Məhkəmə qərarları › İş №2(107)-1314/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1314/2022

15.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1314/2022 15.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: torpaq sahəsindən çıxarılma) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İşdə olan RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********17 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Hənifə kəndi 0.70 ha kənd təsərüfatlı təyinatlı torpaqlar 50 №li reyestr kitabının 58 №li vərəqində İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. İşdə olan reyestr nömrəsi **********17 olan, 046379 qeydiyyat nömrəli, xx.xx.2016cı il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Hənifə kəndi 0.7833 ha kənd təsərüfatlı təyinatlı torpaqlar 68 №li reyestr kitabının 34 №li vərəqində İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

5. İşdə olan reyestr nömrəsi **********95 olan, 545596 qeydiyyat nömrəli, xx.xx.2020ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. İşdə olan JN-1051 KOD-40102018 nömrəli Torpağa mülkiyyət hüququna X23n görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli, 07 nömrəli qərarı ilə X2, X4, X12 və X14 ümumi birgə mülkiyyətinə Balakən rayonu Hənifə kəndi ərazisindən 1.32 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir.

7. Qeyd edilən 1.32 ha torpaq sahəsi Dövlət aktında göstərilən qaydada ayrı-ayrı planşetlərdə verilmişdir. Dövlət Aktında qeyd edilən 1051 saylı planşetdə göstərilən 0.4205 ha və 1051F ssaylı planşetdə göstərilən 0.3739 ha cəmi 0.80 ha torpaq sahəsi mübahisə edilən ərazidə yerləşir. 1051 R planşetindəki 0.5290 ha torpaq sahəsi isə çol ərazisində yerləşir.

8. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(019)-559/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa olunması qət edilmişdir.

9. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-106/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə məhkəmə kollegiyasının apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşması, iş materiallarında olan 01 iyun 2020-ci il tarixli ekspert rəyində İddiaçı mülkiyyətinə verilmiş 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsinin Cavabdeh tərəfindən istifadə olunması, bundan əlavə iş materiallarında olan Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2020ci il tarixli ekspert rəyinə əsasən mübahisəli ərazidə aparılan ekspertiza tədqiqatının nəticəsi olaraq hüquqmüəyyənedici sənədlərə, Ərazinin Ümumi Kompleks Yerquruluşu (İslahat) Xəritəsinə və Google Earth xəritə məlumatlarına əsasən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə İddiaçı mülkiyyətinə verilmiş 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər hansı bir hissəsinin Cavabdeh istifadəsində olmamasının müəyyənləşdirilməsi, Cavabdeh X10 məlumatları (İslahat DVVJ-si) bazasına əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə hazırlanan JN-1051 (kod ********) saylı Dövlət Aktının 1051 və 1051F planşetində qeyd olunan sahələrlə əhatə olunan, hüdudları məlum olan torpaq sahəsindən faktiki olaraq istifadə etməsi, iddiaçıya verilən RX seriyalı ******* nömrəli çıxarış və onun 046379 nömrəli plan ölçü sənədində qeyd olunan 0.70 ha torpaq sahəsinin 3-cü və 4-cü koordinatlarının Cavabdeh məxsus olan torpaq sahəsinin hüdudları daxilinə düşməsi, beləliklə məhkəmə kollegiyasının 27 avqust 2020-ci il tarixli ekspert rəyinin daha ağlabatan olduğu qənaətinə gələrək həmin rəyə istinad etməyini məqsədəmüvafiq hesab etməsi, belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2020-ci il tarixli rəyi ilə iş üzrə hərtərəfli ekspertizanın aparılmamasının, Əmlak Məsələləri Dövlət Xidmətinin 04 fevral 2020-ci il tarixli mütəxəssis rəyinin ekspert rəyi kimi məhkəmə kollegiyasına göndərilməsinin görünməsi, halbuki mütəxəssis rəyinin eksper rəyini əvəz etməməsi, iş üzrə hərtərəfli və obyektiv şəkildə aparılmış ekspertiza tədqiqatının nəticəsindən ibarət yeganə ekspert rəyinin Müstəqil Məhkəmə Ekspertiza Mərkəzinin 27 avqust 2020-ci il tarixli ekspert rəyi olduğundan məhkəmə kollegiyasının həmin rəyi mötəbər sübut olaraq qəbul etməsi kimi hallar müəyyən edilib bu hallara hüquqi qiymət verilməklə, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(019)-559/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın dövlət reyestri ilə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.25 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, iddaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsinə dair iddia ərizəsi təmin edilməmişdir.

10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyəti olan 1.4833 ha kənd təsərüfatı təyinatlı sahəsinin zəbt etdiyi 0.45 ha ölçüdə hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

11. İddia tələbini onunla əsaslandırmışdır ki, Balakən rayon Dövlət Notariat Kontorunda 23 mart 2006-cı il tarixdə bağladığı 4Ə-66 nömrəli alqı-satqı müqaviləsi əsasında Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı (çoxillik əkmələr) 0.70 ha ölçüdə torpaq sahəsi almışdır. Aldığı bu kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 14 aprel 2016-cı il tarixdə Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və elə həmin tarixdə DƏDRX 18 saylı Zaqatal Ərazi İdarəsi tərəfindən əmlakın reyestr nömrəsi **********17, qeydiyyat nömrəsi ********** olan Seriya RX №:0849632 olan Çıxarış da tərtib edilmişdir. Qeyd edilən bu torpaq sahəsini aldıqdan xeyli müddət sonra Balakən rayon notariatının xüsusi notariusu X6 (şəhadətnamə N:157) tərəfindən 05 aprel 2018-ci il tarixdə bağlanan 4Ə-197 saylı alqı-satqı müqaviləsinə əsasən əvvəl aldığı 0.70 ha torpaq sahəsinə bitişik 0.7833 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əkmələr) torpaq sahəsi almışdır.Elə həmin vaxt torpaq sahəsinin ölçülərini yerində müəyyən edən zaman ölçüləri müəyyən edən DƏDRX 18 saylı Zaqata Ərazi İdarəsinin əməkdaşı bitişik olan torpaq sahəsindən ən azı 0.40 ha çox torpağın Cavabdeh tərəfindən zəbt olunduğunu bildirmişdir. O da cavabdehə indiyə qədər torpaqdan istifadə etməsini, indidən etibarən zəbt etdiyi torpağı boşaltmasını, hasarı da söküb öz yerindən çəkməsini bildirmişdir. Cavabdeh də cavabında torpaq sahəsini zəbt etməməsini, torpaq sahəsinin ona və ailəsinə məxsus olduğunu demişdir. Belə olduğu halda 2018-ci ildə aldığı 0.7833 ha torpaq sahəsinə DƏDR 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 27 oktyabr 2020-ci il tarixdə AAN:545596 olan torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və 0.7833 ha torpaq sahəsinə reyestr nömrəsi **********95, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020 olan çıxarış da tərtib edilmişdir. Bundan sonra o, DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edərək, bir-birinə bitişik olan 0.70 ha və 0.7833 ha torpaq sahəsi haqda məlumat verilməsini xahiş etmişdir. 18 saylı Zaqatala Ərazi İdarəsi bitişik olan torpağın Cavabdeh iştirakı ilə birlikdə ölçərək müəyyən etdi ki, bitişik olan 1.4833 ha torpaq sahəsinin uzunluğu 165 metr, eni isə 90 metrdir. Cavabdehə də 90 metr eninə, 50 metr uzununa olmaqla iddiaçı olan şəxsin torpağını tutması, nəticədə İddiaçı 0.45 ha torpaq sahəsini zəbt etməsi bildirilmişdir. İş üzrə cavabdeh bununla razılaşmamışdır. Daha doğrusu Cavabdeh 90 metr eninə, 50 metr uzununa olmaqla 0,45 ha torpaq sahəsini açıq şəkildə hasara alaraq zəbt edib öz torpağına birləşdirmişdir. O, DƏDRX-nin işçisindən bu haqda rəsmi arayış verilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, məhkəmə olduğu halda məhkəmənin sorğusu ilə bu haqda məhkəməyə rəsmi arayış verəcəklər. Xidmətin fikri ilə razılaşmamış, öz əmlakı haqqında ondan məlumat verilməsini istəmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh və onun ailə üzvlərinə 1.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qeyd edilən 1.32 ha torpaq sahəsi Dövlət Aktında göstərilən qaydada ayrı-ayrı planşetlərdə verilmişdir. Dövlət Aktında qeyd edilən 1051 saylı planşetdə göstərilən 0.4205 ha və 1051F ssaylı planşetdə göstərilən 0.3739 ha cəmi 0.80 ha torpaq sahəsi mübahisə edilən ərazidə yerləşir. 1051 R planşetindəki 0.5290 ha torpaq sahəsi isə çol ərazisində yerləşir. Cavabdeh və onun ailəsinin mübahisə edilən ərazidə 0.80 ha pay torpaqları olduğu halda onlar 1.5 ha çox torpaq sahəsindən istifadə edirlər ki, onun zəbt edilmiş 0.45 ha torpağı da həmin zəbt etdikləri torpağın içərisindədir.

12. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq iddia ərizəsində iddianın predmetini təşkil edən 1.4833 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətində olan 0.7833 ha və 0.70 ha torpaq sahələrinin cəmi kimi qeyd edildiyini,həmçinin Cavabdeh ümumi 1.4833 ha torpaq sahəsinin 0.45 ha hissəsinin çıxarılması tələbinin o cümlədən həmin 0.70 ha torpaq sahəsinin 0.25 ha hissəsindən çıxarılması tələbini əks etdirdiyini, bununla bağlı Şəki Apellyasiya Məhkəməsinin eyni tərəflər arasında, eyni predmet və əsaslar üzrə məhkəmə qətnaməsi olduğunu bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu, həmçinin iddiaçının cavabdehə qarşı 0.70 ha torpaq sahəsinin 0.25 ha hissəsindən çıxarılması tələbinin rədd edilməsi ilə bağlı eyni tərəflər arasında, eyni predmet və əsaslar üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-106/2020 saylı qətnaməsi olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etmişlər.

14. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Şəki LTİ-nin mühəndisi X7 ifadəsində bildirmişdir ki, hazırki mülki iş üzrə mütəxəssis rəyini o, vermişdir. Mütəxəssis rəyi torpaq kadastr məlumatlarına əsasən verilmişdir. İddiaçı Balakən rayonu Hənifə kəndində yerləşən 0.70 ha və 0.7833 ha torpaq sahələrinə plan-ölçü sənədləri tərtib edilərək, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Həmin çıxarışlar verilərkən torpaqların koordinatları kadastra işlənir və həmin sərhədlər daxilində mülkiyyət hüquqları qeydə alınır. Torpağa Mülkiyyət Hüququna X23 göstərilən torpaq sahələri ilə daşınmaz əmlakın dövlət reyestrində qeyd olunan sahələr üst-üstə düşə bilər. Lakin Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahələrinin koordinatları daha üstün sayılır. X3 Əjdər Vaçan oğluna məxsus 0.70 ha torpaq sahəsi ilə bağlı verdiyi rəyi şərh edə bilmir və həmin ekspertizanın nəyə görə belə rəyə gəlməsini bilmir.

15. Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı Cavabdeh xüsusi mülkiyyəti olan 1.4833 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0.45 ha ölçüdə hissəsindən çıxarılması tələbinə dair iddiası üzrə mülki işin icraatına Cavabdeh RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.70 ha torpaq sahəsinin zəbt etdiyi 0.25 ha hissəsindən çıxarılması hissəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə xitam verilmişdir.

16. Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Şəki LTİ-nin rəisi İ.Süleymanovun və mühəndisi Z.Mollayevin mütəxəssis rəyinə əlavə edilən sxem 1-də göstərilən 0.16 ha hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, hazırkı iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 622 manat mütəxəssis xərcinin yarısı - 311 manat Cavabdeh alınıb İddiaçı verilməsi, 622 manat mütəxəssis xərcinin digər yarısı - 311 manat İddiaçı aid edilməsi, iş üzrə 50,0 manat ekspertiza xərcinin 25,0 manatı Cavabdeh və 25,0 manatı İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu: 3 SAP (XİİS) hesabı X19 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir.

17. Cavabdeh Çolaxov X8 Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)- 16/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, aparılmış torpaq islahatı zamanıona və ailə üzvlərinə 1.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. 1.32 ha torpaq sahəsinə JN 1051 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, 0.06 ha həyətyanı torpaq sahəsinə isə 950A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Dövlət aktında göstərilən 1.32 ha torpaq sahəsində fındıq ağacları əkmiş və orada hazırda fındıq bağı vardır. Onun torpaq sahəsinin qonşuluğunda İddiaçı məxsus 0.70 ha və 0.78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İddiaçı həmin torpaq sahələrini 2018-ci ildə almışdır. Hazırkı işdə birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin 0.70 ha torpaq sahəsinə münasibətdə preyudisiallıq mövcud olduğundan həmin hissədə icraata xitam vermişdir. İddia tələbinin 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə isə qeyd edilməlidir ki, mübahisənin hərtərəfli, tam və obyektiv araşdırılması üçün məhkəmə öz təşəbbüsü ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. İş üzrə verilmiş ekspertiza rəyi və rəyə əlavə edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətinin sxemindən görünür ki, İddiaçı istifadəsində olan torpaq sahəsi ilə hüquqmüəyyənedici sənədlərə əsasən işlənmiş torpaq sahəsinin cizgiləri arasında fərq mövcuddur. Yəni hüquqmüəyyənedici sənədlər mülkiyyətçilərin istifadəsində olan torpaq sahəsinə uyğun işlənməmişdir. Deməli 0.7833 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçü sənədi hazırlayarkən DƏDRX bilərəkdən digər torpaq mülkiyyətçilərinin hüquqlarını pozmaqla onlara verilmiş Dövlət Aktında göstərilən cizgilərin üzərinə başqa bir sənəd işləmişlər və belədə iddiaçının naturada mövcud olmayan torpaq sahəsinin bir hissəsini cavabdehin torpaq sahəsindən azaltmaqla buna nail olmuşlar. Eyni zamanda qeyd edilməlidir ki, faktiki istifadə vəziyyəti ilə hüquq müəyyənedici sənədlər arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” (Qaydalar) əsasında aparılan uçot işləri başa çatdıqdan sonra və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkünlüyü qeyd edilmişdir. Hazırda rəqəmsal kadastr xəritələri hazırlanıb başa çatdırıldığından, tərəflərin naturada istifadə etdikləri torpaq sahəsinin cizgiləri sözügedən Qaydalar əsasında aparılan uçot işləri əsasında hazırlanmış torpaqların rəqəmsal kadastr xəritəsinə uyğun işlənib-işlənməməsinin müəyyənləşdirilməsi işin obyektiv tam və ədalətli həlli üçün zəruridir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti isə hazırda mütəxəssis rəylərini uçot işləri əsasında hazırlanmış torpaqların rəqəmsal kadastr xəritələrinə uyğun aparılması ilə bağlı tapşırıqlar verildiyindən hesab edirəm ki, təkrar tikinti texniki ekspertizası təyin ediləcəyi halda iddiaçının 0.7833 ha torpaq sahəsinin cavabdeh tərəfindən tutulub-tutulmamasını müəyyən etmək mümkün olacaqdır. Birinci instansiya məhkəməsində təkrar tikinti-texniki ekspertizasının təyin edilməsi ilə bağlı şifahi vəsatət versədə, hakim işin baxılma müdddətinin qurtarması əsası ilə vəsatətimi təmin etməmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, hakim qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir. Yuxarıda sadalanan dəlillər baxımından birinci instansiya məhkəməsi MPM-in sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsini nəzərdə tutan 88-ci maddəsinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 saylı qətnaməsinin iddia tələbinin qismən təmin olunmuş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd edilməsi xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə İddiaçı tərəfindən yazılı etiraz daxil olmuşdur. Həmin etirazda qeyd olunmuşdur ki; - cavabdeh şikayətində göstərir ki, Dövlət aktında göstərilən 1.32 ha torpaq sahəsində fındıq ağacları əkmiş və orada hazırda fındıq bağı vardır. - cavabdehin bu qeyd etdikləri tamamailə yalnışdır. O, məhkəməyə yalan məlumat verir. Cavabdeh və onun ailəsinə məxsus Dövlət aktında qeyd olunan 1.32 ha torpaq sahəsi ayrı-ayrı 3 planşetdə yerləşir. Onun 0.06 ha həyətyanı torpaq sahəsinə bitişik 1051 F planşeti üzrə 3739.86 kv.m torpaq sahəsi var ki, yalnız bu sahədə fındıq ağacları var. JN 1051 saylı Dövlət Aktında qeyd olunan 1051 planşeti üzrə 4205.69 kv.m torpaq sahəsi və 1051 R planşetində göstərilən 5290.00 kv.m torpaq sahəsi isə tamamilə başqa-başqa çöl ərazilərində yerləşir ki, həmin ərazilərdə heç bir fındıq ağacı yoxdur və otlaq sahəsindən ibarətdir. Göstərdiyi hallar 1051 saylı Dövlət Aktının son Torpaq sahəsinin qaimasi (SERTİFİKAT) səhifəsində qeyd olunub. - həqiqətən cavabdehin özünün göstərdiyi kimi həyətyanı torpaq sahəsinin ətrafında olan nəinki hazırkı iş üzrə iddiaçının 0.35 ha (iki sahə üzrə), digər qonşularının da torpaq sahələrini zəbt edibdir. Adını da qoyur ki, bu torpaq sahələri babalarından ona miras qalıb. Onların torpağıdır, özləri istifadə etməlidirlər. - cavabdeh 0.70 ha torpaq sahəsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin X5 27 avqust 2020-ci il tarixli ekspert rəyinə əsaslanaraq Balakən rayon məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(019)-559/2019 saylı qətnaməsinin ləğv etməsinə üstünlük verməsi və Balakən Rayon Məhkəməsi tərəfindən 0.70 ha sahə üzrə iddiaya xitam verməsinə xüsusi əhəmiyyət verir və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən hazırlanmış mütəxəssis rəyinə gölgə salmaq niyyətindədir. - o, iddiaçı olaraq X11 tərəfindən hazırlanmış rəyi qeyri -qanuni rəy hesab edir. X5 əməkdaşları tərəfindən gecə saat 9-10 ra- dələrində mübahisəli torpaq sahəsinə gedib heç bir yeri ölçmədən rəy vermişlər. - Məhkəmə Ekspertiza Mərkəzinin hər iki torpaq sahəsi üzrə Balakən rayon Məhkəməsinə təqdim etdiyi 26 iyul 2022-ci il tarixli 10/3192 №-li ekspert rəyi ilə müəyyən olunur ki, iş üzrə cavabdeh tərəfindən həm 0.78 ha torpaq sahəsindən, həm də 0.70 ha torpaq sahəsinin 0.16 ha (cəmi 0.32 ha) hissəsi zəbt olunaraq istifadə olunur. O, tam əmindir ki, Məhkəmə Ekspertiza Mərkəzinin rəyi tam həqiqəti əks etdirir. Bu rəydən sonra Müstəqil məhkəmə Ekspertizası tərəfindən Şəki Apellyasiya Məhkəməsinə təqdim edilmiş 27 avqust 2020-ci il tarixli rəyinə qarşı ciddi şübhələri yarandı. Belə olduğu halda bu iş üzrə icraat tam yekunlaşandan sonra ona tam aydın olacaq ki, hansı orqanın ekspert rəyi doğrudur və qanunun tələblərinə əsasən hazırlanıb. - cavabdeh qeyd edir ki, iş üzrə verilmiş ekspertiza rəyi və əlavə edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətinin sxemindən görünür ki, İddiaçı istifadəsində olan torpaq sahəsi ilə hüquqmüəyyənedici sənədlərə əsasən işlənmiş torpaq sahəsinin cizgiləri arasında fərq mövcuddur. - Sxem 3-də tam aydın şəkildə göstərilir ki, Cavabdeh həmin ərazidə həyətyanı sahəsi (0.06 ha) ilə birlikdə qanuni istifadəsinə 0.43 ha torpaq sahəsi olduğu halda cavabdeh naturada 2.0 hekar torpaq sahəsindən istifadə etməklə 1.57 ha torpaq sahəsini zəbt edib. Balakən rayon məhkəməsi tərəfindən işlə bağlı qətnamə çıxarılarkən iş üzrə sübutlar tam obyektiv araşdırılmış, maddi və prosessual hüquq normaları pozulmamışdır. Qeyd olunanlara və mövcud qanunvericiliyə əsaslanaraq Şəki Apellyasiya Məhkəməsindən cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 saylı qətnaməsinin dəyişdirmədən qüvvədə saxlanması haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

21. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub göndərərək nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişlər. Cavabdeh xx.xx.2022-ci il tarixdə elektron məhkəmə informasiya sistemindən ərizə göndərərək iş üçün əhəmiyyətli olan yeni sübutlar təqdim edəcəyini və işdə hüquqlarını müdafiə etmək üçün vəkillə təmsil olunacağının nəzərə alaraq hazırkı mülki işin vaxtını 1 ay sonrakı tarixlərə təxirə salınmasını xahiş etmişdir.

22. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

27.Azərbaycan Respublikası Torpaq Məcəlləsi

Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri ..... habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

31. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

32. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 26 iyul 2022-ci il tarixli, 10/3192 saylı rəyindən görünür ki; - Məhkəmə Ekspetizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixil Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.6182 hektardır və həmin ölçülər hüquq müəyyenedici sənədlərə uyğun deyildir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********17 olan, ********** qeydiyyat nömrəli xx.xx.2016-ci il tarixli Çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.5385 hektardır və həmin ölçülər hüquq müəyyənedici sənədlərə uyğun deyildir. - Məhkəmə Ekspetizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövİət Reyestrindən reyestr nömrəsi ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqlann dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********17 olan, ********** qeydiyyat nömrəli xx.xx.2016-d il tarixli X1 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir.

33. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixil Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş BaLakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüqquqi şəxsi "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin xx.xx.2022-ci il tarixli **********97 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş həmin Cəmiyyətin mütəxəssis rəyində də öz əksini tapmış və Cavabdeh İddiaçı mülkiyyətində olan 0.7833 ha torpaq sahəsinin hansı 0.16 ha hissəsindən istifadə etməsi həmin rəyə əlavə olunmuş 1 saylı Sxemdə göstərilmişdir.

34. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********17 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarışla Balakən rayonu Hənifə kəndində yerləşən 0.70 ha kənd təsərüfatlı təyinatlı torpaqlar 50 №li reyestr kitabının 58 №li vərəqində İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışla Balakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərüfatlı təyinatlı torpaqlar 68 №li reyestr kitabının 34 №li vərəqində İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

35. Bundan başqa işdə olan Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüqqui şəxsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi və məhkəmə tikinti-texniki ekspertizasının 26 iyul 2022-ci il tarixli, 10/3192 saylı rəyi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövİət Reyestrindən reyestr nömrəsi ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsinin Cavabdeh Mahamarəsul oğlu tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur.

36. Göründüyü kimi, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən cavabdehin təqsiri ucbatından istifadə edə bilmir. Buna səbəb isə cavabdehin həmin torpaq sahəsinin bir hissəsinin onun olmasını iddia edərək həmin hissəni zəbt edərək iddiaçının istifadə etməsinə maneə yaratmasıdır. Zəbt olunmuş torpaq sahəsi cavabdehin və digər şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində deyildir. Bununla bağlı cavabdeh və digər şəxslər tərəfindən hər hansı hüquq müəyyənedici sənədlər məhkəmələrə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı cavabdehin hüquqlarını bu və ya digər formada pozması aşkar olunmamışdır. Əksinə, işdə olan sənədlərdən də görünür ki, cavabdeh torpaq sahəsinindən heç bir hüquqi əsasları olmadan, qanunsuz olaraq iddiaçının istifadəsinə müdaxilə etməkdədir.

37. Bu faktlar iş üzrə alınmış mütəxəssis və ekspertiza rəyləri ilə təsdiq olunur.

38. İş üzrə verilmiş ekspert rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır.

39. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

40. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.

42. “X9rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

43. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertiza keçirilməməsi barədə dəlilini əsassız sayır.

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

45. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan torpaq sahəsininin bir hissəsini cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir.

47. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh, İddiaçı xüsusi mülkiyyətində olan 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilən sxem 1) qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə İddiaçı mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsi iddiani qismən təmin etmişdir.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

49. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

50. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

52. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

53. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

54. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar