kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, apellyasiya şikayəti vermiş Maraqlı şəxs2 da miras qoyanın vərəsəsi olmaqla, mübahisəli miras əmlaka dair onun adına 23.02 2017-ci il tarixli, 2V-39 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, sonuncu da bu şəhadətnamənin əsasında 01.03.2017-ci il tarixli, RX ******* seriya nömrəli mülkiyyət hüququnu təsdiq edən (çıxarış) sənəd əldə etmişdir. Göründüyü kimi qeyd olunan şəhadətnamə və çıxarış məhkəmə qətnaməsindən əvvələ təsadüf edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 305.1.1-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 306.1-ci maddəsinə görə, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2. maddəsinə görə, isə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 306.4-cü maddəsinə görə, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. 259.0.10-cu maddəsinə görə, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edildikdə ərizə baxılmamış saxlanılır. 391-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Mülki Prossesual Məcəllənin 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki ərizənin ikinci hissəsinə xüsusi icraat qaydasında baxılması qanunvericiliklə nəzərdə tutulmadığından, həmçinin baxılmış işdə hüquq haqqında mübahisə olduğundan, iş üzrə hüquqlarına toxunan şəxs Maraqlı şəxs2 vermiş olduğu apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(046)-2519/2017 nömrəli qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 391, 400, 402-403 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Hüquqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(046)-2519/2017 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı şəxs Göyçay rayon Notariat Kontoruna qarşı “mirasın qəbulu faktının müəyyən edilməsi, miras əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar