Məhkəmə qərarları › İş №2(107)-1315/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1315/2022

23.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1315/2022 23.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X4, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(039)- 1055/2022 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Cavabdeh1 ilə İddiaçı arasında 03 oktyabr 2007-ci il tarixdə nikah bağlanmışdır. İddiaçı toydan sonra Cavabdeh2 məxsus Yevlax rayonu Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Birgə nikahlarından iki övladları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. 2020-ci ilin noyabr ayından iddiaçı evdən çıxmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 yaşadığı fərdi yaşayış evinə köçürülməyi, mediasiya üçün ödənilmiş 60 manat, dövlət rüsumu kimi ödənilmiş 100 manat vəsaitin cavabdehlərdən alınıb ona aytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o Cavabdeh1 ilə 2005-ci ildə ailə qurmuşdur. Ailə münasibətlərini 03 oktyabr 2007-ci ildə rəsmiləşdirmişlər. Birgə evliliklərindən 06 iyun 2006-cı il təvəllüdlü Yusif, 20 avqust 2010-cu il təvəllüdlü Tahir adlı uşaqları olmuşdur. Cavabdeh1lə ailə qurduqdan sonra onun ailə üzvlərinin razılığı ilə onların yaşadığı evə gəlin köçmüşdür. Övladları həmin evdə böyüyüb boya başa çatmışlar. O, Cavabdeh1, atası Yusif Verdiyev və anası Cavabdeh2 ilə birlikdə yaşamışdır. Yusif Verdiyev 2007-ci ildə vəfat etmişdir. Həmin təsərrüfatda o 2008-ci ildən 2020-ci ilin noyabr ayınadək yaşamışdır. Yaşadıqları müddətdə evin bir otağı tərəflərindən tam təmir olunmuşdur. Ona məxsus əşyalar həmin evdədir və o, 27 yanvar 2008-ci ildən cavabdehin razılığı ilə onların evinə qeydiyyata düşmüşdür. Hazırda o təkana yaşayış yeri olsa da, qapılarda qalmışdır. Cavabdehlər könüllü evə köçməyə imkan vermirlər. Sonradan bilmişdir ki, Yevlax Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1lə onun arasında olan nikah pozulmuşdur. Qətnamədən apelyasiya şikayəti vermişdir.

4. İddiaçı nümayəndəsi və vəkili X6 məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmənin əvvəlki iclasında İddiaçı izah etmişdir ki, Cavabdeh1lə ailəli olmuşdur. Evləndikdən sonra həmin evə gəlin köçmüşdür. Uşaqları da həmin evdə dünyaya gəlmişlər. 2020-ci ildən o, həmin evə gedə bilmir.

6. Məhkəmənin əvvəlki iclasında İddiaçı nümayəndəsi və vəkili X6 izah etdi ki, tərəflər ailəli olmuşlar. Birgə nikahlarından iki övladları olmuşdur. Hazırda iddiaçını cavabdehlər həmin evə buraxmırlar.

7. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, Şamgüllə Vəkil boşanmışlar. Boşandıqdan sonra Şamgül evdən çıxmışdır. Ev ona məxsusdur. Onun evində iddiaçı üçün yer yoxdur.

8. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, Şamgüllə ailəli olmuşdur. Hazırda nikahları pozulmuşdur. 2020-ci ildən Şamgül həmin evdə yaşamır. Həmin evə iddiaçının köçməsinə razı deyil.

9. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. İddiaçı isə mübahisəli mənzilin hazırkı mülkiyyətçisi olan Cavabdeh2 qeyd olunan ailə üzvləri sırasına daxil deyil və onun istifadə hüququnun tanınması üçün mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Hazırkı işdə isə müəyyən edildi ki, belə razılaşma mövcud deyildir.

11. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı mübahisəli mənzilə dair istifadə hüququ əmələ gəlməmişdir. Ona görə də, onun mübahisəli evə köçürülməsi tələbi əsassızdır. İddiaçının istinad etdiyi hallar isə əsassızdır. Belə ki, onun mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması hazırkı mübahisəyə təsir etmir. Çünki qeydiyyat əmlak hüquqlarını yaratmır. Qeydiyyatın məqsədi isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanmışdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

12. Beləliklə iş materiallarından və tərəflərin izahatlarından məlum olur ki, Cavabdeh1 ilə İddiaçı arasında 03 oktyabr 2007-ci il tarixdə nikah bağlanmışdır. İddiaçı toydan sonra Cavabdeh2 məxsus Yevlax rayonu Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Birgə nikahlarından iki övladları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. 2020-ci ilin noyabr ayından iddiaçı evdən çıxmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Yuxarıda qeyd olunan hallara qiymət verən məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən mənzildən istifadə hüququ yoxdur. Məhkəmə qeyd edir ki, o cümlədən gözlənilən mülkiyyət hüququna daha üstün mövqedən yanaşılaraq Mülki Məcəllənin müvafiq normaları tətbiq edilməli idi. Ona görə də İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası rədd edilməlidir.

14. Yevlax Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(039)-1055/2022 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia təmin olunmuş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 152 və 228-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na və Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

16. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(039)-330/2021 saylı qətnaməsindən məlum olur ki, Cavabdeh1 ilə Verdiyeva (Hüseynova) Şamgül Rəşid qızı arasında olan 2007-ci ilin oktyabr ayının 03-cü günündə Yevlax rayonu Qeydiyyat şöbəsinin akt qeydləri kitabında 419 nömrə ilə qeydə alınmış nikah pozulması; nikahın pozulmasından sonra xx.xx.2006-ci il təvəllüdlü Verdiyev Yusif Vəkil oğlu və xx.xx.2010-cu il təvəllüdlü Verdiyev Tahir Vəkil oğlu ataları Cavabdeh1 yanında qalmaları; xx.xx.2006-ci il təvəllüdlü Verdiyev Yusif Vəkil oğlunun və xx.xx.2010-cu il təvəllüdlü Verdiyev Tahir Vəkil oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 25 may 2021-ci il tarixindən başlayaraq İddiaçı hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh1 verilməsi qət edilmişdir.

17. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin 30 sentyabr 2021-ci il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan məlum olur ki, İddiaçı 27 yanvar 2008-ci il tarixdən Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadır.

18. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 01 noyabr 2021-ci il tarixli **********03 saylı məktubundan məlum olur ki, Cavabdeh2 və Cavabdeh1 Yevlax rayonu, Tanrıqulular kəndi ərazisində yerləşən həyətyanı 0.2511 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ (mülkiyyət üzrə 4 nəfər) 11 aprel 2015-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yevlax rayonu, Tanrıqulular kəndinin ərazisində yerləşən fərdi yaşayış evinə Cavabdeh2 adına Yevlax rayon TİB-su tərəfindən daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir.

19. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 28 mart 2022-cı il tarixli 368/16135 saylı arayışdan məlum olur ki, İddiaçı evə köçürülmə ilə bağlı mediatora müraciət etmişdir.

20. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11 aprel 2015-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışdan məlum olur ki, Cavabdeh2, X3, Cavabdeh1 və X1 Yevlax rayonu, Tanrıqulular kəndində 0.2511 ha torpaq sahəsi vardır.

21. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 noyabr 1989-cu il tarixli Yevlax rayon TİB-su tərəfindən daşınmaz əmlakın texniki pasportundan məlum olur ki, Yevlax rayonu, Tanrıqulular kəndin ərazisində yerləşən fərdi yaşayış evinə Cavabdeh2 adına Yevlax rayon TİB-su tərəfindən daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir.

22. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Tanrıqulular kənd İƏD üzrə nümayəndəliyinin 01 iyun 2022-ci il tarixli 230 saylı arayışından məlum olur ki, Cavabdeh2 Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadır və yaşayır. Ailə tərkibi aşağıdakı kimidir: oğlu Cavabdeh1, nəvəsi Cavabdeh3, nəvəsi Verdiyev Yusif Vəkil oğlu, nəvəsi Verdili Tahir Vəkil oğlu.

23. Qətnаmədən nаrаzı qаlаn İddiaçı nümayəndəsi və vəkili X5 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

24. İddiaçı nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, Cavabdeh1lə 2005-ci ildə ailə qurmuşdur. Ailə münasibətlərini 03 oktyabr 2007-ci ildə rəsləşdirmişlər. Birgə evlilikdən onların 06 iyun 2006-cı il təvəllüdlü Yusif, 20 avqust 2010-cu il təvəllüdlü Tahir adlı uşaqları olmuşdur. Cavabdeh1lə ailə qurduqdan sonra onun ailə üzvlərinin razılığı ilə onların yaşadığı evə gəlin köçmüşdür. Övladları da həmin evdə doğulub, boya başa çatmışlar. Burada o, Cavabdeh1 atası Yusif Verdiyev və anası Cavabdeh2 ilə birlikdə yaşamışdır. Yusif Verdiyev 2007-ci ildə vəfat etmişdir. Həmin təsərrüfatda o, 2008-cı ildən 2020-ci ilin noyabr ayınadək yaşamışdır. Yaşadığı müddətdə evin bir otağı onun tərəfindən tam təmir olunmuşdur. Ona məxsus əşyalar həmin evdədir və o, 27 yanvar 2008-ci ildən cavabdehin razılığı ilə onların evinə qeydiyyata düşmüşdür. Hazırda o qapılarda qalmışdır. Cavabdehlər könüllü evə köçməyə imkan vermir. Sonradan bilmişdir ki, Yevlax rayon məhkəməsinin 25 may 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1lə onun arasında olan nikah pozulmuşdur. Qətnamədən o apellyasiya şikayəti vermişdir.

25. Həmin evin yerləşdiyi torpaq sahəsi 11 aprel 2015-ci ildə Cavabdeh1 da daxil olmaqla 4 nəfərin ümumibirgə mülkiyyəti kimi qeydə alınmışdır. Fərdi yaşayış evinə isə Cavabdeh2 adına texniki pasport işlənilmişdir. O həmin evə gəlin köçərkən yaşayış evi qeydiyyata alınmamışdır və həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə əsasən onun mənzildən istifadə hüququ yaranmışdır.

26. Məhkəmə Cavabdeh2 adına mülkiyyət hüquqları əsasında qeydə alınmamış əmlaka onunla mənzilə istifadə hüququna dair müqavilənin olmamasına istinad etməsi əsassızdır.

27. Məhkəmə nəzərə almamışdır ki, fərdi yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüquqları qeydə alınmamaqla bərabər həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun da əri olmuş Cavabdeh1 də mülkiyyət hüquqları qeydə alınmışdır. Həmçinin Cavabdeh2 əri 2007-ci ildə vəfat etdikdən sonra miras Cavabdeh1 tərəfindən də qəbul olunmaqla idarə olunur.

28. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(039)- 1055/2022 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

31. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(039)-1055/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

32. Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Qərarlar:

34. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3. bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4. bənddə isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasportların mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir.

35. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

38. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 6 iyul 2022-ci il tarixli 2(039)-1055/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

40. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına istinad etməklə iddianı rədd etməkdə haqlı olmuşdur.

41. Mülki işin materiallarından görünür ki, iddiаçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən həyətyanı 0.2511 ha torpaq sahəsi üzərində inşa olunmuşdur. Həmin torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2 və X3, Cavabdeh1 və X2 adına qeydə alınmışdır. Yaşayış evi tərəflər nikaha daxil olduqları zaman Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

42. Lakin, iddiaçının köçmək istədiyi ev Mülki Məcəllənin 180.1-ci maddəsinin mənasında tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmiş özbaşına tikili deyildir. Həmin fərdi yaşayış evi rəsmi qaydada ayrılan həyətyanı torpaq sahəsində tikilmişdir ki, həyətyanı torpaq sahələri də sakinlərə yaşayış evlərinin tikintisi məqsədi ilə ayrılır. Həmin ev tikildiyi vaxtdan etibarən Cavabdeh2 ailə üzvləri ilə birlikdə orada yaşayır. Hər hansı inzibati orqan tərəfindən sözügedən evin tikintisinə, mövcudluğuna, Cavabdeh2 ona sahiblik etməsinə (ailəsi ilə birlikdə orada yaşamasına) indiyə kimi etiraz edilməmişdir. Göründüyü kimi, evin sahibi Cavabdeh2 həmin əmaka “gözlənilən mülkiyyət hüququ” olmuşdur.

43. Birinci instansiya məhkəməsi İddiaçı Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi barədə iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir.

43. Azərbaycan Respublikası Kanstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında şərh edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

44. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etməkimkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

45. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu)şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementinin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

46. Göründüyü kimi, hazırki iş üzrə iddiaçının tələbinin yönəldiyi şəxslərdən iki nəfəri yəni, Cavabdeh1 və Cavabdeh3 mübahisəli evə mülkiyyət hüququ olmayan şəxslərdir ki, onların hazırki iddianı qəbul edib-etməmələrinin işin həlli baxımından əhəmiyyəti yoxdur. Tələbin yönəldiyi üçüncü Cavabdeh2 gəlincə isə, sonuncu ilə iddiaçı arasında yaşayış binasının tərkib hissəsindən istifadə ilə bağlı hər hansı razılıq mövcud deyildir.

47. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(039)-1055/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(039)-1055/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar